Month: December 2025

  • “Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı

    Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib.

    1/8 final matçında “Neftçi”ni qəbul edən “Zirə” 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

    Qolu 116-cı dəqiqədə Junior Martins vurub.

    Qəsəbə təmsilçisi növbəti raundda “Difai” – “Sumqayıt” duelinin güclüsü ilə qarşılaşacaq.

    Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” 1/4 finala yüksələn ilk komanda olub. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

  • Qəzzada daha bir jurnalist həlak oldu

    İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub.

    Bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.

    Məlumata görə, ordu Qəzza zolağının cənubundakı Sarı Xəttdən kənarda yerləşən və İsrailin nəzarəti altında olmayan Xan Yunisə hücum edib.

    Hücum nəticəsində fələstinli fotojurnalist Mahmud Vadi həlak olub.

    Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.

  • Misirə vizanın qiyməti artıb

    Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ölkəyə giriş vizalarının haqqını 20 dollardan 45 dollara qaldırılmasına dair göstəriş verib.

    Bu barədə Misir liderinin fərmanında deyilir.

    Sənəddə qeyd olunub ki, noyabrın 30-da imzalanmış fərman imzalandıqdan bir gün sonra qüvvəyə minib.

  • Rusiya Prezidenti: Avropa müharibəyə başlasa, bu dəqiqə döyüşməyə hazırıq

    Rusiya Avropa ölkələri ilə müharibə etməyə hazırlaşmır.

    APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
    Onun sözlərinə görə, Rusiya hazırda Avropa ilə müharibəyə hazırdır.

    “Amma əgər Avropa müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır”, – deyə Putin bildirib.

    O qeyd edib ki, Avropa Ukrayna üzrə sülh planı ilə bağlı Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür: “Əgər Avropa Rusiya ilə müharibəyə başlasa, yaxın zamanda Moskvanın “danışıqlar aparması üçün adam qalmayacaq”.

  • Ödənişli yolda quraşdırılan yeni radarlar hansı texniki göstəricilərə malikdir? – Video

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb. Məlumata əsasən, quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.

    Median.Az “Azərtac”a istinadən xəbər verir ki, bu radarları digərlərindən fərqləndirən müəyyən xüsusiyyətlər mövcuddur.

    Daha ətraflı videosüjetdə:

  • Azərbaycanda daha 40 nəqliyyat vasitəsi özəlləşdirilib

    Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, start qiyməti 6 500 manat olan “Mercedes Benz S320” markalı avtomobil 15 800 manata satılıb.

    Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

    Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.

    Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

  • Turistlər üçün dünyanın ən təmiz şəhərləri

    Krakov dünyanın ən təmiz şəhəri seçilib və bu, onu səyahət üçün ən rahat məkanlardan birinə çevirir.

    Bu barədə təhlükəsiz baqaj saxlanması xidmətləri göstərən “Radical Storage” şirkətinin araşdırmasında qeyd olunur.

    Araşdırmaya görə, turistlərin Krakovun təmizliyi ilə bağlı rəylərinin 98,5 faizi müsbətdir. Reytinqdə ikinci yeri BƏƏ-nin Şarca şəhəri tutub — 98 faiz müsbət rəy. İlk üçlüyü isə şəhər-dövlət olan Sinqapur bağlayıb — 97,9 faiz.

    Top-10-luqda həmçinin Varşava (Polşa), Doha (Qatar), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Məsqət (Oman), Dubay (BƏƏ) və Fukoka (Yaponiya) yer alıb.
    //lent.az

  • “Bakı Metropoliteni” bəzi xidmətlərin ixtisaslaşmış şirkətlərə verildiyini açıqlayıb

    “Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə Median.Az QSC-yə istinadən xəbər verir.

    Qeyd olunub ki, metropolitendə aparılan səmərəlilik qiymətləndirmələri nəticəsində əsas əməliyyat proseslərinə aid olmayan bəzi xidmətlərin, xüsusilə təmizlik və yaşıllaşdırma işlərinin, bu sahədə ixtisaslaşmış xarici təşkilatlar tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

    Bu səbəbdən əməliyyat səmərəliliyinin artırılması, resursların birbaşa sərnişindaşımanın təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəldilməsi məqsədilə həmin xidmətlərin ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul olunub.

    Qurum bildirir ki, bu sahələrdəki fəaliyyətin dayandırılmasından sonra əməkdaşların hüquqlarının və əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün bir sıra tədbirlər görülür.

    “Bununla bağlı işçilərə seçimlər təklif olunur. Onlara xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq, “Bakı Metropoliteni”də mövcud digər vakansiyalar üzrə uyğun alternativ iş, qanunvericiliyə uyğun olaraq müvafiq kompensasiya və müavinətlərin ödənilməsi təklif olunur”, – məlumatda deyilir.

    “Bakı Metropoliteni” bütün proseslərin şəffaflıq, sosial məsuliyyət və əməkdaşların hüquqlarının qorunması prinsiplərinə tam uyğun şəkildə aparıldığını vurğulayır.

  • Məşhur iranlı rejissor həbsxanaya göndərildi

    Dünya kino ictimaiyyəti şok edici xəbərlə sarsılıb: cəsur sosial dramları və Kann festivalındakı qələbəsi ilə tanınan iranlı rejissor Cəfər Pənahi bir il azadlıqdan məhrum edilib.

    Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qərar 2026-cı il “Oskar” mükafatı mərasimindən az əvvəl verilib. Onun “Bu sadəcə bədbəxt hadisə idi” filmi “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyalarının əsas favoritlərindən biri hesab olunur.

    65 yaşlı rejissoru Tehran İnqilab Məhkəməsi “rejimə qarşı təbliğat” ittihamı ilə məhkum edib. Bundan əlavə, Pənahiyə iki il müddətinə ölkədən çıxış qadağası qoyulub və siyasi-ictimai birliklərdə iştirakına məhdudiyyətlər tətbiq olunub.

    Bu tədbirlər dünya kino ictimaiyyətində narahatlıq doğurur. “Bu sadəcə bədbəxt hadisə idi” artıq beynəlxalq tanınma qazanıb və o cümlədən 2025-ci ildə Kann festivalında “Qızıl palma budağı” mükafatına layiq görülüb.

    Film nədən bəhs edir?

    “Bu sadəcə bədbəxt hadisə idi” keçmiş məhbusun hekayəsini danışır. O, guya ona işgəncə verən şəxsi qaçırır, lakin kamerasında görmə qabiliyyətini itirdiyi üçün onun kimliyinə əmin deyil. Hekayə real hadisələrə və digər məhbusların anlatdıqlarına əsaslanır ki, bu da süjeti xüsusilə dramatik və emosional edir.

    Tənqidçilər filmi dərin psixoloji yanaşması, detallara diqqəti və sosial aktuallığı üçün yüksək qiymətləndiriblər. Artıq ekspertlər 2026-cı il “Oskar” mükafatı üçün bir neçə nominasiya proqnozlaşdırırlar: “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı beynəlxalq tammetrajlı film”. Maraqlıdır ki, film beynəlxalq “Oskar”a İran yox, layihəni maliyyələşdirən Fransa tərəfindən təqdim olunub.

    Pənahinin tarixi və senzura ilə mübarizəsi

    Cəfər Pənahi yalnız görkəmli rejissor kimi deyil, həm də dəfələrlə siyasi təqiblərlə üzləşən şəxs kimi tanınır. Onun əvvəlki filmləri – “The White Balloon”, “The Circle” və “Taxi” – İranda qadağan olunub. 2009-cu ildə Pənahi həbs olunub, azadlığa çıxdıqdan sonra isə gizli işləməyə davam edib.

    “Bu sadəcə bədbəxt hadisə idi” filminin bir hissəsi gizli çəkilib. İranda çəkiliş prosesi onun 2023-cü ildəki son həbsindən sonra baş tutub, hansı ki, aclıq aksiyası ilə yekunlaşıb. Bu təcrübə onun yaradıcılığına ciddi təsir göstərib və işlərini daha kəskin və sosial yönümlü edib.

    Pənahi barədə hökm beynəlxalq aləmdə dəstək və İran hakimiyyətinə qarşı tənqid dalğası yaradıb. Kinematoqrafçılar, insan haqları müdafiəçiləri və rejissorun pərəstişkarları onun fikirlərini ifadə etdiyi və sənət yaratdığı üçün həbs olunmasına dair narahatlıqlarını ifadə edirlər.

  • Xırdalanda kişi namaza görə arvadını döyüb dişlərini sındırdı

    Abşeronda kişi dini inancla bağlı mübahisə zamanı arvadını döyüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

    36 yaşlı Ümid Əzizov (adı və soyadı şərtidir) yaşadıqları evdə arvadı ilə dini inanc məsələsi üstündə mübahisə edib. Bu zaman o, yumruq, təpik və şillə ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, üç övladı var və arvadı ilə aralardan dəfələrlə mübahisələr olub:

    “Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıblar, amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, dini ad altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı”.

    Ümid Əzizov əməlindən peşman olduğunu, dəfələrlə cəhd etsə də, arvadı ilə barışa bilmədiyini qeyd edib. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edib.

    Zərərçəkən qadın isə deyib ki, həmin gün yoldaşı ilə əvvəlcə pul üstündə dalaşıb. Əri onu vurduğu üçün küçəyə qaçıb və bir saat sonra evə qayıdıb:

    “Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacağam deyəndə, o üstümə gəlib sən kimsən deyə qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etdi”.

    Zərərçəkən əlavə olaraq bildirib ki, əri ilə barışmayıb və onun haqqında qanunauyğun tədbir görülməsini xahiş edir.

    Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ümid Əzizov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.