Month: January 2026

  • Bu il pensiyalar nə qədər artırılacaq?

    2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir.

    Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub.

    “Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata keçirilir. Yaxın günlərdə bununla bağlı qərar verilməlidir. Bu il üçün əmək pensiyalarında indeksləşdirilmə ilə 9 faiz civarında artımı gözlənilir”, deyə Zəka Mirzəyev bildirib.

  • Azərbaycanda pensiyaçıların sayı açıqlandı

    “Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 98 min 651 nəfər olub”.

    Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib. 

    Onun sözlərinə görə, pensiya xərcləri isə 7.1 milyard manat olub: “Orta pensiya orta aylıq əməkhaqqının 49.9 faizini, yaşa görə isə 53.2 faizini təşkil edib. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 faizlik mütənasibliyə tam uyğundur”.

  • Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub

    Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub.
     
    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
     
    Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
     
    Qeyd edək ki, sözügedən proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilir.

  • Sabah Bakının iki rayonunda qaz olmayacaq

    Sabah Hövsan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
     
    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
     
    Bildirilib ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar 16.01.2026-cı il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Aygündən Röyaya dəstək – FOTO

    Xəbər verdiyimiz kimi, xalq artisti Röya bu gün yeni klip təqdim edib.
     
    Median.Az xəbər verir ki, ona ən böyük dəstək uzun zaman küsülü olduğu və yeni barışdığı həmkarı, xalq artisti Aygün Kazımovadan gəlib.
     
    Xalq artisti Aygün Kazımova həmkarının yeni klipini paylaşaraq ona uğurlar arzulayıb. \azxeber.com
     

  • “1500 manatlıq yardım” elanı yalandı – ALDANMAYIN

    Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb.
     
    Median.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən həmin məlumatların saxta olduğu və həqiqəti əks etdirmədiyi bildirilib.
     
    “Sözügedən paylaşımların “mygov” platforması ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir. 
     
    Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız “mygov”un  rəsmi kanallarını izləməyə çağırırıq”, – məlumatda vurğulanıb.\milli.az

  • “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya

    “Google Xəritələr” iOS tətbiqində park yerinin avtomatik qeydə alınmasını təmin edən yeni funksiyanı istifadəyə verib. Yenilik sayəsində istifadəçilər avtomobillərini harada park etdiklərini xatırlamaq məcburiyyətində qalmayacaqlar.
     
    Şirkətin məsul baş məhsul meneceri Rio Akasakanın açıqlamasına görə, yeni funksiya avtomobilin park edildiyi yeri avtomatik olaraq müəyyənləşdirir və bu məlumatı “Google Xəritələr”də saxlayır. Bununla da indiyədək park yerinin əl ilə qeyd olunması zərurəti aradan qalxıb. Qeyd edək ki, park yerinin yadda saxlanması funksiyası” Google Xəritələr”də təxminən on ilə yaxındır mövcud olsa da, əvvəlki dövrdə istifadəçilər bu prosesi manual şəkildə həyata keçirməli idilər.
     
    Yeni sistem “iPhone”ların avtomobillə USB, “Bluetooth” və ya “CarPlay” vasitəsilə qoşulduğu hallarda aktivləşir. Bu zaman “Google Xəritələr” avtomobilin park edildiyini avtomatik olaraq anlayır və park yerinin dəqiq mövqeyini qeydə alır. Saxlanılan park yeri məlumatı 48 saat müddətində tətbiqdə görünür. Funksiya, xüsusilə böyük şəhərlərdə və sıx parklanma sahələrində avtomobil sahiblərinin işini xeyli asanlaşdıracaq.
    //sfera.az

  • Röya Ayxandan yeni mahnı – “Ayrılan adamlar” (Video)

    Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib. Sənətçi “Ayrılan Adamlar” adlı yeni klipini izləyicilərin ixtiyarına verib.
     
    Mahnının sözləri və musiqisi tanınmış bəstəkar Murad Arifə, aranjimanı isə Samir Şirinova məxsusdur. Klipin çəkilişləri Lənkəranın füsunkar təbiətində baş tutub. Ekran işinin rejissoru Roman Yaşardır.
     
    Klipdə Röya Ayxanın tərəf müqabili kimi aktyor Türkay Cəfərli yer alıb.
     
    Qeyd edək ki, sənətçi bu mahnını ilk dəfə 25 illik yaradıcılıq yubileyi münasibətilə keçirilən möhtəşəm konsertində səsləndirmişdi.
     

  • Miri Yusif də robot it aldı – Video

    Xalq artisti Miri Yusif də robot it alıb. 
     
    Median.Az xəbər verir ki, həmin görüntüləri müğənnini xanımı Nərgiz Sosial şəbəkədə paylaşıb. 
     
    O, övladlarının evdə robot itlə oynadığı görüntüləri yayımlayıb. 
     
    Qeyd edək ki, Miri Yusif və Nərgiz cütlüyünün 3 övladı var. axşam.az

  • Quru sərhədləri nə vaxt açılacaq?

    “Hazırda ətrafımızda kifayət qədər çoxsaylı təlatümlər, münaqişələr və müharibələr mövcuddur. Bu proseslər məntiqi sonluğuna çatmayana qədər sərhədlərin açılması məqsədəuyğun görünmür”.
     
    Bunu hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalmasının səbəblərindən danışarkən söyləyib.

    O bildirib ki, sərhədlərin açıq olması Azərbaycana münaqişə və müharibələrin davam etdiyi ölkələrdən kütləvi insan axınına səbəb ola bilər:
     
    “Azərbaycan isə hazırda prioritet olaraq erməni işğalı nəticəsində məcburi köçkün və qaçqına çevrilmiş vətəndaşlarının doğma yurd-yuvalarına qayıtması məsələsini əsas hədəf kimi müəyyənləşdirib. Bu baxımdan, bizi öz prioritetlərimizdən yayındıra biləcək məsələlərin, o cümlədən digər ölkələrdən kütləvi insan axınının qarşısını almaq üçün sərhədlərin bağlı saxlanılması zəruridir”.
     
    Ə.Verdiyevin fikrincə, regionda və qonşu ölkələrdə baş verən münaqişələr həll olunduqdan sonra sərhədlərimiz də açılacaq:
     
    “Sərhədlərin bağlı qalması dövlət üçün kifayət qədər ciddi maliyyə yükü yaradır. Lakin təhlükəsizlik amili daha önəmli olduğu üçün hazırda sərhədlər bağlı saxlanılır. Sərhədlərin açıq olması Azərbaycana kütləvi şəkildə daxil ola biləcək insanlar arasında terror qruplaşmalarının üzvlərinin də olmasını mümkünsüz etmir. Yəni sərhədlərin açıq qalması kütləvi insan axını ilə yanaşı, Azərbaycana qarşı fəaliyyət göstərə biləcək xarici xüsusi xidmət orqanlarının və terror qruplaşmalarının üzvlərinin də ölkəyə daxil olmasına şərait yarada bilər. Məhz bu səbəbdən Azərbaycan hazırda sərhədlərini bağlı saxlayır. Bu, təhlükəsizliklə bağlı zəruri və məcburi atılan bir addımdır”.