Month: January 2026

  • Eldar İsmayılovun cinayət işinə xitam verildi

    Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun cinayət işinə xitam verilib.

    Bu barədə APA-ya onun vəkili İmran Ələkbərov məlumat verib.

    O, bildirib ki, müvəkkili barəsində cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə uyğun olaraq bəraətverici əsaslarla xitam verilib.

    Onun barəsində cinayət işi Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

    Qeyd edək ki, ötən ilin oktyabr ayında saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunaraq “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

    Məlumata görə, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

  • Xəzərin şor suyu necə və nə vaxt içməli hala gətiriləcək? – DETALLAR

    “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə müzakirə olunan mövzulardan biri də Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq istifadəyə yararlı hala gətirilməsi ilə bağlıdır.

    Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda əks olunan həmin məsələ necə və hansı ardıcıllıqla icra ediləcək?

    Prezident İlham Əliyevin ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzaladığı Sərəncamla “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi” istiqamətində birinci mərhələyə uyğun olaraq işlər davam etdirilir.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

    Qeyd edilib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı üzrə pilot layihə üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında 2025-ci il sentyabrın 22-də Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müqavilə imzalanıb.

    “Layihənin icrası üçün Sumqayıt şəhər ərazisi müəyyən edilib. 30 hektara yaxın ərazini və sahil zolağını əhatə edir. Duzsuzlaşdırma zavodunun gündəlik istehsal gücü 300 min kub metrdir. Bu da təxminən 100 milyon kub metr su istehsalı deməkdir. Bu da Abşeron yarımadasının indiki su tələbatının 20 faiz artırılmasına şərait yaradacaq. Duzlu su təmizlənərək, içməli suya çevriləcək”.

    Qurumdan əlavə edilib ki, 2026-2028-ci illər Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub.

    Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın ərazisində cəmi 30% su formalaşır. Qalan 70% transsərhəd suları hesabına yaranır. Bu da müəyyən problemlərə səbəb olur:

    “Çünki hər bir dövlətin inkişaf etməsində, yeni dövrün tələblərinə uyğun əlavə su ehtiyatlarına ehtiyac var. Vaxtilə Taxtakörpü su anbarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı proseslər olmasaydı, Bakı bu günlərdə çox ciddi problemlərlə qarşılaşa bilərdi”.

    Komitə sədri qeyd edib ki, Xəzər dənizinin suyunun təmizlənməsi-duzsuzlaşdırılması işləri paralel aparılacaq.

    “Dəniz suyunun duzsuzlaşdırılması dünyada tətbiq olunan təcrübədir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və İtaliyada bu texnologiyalar tətbiq edilib. Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bu məsələ Azərbaycanın gələcəkdə ekoloji problemlərlə qarşılaşmaması üçündür”.

    Hidroloq Rövşən Abbasov Trend-ə açıqlamasında bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması beynəlxalq praktikada uzun müddətdir ki, tətbiq olunur. ABŞ, Küveyt, Qətər, İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələrdə su ilə təmin olunmanın əsasını dəniz sularının duzsuzlaşdırılması təşkil edir.

    “Xəzərin suyu digər dənizlərlə müqayisədə 3 dəfə az duzludur. Bu o deməkdir ki, Xəzərin suyunun duzsuzlaşdırılmasına 3 dəfə daha az xərc tələb olunacaq. Xəzər dənizinin suyu iqtisadi baxımdan daha effektiv şəkildə duzsuzlaşdırılacaq”.

    R.Abbasov qeyd edib ki, təxminən 50%-dək su təmizlənmədən Bakıdan Xəzərə axıdılır. Bu çirklənmənin qarşısının alınması üçün Bakıda əmələ gələn kalizasiya suları təmizlənərək Xəzərə və Abşeron yarımadasındakı digər göllərə axıdılmalıdır. Həmçinin yağış sularının kanalizasiya sularından ayrılması nəzərdə tutulur. Bu da kömək edəcək ki, suyun təmizlənmə xərcləri aşağı düşsün. Xəzər dənizinin suyunun duzsuzlaşdırılma prosesinin icra ediləcəyi zavodun tikintisə artıq başlanılıb. Həmin zavod Sumqayıt istiqamətində yerləşəcək”,- deyə o əlavə edib.

  • Yuri Qaqarinlə görüşən azərbaycanlı qadın: “O mənə medal da verdi” (Video)

    Tamella Sadıqova Sovet illəri dövründə Kosmik Tədqiqatlar İnstitutunda çalışıb.

    O, kosmik sahəyə aid bir neçə kitabın da müəllifi olub.

    Həmçinin iş fəaliyyəti ilə bağlı Moskva, Budapeşt və digər ölkələrdə də elmi fəaliyyətlə məşğul olub.

    Tamella Sadıqova həmçinin kosmosa uşan ilk insan Yuri Qaqarinlə də görüşüb.

    “Yuri Qaqarinlə görüşümüz Moskvada onun ad günündə baş tutdu. O hətta mənə medal da verdi. Y.Qaqarin mənim hazırladığım lüğətlə də tanış oldu və bunu yüksək qiymətləndirdi”, – deyə Tamella Sadıqova Azad Azərbaycan (ATV) telekanalına müsahibəsində bildirib.

  • Tbilisi prospektində maşın yanır – Video

    Paytaxtın Tbilisi prospektində yanğın hadisəsi baş verib.

    Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat verilib. Hadisə şahidlərinin dediklərinə görə, yolda maşın yanmağa başlayıb.

    Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Hadisənin görüntülərini təqdim edirik:

  • Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər…

    Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər…

    İctimai nəqliyyatda gediş haqlarının artırılması fonunda tələbələr üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də Brutto müqavilə sisteminə mərhələli keçid bu sahədə yeni imkanlar yaradır.

    Maraqlıdır, gələcəkdə tələbə bileti ilə daha ucuz gediş haqqı tətbiq oluna bilərmi?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu ildən etibarən brutto müqavilə mexanizmi işə düşür və onun əsas tələblərindən biri də ictimai nəqliyyatda tam nağdsız ödəniş sisteminə keçiddir.

    Ekspertin sözlərinə görə, tam nağdsız ödəniş təmin olunduqdan sonra bir sıra güzəştlərin tətbiqi üçün real imkanlar yaranacaq:

    “Nağdsız ödənişə keçiddən sonra güzəştlərin tətbiqi mümkün olacaq. Bununla yanaşı fərqli nəqliyyat növləri arasında inteqrasiya vacibdir. Hazırda bu inteqrasiyanı Bakı kart üzərindən metro və avtobuslar arasında görürük”.

    Rauf Ağamirzəyev xatırladıb ki, ötən il tarif artımı zamanı yalnız marşrut xətti boyunca bütün avtobusları yenilənən xətlərdə qiymət artımı tətbiq olunub. Onun sözlərinə görə, brutto müqavilədən də ilk olaraq məhz bu marşrutlar faydalanacaq.

    Ekspert qeyd edib ki, brutto müqavilənin tam tətbiqi 2026–2028-ci illəri əhatə edir, lakin bu prosesin daha sürətli həyata keçirilməsi məqsədəuyğundur:

    “Bu keçidi sürətləndirmək lazımdır ki, güzəştlər də tez tətbiq olunsun. Dünyanın bir çox ölkələrində brutto müqavilə tətbiq edilən şəhərlərdə günlük, aylıq bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, eləcə də güzəştli sosial kartlar mövcuddur. Tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas qruplar üçün xüsusi güzəştli bilet sistemləri tətbiq olunur. Bunlar bir-biri ilə sıx bağlı məsələlərdir”.

    Rauf Ağamirzəyev bildirib ki, mexanizmlərin bir hissəsi artıq bu il ərzində icra oluna bilər və nəticədə sərnişinlər, xüsusilə də tələbələr bundan faydalanacaqlar.

  • Taksilər hansı yanacaqdan istifadə edir? – SAY AÇIQLANDI

    2025-ci ilin göstəricilərinə əsasən Bakı şəhərində sərnişin daşınması üçün fəaliyyətdə olan fərdi sahibkarlara məxsus avtomobillərin sayı 32 083 ədəddir. Bunun da 30 302 ədədi taksi və 1 781 ədədi avtobusdur.

    Median.Az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Avtomobillər istifadə etdikləri yanacaq növünə görə belə paylanır: benzinlə işləyən avtomobillər 21 866 ədəd, dizel avtomobillər 7 753 ədəd, maye qazla işləyən avtomobillər 426 ədəd, sıxılmış təbii qazla işləyən avtomobillər 278 ədəd, elektrik enerjisi ilə işləyən avtomobillər isə 1 760 ədəddir.

    Avtomobillərin yaş qruplarına görə bölgüsü belədir: 3 ilədək olan avtomobillərin sayı 12 068 ədəd, 4-5 il 5 203 ədəd, 6-10 il 7 762 ədəd, 11-15 il 4 298 ədəd, 16-20 il 1 593 ədəd və 21 il və daha çox olan avtomobillər 1 159 ədəddir.

    2025-ci ildə Bakı şəhərində sərnişin daşınması üçün çəkilən xərclərin ümumi məbləği 310 milyon 163,2 min manat təşkil edib. Xərclərin strukturu belədir: yanacaq xərcləri 166 561,7 min manat, elektrik enerjisi xərcləri 7 128,2 min manat, icarə xərcləri 8 994,7 min manat, təmir xərcləri 54 588,7 min manat, lisenziya və vergi ödənişləri 15 939,9 min manat, əməkhaqqı xərcləri 45 191,1 min manat və digər xərclər 11 758,8 min manat təşkil edib.

    Fərdi sahibkarların ümumi gəlirləri isə 654 milyon 51,7 min manat təşkil edib.

  • Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur – Video

    Ötən il sentyabrın 6-sı paytaxtın Binəqədi rayonu ərazisində, daha dəqiq desək Kənar Dariəvi yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığındakı hissəsində “KamAZ” “Changan”ın üstünə aşmışdı.

    Uzun müddət həmin hissədəki dəmir məhəccərlərin əzik vəziyyəti digər sürücüləri də narahat etməyə başlamışdı. Yolun məhz həmin hissəsində sürücülərin sürəti azaltmaması artıq dövlət qurumlarında da narahatlıq doğururdu.

    Avtosfer.az xəbər verir ki, Kənar Dairəvi yolun həmin hissəsində artıq sürücülər üçün yeni maneələr yaradılıb. Belə ki, qəza baş verən döngədə məcbur sürət azaltma vasitələri təşkil edilib. Asfaltda görülən işlər nəticəsində avtomobil idarəçiləri artıq istəsələr belə həmin hissədə sürəti artıra bilməyəcəklər.

    SUV model avtomobildən çəkilən görüntülərdən də aydın olur ki, məhz “KamAZ”ın aşdığı döngədə sürət azaltma vasitələri ərazidə hərəkətin təhlükəsizliyinə xeyli kömək etmiş olur. Həmin görüntüləri sizə təqdim edirik:

  • Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi

    Müsəlmanlara spirtli içki satışının qadağan edildiyi Pakistanın tarixində ilk dəfə yeganə pivə zavodu ixrac lisenziyası alıb.

    Avtosfer.az xəbər verir ki, “Murree” pivə zavodunu 1860-cı ildə ingilislər əsgərlərin ehtiyacını ödəmək üçün tikiblər. O vaxtdan müəssisə bir atəşpərəst ailənin əlindədir.

    Ölkənin qurucu lideri Məhəmməd Əli Cinnah spirtli içki həvəskarı idi. Pərviz Müşərrəf viskini sevirdi. 1977-vi ildə islamçı seçicilərin səsini almaq üçün spitrli içkini qadağan edən Zülfüqar Bhutto da içdiyini etiraf edib.

    2007-ci ildə bir Çin şirkəti burada işləyən çinlilərə satmaq üçün pivə istehsalına başlayıb.
    Pakistanda formal olaraq müsəlmanlara içki satışı qadağandır. İçmək istəyən müsəlmanlar bunun üçün hinduların və xristianların köməyindən istifadə edirlər.

    Qeyd edək ki, müsəlman ölkələrində son illərdə spirtli içki ilə bağlı qaydalar umşaldılır. Səudiyyə ərəbistanında ötən ay 2 alkoqol satışı mağazası açılıb. Burada hələlik əcnəbilər alver edə bilir. Yumşalma 2030-cu ildə keçiriləcək böyük idman tədbirlərinə hazırlıq məqsədi daşıyır.

    Bir neçə il əvvəl Mərakeşin baş müftisi fətva vermişdi ki, “xurmadan çəkilən araq haram deyil”.

    Alkoqolun qadağan olunduğu müsəlman ölkələrində hər il saxta spirtli içkilərdən yüzlərlə insan həyatını itirir. Bu xüsusda İran və Pakistan xüsusi seçilir. Lakin, sərt qadağalar nəyinsə qarşısını almır, əksinə qeyri-leqal spirtli içki ticarətini genişləndirir. Məsələn, Qərb mətbuatı Səudiyyədə 1 şüşə viskinin orta qiymətinin 600 dollar olduğunu yazır.

    PS. Vaxtilə böyük alman filosofu Karl Marks fransız kürəkəni Pol Lafarqa məktubunda yazırdı ki, “təqib etmək, arzuolunmaz meylləri gücləndirmək üçün ən yaxşı vasitədir”.

    Elə spirtli içkilərin sərbəst satıldığı Azərbaycanda Türkiyə və ya İrandakı kimi onlarla insanın ölümünə səbəb olan kütləvi alkoqol intoksikasiyaları baş vermir.

  • Ev kirayə verənlərin nəzərinə – Cərimə 5 dəfə artırıldı

    Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır.

    Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus evlərin kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

    Vergidən yayınma hallarının qarşısının alınması sahəsində daha bir yenilik isə maliyyə sanksiyaları (cərimə) ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu əmələ görə cərimə əvvəl də olsa da, məbləği 40 manat idi. Bu da o deməkdir ki, evini kirayə verən şəxs vergi qeydiyyatına alınmaq üçün ərizə vermədiyi halda artıq 40 manat yox, 200 manat cərimə olunacaq.

    Qeyd edək ki, bundan başqa, vergi ödəyicisi əldə etdiyi kirayə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə 40 manat məbləğində cərimə olunur. Həmçinin verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında cərimə tətbiq edilir.

    Lakin o da vurğulanmalıdır ki, evini kirayəyə verən şəxs vergi orqanında qeydiyyata alınmadan da əldə etdiyi gəlirə görə vergi ödənişini həyata keçirə bilər.

    Belə ki, 2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında qeydiyyata durmadan agent müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Qanunvericiliyə görə, vergi agenti vergini hesablayır, onu vergi ödəyicisindən tutur və təyinatı üzrə köçürür. Vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca qeydiyyat aparmaq vergi agentinin öhdəliyidir.

    Təcrübədə evini müqavilə bağlamadan kirayəyə verilməsi hallarında ev sahibləri ilə yanaşı, kirayəçilərin də məsuliyyətə cəlb olunduğu hallara rast gəlmək olur. Belə ki, bu halda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmək kirayəçilər üçün məsuliyyət yaradır. Bu halda İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.

  • “Youtube” tarixində ən uzunmüddətli video – 140 ildən çox davam edəcək (Video)

    Yutuba 140 ildən çox davam edən video yüklənilib.

    Başlığı, görüntüsü və səsi olmayan bu qeyri-adi video platformada 5 yanvar tarixində paylaşılıb.

    Videonun yükləndiyi hesabda videonun 1234567 saat 30 dəqiqə 0 saniyə davam etdiyi qeyd edilib. Bu 51,5 min gün və ya 140 ildən çoxdur. Platformada əvvəllər heç vaxt belə uzunluqda videolar olmayıb. Lakin videonu açdıqda onun müddəti 12 saat 34 dəqiqə və 56 saniyəyə qədər azalır.

    Onu yükləyən istifadəçinin Şimali Koreyada qeydiyyatdan keçdiyi iddia olunur. Hazırda 3 milyondan çox baxışı olan bu videonun təsvirində müəmmalı bir yazı da qeyd olunub. Bəzi istifadəçilər bunu “Cəhənnəmdə görüşənədək” cümləsinin kodlaşdırması kimi şərh edirlər.

    Videonu yükləyən müəllifin profilində 294 saat davam edən başqa bir video da var.

    Bundan əlavə, o, 150 saat davam edən “shorts” da paylaşıb.

    Həmin videonu təqdim edirik: