Month: December 2025

  • Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik edib

    Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

    Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqına sədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanın yoludur.

    Məlumdur ki, Siz uzun illər ərzində fəaliyyətinizlə Azərbaycanın vətəndaşları, onların rifahı və təhlükəsizliyi naminə çox böyük işlər görmüsünüz, ən çətin vəziyyətlərdə özünüzü mətinliklə və ləyaqətlə aparmış, qarşıya qoyulan vəzifələri yerinə yetirmisiniz.

    Azərbaycanda həyata keçirdiyiniz islahatlar kursu, siyasi sabitliyin möhkəmləndirilməsi və milli iqtisadiyyatın inkişafı, vətəndaşların rifahının yüksəldilməsi Sizə xalqın ən yüksək etimadını qazandırmışdır.

    Əminəm ki, Siz daha parlaq gələcəyə doğru çox addımlar atacaqsınız, iş təcrübəniz və məsuliyyətiniz Azərbaycan xalqının maraqları naminə nəzərdə tutulan bütün planların həyata keçməsinə kömək edəcəkdir.

    Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, uzun ömür, davamlı sülh, firavanlıq arzulayıram”.

  • Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb

    Embraer 190 tipli “Azerbaijan Airlines” aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

    “ICAO-nun 13 saylı Əlavəsinin müddəalarına uyğun olaraq, aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır”, – açıqlamada bildirilir.

    Qurum qeyd edir ki, Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə istintaq da aparılır.

    “Aviasiya hadisəsinin araşdırılmasının yekun başa çatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq”, – açıqlamada vurğulanır.

    Xatırladaq ki, 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.

    İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisinin bortu Rusiyanın hava məkanında radarlardan itib.

    Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökmə Əliyeva həyatını itirib.

  • Ukrayna Rostov vilayətindəki neft emalı zavoduna zərbə endirdi

    Ukrayna ordusu dekabrın 25-də günorta saatlarında Rusiyanın Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna (NEZ) zərbə endirib.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Məlumata görə, hücum zamanı “Storm Shadow” tipli qanadlı raketlərdən istifadə olunub.

    Qeyd olunur ki, zavodun ərazisində bir neçə partlayış qeydə alınıb və hədəf uğurla vurulub.

  • Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı

    Bu ilin noyabr ayının sonuna bank və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətən 134 min ədəd artaraq 21 milyon 835 min təşkil edib.

    Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% artıb.

    Ödəniş kartlarının strukturunda debet kartlarının sayı 14.7% artıb, kredit kartlarının sayı isə 6.7% azalıb. Kart sayındakı artım ölkədə nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, noyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi illik müqayisədə 14.4% yüksəlib.

    2025-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7.94 milyard manat olub. Bu məbləğin 6.948 milyard manatı elektron ticarətin, 990 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.

    İlin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib.

  • Sumqayıtda yaşayış binasında yanğın – Xəsarət alan var

    Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Karvan-Yevlax” futbolçusu ilə yollarını ayırıb

    Karvan-Yevlax” klubu futbolçusu Səid İranxanla yollarını ayırıb.

    Bu barədə Yevlax təmsilçisindən məlumat verilib.

    Bildirilib ki, iranlı oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

    Qeyd edək ki, mövsümün əvvəlində bölgə klubuna keçən Səid İranxan 10 oyunda 1 qolun müəllifi olub.

  • Bir sıra məhkəmələrə hakimlər təyin edildi – Sərəncam

    Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiya məhkəməsi sədrinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

    “apellyasiya instansiyası məhkəmələri üzrə:

    1.1. Səməd Fəxrəddin oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

    ağır cinayətlər məhkəmələri üzrə:

    1.2. Murad Şamxal oğlu Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

    1.3. Firdovsi Zülfü oğlu Əliyev Masallı Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

    1.4. Kamil Çingiz oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

    1.5. Aygün Arzu qızı Qurbanova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

    1.6. Asif Əmrah oğlu Əliyev Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

    inzibati məhkəmələr üzrə:

    1.7. Natiq Əvəz oğlu İsmayılov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilsin;

    1.8. Ramin Nizaməddin oğlu Quliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilsin;

    1.9. Fərid Nadir oğlu Əliyev Tovuz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi təyin edilsin;

    kommersiya məhkəmələri üzrə:

    1.10. Xədicə Əlicabbar qızı Səfərli Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    1.11. Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

    1.12. Səidə Hüseynağa qızı Məmmədova Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;

    1.13. Fuad Bəhruz oğlu Babaşov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilsin;

    rayon (şəhər) məhkəmələri üzrə:

    1.14. Vüsalə Yadigar qızı Məmmədova Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

    2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

    ağır cinayətlər məhkəmələri üzrə:

    Bakı Ağır Cinayətlər Məhkəməsi

    Quliyev Vüqar Elbrus oğlu

    Namazov Fərid Arif oğlu

    Gəncə Ağır Cinayətlər Məhkəməsi

    Məmmədzadə Mikayıl Maarif oğlu

    Vəliyev Elşən Yaşar oğlu

    Lənkəran Ağır Cinayətlər Məhkəməsi

    Məmmədov Neymət Hüsən oğlu

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

    Cəfərzadə İlham Nizami oğlu

    Şəki Ağır Cinayətlər Məhkəməsi

    Məmmədov Xaliq Musa oğlu

    inzibati məhkəmələr üzrə:

    Bakı İnzibati Məhkəməsi

    Babayev Aydın Vahid oğlu

    Cəlalov Bəhlul Məmmədcəfər oğlu

    Əlizadə Fariz Ariz oğlu

    Musayeva Ləman Samir qızı

    Gəncə İnzibati Məhkəməsi

    Əliyeva Gülşən Talıb qızı

    kommersiya məhkəmələri üzrə:

    Bakı Kommersiya Məhkəməsi

    Namazova Günay Rüstəm qızı

    Şirvan Kommersiya Məhkəməsi

    Abbasov Zaur Vahid oğlu

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

    Bağırov Zamiq Rəşid oğlu

    Bakı şəhəri Xətai Rayon Məhkəməsi

    Abdullayeva Aynur Aydın qızı

    Eyvazova Samirə Əli qızı

    Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

    Rüstəmov Emin Şahin oğlu

    Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

    Aslanova Gülnar Faiq qızı

    Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

    Abbasov Nail İbad oğlu

    Heydərova Əfsanə Elbrus qızı

    Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

    Mirzəliyev Ruslan Əsəd oğlu

    Rəcəbova Elnurə Hüseyn qızı

    Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

    Kərimov Namiq Həsrət oğlu

    Mirzəyeva Firuzə Fuad qızı

    Mirzəyeva Ünsüyyət Hacımehdi qızı

    Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

    Sultanova Məmmədova Ayşən Ramiz qızı

    rayon (şəhər) məhkəmələri üzrə:

    Ağcabədi Rayon Məhkəməsi

    Musayev Şahəli Calal oğlu

    Gəncə Şəhər Məhkəməsi

    Əlizadə Elxan Novruz oğlu

    Fərhadov Fuad Əlirza oğlu

    Lənkəran Rayon Məhkəməsi

    Pənahov Anar Elman oğlu

    Neftçala Rayon Məhkəməsi

    Quliyev Samir İdris oğlu

    Salyan Rayon Məhkəməsi

    Məmmədli Ənnağı Əbdül oğlu

    Samux Rayon Məhkəməsi

    Kərimova Tərifə Əbülfət qızı

    Sumqayıt Şəhər Məhkəməsi

    Həxiyeva Şəbnəm Səlim qızı

    Quliyev Ramiz Mübariz oğlu

    Şəmkir Rayon Məhkəməsi

    Məhəmmədi Həvayət Kəmaləddin qızı

    Şirvan Şəhər Məhkəməsi

    Mustafayev Ceyhun Mustafa oğlu.

    3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

    hərbi məhkəmələr üzrə:

    Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

    Eminov Əziz Mürsəl oğlu

    Gəncə Hərbi Məhkəməsi

    Şəbəndəyeva Təhminə Əlistan qızı

    Naxçıvan Muxtar Respublikasının rayon məhkəmələri üzrə:

    Babək Rayon Məhkəməsi

    Əhmədova Aynur Əvəz qızı

    Bakı şəhərinin rayon məhkəmələri üzrə:

    Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

    İbrahimli Toğrul Salman oğlu

    Yusifova Ülkər Fizuli qızı

    Bakı şəhəri Xətai Rayon Məhkəməsi

    Əlizadə Orxan Arzuxan oğlu

    Ramazanov Zəfər Akif oğlu

    Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

    Hüseynova Mələk Bəxtiyar qızı

    Məhərrəmov Vüqar Sarvan oğlu

    Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

    Maxsudova Ülkər Taleh qızı

    Məmmədova Nigar Kərəm qızı

    Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

    Əzizova Şəbnur Rəfail qızı

    Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

    Həsənov İlyas İnqilab oğlu

    İsmayılova Səbinə Vüqar qızı

    Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

    Süleymanov Cavid Loğman oğlu

    Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

    Məmmədov Məmməd Əhməd oğlu

    rayon (şəhər) məhkəmələri üzrə:

    Abşeron Rayon Məhkəməsi

    Eminbəyli Məhəmməd Muxtar oğlu

    Teymur-Zadə Elvin Rasif oğlu

    Ağcabədi Rayon Məhkəməsi

    Alməmmədov Nəriman Əli oğlu

    Ağstafa Rayon Məhkəməsi

    Həsənov Cavad İsa oğlu

    Beyləqan Rayon Məhkəməsi

    İslamov Tamerlan Cəlil oğlu

    Bərdə Rayon Məhkəməsi

    Hüseynquliyeva Lamiyə Qabil qızı

    Biləsuvar Rayon Məhkəməsi

    Əliyeva Aytəkin Güləli qızı

    Gəncə Şəhər Məhkəməsi

    Babazadə Ülkər Ağamalı qızı

    Bayramova Kəmalə Fətulla qızı

    Məmmədova Nərgiz Ramiz qızı

    Goranboy Rayon Məhkəməsi

    Vəliyev Kazım İntiqam oğlu

    Göyçay Rayon Məhkəməsi

    Camalzadə Cavid Əhməd oğlu

    Xaçmaz Rayon Məhkəməsi

    Ağazadə Nərmin Calal qızı

    Xankəndi Şəhər Məhkəməsi

    Niyazova Səkinə Mirzə qızı

    Kürdəmir Rayon Məhkəməsi

    Muxtarov Muxtar Arif oğlu

    Qax Rayon Məhkəməsi

    Mirzəzadə Asim Vilayət oğlu

    Qazax Rayon Məhkəməsi

    Məmmədova Nigar İbrahim qızı

    Qəbələ Rayon Məhkəməsi

    Abbaszadə Nərgiz Mirzəli qızı

    Quba Rayon Məhkəməsi

    Qazıbəyov İbrahim Mehman oğlu

    Qusar Rayon Məhkəməsi

    Səfərli Günel Adil qızı

    Laçın Rayon Məhkəməsi

    Mustafayev Cavidan Mustafa oğlu

    Lənkəran Rayon Məhkəməsi

    Murquzov Elmir İlqar oğlu

    Masallı Rayon Məhkəməsi

    Qasımlı Fidan Lətif qızı

    Oğuz Rayon Məhkəməsi

    Əliyev Rəşad Ayıl oğlu

    Saatlı Rayon Məhkəməsi

    Cəmilova Aygün Fərhad qızı

    Sumqayıt Şəhər Məhkəməsi

    Məhərrəmov Vüsal Rəfi oğlu

    Şəki Rayon Məhkəməsi

    Mövlayev Azər Aydın oğlu

    Şirvan Şəhər Məhkəməsi

    Abbasova Nərmin Bəxtiyar qızı

    Yevlax Rayon Məhkəməsi

    Cəfərova Ruqiyyə Ülfət qızı.

    4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri bu Sərəncam imzalandığı gündən, 2-ci hissəsi 2026-cı il yanvarın 12-dən qüvvəyə minir”.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

    7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    10. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    13. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    18. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    19. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    20. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    21. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    22. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    23. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    24. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    25. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    26. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    27. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Yasamalda ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

    Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Tənzilə Saməddin qızı Xaliqovaya məxsus “Kababçı” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması halları aşkarlanıb.

    Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, məhsulların çirklənmədən qorunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, ayrıca yuma çanaqlarının təşkil edilmədiyi məlum olub.

    Bununla yanaşı, divar və tavan səthlərinin tamlığının pozulduğu, istifadə olunan suyun filtrasiya olunmadığı, məhsulların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi və mal qonşuluğu prinsipinə riayət olunmadığı müəyyən edilib.

    Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, mətbəxdə istehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. İctimai iaşə müəssisəsində nöqsanlar aradan qaldırılana kimi işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

  • 1 milyonluq kriptovalyutanı qanunsuz ələ keçirənlər tutuldu – Kiberpolisdən əməliyyat (Video)

    Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (*KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.

    Xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

    Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

    Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1.000.000 manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.

    Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən “kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur.