Month: December 2025

  • Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkarladı

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    DİN-dən bildirilib ki, dekabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 tüfəng və 25 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • 51 yaşlı qadın gözəllik salonunda öldü

    Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

    Median.Az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

    Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədova İlhamə Ümüdvar qızı çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.

    İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

    Faktla bağlı araşdırma aparılır./unikal

  • Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

    Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baçane Axalayanın barəsində həbs qətimkan tədbiri seçib.

    Bu barədə yerli mətbuat məlumat yayıb.

    Xəbərə görə, Gürcüstan Prokurorluğu Axalayanın ölkəni tərk etmək və istintaqın gedişini pozmaq ehtimalını nəzərə alaraq, araşdırma dövründə onun həbsdə saxlanılmasını istəyib.

    İstintaq orqanının məlumatına görə, sabiq nazir 2025-ci il oktyabrın 4-də keçirilən bələdiyyə seçkiləri zamanı qrup halında cinayət əməllərinin təşkilində və ona rəhbərlik etməkdə təqsirləndirilir.

    Bildirilir ki, o, hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar edib. Eləcə də Gürcüstanın Prezident Administrasiyasının binasını ələ keçirmək cəhdinin təşkilatçısı olub.

    Xəbərdə qeyd edilir ki, keçmiş naziri ittiham olunduğu maddələr üzrə 9 ilə qədər həbs cəzası gözləyir.

  • Ölkədən qaçan Ramin Axundovun şirkəti nizamnamə kapitalını yarıya endirib

    Azərbaycanda gəmiçilik şirkəti – “SƏMAYƏ CO LTD” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.

    Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.

    Yeri gəlmişkən bildirək ki, “SƏMAYƏ CO LTD” MMC-nin hazırda dövlətə 124 952.22 manat vergi borcu da var.

    Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yükdaşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir, gəlir əsasən icarə haqlarından və təsisçinin dəstəklərindən formalaşır.

    Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

    “Səmayə Co”, “Səmayə Logistic” və “RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.

    R.Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

    Ramin Axundov eyni zamanda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.

    Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.

  • Əqli qüsurlu kişini “tok” YANDIRDI

    Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.

    Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

    Məlumata görə, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xalq şairi Nəriman Həsənzadənin SON DURUMU

    Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.

    Bu barədə Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır.

    Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.(Mənbə APA)

  • Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir

    Bakı metropoliteninin İçəri Şəhər stansiyasında retro vaqonların nümayişi keçirilir.

    Yeni il və Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan sərgidə 3 vagon xətt üzərinə yerləşdirilib. Vaqonların hər biri maşinist olan ilk hissələrdir. Relslər üzərində “A” tipli 1934-1937, “Q” tipli 1940-1955-ci, “Ej3” tipli 1970-1978-ci illərin vaqonları gətirilib. Müasir metropoliten tələblərinə cavab verməsə də vaqonlar tam təchiz olunmuş və texniki baxımdan saz vəziyyətdədir. Ziyarətçilər 1930-cu illərin vaqonunun oturacaqlarını daha komfortlu hesab ediblər. Nümayiş bu gün 22:00-a qədər davam edəcək. (Modern.az)

  • Azərbaycanda vəkillərin sayı açıqlandı

    Bu gün vəkillik institutunun gələcəyini formalaşdıran mühüm bir mərhələnin şahidiyik. 60 yeni vəkilin and içməsi ilə Azərbaycanda vəkillərin ümumi sayı 2 min 836 nəfərə çatır.

    Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 Dekabr – Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.

    A.Bağırov qeyd edib ki, onlardan qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2 min 203 nəfərdir. Ümumilikdə, 2025-ci ildə keçirilmiş test imtahanlarında 823 namizəd iştirak edib və onlardan 420 nəfəri uğur qazanıb.

  • İmişlidə kişi dəm qazından boğularaq ölüb

    İmişlidə kişi dəm qazından boğularaq ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Astarada kişi işdə öldü

    Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

    Fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Onun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.