Month: December 2025

  • Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin

    Son illər sosial şəbəkələrdə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışlarla təqdim edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Saç boyatma, süni dırnaq qoyma, ağır makiyaj və “böyüklər kimi” görüntülərin uşaqlara böyüklər tərəfindən aşılanması uşaqlığın  erkən mərhələdə əlindən alınması kimi qiymətləndirilir.

    Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov açıqlamasında deyib ki, sözügedən məsələ uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir:

    “Bu mövzu təkcə estetik və ya dəb məsələsi deyil, uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir. Son illər sosial şəbəkələrin təsiri ilə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışları “normal” və hətta “cəlbedici” kimi təqdim olunur. Saç boyatma, dırnaq qaynağı, makiyaj, böyüklərə xas pozlar və danışıq tərzi uşaqlıq dövrünün təbii axarını pozan riskli tendensiyalardır. Psixologiyada uşaqlıq dövrü şəxsiyyətin əsaslarının formalaşdığı ən həssas mərhələ hesab olunur. Bu dövrdə uşaq özünü kəşf etməli, oyun vasitəsilə dünyanı anlamalı, emosiyalarını təhlükəsiz şəkildə ifadə etməyi öyrənməlidir. Uşağın bu mərhələdə “böyüklər kimi görünməsi” və ya “böyüklər kimi davranması”na yönəldilməsi onun daxili inkişaf ritmini pozur”.

    Psixoloq vurğulayıb ki, böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır:

    “Xarici görünüş üzərindən kimlik formalaşdırmağa başlayan uşaq zamanla öz dəyərini də yalnız görünüş, bəyənilmə və təsdiqlənmə ilə ölçməyə başlayır. Bu prosesin ən təhlükəli tərəfi ondan ibarətdir ki, uşaq hələ emosional olaraq hazır olmadığı rolları daşımağa məcbur qalır. Böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır. Bu isə gələcəkdə emosional tükənmə, özünə inamsızlıq, bədən imici pozuntuları, sosial narahatlıq və daxili boşluq hissi kimi problemlərlə özünü göstərə bilər. Uşaq zahirən “böyük” görünsə də, daxilən özünü güvənsiz və qorunmamış hiss edir”.

    Ekspert qeyd edib ki, burada əsas məsuliyyət böyüklərin üzərinə düşür:

    “Valideynlər, yaxın ətraf və hətta sosial media platformalarında kontent yaradan şəxslər uşağa ötürdükləri mesajların fərqində olmalıdırlar. Uşaq valideynin dediyini yox, gördüyünü təkrarlayır. Əgər valideyn üçün əsas dəyər gözəllik, estetik görüntü və sosial şəbəkə reaksiyalarıdırsa, uşaq da özünü sevilməyə layiq hiss etmək üçün bu yolla getməyə çalışacaq. Bu isə uşağın daxili dünyasının kölgədə qalmasına səbəb olur. Unutmaq olmaz ki, uşaqlıq bir dəfə yaşanır və geri qayıtmır. Uşağın uşaq kimi qalmaq hüququ var. Onun oyun oynamaq, səhv etmək, sadə olmaq, fantaziya qurmaq haqqı var. Bu haqqı əlindən almaq, onu böyüklərin dünyasının qayğıları və estetik standartları ilə erkən yaşda üz-üzə qoymaq psixoloji baxımdan ciddi risk daşıyır. Valideynin əsas vəzifəsi uşağı “gözəl göstərmək” yox, onu emosional olaraq güclü, özünü dəyərli hiss edən və sağlam şəxsiyyət kimi böyütməkdir”.//azxeber.com

  • Suriyada yeni valyuta tədavülə buraxılacaq

    “Suriyanın yeni valyutası dövriyyəyə buraxılacaq və bu, yeni iqtisadi mərhələ olacaq”.
     
    Median.Az xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasriya deyib.

    “Yeni Suriya valyutası azadlıqdan sonra maliyyə suverenliyimizin simvoludur, Suriya Mərkəzi Bankının idarəetməsi və hər kəsin əməkdaşlığı ilə qurulan yeni mərhələnin başlanğıcını göstərir. Bu, azadlıq anından bəri əldə edilən nailiyyətlərə əlavə olaraq, milli uğur, sabitlik və iqtisadi bərpa yolunda atılmış möhkəm addım olacaq”, – deyə o vurğulayıb.
     
    Əl-Hasriya qeyd edib ki, yeni valyutanın detalları dekabrın 28-də keçiriləcək iclas zamanı açıqlanacaq./unikal.az

  • Bu ərazilərdə qaz olmayacaq

    Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, saat 10:00-dan etibarən paytaxtın Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Saakaşvilinin yaxın adamı DTX tərəfindən saxlanıldı

    Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya (2009-2012) oktyabrın 4-də prezident sarayına basqın təşkil etdiyinə görə Tiflisdə saxlanılıb.
     
    Median.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.
     
    Əlavə informasiya verilmir.
     
    Qeyd edək ki, 9 il həbs həyatı yaşayan B.Axalaya 2022-ci ildə azadlığa buraxılmışdı. Saakaşvili dönəminin naziri casusluqda şübhəli bilinən Serqo Tetradzeyə qarşı işgəncələrin təşkilində təqsirli bilinirdi.

  • Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.
     
    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
     
    Məlumata əsasən, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.
     
    Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, sürücülərin təsdiq olunan hərəkət qrafikinə riayət edilməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə çatdırılıb.

  • “Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir, baş hissəsi yanıb”

    Xəbər verdiyimiz kimi, Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb.

    Median.Az-ın məlumatına görə, ailənin yaxını hadisənin təfərrüatını danışıb.

    “Maşın çöldə olub. Hüseynağa orada işləyirmiş. Bolt lazım olub, qayıdıb ki, zirzəmidən götürsün. 3-4 dəqiqənin içində gəlib, görüb ki, maşının içi tüstüdü. Uşaq qabaqda oturubmuş. Qapını açıb ki, uşaq orada yoxdu. Maşın alovlanıb, dəhşətli alov olub. Qabaqda tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdu. Digər tərəfdən şüşəni vurub əli ilə sındırıb. Sonra qonşuların köməyi ilə arxa qapını açıblar. Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir. Baş hissəsi yanmışdı”, – deyə o əlavə edib.

    Faktla bağlı araşdırma aparılır.( İTV)

  • Azərbaycanda dövlət qurumları birləşdirilir? – MÜHÜM AÇIQLAMA

    “Natiq Cəfərlinin Dövlət Gömrük Komitəsi ilə bağlı tənqidi ilə razı deyiləm, hətta primitiv hesab edirəm”.
     
    Median.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.
     
    “Son illərdə gömrük orqanlarında həyata keçirilən anti-korrupsiya tədbirləri, təəssüf ki, bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim edilir. Halbuki, Baş Prokurorluğun məlumatları aydın göstərir ki, aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ilə bağlı son cinayət işi daxil olmaqla, əksər hüquq-mühafizə əməliyyatları məhz Dövlət Gömrük Komitəsinin öz təşəbbüsü ilə başlanıb. Bu, Komitədə korrupsiyaya qarşı güclü iradənin və qətiyyətli mübarizənin sübutudur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bu islahatlar, ölkəmizin iqtisadiyyatını daha da möhkəmləndirir.
     
    İqtisadi göstəricilər bunu təsdiqləyir: 2022-ci ildə gömrük daxilolmalarını 2023-cü və 2024-cü illərlə müqayisə etmək kifayətdir. 2025-ci ildə ilk 11 ayın proqnozu 3,4 faiz azalsa da, buna dəqiq qiyməti 2026-cı ildə verəcəyik. Üstəlik, bu nailiyyətlər heç bir tarif dəyişikliyi olmadan, artan azadolmalar çərçivəsində əldə olunub” – deputat əlavə edib. 
     
    Kamal Cəfərov vurğulayıb ki, gömrük sisteminin narkotik vasitələrə qarşı son illərdəki qətiyyətli mübarizəsi də onların dövlətçiliyə xidmətinin nümunələrindəndir:
     
    “İkincisi, artıq 2 ildən çoxdur ki, xüsusilə 2024-cü ildə prezident seçkilərindən sonra bir tezis ortalığa atıldı ki, bir sıra qurumlar birləşir və ya ayrılır. Çox təəssüf ki, bəzi hallarda bu söhbətlər primitiv qiybət formasında çatdırılır. Danışanlar da elə danışır ki, elə bil ki, fərman layihəsini hazırlayıblar. Və ya hazırlayan şəxs bu barədə ona nəsə danışıb. Yəqin ki, bu gün və ya sabah elan olunacaq. Bu cür söhbətləri edən şəxsləri də ciddi qəbul etmək çətindir, çünki görünür, ya özünü məlumat sahibi, yüksək vəzifəli şəxslərin yaxın adamı, ya da kiməsə “maraqlı” gəlmək üçün edir.
     
    Deputat kimi şəxsi fikrim budur ki, gömrük orqanlarında qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün hər hansı birləşmə və ya institusional islahat zəruridirsə, bu, dərin təhlillərə və ciddi əsaslara əsaslanmalıdır.
     
    İstənilən halda bu məsələ cənab Prezident İlham Əliyevin preruqatividir. Onun yanaşması isə aydındır. 2024-cü ildə andiçmə mərasimində cənab Prezident bir sıra konseptual məsələlərdən toxundu. Həmin çıxışda onun məsələlərə yanaşması ilə bağlı bir cümləsi həmişə xatirimdədir.
     
    O dedi ki: “Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hər hansı
    mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var.”
     
    Yəni hər hansı islahatı sadəcə formal və ya səthi səbəblərlə deyil, real və dərin əsaslarla etmək lazımdır, yəni hər işin məntiqli və vacib səbəbləri olmalıdır.
     
    Ona görə də əgər Gömrük Komitəsi nə vaxtsa birləşəcəksə, onun vacib səbəbləri olacaq, yox əgər bu gün Dövlət Gömrük Komitəsi müstəqil fəaliyyət göstərirsə, onun da çox məntiqli səbəbi var”.
     
    “Eyni zamanda hər kəsin də, xüsusilə siyasətlə məşğul olan şəxslərin, Natiq Cəfərlinin də öz şəxsi mülahizələrini ifadə etmək azadlığı var. Ancaq onun fikirləri məndə ciddi təəssürat yaratmadı, çünki fikirlərində dərin iqtisadi əsas yox idi.
     
    Aydın məsələdir ki, islahat həmişə lazımdır, müşahidəm onu göstərir ki, bəzi dövlət qurumlarında qeyri-effektivliyin səbəbi nə institusional, nə də idarəçilik bacarığı ilə bağlıdır.
     
    Hesab edirəm ki, bəzi hallarda bu, vəzifəli şəxslərdə “mental durğunluq” halı və ya problemlərin həllinə proaktiv yanaşmanın göstərilməməsi ilə bağlıdır.
     
    Bəzi vəzifəli şəxslər hər gün işə gələndə anlamalıdır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə işləmək, onun siyasətininin icrasında iştirak etmək ən böyük xidmət, motivasiya və mükafatdır.
     
    Hər kəs bilir ki, onun tapşırıqlarını yerinə yetirmək yüksək məsuliyyət, peşəkarlıq, yüksək mənəvi əxlaq və şəffaflıq tələb edir” – deputat əlavə edib. 

  • Müğənni qardaşını öldürən şəxs hakim qarşısına çıxarıldı

    Müğənni qardaşını öldürən şəxs hakim qarşısına çıxarıldı
    Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib.

    Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

    Növbəti iclas fevralın 5-nə təyin olunub.

    Qeyd edək ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Hadisə zamanı Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

    Faktla bağlı cinayət işi başlanılıb, X.Quliyev Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

    Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

    Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış.

    Onu da qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Baş Prokurorluqda aparılıb.

  • Bəzi yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

    Dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

    Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

    Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2,5 milyon manatdan 1 milyon manata endirilib.

    Əvəzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər işlərin maliyyələşdirilməsi üzrə xərclər 464,765 milyon manatdan 497,765 milyon manata qaldırılıb, o cümlədən dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər 200 milyon manatdan 190 milyon manata, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 25 milyon manatdan 21,3 milyon manata, tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması üzrə xərcləri 28 milyon manatdan 63,5 milyon manata, xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması üzrə xərclər 10 milyon manatdan 21,2 milyon manata dəyişdirilib.

    Bundan başqa, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri xərcləri 430 milyon manatdan 495 milyon manata qaldırılıb, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi xərcləri isə 40 milyon manatdan 20 milyon manata endirilib.