Month: November 2025

  • Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb – FOTO

    Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

    Bu barədə Strateji Araşdırmalar Mərkəzinin “X”dəki hesabında bildirilib.

    “Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib”, – Mərkəzin paylaşımında qeyd olunub.

  • Ceyhun Bayramov Papa ilə görüşdü – FOTO

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikan səfəri zamanı Roma Papası XIV Leonun ümumi audiyensiyasında iştirak edib və onunla görüşüb.

    Nazir bu barədə özünün “X” hesabında paylaşıb.

    “Rəsmi səfərim çərçivəsində Papa XIV Leonun ümumi audiyensiyasında iştirak etdim və görüşməkdən şərəf duydum.

    Azərbaycan və Müqəddəs Taxt arasında möhkəm münasibətlər mövcuddur və bu əlaqələr dinlərarası dialoqun dəstəklənməsi, multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.

    İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə təşkil edir və bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir, – paylaşımda qeyd olunub.

  • Qızılın qiyməti 2026-cı ildə necə olacaq?

    Cari ildə qızıl qiymətləri əhəmiyyətli dərəcədə artıb. Avqustun 18-də qızılın bir troya unsiyasının qiyməti 3333 dollar idisə, iki ay ərzində qiymət rekord həddə çataraq 4381 dolları ötüb.

    Sonuncu dəfə qızıl qiymətlərində belə artım 1979-cu ildə baş vermişdi. Ancaq daha sonra qiymətlər təxminən 4000 dollar səviyyəsində olub.

    Cari il noyabrın 26-da isə qızılın bir troya unsiyasının qiyməti 4196,6 dollara çatıb.

    2024-cü ildə başlayan qızılın yüksəliş tendensiyası 2025-ci ilin aprelindən sonra sürətləndi. Lakin bu tendensiya davamlı olmayıb və vaxtaşırı kəskin enişlər də müşahidə edilib.

    Ekspertlərin fikrincə, qızıl qiymətlərindəki dalğalanmaların bir çox səbəbi var – bunlardan biri investorların mənfəət əldə etmək üçün satış etməsidir.

    “CPM İnvestisiya Şirkəti”nin baş direktoru Ceffri Kristian qarşıdakı həftələrdə və aylarda artım gözlədiklərini bildirib: “Tezliklə qızılın bir troya unsiyasının qiyməti 4500 dollara çatsa təəccüblənmərik. Həmçinin 2026-cı ildə qızılın bir troya unsiyasının qiyməti 5000 dollara çatsa təəccüblü olmayacaq. Bu ssenari daha çox qlobal siyasi iğtişaşların artmasından asılıdır, amma qiymətlər daha çox artım istiqamətində gedir”.

    Həmçinin Britaniyanın ən böyük bankı HSBC orta proqnozunu 100 dollar artıraraq 2026-cı ildə qızılın unsiya qiymətinin 5000 dollar olacağını proqnozlaşdırıb.

    Mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, son bir ildə qızıl qiymətlərində 55 faiz artım müşahidə olunur.

    “Qızıl qiymətlərindəki bu artım bəlkə də tarixin ən sürətli artım dövrüdür. Səbəblər isə müxtəlifdir – qızıl qiymətlərinin düşmə səbəbi risklərin aşağı düşməsi, inflyasiya rəqəmləri ilə əlaqədardır. Qızıl riskdən qorunma alətidir. Qızılın qiyməti dollarla ifadə olunduğu üçün dolların dəyərinin necə dəyişməsinə qızıl həssas reaksiya verir. Həmçinin qızıl dividend verən istiqrazların gəlirliliyi ilə də bağlıdır. Qızıl dividend vermədiyinə görə, dividend verən aktivlər əlverişli olduqda qızılın dəyəri düşür, dividend verən aktivlərin sahib olunması əlverişsiz olduqda isə qızıl bahalaşır”,- deyə o qeyd edib.

    X.Kərimli əlavə edib ki, 2026-cı ildə qızıl qiymətlərinin yüksək qalacağı ilə bağlı proqnozlar var: “Ancaq əvvəlki kimi 50-60 faiz bahalaşacağı gözlənilmir. Qiymətlərdə 5-10 faizlik artım proqnozlaşdırılır, həmçinin ucuzlaşa da bilər. Təhlükəsizlik, strateji, hərbi, ticari risklər yüksəlsə qızıl bahalaşacaq, əks halda isə ucuzlaşacağı gözlənilir”.

  • Daşkəsəndə qadın qonşusu tərəfindən döyüldü

    Daşkəsən sakini qonşusu tərəfindən döyülüb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Əmirvar kəndində baş verib. Kənd sakinin 1990-cı il təvəllüdlü R.Hüseynova döyülmə ilə xəstəxanaya yeləşdirilib.

    Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Məlumata görə, qadın qonşusu tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gənclər niyə “Qara Cümə”də maaşlarının yarısından çoxunu xərcləyir?

    Bir çox Z nəsli istehlakçıları bayram alış-verişi strategiyasını aylarla əvvəl planlaşdırır.

    Təxminən 50% Z nəsli alıcıları “Qara Cümə”də yalnız zəruri məhsullar və hədiyyələr almağı planlaşdırır.

    Buna baxmayaraq, 26% endirimlərə aylıq maaşlarının ən azı yarısını – bəziləri isə daha çoxunu – xərcləyərək. Amerikalı istehlakçılar bu il də “Qara Cümə” və “Kiber Bazar ertəsi” üçün tam hazır görünür.

    “Deloitte” şirkətinin son sorğusuna görə, insanların 80%-dən çoxu bu il “Qara Cümə–Kiber Bazar ertəsi” endirimlərindən yararlanmağı planlaşdırır. Onların arasında Z nəslinin 92%-i də var.

    Yazı platforması “EduBirdie” tərəfindən aparılan yeni araşdırma isə Z nəslinin “Qara Cümə” yanaşmasını və gənc istehlakçıların real olaraq nə qədər pul xərcləyəcəyini göstərir.

    Aparılan araşdırma çərçivəsində sorğu edilən 2 000 Z nəsli nümayəndəsinin 13%-i “Qara Cümə” endirimlərinə aylarla hazırlaşdığını bildirib; 47%-i isə yalnız zəruri məhsullar və hədiyyələr almağı planlaşdırır.

    Bununla belə, gənc istehlakçılar maaşlarının əhəmiyyətli hissəsindən ayrılmağa hazır görünür: nəticələrə əsasən, 26% “Qara Cümə” alış-verişinə aylıq maaşlarının ən azı yarısını xərcləyəcək.

    Digər 6% bütün aylıq maaşını xərcləməyi planlaşdırır — hətta 2% bir aylıq gəlirlərindən də artıq vəsait sərf edəcəyini bildirir.

    Hər üç Z nəslindən biri şəxsi maliyyəni poza biləcək ümumi bir səhvi etdiyini etiraf edir: təsir bağışlamaq üçün hədiyyələrə həddən artıq pul xərcləmək.

    “EduBirdie”yə açıqlayan Z nəslinin 30%-dən çoxu bu bayram mövsümündə hədiyyələrə 300 dollardan artıq pul xərcləyəcəyini və bunun üçün yığım hesabına müraciət etməyə (33%), ictimai tədbirlərdən imtina etməyə (35%) və ya kommunal ödənişləri gecikdirməyə (36%) hazır olduğunu deyib.

    Sorğuya görə, Z nəslinin hər 10 istehlakçısından biri bu il hədiyyələrə 500 dollardan çox xərcləməyi düşünür. 18%-i 50–100 dollar, 38%-i 100–300 dollar, 19%-i isə 300–500 dollar aralığında xərcləməyi planlaşdırır.

    Respondentlərin 4%-i isə ümumiyyətlə bayram hədiyyələrinə xərcləyə biləcəyi vəsaitinin olmadığını bildirib.

    Sorğuya əsasən, Z nəslinin 52%-nin tətbiq etdiyi “yenidən hədiyyəvermə” praktikasının bayram dövründə artıq xərcləmənin qarşısını almağa kömək edə biləcəyi qeyd olunur.

    Siyasi strateq kimi fəaliyyət göstərdikdən sonra ekoloji həyat tərzi üzrə jurnalist və televiziya simasına çevrilən Eşli Payper “Entrepreneur” nəşrinə müsahibəsində bildirib ki, “yeni əşyalar almamaq” çağırışında iştirak etmək ona hədiyyələr də daxil olmaqla müxtəlif əşyaları əldə etmək üçün daha yaradıcı olmağı öyrədib və bunun “əzələ işlətməyə bənzər bir proses” olduğunu qeyd edib.

  • Güzəştli kartlar nə vaxt istifadəyə veriləcək? – Video

    Dünyanın bir çox ölkələrində tələbələr, təqaüdçülər güzəştli kartlardan istifadə edirlər. Azərbaycanda isə vəziyyət fərqlidir.

    “Sistem var, üzərində işləyirik” deyilsə də, kartlar hələ istifadəyə verilməyib.

    “Avtobusa, metroya çox pulumuz çıxır. Güzəşt olsa, yaxşı olar”. “Bizə kartları verəndə dedilər ki, metrodan ödənişsiz istifadə edə biləcəyik. Amma deyildiyi kimi olmadı”.

    Bunları Baku TV-nin mövzu ilə bağlı sorğusu zamanı tələbələr deyiblər.

    Tələbələr üçün nəzərdə tutulan güzəştlərlə bağlı Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, artıq bir ildir “TələbəPlus” kartı tələbələrin istifadəsinə verilib:

    “Bu müddət ərzində layihəyə 400-dən çox partnyor cəlb olunub və tələbələr 75%-dək endirimlərdən yararlanırlar. Hazırda 24 universitetdə təhsil alan 190 min tələbə kartın istifadəçisidir. Kart bank statusuna malik olduğundan tələbələr onu müxtəlif nağdsız ödənişlər üçün rahatlıqla istifadə edə bilirlər”.

    Nazirlikdən o da bildirilib ki, ictimai nəqliyyatda müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi, o cümlədən tələbələr üçün endirimlərin müəyyən edilməsi Təhsilin İnkişafı Fondunun səlahiyyətində deyil. Bu, müvafiq dövlət qurumlarının qərarına bağlıdır.

    Daha ətraflı videomaterialda:

  • Bu gün ali xüsusi rütbə verilənlər kimdir? – DOSYE

    Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavinləri Toğrul Hüseynov və Abiddin Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

    Median.Az onların dosyesini təqdim edir:

    Toğrul Hüseynov – Ədliyyə nazirinin müavini

    Doğum ili: 1986, Bakı şəhəri

    Təhsili:

    2007 – Bakı Dövlət Universiteti, Hüquqşünaslıq üzrə bakalavr

    2010 – Bakı Dövlət Universiteti, magistr (fərqlənmə diplomu)

    2022 – ABŞ, Missuri Universiteti – Dövlət idarəetməsi üzrə magistr

    2024 – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr

    Harvard Biznes Məktəbi – davamlı biznes strategiyaları üzrə ixtisaslaşma

    Karyerası:

    2010-2013 – Ədliyyə Nazirliyinin İcra xidmətində

    2013-2016 – Qanunvericilik baş idarəsində müxtəlif vəzifələr

    2016-2017 – “Azərbaycan Dəmir Yolları” QSC, Hüquq şöbəsinin bölmə rəisi

    2017-2024 – Azərbaycan Respublikası Prezidenti Administrasiyasında hüquq və qanunvericilik üzrə baş məsləhətçi

    2024 (aprel-sentyabr) – Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi

    07.09.2024 – Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib

    Xarici dillər: İngilis, Rus

    Ailəsi: Ailəlidir, iki övladı var.

    Abiddin Qabil oğlu Hüseynov – Ədliyyə nazirinin müavini

    Doğum ili: 1977, Neftçala rayonu

    Təhsili:

    1997 – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, Politologiya fakültəsi (bakalavr)

    1999 – Eyni fakültənin magistr pilləsi (fərqlənmə diplomu)

    2003 – Rusiya Ədliyyə Nazirliyi, Rusiya Hüquq Akademiyası – hüquq üzrə ikinci ali təhsil

    Cenevrə, Ankara, Paris, Berlin şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün təlim və ixtisasartırma proqramlarında iştirak

    Karyerası:

    2000 – Konstitusiya Məhkəməsində əmək fəaliyyətinə başlayıb

    2000-2010 – Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb

    2010 – Prezident sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib

    2013-2020 – Bakı Apellyasiya Məhkəməsinin hakimi

    2020-2024 – Ali Məhkəmənin hakimi

    2023 – Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib

    2020-dən – ADA Universitetində “Mülki proses” fənnini tədris edir

    Hüquq sahəsində elmi-praktiki nəşrlərin müəllifi və redaktoru

    04.06.2024 – Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib

    Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür

    Mükafatları:

    “Tərəqqi” medalı

    “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı

    Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı

    Xarici dillər: İngilis, Rus

    Ailəsi: Ailəlidir, üç övladı var.

  • Yanğına səbəb olan sahibkarlara hansı cəzalar verilir? – Vəkildən AÇIQLAMA

    Son günlər ölkədə bir-birinin ardınca böyük yanğın hadisələri qeydə alınır. Bu hadisələr müxtəlif ərazilərdə və fərqli məkanlarda baş verir, bəzən isə fəsadlar yaradır. Təəssüf ki, bəzi yanğınlar insan tələfatı ilə də nəticələnərək cəmiyyətdə ciddi narahatlıq doğurur.

    İlkin araşdırmalar göstərir ki, hadisələrin baş verməsində sahibkarların səhvləri var. Bəs belə hallarda təhlükəsizlik qaydalarına əməl etməməyə görə sahibkarları hansı cəzalar gözləyir?

    Sfera.az-a məsələ ilə bağlı açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, sahibkarlar və müəssisə rəhbərlərinin yanğın təhlükəsizliyi qaydalarını pozarlarsa və bunun nəticəsində zərər dəyərsə bu, inzibati və ya cinayət məsuliyyəti yaradır.

    O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir:

    “Vəzifəli şəxslərə isə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimələnirlər.
    İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə görə, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə – fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə olunurlar”.

    Hüquqşünas söylədi ki, əgər bu pozuntuların nəticəsində insan sağlamlığına zərər dəyərsə və ya ağır nəticələr baş verərsə, cinayət məsuliyyəti də tətbiq oluna bilər. Onun sözlərinə görə, bu halda daha ağır cəzalar nəzərdə tutulur:

    “Cinayət Məcəlləsinin 225.1-ci maddəsinə əsasən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

    B.Umudov qeyd etdi ki, hadisə zamanı iki və daha çox şəxsin ölümü baş verirsə, bu halda günahkar olan şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər:

    “Əlavə olaraq qeyd edim ki, sahibkarlar, həmçinin yanğından mühafizə sistemlərinin və vasitələrinin sazlığını təmin etməyə, baş vermiş yanğınlar və nəticələri barədə müvafiq orqanlara dərhal məlumat verməyə borcludurlar. Üstəlik, qaydaların pozulması nəticəsində dəymiş ziyanın bərpası da sahibkarın üzərinə düşür və cərimə ödəmək onu bu öhdəlikdən azad etmir”.

  • Səfirlik: Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib

    Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

    Bu barədə “Report”un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

    Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

    Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.

  • Nazirliyin “işçisi”ndən 8000 manatlıq dələduzluq

    Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edrək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan İslam İsmayılova (şərti) 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün, həmçinin həbsdə olduğu 2 ay 11 gün müddət bir günə iki gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 7 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarından aydın olur ki, İslam İsmayılov Sahib Qəzənfərov (şərti) adlı şəxsə özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edərək ona sosial təminatlı mənzil almaqda kömək edəcəyini bildirib. Bunun müqabilində isə vətəndaşdan hissə-hissə olmaqla 8000 manat pul alıb.

    Lakin o verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra İslam İsmalyılov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Məhkəmə zamanı İslam İsmayılov verilmiş ittiham üzrə özünü təqsirli bilib.
    //qaynar.az