Month: December 2025

  • Ucarda qazdan zəhərlənən şəxs öldü

    Ucar sakini dəm qazından zəhərlənərək ölüb.
     
    Median.Az xəbər verir ki, hadisə rayonun N.Nərimanov küçəsində baş verib.
     
    Yaşadığı evdə dəm qazından zəhərlənən 1971-ci il təvəllüdlü rayon sakini Əhmədov Rasim Mirəddin dünyasını dəyişib.
     
    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Qahirə birbaşa aviareysi açıla bilər

    Bakı-Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.


    Diplomat bildirib ki, il ərzində Azərbaycandan Misirə 10 milyon nəfər də səyahət etsə, bu, yetərli deyil:

    “Düşünürəm ki, biz daha çox şey təklif edə bilərik və siz də daha çox imkanlara maliksiniz. Arzum odur ki, azərbaycanlılar “Gəlin dünyanı kəşf edək” deyə düşündükdə Misir əsas istiqamətlərdən biri olsun. Eyni zamanda, istəyirəm ki, misirlilər üçün də Bakı gedilə bilən əsas şəhərlərdən biri kimi qəbul edilsin”.

    Səfir hazırda bu düşüncəni daha geniş şəkildə qəbul etdirə bilmək üçün çalışdıqlarını vurğulayıb:

    “Biz artıq Şarm əş-Şeyxə birbaşa uçuşlara malikik, hazırda Azərbaycan hökuməti və bəzi özəl Misir şirkətləri ilə Bakı-Qahirə birbaşa aviareysinin açılması üzərində işləyirik. Bakı ilə Qahirənin birbaşa bağlantısı biznes ictimaiyyət, akademik dairələr, mədəniyyət və ümumilikdə, turizm deməkdir. Bizi daha da yaxınlaşdıracaq əsas məqam bu əlaqələrin qısamüddətli mədəni mübadilə proqramları və ticarət üçün şərait yaratmasıdır. Birbaşa uçuş olsa, səyahət xeyli asanlaşır”.

    Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

  • BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırdı

    BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən qüvvələrinin əməliyyatlarını dayandırır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik tərəfindən dərc edilən açıqlamada bildirilib.

    Qeyd olunub ki, qərar mövcud vəziyyəti nəzərə alaraq, əmirliklərin öz təşəbbüsü ilə verilib. Bu qərar BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur.

    Xatırladaq ki, daha əvvəl BƏƏ-nin Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təsir göstərə biləcək hər hansı bir cəhddə iştirakı rədd edir. Qurum ölkənin Səudiyyə Ərəbistanının təsirini sarsıtmaq üçün heç bir regional cəhddə iştirak etmədiyini vurğulayıb.

  • Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı qərar verildi

    Ali Məhkəmədə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Sayad Sadıqovun (adı və soyadı şərtidir) barəsində verilmiş qərardan daxil olan kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə yekun qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İbtidai istintaq orqanı tərəfindən 2006-cı il təvəllüdlü Sayad Sadıqova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 152.2-ci maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, o, 2022-ci ilin oktyabr ayının ortalarında, saat 16 radələrində İmişli rayonu ərazisində kirayə əsasında yaşadığı evin qonaq otağında cinsi ehtirasını təmin etmək məqsədilə 2009-cu il təvəllüdlü, on dörd yaşına çatmayan zərərçəkmiş Y.Y. (adı və soyadı şərtidir) ilə qızın razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.

    Bundan başqa, 26 oktyabr 2023-cü il tarixində, saat 18 radələrində də o, kirayə əsasında yaşadığı həmin mənzildə cinsi ehtirasını təmin etmək məqsədilə Y.Y. ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.

    İmişli Rayon Məhkəməsinin hökmü ilə Sayad Sadıqov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.

    Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

  • Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

    Bir il əvvəl lisenziyası geri alınan “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, kreditorlardan iki ay ərzində tələblərin bildirmələri istənilib.

    Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Nizamnamə kapitalı 8 milyon 925 min 440 manatdır. Qanuni təmsilçisi Oqtay Pirmurad oğlu Şeydabəyovdur.

    Lisenziyası geri alınmazdan bir əvvəlki (2023) maliyyə ilini sığorta şirkəti 555 min manat mənfəətlə başa vurub. Cəmi gəlirləri 7,6 milyon manat olub. Həmin ildə 4,9 milyon manat sığorta haqqı toplayıb. Mərkəzi Bank lisenziyanın geri alınmasına səbəb şirkətin maliyyə dayanıqlılığı aşağı olmasını göstərib.

    Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. “Bank Respublika” və “Toyota Abşeron Center”in Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu bildirilir.

  • Azərbaycana ən çox dollar gətirən 10 şirkət (SİYAHI)

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard dollar olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard dollara çatıb.

    Qeyd olunan dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon dollar) ikinci, karbamid (163,4 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

    Bu ilin 11 ayı ərzində Rusiyaya 1,1 milyard dollar, Türkiyəyə 546,1 milyon dollar, İsveçrəyə 315,3 milyon dollar, Gürcüstana 306,1 milyon dollar, Ukraynaya isə 190,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

    Onu da bildirək ki, bu ilin yanvar-noyabr aylarında ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkətin 2-si yeni təsis olunub. Bu ilin ilk 11 ayında 40,2 milyon dollar dəyərində məhsul ixrac edərək ən çox qeyri-neft məhsulu ixrac edən özəl şirkətlərin siyahısında 5-ci sıraya yüksələn “Export Stream” MMC ötən ilin 19 sentyabr tarixində dövlət qeydiyyatına alınıb. Qeydiyyatdan keçdikdən çox qısa müddət sonra ixracatçı şirkətə çevrilib və 2024-cü ilin sonuna kimi 22,8 milyon dollarlıq ixrac həyata keçirib. Bundan başqa, ötən ilin noyabr ayının 25-də dövlət qeydiyyatına alınan “UYTROP” MMC bu ilin ilk 11 ayında 29,5 milyon dollarlıq ixrac ilə 7-ci sırada yer alıb. Ötən ilin noyabr ayının 19-da dövlət qeydiyyatına alınan “HOPER” MMC isə bu il 22,9 milyon dollarlıq məhsul ixrac edib.

    Məlumat üçün bildirək ki, xarici ölkələrə ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkət aşağıdakılar olub:

    “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi – 112 milyon dollar (2024-cü ildə 33,1 milyon dollar).
    “Prime Cotton” MMC – 99,5 milyon dollar (90,8 milyon dollar).
    “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC – 56,9 milyon dollar (37,7 milyon dollar).
    “Baku Steel Company” QSC – 53,7 milyon dollar (56,8 milyon dollar).
    “Export Stream” MMC – 40,2 milyon dollar (22,8 milyon dollar).
    “STP Alüminium” MMC – 39,5 milyon dollar (7 milyon dollar).
    “TABATERRA” QSC – 39,3 milyon dollar (30,8 milyon dollar).
    “UYTROP” MMC – 29,5 milyon dollar (–).
    “KHAN-EL” MMC – 29,1 milyon dollar (28,4 milyon dollar).
    “P-AQRO” MMC – 28,9 milyon dollar (26 milyon dollar).

  • Suriyanın Latakiya şəhərində komendant saatı elan edildi

    Suriyanın Latakiya şəhərində komendant saatı elan edilib.

    Median.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Latakiya Daxili Təhlükəsizlik Komandanlığından məlumat verilib.

    Məlumata görə, şəhərdə komendant saatı saatı yerli vaxtla 17:00-da başlayacaq və 31 dekabr saat 06:00-a qədər davam edəcək.

    Qeyd edilib ki, qərar fövqəladə hallar, tibb işçiləri, təcili yardım maşınları və yanğınsöndürənlərə şamil edilmir.

  • Moskvada tacik sevgilisini diri-diri yandırıb Azərbaycana qaçdı

    Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü Aydın Azərbaycanın hüdudlarından kənarda qeyri-rəsmi münasibətdə olduğu tacikəsilli Şahnaz adlı qadını qətlə yetirməkdə ittiham olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Aydın Şahnazı xüsusi amansızlıqla öldürmək üsulu seçib.

    İstintaq materiallarına görə, 2023-cü il sentyabrın 23-də Rusiya vaxtı ilə saat 06 radələrində Aydın Moskva vilayətinin Serpuxov şəhərində saxladığı QAZ-2705 markalı avtomobildən plastik qabda benzin və alışqan götürərək Şahnazın yaşadığı evin giriş qapısına yaxınlaşıb. O, benzini qadının üzərinə və bədəninə tökərək alışqanla yandırıb.

    Şahnaz dəfələrlə ondan aman diləsə də, Aydın buna məhəl qoymayıb. Qadın aldığı ağır yanıq xəsarətləri nəticəsində vəfat edib.

    İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 12.1 və 120.2.4-cü (Azərbaycanın hüdudlarından kənarda, xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    Cinayət işi üzrə ifadə verən Aydın özünü təqsirli bilib. O bildirib ki, Rusiyada metal məmulatlarının yığılması və satışı ilə məşğul olub:

    “2023-cü il sentyabrın 22-də “Qazel” markalı yük avtomobili ilə metal toplamaq üçün Ufa şəhərinə getdim. İşimi bitirdikdən sonra gecə saatlarında Moskvaya qayıdaraq metalları təhvil verdim. Şəhəri tərk edərkən avtomobildə nasazlıq yarandı, usta tapıb təmir etdirdim. Sentyabrın 23-də səhər saat 06 radələrində yaşadığım evə çatdım. Avtomobilin yağını dəyişərkən əlimə yağ və germetik maddə bulaşmışdı. Su ilə təmizləmək mümkün olmadığından plastik qabda benzin götürdüm”.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, binaya doğru gedərkən küçənin o biri başından Şahnazın əlində gül buketi ilə gəldiyini görüb:

    “Gül buketini görəndə onun başqası ilə görüşdüyünü düşündüm. Haradan gəldiyini soruşdum, aramızda mübahisə yarandı. Əsəbiləşdiyim üçün benzini onun üzərinə töküb alışqanla yandırdım”.

    Aydın Şahnazı öldürmək niyyətinin olmadığını iddia edib:

    “Benzini əlimi yumaq üçün götürmüşdüm. Törətdiyim əməldən peşmanam”.

    O, Şahnazla 2015-ci ildə Ukraynada tanış olduğunu da bildirib:

    “Milliyyətcə tacik olsa da, uşaqlıqdan Ukraynada yaşamışdı. Birinci əri vəfat etmişdi, həmin nikahdan 2010-cu il təvəllüdlü Telman adlı övladı vardı. Bir müddət ər-arvad kimi yaşadıqdan sonra 2017-ci ildə Ukraynada rəsmi nikaha daxil olduq. Mən mütəmadi olaraq Azərbaycana gedib-gəlirdim. 2020-ci ildə Seymur adlı övladımız dünyaya gəldi. 2022-ci ilin əvvəllərində Rusiya-Ukrayna müharibəsi başlayanda Şahnazı və uşaqları Rusiyaya apardım”.

    İş üzrə zərərçəkmiş Şahnazın hüquqi varisi bildirib ki, hadisə vaxtı Tacikistanda olub:

    “2023-cü il sentyabrın 23-də Şahnazın rəfiqəsi mənə zəng edərək Aydının onun üzərinə benzin töküb yandırdığını dedi və Rusiyaya gəlməyimi xahiş etdi. Sentyabrın 26-da ora getdim. Şahnaz sentyabrın 29-da aldığı xəsarətlərdən Moskva vilayətinin Podolsk Şəhər Xəstəxanasında vəfat etdi. Təqsirləndirilən şəxslə barışmıram, onu bağışlamıram”.

    Qeyd edək ki, Aydın bu ağır cinayəti törətdikdən sonra Rusiyanı tərk edərək Azərbaycana gəlib. 2023-cü il sentyabrın 27-də onun barəsində iki ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.

    2024-cü il iyunun 10-da Aydın Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsi baxıb. Məhkəmənin hökmü ilə Aydın 18 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib. Şikayətlərdə cəzanın yüngülləşdirilməsi xahiş edilsə də, apellyasiya instansiyası tərəfindən təmin olunmayıb.

  • Ruben Vardanyanın məhkəmə prosesi təxirə salındı

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsidir.

    Beləliklə, R.Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

  • Ucarda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 14 nəfər xəstəxanaya müraciət edib

    Ucar rayonunda kütləvi zəhərlənmə halı baş verib.

    Median.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

    Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 14 nəfər (üç kişi, 11 qadın) müraciət edib.

    Ucar Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

    Qeyd olunub ki, müraciətlər səhər saat 11:00-dan etibarən daxil olmağa başlayıb.

    “Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

    Onların nədən zəhərlənməsi hələ ki, məlum deyil.