Month: November 2025

  • Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq

    Azərbaycanda noyabrın 27-də havanın 20 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

  • Pakistan vətəndaşı “Park Bulvar”da oğurluq etdi – Həbs olundu

    Səbail rayonu, “Park Bulvar” Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəmədə baxılıb.

    Məlum olub ki, Mustaq axşam saat 22:00 radələrində Səbail rayonu, “Park Bulvar” Ticarət Mərkəzində restoranların birində müştərinin telefonunu oğurlayıb. O, masanın üzərindən “Redmi” markalı mobil telefonları götürərək 400 manata H.G. adlı şəxsə ziyan vurub.

    Oğurladığı telefonu satıb, pulunu xərclədiyini deyən Mustaq Muhammad ziyanı ödəyə bilməyəcəyini, əməlindən peşman olduğunu, bir daha heç bir qanun pozuntusu etməyəcəyini bildirib.

    Məhkəmənin hökmü ilə o, 2 ay müddətdə həbs olunub.

  • Noyabrda havaların mülayim keçməsinin səbəbi açıqlandı

    Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür.

    Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a bildirilib ki, havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından Bakıda və Abşeron yarımadasında 3,9 dərəcə yüksəkdir.

    Ümumilikdə noyabrda 22 gün temperatur normadan yüksək olub:

    “Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir”.

    Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında isti hava müşahidə olunur:

    “Rayonlarda havanın temperaturunda 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artım var. Bu iqlim dəyişikliyi ilə bağlıdır”.

    R.İsmayılov əlavə edib ki, Azərbaycanda havanın dəyişməsinə ən çox təsir şimaldan və cənubdan daxil olan hava kütlələri ilə bağlıdır:

    “Hazırda cənubdan axan hava kütlələri səbəbindən ölkədə isti hava müşahidə edilir. Qışda havanın temperaturunun soyuq keçib-keçməməsinə gəlincə, bu, kzotik proseslərlə bağlıdır. Şimal hava kütlələri ölkəyə daxil olanda artıq havalar soyuya bilir”.

  • Nazirlik bu kitabın alınmasını qadağan edib

    “Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub”.

    Bunu “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu özünün sosial media hesabında yazıb.

    O, paylaşımında bildirib ki, Elm və Təhsil Nazirliyinin (ETN) yanında fəaliyyət göstərən komissiyalardan biri sözügedən kitabı məqsədəuyğun hesab etməyib:

    “Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi. Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, ETN-də çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Əgər kitab “yeniyetmə qızların” deyil, “oğlanların necə dost qazanması” haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı”.

  • Ehtiyatda olan polkovnik faciəvi şəkildə öldü

    Noyabrın 24-ü Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki 80 yaşlı Nadir Həsənbala oğlu Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.

    O, Yasamal rayonu ərazisində yolu keçərkən avtomobil vurması nəticəsində xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilmiş N.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

    Mərhum bu gün Cəlilabadda dəfn ediləcək.//Qafqazinfo

  • Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? (VİDEO)

    Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axundzadə küçələrinin kəsişməsində meydança ərazisinin tikinti şirkəti tərəfindən zəbt olunaraq bina inşa olunacağı deyilir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə bünövrə qazılıb və xətlənib.

    Sakinlər iddia edirlər ki, uşaqların oyun meydançası olan ərazini kənar şəxslər zəbt ediblər.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi xüsusi mülkiyyətdir. Buna baxmayaraq, araşdırmalara başlanılıb, sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb.

    Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, ərazinin çıxarışı var.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda məsələ araşdırılır və nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar uyğun addım atacaq.

    Sözügedən ərazinin mülkiyyyətçisi Süleyman Səmədoğlu deyib ki, həmin ərazidə bina yox, fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.

  • Həzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək?

    Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili olacaq. Stansiyadan müəyyən qrafiklə sərnişinlərin daşınması təmin olunur.

    Ancaq yenə də maraqlıdır ki, təmir nə zaman yekunlaşacaq? Çünki nəzərə almaq lazımdır ki, yaxın zamanda 28 May stansiyasında da yenidənqurma işlərinin başlanması nəzərdə tutulub.

    Bizim.Media mövzuyla bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

    “Hazırda “Həzi Aslanov” stansiyasının dalanında mərhələli şəkildə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin gücləndirmə məqsədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq ən mühüm və çoxşaxəli silsilə inşaat tədbirləri görülür. Qeyd olunmalıdır ki, bu müddətdə “Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub”, deyə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib .

    Açıqlamada qeyd olunub ki, stansiyada aparılan tikinti işlərinin 2026-cı il ərzində yekunlaşdırılması planlaşdırılır.

  • Kimlər daha çox xəyanətə meyillidir? – Türk alimlər açıqladı

    İstambul Koç Universitetinin alimləri müəyyən ediblər ki, gənclərdə partnyora xəyanət etmək istəyinin formalaşmasına ailə təcrübəsi, şəxsi bağlılıq tipi və mövcud münasibətlərdə yaxınlıq səviyyəsi təsir göstərir. Tədqiqatçılar 18-30 yaş aralığında olan, bir ildən artıq münasibətdə yaşayan 280 nəfərin məlumatlarını təhlil ediblər ki, xəyanət meylini gücləndirən amilləri müəyyən etsinlər.

    Araşdırma “The Family Journal: Counseling and Therapy for Couples and Families” jurnalında dərc edilib.

    Əsas amillərdən biri valideyn xəyanəti olub. İştirakçıların yarısına yaxını heç olmasa bir valideynin ailədən kənar əlaqəsinin olduğunu bildirib və bu, daha çox atalarla bağlı hallarda müşahidə edilib. Gənclər adətən bu barədə yeniyetməlik dövründə — təxminən 13 yaşında, yəni etimad və romantik bağlılıqla bağlı şəxsi təsəvvürlər formalaşarkən xəbər tutublar. Belə təcrübə ilə üzləşənlərdə xəyanət niyyəti daha yüksək olub. Alimlər hesab edirlər ki, bu mexanizm davranış modellərinin nəsillərarası ötürülməsini əks etdirə bilər: erkən yaşda xəyanətə şahid olmaq bu davranışı daha “adi” göstərir və əsas etimadı zəiflədir.

    Fərdi səviyyədə ən güclü proqnozlaşdırıcı amil şəxsin özünün xəyanət təcrübəsi olub. Keçmişdə partnyoru aldadan iştirakçılar bunu yenidən etməyə daha çox hazır olduqlarını bildiriblər. Əvvəlki partnyordan gələn xəyanət isə növbəti xəyanət meylini artırmayıb. Alimlər bu nəticəni şəxsi qərarların travmatik təcrübədən daha önəmli olması ilə izah edirlər.

    Bağlılıq xüsusiyyətləri də mühüm rol oynayıb. İfrat uzaqlaşdırıcı bağlılıq tipinə malik insanlar – yəni emosional yaxınlıqdan qaçan və müstəqilliyini qorumağa çalışanlar – daha yüksək xəyanət niyyəti göstəriblər. Alimlər hesab edirlər ki, belə hallarda xəyanət partnyordan məsafə saxlamaq, onun “həddindən artıq yaxınlaşmasının” qarşısını almaq vasitəsi kimi qəbul edilir. Bunun əksinə olaraq, tərk edilmək qorxusu ilə əlaqəli olan təşvişli bağlılıq bu tədqiqatda xəyanət niyyəti ilə əhəmiyyətli əlaqə göstərməyib.

    Münasibətlərdə intimlik qoruyucu amil kimi çıxış edib. Emosional və seksual yaxınlığın yüksək səviyyəsi insanın kənarda romantik münasibət axtarmaq barədə düşünmə ehtimalını azaldıb. Yaxınlıq ehtiyacları qarşılandıqda şəxsin özünü təsdiqləmə motivasiyası cütlükdən kənara yönəlmir.

    Bəzi modellərdə kişilər qadınlara nisbətən daha yüksək xəyanət niyyəti göstərsələr də, digər dəyişənlər – bağlılıq tipi, ailə təcrübəsi və münasibətlər tarixi – nəzərə alındıqdan sonra cinsiyyətin təsiri zəifləyib.

    Alimlər vurğulayırlar ki, ailədə xəyanət təcrübəsi və ya şəxsin özünün keçmişdəki səhvləri münasibətlərin gələcəyini müəyyən etmir. Onların sözlərinə görə, əsas rol cütlükdə yaxınlığın keyfiyyətinə aiddir: məhz emosional açıqlıq, ehtiyaclar barədə dürüst dialoq və qarşılıqlı anlaşma riskləri azaldır və davamlı, etibarlı münasibətlər formalaşdırmağa kömək edir.
    //qaynar.az

  • Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.

    Bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.

    Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.

    Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

  • Cavid Qurbanovun əmisi oğlu hakim qarşısına çıxarıldı: Külli miqdarda dələduzluqda təqsirləndirilir

    Külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

    Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.

    Qeyd edək ki, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinir.

    Onu da bildirək ki, Nahid Şəmşirov keçmiş deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.