Month: December 2025

  • Mətin Yolçiyev yüksək vəzifəyə təyin olundu

    Mətin Yolçiyev Bakı Fond Birjasının İdarə Heyətinin üzvü təyin edilib.
     
    Median.Az xəbər verir ki, Mətin Yolçiyev Bakı Fond Birjasının Baş Əməliyyat inzibatçısı vəzifəsinə təyin olunub. O 2018-ci ilin aprel ayından etibarən Bakı Fond Birjasında fəaliyyət göstərir. Mətin Yolçiyev birjada müxtəlif vəzifələrdə çalışaraq ticarət əməliyyatları və üzvlük proseslərinə rəhbərlik edib, həmçinin Birja və kapital bazarı üzrə həllərin və layihələrin icrasını təmin edib. Hazırda Ticarət və Dəstək, Üzvlük, Analitika və Layihələrin İdarəedilməsi şöbələrinin fəaliyyətinə nəzarət edir.
     
    Peşəkar fəaliyyəti dövründə qiymətli kağızlar bazarı üzrə ixtisaslaşma proqramlarını tamamlayan Mətin Yolçiyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə alıb. O, hazırda ADA Universitetinin ikili diplom proqramı çərçivəsində MBA (Maliyyə) üzrə təhsilini davam etdirir./kredit.az

  • 23 illik müşahidə: Doqquzuncu planet nəhayət tapılıb?

    Günəş sisteminin ən ucqar hissəsində, Neptunun çox uzağındakı zülmət qaranlıqda sirli bir hərəkətlilik müşahidə olunur. Astronomlar illərdir yalnız nəzəriyyədə mövcud olan, lakin indiyədək sübut olunmayan “Doqquzuncu planet”ə aid ola biləcəyi ehtimal edilən nəhəng bir obyekt müəyyən ediblər. 

    Median.Az xəbər verir ki, arxivlərdə saxlanılan köhnə səma müşahidələrini təhlil edən tədqiqatçılar Günəşdən inanılmaz dərəcədə uzaqda yerləşən və son dərəcə yavaş hərəkət edən bu cismin izinə düşüblər. Əgər bu tapıntı təsdiqlənərsə, kosmosla bağlı bütün dərsliklərin yenidən yazılması zərurəti yaranacaq.

    Tayvandakı Milli Mərkəzi Universitetindən olan tədqiqat qrupu bu həyəcanverici kəşf üçün 20 ildən artıq bir dövrü əhatə edən infraqırmızı məlumatları müqayisə edib. Alimlər 1983-cü ilə aid IRAS məlumatları ilə 2006-cı ildə Yaponiyanın AKARI missiyasından əldə edilən nəticələri təhlil edərkən, bu iki tarix arasında zəif, lakin ardıcıl yer dəyişməsi göstərən bir istilik mənbəyi aşkar ediblər. Günəşdən təxminən 75–105 milyard kilometr məsafədə yerləşdiyi ehtimal olunan bu obyekt öz orbitini minlərlə il ərzində tamamlayır. Bu qədər uzaq və soyuq bir cismi adi teleskoplarla müşahidə etmək demək olar ki, mümkünsüz olduğundan, alimlər onun yaydığı son dərəcə zəif istilik izlərini tuta bilən infraqırmızı texnologiyalardan istifadə ediblər.

    Astronomlar uzun müddətdir Kuiper qurşağı adlanan bölgədəki buz cisimlərinin niyə qəribə şəkildə qruplaşdığını anlamağa çalışırlar. Neptunun o tayında yerləşən bu müxtəlif ölçülü buz parçalarının orbitlərindəki qeyri-adi düzülüş, orada hələ müşahidə edilməmiş nəhəng bir kütlənin güclü cazibə təsiri göstərdiyinə işarə edir. İndi müəyyən edilən bu yeni namizəd məhz bu nəzəri boşluğu doldura biləcək xüsusiyyətlərə malikdir. Hesablamalara görə, obyekt Yer kürəsindən yeddi ilə on yeddi dəfə daha böyük kütləyə sahib olan “buz nəhəngi” sinfinə daxildir. Onun temperaturunun təxminən mənfi 220 dərəcə Selsi olduğu düşünülür ki, bu da cismin niyə demək olar ki, heç bir işıq əks etdirmədiyini izah edir.

    Bu potensial doqquzuncu planet quruluş baxımından Uran və Neptun kimi buz nəhənglərinə bənzəyir. Yəni hidrogen, helium və metan qazlarından ibarət sıx atmosferə və buzlu bir nüvəyə malik olması ehtimal olunur. Elmi ictimaiyyət hazırda diqqətini bu uzaq bölgəyə yönəldib. Ceyms Uebb Kosmik Teleskopu kimi müasir müşahidə vasitələri ilə aparılacaq əlavə araşdırmalar bu obyektin həqiqətən Günəş ətrafında dövr edən bir planet olub-olmadığını, yoxsa çox uzaqdakı arxa plan mənbələrindən biri olduğunu dəqiqləşdirəcək. Hazırda cəmi iki məlumat nöqtəsinə əsaslanan bu kəşf təsdiqlənərsə, Günəş sistemimizin sərhədlərinin düşündüyümüzdən xeyli uzaqlara uzandığı ortaya çıxacaq.

  • Növbəti iki gündə güclü külək əsəcək (XƏBƏRDARLIQ)

    Növbəti iki gündə güclü külək əsəcək.

    Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundır.

    Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • 2026-ya ilk onlar girəcək – Siyahı

    Saat qurşaqlarındakı fərqlər səbəbindən Yeni il planetin müxtəlif nöqtələrində müxtəlif vaxtlarda başlayır.

    Yeni ili ilk qarşılayan ölkələr Sakit okeanın ortasında yerləşən kiçik ada dövlətləridir.

    Yeni ili dünyada ilk qarşılayan ərazi Kiribati dövlətinə məxsus Line (Christmas) adalarıdır. Bu ərazilər UTC+14 saat qurşağında yerləşir və buna görə də Yer kürəsində təqvim vərəqini ilk çevirən məkan hesab olunur.

    Burada saat 00:00 tamam olanda dünyanın böyük bir hissəsində hələ 31 dekabr davam edir.

    Kiribatidən dərhal sonra Yeni Zelandiyanın Çatam adaları, daha sonra isə Tonqa və Samoa Yeni ilə qədəm qoyur.

    Ardınca Yeni Zelandiyanın əsas hissəsi və Avstraliyada (Sidney, Melburn) möhtəşəm atəşfəşanlıqlar start götürür.

    Asiya qitəsində Yeni il Yaponiya, Cənubi Koreya və Çində qeyd olunur. Bir neçə saat sonra isə bayram dalğası Avropaya çatır. Bakı, İstanbul, Paris, Berlin və London kimi şəhərlər Yeni ili artıq dünya üzrə milyonlarla insanla eyni gündə, lakin fərqli saatlarda qarşılayır.

    Yeni ili ən son qarşılayan ərazilər isə ABŞ-yə məxsus Beyker və Hovlənd adalarıdır. Bu adalar UTC-12 saat qurşağında yerləşir və dünya üzrə Yeni ilin ən gec başladığı nöqtə hesab olunur.
    //qafqazinfo

  • Azərbaycanda toy karvanında QƏZA: iki bacı öldü

    Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
     
    Median.Az APA-ya istinadla bildirir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
     
    Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

  • Azərbaycanda donuzlar azalıb – Ən çox hansı rayonlarda saxlanılır…

    Heyvandarlığın ən marginal sahələrindən sayılan donuzçuluq Azərbaycanda ildən-ilə zəifləyir. Statistik məlumatlar göstərir ki, bu sahə ölkə üzrə bir neçə rayonla məhdudlaşır. Bəzi bölgələrdə isə tamamilə yoxa çıxıb.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, 2025-ci ilin ilk 9 ayında ölkə üzrə donuzların sayı 3167 baş olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 712 baş az deməkdir. Bir il ərzində ölkə üzrə donuzların sayı təxminən 18,4 faiz azalıb.

    Donuzların ən çox olduğu bölgələr

    Donuzların çoxluq təşkil etdiyi bölgələr içərisində Şəki–Zaqatala iqtisadi rayonu liderdir. Bu iqtisadi rayonda ümumilikdə 2423 baş donuz var. Bu iqtisadi rayon ölkə üzrə donuzların təxminən 76,5 faizinə sahibdir. Yəni Azərbaycanda olan hər dörd donuzdan üçü məhz bu bölgədədir.

    Şəki-Zaqatala iqtisadi rayonununa daxil olan bölgələr içərisində ən çox donuz Qax rayonun payına düşür. Belə ki, burada 1684 donuz var. Bu rəqəm Qəbələdə 740, Oğuzda isə 65-dir. Balakən, Şəki və Zaqatalada isə bu göstəricilər sıfıra bərabərdir.Ümumilikdə götürdükdə bu bölgədə donuzların sayı 2024-cü ilin eyni rübü ilə müqayisədə 3,4 faiz azalıb.

    Ən çox azalma isə Paytaxtın payına düşür. Bakıda bu il 413 baş donuz Statistika Komitəsi tərəfindən qeydiyyata alınıb. Eyni rəqəm 2024-cü ildə 680 idi. Bu da onu göstərir ki, Bakıda donuzların sayı 39,3 faiz azalıb.

    Donuzçuluğun artım müşahidə olunduğu iqtisadi rayonlar Şərqi Zəngəzur və Dağlıq Şirvandır.

    Şərqi Zəngəzurda donuzların sayı 96 faiz artıb. Belə ki, ötən il həmin bölgədə donuzların sayı 50 idisə, hazırda bu rəqəm 98-dir. Qeyd edək ki, bu iqtisadi rayonda bütün donuzlar Kəlbəcər rayonun payına düşür.

    Dağlıq Şirvanda isə hazırda 222 donuz olduğu bildirilir, bu rəqəm ötən ilin eyni dövründə 204 idi. İqtisadi rayona daxil olan Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda bütün donuzların saxlanıldığı bölgə İsmayıllıdır.

    Rayonlar üzrə kəskin fərqlər:

    Rayon səviyyəsində ən yüksək göstərici yenə Qax rayonuna məxsusdur. Qaxda 1661, Qəbələdə 670, Bakıda isə 413 baş donuz var. Bu üç inzibati vahid birlikdə ölkə üzrə donuzların təxminən 86 faizini təşkil edir.

    Ən az donuz olan bölgələr:

    2025-ci ilin yanvar–sentyabrında donuzların sayının ən aşağı olduğu ərazilər bunlardır:

    Gəncə şəhəri – 2024-də 29 baş olduğu halda, 2025-ci ildə ölkənin ən böyük üçüncü şəhərində donuzlar “yoxa çıxıb”. Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan digər bölgələrdə isə sadəcə Goranboy rayonunda donuzçuluq sahəsi ilə məşğul olurlar. Bu ərazidə ötən il 40, bu il isə 41 baş donuz olub.

    Şabran rayonunda donuzların sayı ötən illə eynidir. Belə ki, 2024-cü və 2025-ci illərdə bu bölgədə 7 baş donuz qeydə alınıb. Şabran rayonun daxil olduğu Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən rayonu üzrə donuzların sayı bu il 22, ötən il isə 25 olub. Bu iqtisadi rayona daxil digər bölgələrdə isə donuz yoxdur.

    Abşeron – Xızı iqtisadi rayonunda isə donuzların sayı ötən il 20 olduğu halda, bu il azalaraq 18-ə düşüb. Bu iqtisadi rayona daxil olan Sumqayıt, Abşeron və Xızı üzrə aparılan müşahidələr göstərir ki, donuzçuluq təsərrüfatları yalnız Xızı rayonunda mövcuddur, digər ərazilərdə isə bu fəaliyyət növü qeydə alınmayıb.

    Qazax-Tovuz iqtisadi rayonunda da donuzların sayında azalma müşahidə olunur. 2025-ci ilin son rəqəmlərinə əsasən bu bölgədə 74 baş, 2025-cü ildə isə 85 baş donuz olub. Donuzların hər biri iqtisadi rayona daxil olan Gədəbəy ərazisində saxlanılır.

    Naxçıvan Muxtar Respublikası:

    Naxçıvanda 2024-cü ilin 9 ayında 250 baş, 2025-ci ildə isə heç bir donuz qeydə alınmayıb.

    Qeyd edək ki, ötən il Naxçıvanda Komitə tərəfindən statistikaya salınan bütün donuzlar Babək rayonunun payına düşüb.

    Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, ,Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında da donuzçuluq sahəsi faktiki olaraq mövcud deyil.

  • Bu küçədə hərəkət zolaqları 3-ə çatdırıldı

    Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.

    Bu barədə AYNA məlumat yayıb.

    Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb.

    Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.

  • Xankəndi teatrı bərpa edilir – 8 milyon sərf olunacaq

    Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işləri aparılacaq.

    Median.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqları yekunlaşdırıb, sözügedən işlərin icrasını “Crystal İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

    Müqaviləyə əsasən, Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işlərinin icrasına 7,9 milyon manat vəsait sərf olunacaq.
    //iqtisadiyyat.az

  • Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik

    Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

    Qeyd olunub ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır.

    “Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir”, – paylaşımda bildirilib.

  • Bu telefonlarda “WhatsApp” işləməyəcək – Siyahı

    Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən olan “WhatsApp” texnoloji tələblərini yenilədiyini elan edib.

    Məlumata əsasən, 2026-cı ildən etibarən bir çox telefon modeli “WhatsApp”dan istifadə edə bilməyəcək.

    “Android” cihazlar

    “Android 5.0” və daha aşağı versiyalar – bu sistemlər tamamilə dəstəkdən çıxarılacaq.

    Vaxtilə populyar olan, lakin artıq yeniləmə almayan modellər risk qrupuna daxildir. Məsələn, “Samsung Galaxy S5”, “Galaxy Note 4” və oxşar cihazlar.

    iOS (iPhone) cihazlar

    “iOS 12” və daha aşağı versiyalar – təhlükəsizlik yeniləmələri almadığı üçün “WhatsApp” artıq bu cihazlarda işləməyə bilər.

    Dəstəyin kəsilməsi gözlənilən “iPhone” modelləri:

    “iPhone 5”
    “iPhone 5c”
    “iPhone 5s”
    “iPhone 6”
    “iPhone 6 Plus”

    Risk altında olan digər telefon modelləri

    “Samsung”
    “Galaxy S3”, S4, S5
    “Galaxy Note 2”, “Note 3”
    “Galaxy Ace 3”
    “Galaxy S4 Mini”
    “Galaxy Trend”
    “Galaxy J2”
    “Sony”
    “Xperia Z2”
    “Xperia Z3”
    “Huawei”
    “Ascend Mate”
    “Ascend G740”
    “Ascend D2”

    LG

    “Optimus L3 II”
    “Optimus L5 II”
    “Optimus F5”
    “Optimus L7 II”

    2026-cı ilə qədər təhlükəsizlik risklərindən qorunmaq üçün əməliyyat sistemini yeniləmək və ya yeni bir cihaza keçmək tövsiyə olunur.