Month: November 2025

  • Bakı Dövlət Sirki gömrük qaydalarını pozduğuna görə cərimələndi

    Bakı Dövlət Sirki müvəqqəti olaraq ölkəyə gətirdiyi malların, o cümlədən 10 sirk itinin sənədləşmə müddətini vaxtında uzatmadığı üçün 1 200 manat cərimə olunub.

    Bu barədə qərarı Nəsimi Rayon Məhkəməsi verib.

    Gömrük orqanlarının məlumatına görə, sirkin malları ölkəyə müvəqqəti idxal proseduru ilə gətirilib və bu prosedurun müddəti müəyyən tarixdə başa çatıb. Lakin sirkin rəhbərliyi həmin müddət bitməmiş gömrük orqanına nə müddətin uzadılması, nə də malların başqa prosedurla rəsmiləşdirilməsi üçün müraciət edib.

    Məlum olub ki, Bakı Dövlət Sirki müddət başa çatdıqdan 26 gün sonra müraciət etmək istəyib. Bu isə qanunvericiliyin tələblərini pozduğu üçün inzibati xəta hesab olunub.

    Məhkəmə işi araşdıraraq qərara gəlib ki, sirk rəhbərliyinin təqsiri sübuta yetirilib və qurum İnzibati Xətalar Məcəlləsinə əsasən 1200 manat cərimə olunmalıdır.

  • Qvineya-Bisau da dövlət çevrilişi: Prezident həbs edildi

    Qvineya-Bisauda dövlət çevrilişi baş verib. Məlumata görə, ölkə Prezidenti Umaru Sisoko Embalo hərbçilər tərəfindən saxlanılıb.

    Bu barədə prezidentin özü “Jeune Afrique” nəşrinə zəng edərək məlumat verib.

    Onun sözlərinə görə, çevriliş Ordu Baş Qərargah rəisi tərəfindən təşkil edilib.

  • Sahibkar qardaşlar arasında şadlıq evi davası: Biri digərinin həbsini istədi

    Lənkəranda sahibkar qardaşların şərikli işlətdiyi “Əzizə” şadlıq sarayı ilə bağlı məhkəmə qərar verib.

    Qaynarinfo-nun məlumatına görə, qardaşlar arasında şadlıq sarayı və həmin obyektin bağlı olduğu əmlak kompleksinə dair uzun müddətdir məhkəmə çəkişməsi gedirdi.

    Belə ki, Elman Novruzov şəriki və doğma qardaşı T.Novruzov barəsində məhkəməyə müraciət edib. O, qardaşından şikayətçi olduğunu bildirib və barəsində məhkəmədə inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş edib.

    Bakı Kommersiya Məhkəməsinin 6 avqust 2025-ci il tarixli qərardadına əsasən, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi (ona daxil olan qeyri-yaşayış sahələri, o cümlədən “Əzizə” şadlıq sarayı), həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalarla bağlı Elman Novruzla yazılı razılaşdırılma olmadan hər hansı icarə müqaviləsinin bağlanılması və s. cavabdeh şəxsə – T.Novruzova qadağan edilib.

    Amma buna baxmayaraq, T.Novruzov qardaşı Elman Novruzovdan heç bir yazılı razılaşma əldə etmədən bu ilin oktyabr-noyabr ayları ərzində “Əzizə” şadlıq sarayında dəfələrlə toy mərasimi keçirib.

    T.Novruzov məhkəmədə deyib ki, Qazaxıstan vətəndaşıdır və Azərbaycan ərazisində müvəqqəti yaşamaq icazəsi əsasında yaşayır, vergi uçotunda qeydiyyatda olan fərdi sahibkardır: “1 oktyabr 2025-ci il tarixdən sonra da müəyyən sayda toy sifarişləri qəbul etmişəm. Həmin şadlıq sarayının müəyyən zəruri xərcləri var və həmin xərcləri ödəmək, pul qazanmaq üçün şadlıq sarayını işlətməyə məcbur olmuşam. Elman Novruzovun mənimlə razılığa gəməməkdə məqsədi şadlıq sarayından pul qazanmağıma əngəl yaratmaqdır”.

    Məhkəmənin hökmü ilə haqqında icraat aparılan sahibkar İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2.500 manat məbləğində cərimə edilib.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    9. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb

    Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq.

    İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və yaxud yazılı formada məlumat verir. Ərizəçi məlumat alındığı tarixdən 5 iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi idarəedici təşkilata təqdim edir.

    Ərizəçi dövlət rüsumu ödənilməsi faktını təsdiqləyən sənədi təqdim etdikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim olunur və ya sifarişli poçtla göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim olunmadıqda idarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini ləğv edir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərir.

  • Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanıldı

    Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.

    Polis əməkdaşları tərəfindən 1950-ci il təvəllüdlü şəxsin müxtəlif ünvanlara aparılaraq dilənçiliyə sövq edildiyi müəyyən olunub.

    Araşdırmalarla bu qanunsuz əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.

    Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb. Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

    Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.

    ///apa

  • Naxçıvandan keçən dəmir yolunun tikintisinə başlanılacaq

    Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq.

    Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.

    Onun sözlərinə görə, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır:

    “Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir.

    Biz bu magistralın layihələndirilməsini başa çatdırırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq. Bir neçə gün sonra “Azərbaycan Dəmir Yolları” bu layihənin icrasına başlayacaq”.

    Nazir vurğulayıb ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib:

    “Bu, nəqliyyat əməliyyatlarının və logistik proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı təxminən 40 % artıb”.

  • Azərbaycanlı müğənnilərin toy qiymətləri: Yarım saatı 10 min… (FOTO)

    Azərbaycanlı müğənnilərin toy məclislərində çıxış üçün tələb etdikləri qonorarlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Milli.az xəbər verir ki, müğənnilərin yarım saatlıq ifa və bütün toy məclisini idarə etmə qiymətləri açıqlanıb. Bu rəqəmlər izləyicilər arasında fərqli reaksiyalar doğurub.

    Bəziləri sənətçilərin bu məbləğləri haqq etdiyini düşünür, digərləri isə qiymətlərin həddindən artıq olduğunu bildirirlər.

    Müğənnilərin toy qiymətlərinin siyahısı təqdim edilib və hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzular arasındadır.

    Həmin qiymətləri təqdim edirik:






  • ATV-yə Zümrüdün verilişindəki bu kadrlara görə xəbərdarlıq edildi – Video

    ATV kanalına xəbərdarlıq edilib.

    Bu barədə Audiovizual Şura məlumat yayılıb.

    Bildirilib ki, buna səbəb ATV televiziya kanalının efirində 13 noyabr 2025-ci ildə yayımlanan “Gün ortası” proqramında hipnoz və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamının edilməsidir:

    “Qeyd olunan proqramda qonaq qismində dəvət edilmiş şəxs studiyada aparıcıya məsafədən “enerji ötürmə” üsulunu tətbiq edib, aparıcı isə seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib.

    Audiovizual Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Reklam haqqında” Qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alınıb. Həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu kimi təsdiq olunub.

    Audiovizual Şuranın üzvləri məsələni ətraflı müzakirə etmiş və yekdilliklə belə qənaətə gəlmişlər ki, proqramda nümayiş etdirilən məsafədən “enerji ötürmə seansı” və aparıcının bu “seans”a müsbət reaksiyası həmin üsulun müalicəvi xüsusiyyətə malik olması barədə təsəvvür yarada bilər. Bu isə, “Reklam haqqında” Qanunun 29.8-ci maddəsində təsbit olunan – kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam edilməsinə yol verilməməsi tələbinin pozulması kimi qiymətləndirilib. Həmçinin, aparıcının nümayiş olunan hərəkətlərin mümkün müalicəvi təsirinə dair fikirləri təşviq edən ifadələr işlətməsi, faktiki olaraq qanunvericiliyin qeyd olunan normasına zidd olaraq belə təsirlərin reklamına şərait yaradan hal kimi dəyərləndirilib.

    Sonda Audiovizual Şuranın üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq ATV televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan proqramların yayımı zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

    Həmin kadrları təqdim edirik:

  • Nərimanovda YANĞIN: Sıxlıq yarandı

    Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədirlər və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.