Month: January 2026

  • Tanınmış xanəndə Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI

    Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.

    Median.Az Manset.az-a istinadla xəbər verir ki, onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

    Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.

  • Rusiyaya gələn miqrantlardan tibbi müayinədən keçmək tələb oluna bilər

    Rusiya Dövlət Dumasına qanunsuz miqrasiya ilə mübarizə və ölkə vətəndaşlarının sağlamlığının qorunması ilə bağlı qanun layihəsi təqdim edilib.

    Median.Az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

    Bildirilir ki, miqrantlar Rusiya Federasiyasına daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçməlidirlər. Bundan əlavə, tibbi qurumlar əcnəbilərdəki təhlükəli xəstəliklər barədə Daxili İşlər Nazirliyinə və “Rospotrebnadzor”a məlumat verməlidirlər ki, onları Rusiya Federasiyasından dərhal deportasiya etsinlər.

    Dövlət Duması daha əvvəl cinayətkarlığın artmasının qarşısını almaq üçün regionlardakı yerli hakimiyyət orqanlarına miqrantların qeydiyyatını məhdudlaşdırmağa və ya qadağan etməyə icazə verməyi təklif etmişdilər.

    Rusiya Nazirlər Kabineti dövlət miqrasiya siyasəti konsepsiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının həyata keçirilməsi çərçivəsində etnik anklavların yaranmasının qarşısını almağa yönəlmiş məhdudiyyətlərlə bağlı ölkə qanunvericiliyinə düzəlişlərin 1 iyul 2026-cı ilədək hazırlanmasını tapşırıb.

  • Azərbaycan Nəşriyyatı istismarını dayandırır – Tarix AÇIQLANDI

    “Azərbaycan Nəşriyyatı” MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

    Median.Az xəbər verir ki, bununla bağlı MMC-dən “Report”a açıqlama verilib.

    Bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.

    Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.

    Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

    Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

    “Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.

    Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.

  • Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb

    Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan və fərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən, Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan, Hövsan qəsəbələrini əhatə edir.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

    Bildirilib ki, bəzi ərazilərdə mövcud şəbəkələr düzgün istismar olunmur:

    “Binəqədi rayonunun elə əraziləri var ki, orada məskunlaşan əhali primitiv şəbəkələrdən istifadə edir. Bununla yanaşı həmin şəbəkələr sakinlər tərəfindən düzgün istismar olunmur, xətlərə müxtəlif adlı məişət əşyaları atılır. Bütün bu kimi problemlərin qarşısının alınması məqsədilə, ümumilikdə iri şəhərlərin ərazilərində yeni, müasir tələblərə cavab verən tullantı su şəbəkələrinin qurulması məqəsədilə, konkret desək, su təchizatının tam şəkildə vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edəcək səviyyədə qurulması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı imzalanıb”.

    İlkin olaraq işlərə hansı ərazilərdən başlanacağı məsələsinə də aydınlıq gətirilib:

    “Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək”.

    Qeyd edilib ki, yaşayış binalarında istismar müddəti sona çatan tullantı su xətləri mütəmadi olaraq yeniləri ilə əvəzlənir, Dövlət Proqramının tələblərinə uyğun olaraq bu işlər daha şaxəli və intensiv şəkil alacaq.

  • Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

    Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Usubov Elmidar Fikrət oğlu yanvarın 15-də axşam saatlarında “Yeni massiv” adlanan ərazidəki evində qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

  • Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı

    Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sakit Məmmədovun (adı və soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İttihama görə, hadisə 2023-cü il oktyabrın 1-də, saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Sakit Məmmədov birlikdə oxuduğu Səbail rayonu 51 saylı tam orta məktəbdə zərərçəkmiş İlqar Əsədova (adı və soyadı şərtidir) məktəbdə digər şagirdlərin onunla zarafat etməsinə gülüb. Bu zaman zərərçəkmiş təqsirləndirilən şəxsə irad bildirib. Sonra Sakit onu cəzalandırmaq məqsədilə görüşə dəvət edib. Elektrik şkafının arxasında boş sahədə görüşən məktəblilər dava edib. Sakit xuliqanlıq niyyəti ilə qəsdən yumruğu ilə İlqarın sifət nahiyəsinə zərbə vurub. Nəticədə zərərçəkmişin alt çənəsi sınıb.

    Hadisədən sonra Sakit Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Səbail Rayon Məhkəməsinin hökmü ilə ona bir il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və qanuni nümayəndəsi apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

  • Bakıda satılan İran malları bahalaşdı – Yeni qiymətlər

    Bazarda yerli məhsullarla yanaşı İran məhsullarının da öz müştəriləri var.

    İranın ölkəmizə ixrac etdiyi məhsullara nəzər saldıqda statistik göstəricilər göstərir ki, əsas yeri ərzaq məhsulları tutur. Balıq məhsulları, süd məhsulları, kərə yağı, xurma və qurudulmuş meyvələr isə ixracda əsas məhsullar sırasındadır. Xurma isə Ramazan ayı ərəfəsində ən çox alınan İran məhsuludur.

    Satıcıların sözlərinə görə, ən baha xurma Fələstindən gəlir, kilosu 30 manatdır:

    “Ən ucuz xurma isə 5 manatdır. İran yağı əvvəl 14 manat idisə, indi 16 manatadır. Düyü, ərik qurusu və çərəzlərin qiymətində isə elə də fərq yoxdur”.

    Alıcılar isə məhsullarda hər hansı bahalaşmanın olduğunu düşünmürlər:

    “Qiymətlər demək olar ki, eynidir. Hər hansı bir fərq görmürəm”.

    İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, İrandakı proseslərə əsasən, məhsulların bahalaşması gözləniləndir. Məhsulların daşınma və tədarük prosesinin çətinləşməsi əlavə xərclər yaradır ki, bu da sonda qiymətlərdə əks olunur:

    “İş adamları adətən mallarını 1-2 aylıq ehtiyatla saxlayırlar. Lakin hadisələrin gedişi Azərbaycana təsirsiz keçməyəcək. İran məhsullarının bazarda ucuz təklifləri azalarsa, onların qiymətləri yüksələ bilər. Bu vəziyyətdə bazar dominantlığı isə İran məhsullarının yerinə daha baha qiymətə digər ölkələrdən gətirilən alternativ məhsullara keçə bilər”.
    //Milli.az

  • Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir

    ABŞ-da yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynov səhv yol seçimi nəticəsində immiqrasiya orqanları tərəfindən saxlanılıb və hazırda İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında tutulur.

    Median.Az “Modern.az”a istinadən xəbər verir ki, Ş.Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri tərəfindən saxlanılıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin sözçüsü bildirib ki, agentlər Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.

    Saxlanmanın konkret hüquqi əsasları isə açıqlanmayıb.

    Buffalo Universitetinin sözçüsü Con Della Kontradanın verdiyi məlumata görə, Şövqi Hüseynov 2022-ci ildən etibarən ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiqlənmiş iş icazəsi əsasında Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi fəaliyyət göstərir.

    ICE sözçüsü isə Hüseynovun ölkəyə universitet tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulan J-1 vizası ilə daxil olduğunu, hazırda isə onun başqa viza və ya hüquqi status üçün müraciətinin baxılma mərhələsində olduğunu bildirib. Bununla yanaşı, ICE Hüseynovun “hazırda etibarlı hüquqi statusa malik olmadığını” iddia edib və deportasiya prosesinin başladıldığını açıqlayıb.

    Qeyd edək ki, Ş.Hüseynovun heç bir cinayət keçmişi yoxdur və onun ABŞ-da 2029-cu ilə qədər işləməsinə imkan verən iş icazəsinin mövcud olduğu bildirilir.

    Şövqi Hüseynov bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Son bir il ərzində Buffalo ərazisində Kanadaya aparan körpülərə səhvən daxil olan ən azı beş nəfər immiqrasiya orqanları tərəfindən saxlanılıb. Lakin hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu statistika yalnız daha əvvəl deportasiya edilmiş şəxsləri əhatə edir. Hüseynov kimi səhv dönüş etdikdən sonra saxlanılan, lakin cinayət məsuliyyətinə cəlb olunmayan şəxslərin sayı daha çoxdur.

    Xatırladaq ki, Ş.Hüseynov 4 ildir Jacobs Məktəbində mürəkkəb nevrologiya tədqiqatları aparır, beyin və immun sisteminin necə birlikdə işlədiyini anlamaq üçün opioid asılılığı olan siçanların beynindəki müxtəlif bioloji hadisələrə diqqət yetirir. O, həmkarları ilə birlikdə bir neçə tədqiqat məqaləsi dərc edib .

  • Tanınmış iş adamı vəfat etdi

    Tanınmış iş adamı, “Sabirabad Konserv” ASC-nin rəhbəri Əliabbas Şıxəliyev vəfat edib.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 76 yaşlı sahibkar Bakıda uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

    O, bu gün Sabirabad rayonunda dəfn ediləcək.

    Mərhumun üç mərasimi Sabirabadda keçiriləcək.

    Qeyd edək ki, Ə.Şıxəliyev uzun illər Sabirabadda müxtəlif zavodlara rəhbərlik edib.

    Allah rəhmət eləsin!

  • Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək – FOTO

    Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Bildirilir ki, sözügedən restoran Voronej şəhərində arxeoloji irs hesab olunan ərazidə tikilib. Bələdiyyə nümayəndələri belə bir zonada tikinti üçün xüsusi icazənin tələb olunduğunu qeyd ediblər. Onların məlumatına görə, müvafiq sənədlər yalnız əvvəllər ərazidə yerləşən və sahəsi təxminən 400 kv. m olan yaşayış evi üçün mövcud olub.

    Məhkəmə sənədlərinə görə, Y.Xəlilov satın aldığı ərazidə yerləşən həmin evi sökərək qanunsuz olaraq ümumi sahəsi təxminən 1700 kv. m olan restoran tikib.

    Qərardan bir ay ərzində şikayət verilə biləcəyi bildirilir.

    Xatırladaq ki, Yusif Xəlilov ötən ilin avqust ayında həbs edilmişdi. O, oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl (7153 manat) verməkdə ittiham edilirdi. Daha sonra Xəlilov azadlığa buraxılıb və ailəsi ilə birlikdə Bakıya gəlib.