Month: December 2025

  • Almaniya hökuməti yüzlərlə əfqanın ölkəyə qəbulundan imtina etdi

    Almaniya hökuməti hazırda bu ölkəyə gəlmək üçün Pakistanda gözləyən əfqan vətəndaşların qəbulunu dayandırır.

    Median.Az “Welt” nəşrinə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi təxminən 640 nəfərə yaxın günlərdə qəbul üçün artıq siyasi marağın olmaması barədə məlumat veriləcəyini bildirib. Həmin şəxslər üçün geri dönüş imkanları və ya üçüncü ölkəyə çıxışla bağlı dəstək təklif ediləcək. Onların əksəriyyəti Əfqanıstanda Taliban hakimiyyətinə qarşı çıxan və ictimai həyatda fəal olan şəxslərdir. Almaniyanın qəbul proqramlarının dayandırılması, Əfqanıstanda alman təşkilatları üçün çalışmış şəxsləri də əhatə edir. Daxili İşlər Nazirliyi həmin şəxslərin köməksiz qalmayacağını və sığınacaqlarda Almaniyanın dəstəyindən istifadə edə biləcəklərini açıqlayıb.

    Almaniyada fəaliyyət göstərən 250-dən çox təşkilat hökumətə açıq məktub ünvanlayaraq, əfqan vətəndaşlara vəd edilmiş qəbul proqramlarını reallaşdırmağa çağırıb.

    Hazırda Pakistanda təxminən 1800 əfqan vətəndaşı Almaniyaya qəbul edilmək üçün gözləyir. Onların 70 faizdən çoxu qadın və uşaqlardır. Pakistan hökuməti onlara ilin sonuna qədər ölkəni tərk etməyəcəkləri təqdirdə Əfqanıstana deportasiya olunacaqları barədə xəbərdarlıq edib

  • “Google Maps”a sürücülər üçün faydalı funksiya əlavə olundu

    IOS üçün “Google Maps” tətbiqi park edilmiş avtomobilin yerini avtomatik olaraq aşkarlayan və yadda saxlayan yeni bir funksiya əldə edib.

    Bu barədə “LinkedIn”də “Google Maps”in baş meneceri Ryo Akasaka məlumat verib.

    Bu funksiya, istifadəçi “Google Maps”i işlək vəziyyətdə idarə edərkən smartfonunu USB, Bluetooth və ya CarPlay vasitəsilə avtomobilə qoşduqda işləyir. Hərəkətə başladıqdan sonra sonra tətbiq avtomatik olaraq xəritədə park yerini işarələyir və 48 saata qədər saxlayır. İstifadəçi avtomobili yenidən idarə etməyə başladıqdan sonra işarə avtomatik yox olur.

    Əvvəllər menyuda müvafiq seçimi seçməklə park yerini əl ilə yadda saxlamaq mümkün idi. Bu yeni funksiya bu prosesi tamamilə avtomatlaşdırır. Bundan əlavə, artıq standart “P” işarəsi əvəzinə yeri göstərmək üçün xüsusi avtomobil nişanlarından istifadə olunur.

    Avtomatik park yeri saxlama xüsusiyyəti təxminən bir ay əvvəl iPhone istifadəçilərinə təqdim olunmağa başlayıb. Hazırda o, yalnız tətbiqin iOS versiyasında mövcuddur.

    “Google Maps”in Android versiyasında park xatırlatması da var, lakin işarə əl ilə silinməlidir.

  • Bu sual məktəblilərə verilib? – Rəsmi açıqlama

    Sosial şəbəkədə 3-cü siniflərin Kiçik Summativ Qiymətləndirmə (KSQ) tapşırığında yer aldığı iddia olunan qalmaqallı sual paylaşılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddiaya görə, “Atam həyətdə … doğrayır” başlıqlı sualda nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib.

    Sözügedən tapşırıq sosial şəbəkə istifadəçilərinin ciddi qınağına tuş gəlib. Sual qeyri-insani və şagirdlər üçün təhlükəli hesab edilib.

    Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

    “Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, – deyə məlumatda əlavə edilib.

  • 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

    Azərbaycanda 5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Məlumata əsasən, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası və Bakıda 49 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

    Belə ki, Ağcabədi-Mingəçevir marşrutu üzrə fiziki şəxs Bayramov Bayram İbrahim oğlu, Tərtər-Gəncə marşrutu üzrə fiziki şəxs Nağıyev Azər Kamal oğlu, Gəncə-Qazax marşrutları üzrə fiziki şəxs Həsənov Vüsal Famil oğlu, Qazax-Gəncə marşrutları üzrə hüquqi şəxs “Ağstafa Avtonəqliyyat ” ASC və fiziki şəxs Cəfərov Samir Vaqif oğlu, 49 nömrəli şəhərdaxili (metronun “28 May” stansiyası-68 nömrəli məktəb) marşrut üzrə hüquqi şəxs “BakuBus” MMC qalib elan olunublar.

  • “Bu halda karta vəsaitin daxil olması qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər” – Ekspert

    “Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər də var”.

    Bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, “Məşğulluq haqqında” qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:

    “15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət. Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. İşsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni, qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

    Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni, qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir”.

    Ekspert bildirib ki, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur: “Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir”.

    Ə.Həsənov qeyd edib ki, növbəti ildən qurumlar qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq: “Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən? Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: Məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil”.

  • “Baku Mall”da maşınını şarja taxdı – Qiyməti görüb şoka düşdü (FOTO)

    Bakıda Ticarət Mərkəzində maşınını şarja qoyan şəxs qiymətdən şikayətçidir.

    Sürücü “Baku Mall”da avtomobilini şarja taxıb.

    Bir saat ərzində şarj məntəqələrində 4-5 manata, ev şəraitində 1,5 manata olan qiymət, “Baku Mall”da 18 manata başa gəlib.

  • Bakı–Bratislava birbaşa uçuşlarına start verilir

    Bakı–Bratislava birbaşa uçuşlarına start verilir.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi ilə Macarıstanın “Wizz Air” aviaşirkəti arasında Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuş marşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.

    Görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərinin açılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa) istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələləri müzakirə edilib. Tərəflər, eyni zamanda “Wizz Air” uçuşlarının Azərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanma imkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmin inkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.

    Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır. İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərində reyslərin icrası nəzərdə tutulur.

    AZAL və “Wizz Air” aviaşirkəti yeni marşrutların açılması istiqamətində real irəliləyiş əldə edərək növbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək. Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatan marşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorunun regional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.

  • Azərbaycana casusluq etdiyi deyilən erməni diplomatla bağlı qərar verildi

    Məhkəmə bu ilin yayında saxlanılan Ermənistan diplomatik korpusunun əməkdaşı Aşxen Aleksanyanın həbs müddətini uzadıb.

    Bu barədə erməni KİV yazıb.

    Aleksanyanın vəkillərindən biri Tavros Gevorqyan həbs müddətinin təxminən 2 aya qədər uzadıldığını təsdiqləyib.

    Xatırladaq ki, diplomat Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onun üzərində sənədlər tapıldıqdan sonra Milli Təhlükəsizlik Xidməti XİN-in binasında axtarış aparıb: kompüterlərə baxış keçirilib, sənədlər yoxlanılıb və götürülüb. Daha sonra qadının azərbaycanlı ilə sevgili olduğu və müəyyən məbləğdə pul müqabilində bəzi məlumatlar ötürdüyü barədə məlumat yayılıb.
    //unikal.az

  • Biləcərini su basdı – Video

    Ötən gecədən fasilələrlə yağan yağış Bakı küçələrində suyun yığılmasına səbəb olub.

    Bir çox ərazilər kimi Bİləcəri qəsəbəsində də yolları və dalanları su basıb.

    Baku.ws-in “qaynar xətti”nə bildirilib ki, qəsəbə sakinləri yağışa görə problemlərlə üzləşiblər. Qəsəbənin Aslan İsmayılov, Asəf Zeynallı, Rəşid İsmayılov və digər küçələrində su yığılıb. Nəticədə avtomobillər və piyadalar üçün çətin vəziyyət yaranıb.

    Qeyd edək ki, hələdə yağış davam edir.

  • Məşhur opera müğənnisi oğlu tərəfindən öldürüldü

    ABŞ-nin məşhur opera müğənnisi Jubilant Sayks öz oğlu tərəfindən öldürülüb.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı müğənni Kaliforniyadakı evində ölü tapılıb.

    Atasını öldürməkdə ittiham olunan 31 yaşlı Mayk Sayks müqavimət göstərmədən polisə təslim olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.