Month: November 2025

  • Moskva vilayətindən minlərlə miqrant deportasiya ediləcək

    “Qanunsuz miqrant” əməliyyatından sonra 4 300-dən çox əcnəbi Moskva vilayətindən deportasiya ediləcək.

    Bu barədə “Lenta.ru”ya regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, “Qanunsuz miqrant” əməliyyat-profilaktiki tədbiri zamanı 15 705 inzibati xətanın qarşısı alınıb.//report

  • Bu məktəbdə dərslər dəhlizdə keçirilir – Video

    Yevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədir. 

    Median.Az xəbər verir ki, 400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə yaranmış vəziyyət valideynlərin narahatlığına səbəb olub.

    Sakinlər bildirib ki, dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Şagirdlərin rahat dərs keçməsi, demək olar ki, mümkünsüzləşir. Təbiət hadisəsinin yaradığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.

    Salahlı kənd sakinləri küləkli, yağışlı havalarda uşaqlarını məktəbdən saxlamaq məcburiyyətində qalırlar. Onlar təhsil ocağında baş verə biləcək təhlükədən daha çox ehtiyyat edərək, belə addım atdıqlarını bildiriblər.
    Ətraflı

    Salahlı kənd orta məktəbində küləkdən sonra yaranan çətinliyin nə vaxt aradan qaldırılacağını öyrənmək üçün adiyyəti qurumlara sorğu ünvanladıq.

    Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Yevlax rayonu, Bəylər Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünün külək nəticəsində zədələnməsi ilə bağlı daxil olmuş müraciətlər Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən diqqətə alınıb. Məsələ qısa zaman ərzində həll ediləcək.

    Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

  • Daha bir cüdoçumuz Avropa çempionu oldu

    Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

    O, finalda polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

    Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

    Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

    Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

  • Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?

    Alimlər dünyanın ən uzunömürlü məməlisi sayılan Qrenlandiya balinalarının necə 200 ilə qədər yaşaya bildiyini araşdıraraq, bu kəşfin insan ömrünü uzatmaqda da faydalı ola biləcəyini düşünürlər.

    “IFLScience” nəşrinin məlumatına görə, çəkisi 80 tondan artıq olan Qrenlandiya balinası Yer kürəsində mavi balinadan sonra ikinci ən böyük heyvandır. Onun bu qədər uzun yaşamasına baxmayaraq, bədənində xərçəng xəstəliyinin yaranma riski çox aşağıdır. Bu isə elm aləmində “Peto paradoksu” adlanır — yəni iri və uzunömürlü heyvanlarda xərçəng riski gözlənildiyi qədər yüksək deyil.

    Rochester Universitetinin tədqiqatçıları bu fenomenin səbəbini öyrənmək üçün balinanın genetik xüsusiyyətlərini araşdırıblar. Onlar CIRBP adlı xüsusi bir zülal aşkarlayıblar ki, bu da soyuq şəraitdə aktivləşərək DNT-nin zədələnmiş hissələrini bərpa etməyə kömək edir. Alimlər bildirirlər ki, bu zülalın miqdarı Qrenlandiya balinalarında digər məməlilərlə müqayisədə 100 dəfə çoxdur.

    Tədqiqat müəlliflərindən biri, professor Vira Qorbunova deyib: “CIRBP zülalı ikiqat DNT qırılmalarının bərpasında əsas rol oynayır və bu, xərçəngin qarşısının alınmasında mühüm amildir. Qrenlandiya balinalarının yaşadığı buzlu sular bu zülalın aktivliyini artırır”.

    Digər müəllif, professor Andrey Seluanov isə əlavə edib ki, laboratoriya şəraitində temperatur cüzi şəkildə aşağı salındıqda hüceyrələrdə CIRBP istehsalı artır.

    Ən maraqlısı odur ki, bu zülal insan orqanizmində də mövcuddur. Alimlər Qrenlandiya balinasının CIRBP genini insan hüceyrələrinə əlavə etdikdə, həmin hüceyrələrin DNT-ni bərpa qabiliyyəti xeyli yüksəlib.

    Professor Qorbunova bildirib: “Uzunömürlü yeganə isti qanlı məməlini öyrənməklə biz genomun qorunmasının həyatın davamlılığı üçün nə qədər vacib olduğunu daha yaxşı anlayırıq”.

    O, həmçinin qeyd edib ki, gələcəkdə insanlarda da CIRBP səviyyəsini artırmaq və ya bu zülalı əlavə etmək uzunömürlülüyə təsir göstərə bilər. Hətta həyat tərzindəki kiçik dəyişikliklər – məsələn, soyuq duş qəbul etmək – bu zülalın fəaliyyətini stimullaşdıra bilər.

    Alimlər hələlik bu istiqamətdə daha çox araşdırma aparılmasının vacibliyini vurğulayırlar. Lakin ümid edirlər ki, bir gün Qrenlandiya balinasının sirri insanlarda da DNT-nin bərpasını gücləndirəcək, xərçəng riskini azaldacaq və qocalma prosesini ləngidəcək.
    //qaynar.az

  • Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.

    Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.

  • Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

    Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Məlumdur ki, kirayə mənzil bazarında 14 faizlik vergi tətbiq olunsa da, vergidən yayınmaq üçün rəsmi qaydada kirayə müqaviləsi imzalayanlar demək olar ki, yox idi. Bəs növbəti ildən bu sistem necə işləyəcək? Gələn ildən kirayə müqavilələri necə tənzimlənəcək?

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirir ki, əvvəlki 14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi və vətəndaşlar vergidən yayınırdılar: “Çünki həmin məbləğ ümumi kirayə haqqına əlavə olunduqda ciddi fərq yaranırdı. Məsələn, bir mənzil 600 manata kirayə verilirsə və mülkiyyətçi 14 faiz vergi tələb edirsə, bu, təxminən 84 manat edir. Bu zaman qiymət fərqi tərəflər arasında razılaşmanı çətinləşdirir, nəticədə onlar qeyri-rəsmi razılaşma yolu ilə vergidən yayınmağa üstünlük verirlər. Biz təklif etmişdik ki, bu vergi ən azı iki dəfə azaldılsın. İndi dörd faizlik güzəşt tətbiq olunur. Bu, azalma həm icarəçini, həm də icarə verəni rəsmi şəkildə müqavilə bağlamağa müəyyən qədər təşviq edə bilər”.

    Mütəxəssis bildirir ki, hazırda evlərini kirayə verənlərin təxminən 80 faizi vergidən yayınır: “Bu isə ciddi problemlərə səbəb olur. Münasibətlər rəsmi qaydada tənzimlənmir və tərəflər öz hüquqlarını səmərəli şəkildə müdafiə edə bilmirlər. Məsələn, gələcəkdə hər hansı problem yarandıqda, ortada notarial qaydada təsdiqlənmiş müqavilə olmadığından hüquqi əsas yox olur. İndiki halda tərəflər yalnız “qeyri-rəsmi”, hüququ əsası olmayan müqavilə bağlayırlar ki, bu da hüquqi qüvvəyə malik olmayan sənəddir. Belə müqavilələr çox vaxt vergidən yayınmaq məqsədilə tərtib olunur. Guya burada ödəniş məbləği, əşyalı və ya əşyasız olması göstərilir, amma bunlar formal xarakter daşıyır. Nəticədə kirayəçi və kirayə verən öz hüquqlarını tələb edə bilmir. Bu vergi müəyyən dərəcədə rəsmi qeydiyyatı artıracaq, amma tam şəkildə yox. Faizlərin bir qədər daha aşağı salınması məqsədəuyğundur və bu, vergi öhdəliyinə əməl etmə vərdişini gücləndirə bilər. Vergi dəyişikləri əsasən insanların ödəmə imkanlarını nəzərə almalı, faizləri aşağı səviyyədə saxlamalı, eyni zamanda geniş kütləyə tətbiq edilməlidir. Yüksək vergilər isə vergidən yayınma riskini artırır”.

    Vergi mütəxəssisi Mahmud Abasquliyev bildirir ki, hazırda vergi ödənişlərinin nağdsız və ya nağd tənzimlənməsi formalaşmayıb: “Vergilərin 14 faizdən 10 faizə endirilməsinin əsas məqsədi vətəndaşların kirayə mənzil verərkən rəsmiləşdirməyə maraqlı olmalarıdır. Yəni, notarial qaydada müqavilə bağlansın və kirayəçi ödənişi həmin vətəndaşa həyata keçirsin. Əsas hədəf notarial qaydada müqavilənin bərpasıdır. Müqavilə bərpa olunduqdan sonra, ödəniş edən və ya kirayə verən vətəndaş Dövlət Vergi Xidmətinə yaxınlaşaraq qeydiyyatdan keçəcək və avtomatik olaraq, müvafiq fəaliyyət koduna uyğun ödənişini həyata keçirə biləcək”.

    Nəzarət mexanizmlərinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda bunun nəzarəti üçün Vergi Xidmətinin imkanları məhduddur, çünki vergi ödəyicilərinin sayı çoxdur və onların izlənilməsi çətin olar: “Bu səbəbdən, ilkin mərhələdə nəzarət funksiyası bələdiyyələrə, mənzil-kommunal idarələrinə və hətta hüquq-mühafizə orqanlarına həvalə oluna bilər. Gələcəkdə isə bu mexanizmin tam tətbiqi və hüquqi qüvvəsinin təsdiqi ilə proses daha səmərəli olacaq”.

    Əmlak eksperti Ramil Qasımzadə deyir ki, kirayə bazarında verginin 14 faizdən 10 faizə endirilməsi müsbət addımdır. Mütəxəssisin sözlərinə görə, gələcəkdə də hökumət həm kirayə verənlər, həm də kirayə götürənlər üçün stimullaşdırıcı addımlar ata bilər: “Fakt odur ki, daşınmaz əmlakını yüksək qiymətə kirayə verənlərin təxminən 70 faizi artıq müqavilə bağlayır. Qeyri-yaşayış obyektləri ilə də bağlı icarə müqavilələri əksər hallarda məsuliyyət və tənzimləmə səbəbi ilə bağlanır. Amma aylıq kirayə haqqı təxminən 600-700 manat olan, dəyəri nisbətən aşağı mənzillərin sahibləri çox vaxt müqavilə bağlamırlar. Burada həm kirayə verən, həm də kirayə götürən müqavilə bağlamağa həvəsli olmurlar. Halbuki bu müqavilə gələcəkdə yaranacaq problemlərin məhkəmə müstəvisində həlli üçün əsas hüquqi sənəd rolunu oynayır”.

    Mütəxəssis vurğulayır ki, müqavilənin rəsmiləşdirilməsi xərc tələb etdiyi üçün bir çox hallarda tərəflər bu addımı atmırlar: “Notarial qaydada rəsmiləşdirilən bir kirayə müqaviləsinin xərci bir il üçün təxminən 120-180 manat təşkil edir. Həm ev sahibi, həm də kirayəçi sənədlər üçün əlavə xərc çəkir. Əgər kirayə götürən hüquq-mühafizə orqanının əməkdaşıdırsa və ya iş üçün tələb olunursa, müqavilə bağlanır. Lakin əksər hallarda vətəndaşlar notarial qaydada müraciət etmədən, öz aralarında sadə müqavilə bağlayırlar. Bəzi hallarda rieltorlar prosesi həyata keçirir, amma notarial qaydada rəsmiləşmə olmur və nəticədə vergidən yayınma baş verir”.

    Mənbə: “Kaspi” qəzeti

  • Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: “Böyrəklərimdə problem var”

    Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən “Xaqani” ticarət mərkəzinin qarşısında baş verib.

    24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə polis əməkdaşları ilə mübahisə edib.

    Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

    İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.

  • Smartfonun enerjisi çox tez tükənir? – Bu 2 saniyəlik fənd vəziyyəti dəyişə bilər

    Smartfonun batareyası tez boşalırsa, hər dəqiqə önəmlidir. “iPhone” sahibləri enerjiyə qənaət etmək üçün sadə, amma təsirli bir üsuldan istifadə edə bilərlər — telefondan ekranı aşağı qoymaqla.

    Qaynarinfo xəbər verir ki, bu barədə “HuffPost” yazır.

    Bu üsul “Facedown Detection” adlı funksiya sayəsində mümkündür. Bu funksiya iOS 9 versiyasından etibarən “iPhone”lara əlavə edilib.

    Telefon ekranı aşağı vəziyyətdə masanın üzərindədirsə, işıq və yaxınlıq sensorları ekranın işə düşməsinin qarşısını alır — yəni sizə mesaj və ya bildiriş gəlsə belə, ekran yanmır.

    Bu da o deməkdir ki, ekran qaranlıq qalır və batareya daha az enerji sərf edir.

    “Ekran – smartfonun ən çox enerji sərf edən hissəsidir. “iPhone” üzüaşağı vəziyyətdə olanda, bildirişlər gəlsə belə, ekran aktivləşmir, hətta “Always On Display” funksiyası açıq olsa da”, deyə batareya üzrə ekspert, elektrotexnik Artur Şi izah edir.

    Zəng və titrəmə siqnalları işləməyə davam edir, lakin ekran işığı yanmadığı üçün enerji qənaəti baş verir.

    Bu funksiya avtomatik aktivdir

    “Facedown Detection” funksiyasını xüsusi aktivləşdirməyə ehtiyac yoxdur – o, iOS 9 və yuxarı versiyalı bütün “iPhone”larda avtomatik işləyir.

    Ekspertlərə görə, bu üsulun effektliyi modelə və batareyanın vəziyyətinə bağlıdır.

    Məsələn, batareyası köhnəlmiş “iPhone 12 mini” istifadəçiləri bu fərqi daha çox hiss edəcək, nəinki “iPhone 17 Pro Max” kimi yeni və iri batareyalı modellərin sahibləri.

    Üstəlik, ekranın daha az aktivləşməsi istifadəçinin telefondan az istifadə etməsinə də səbəb olur ki, bu da dolayısı ilə əlavə enerji qənaəti yaradır.

    “Android”lərdə də oxşar xüsusiyyət var. Bu üsul yalnız “iPhone” sahiblərinə aid deyil.

    “Google Pixel” cihazlarında “Flip to Shhh” adlı funksiya var – telefon üzüaşağı qoyulduqda “Narahat etməyin” (Do Not Disturb) rejimi avtomatik aktiv olur.

    Enerjiyə qənaət üçün əlavə məsləhətlər:

    * Enerji qənaəti rejimini aktivləşdirin
    * Ekranın parlaqlığını azaldın
    * Bluetooth və GPS-i söndürün
    * Fon proseslərini məhdudlaşdırın.

  • İranın F-35-ləri vurması yalan imiş – Deputat açıqladı

    “İsrailə məxsus PUA istehsalı mərkəzlərinin aşkarlanması, casusların həbsi və “F-35″ təyyarələrinin vurulması barədə yayılan xəbərlər yalan idi. Dövlət televiziyası belə şayiələr yaymamalıdır”.

    Bunu İran parlamentinin millət vəkili Məhəmməd Baqiri deyib.

    O, dövlət televiziyasının İsraillə son hərbi gərginlik fonunda yaydığı bəzi məlumatların əsassız olduğunu açıqlayıb.

    Baqiri bildirib ki, 12 günlük İran-İsrail müharibəsi ilə bağlı ictimaiyyətə təqdim olunan bir sıra iddialar həqiqətə uyğun olmayıb. Onun sözlərinə görə, ölkədə yüzlərlə casusun həbs edilməsi ilə bağlı xəbərlər də şişirdilib: “Deyilənə görə, 600-1000 nəfər həbs olunub, halbuki bu doğru deyil. Ölkədə bu qədər casusluq olmayıb”.

    Millət vəkili məsələnin arxasında “şübhəli əllərin” ola biləcəyini deyərək, mövzunun araşdırılmasına çağırıb.

    O, həmçinin SEPAH-a yaxın media qurumlarının bu cür yalan məlumatların yayılmasında daha fəal olduğunu vurğulayıb.

  • Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ

    Bakıda qadın evinin qarşısında döyülüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 44 yaşlı İbrahim Əhmədov evinin qarşısında bir qadının itə yemək verdiyini görərək, ondan iti dərhal oradan uzaqlaşdırmasını tələb edib:

    “Həmin it qonşuda toyuq-cücələri yediyinə görə qadından tələb etdim ki, iti də götürüb uzaqlaşsın. Qadın israrla bunu etməyəcəyini dedikdə, daş götürüb itə atdım. Bu zaman o, əlindəki mobil telefonla məni çəkərək “Allah bəlanı versin, heyvan düşməni” dedi. Həmin vaxt evdən çıxan həyat yoldaşım təhqir olunduğumu eşidəndə mübahisə böyüdü və onlar bir-birinin saçını yolub vurmağa başladılar. Mən onları aralamaq istəyəndə gördüm ki, yerə düşən telefon qırılıb. Hirsimdən cihazı yerə çırpdım”.

    Nəticədə İbrahim Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (döymə) və 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə protokol tərtib olunub.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə İbrahim Əhmədov haqqında 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.