Month: January 2026

  • Şəmkirdə Türkmənistan vətəndaşı bıçaqlanıb

    Şəmkirdə bıçaqlanma hadisəsi olub.

    “Qafqazinfo” xəbər verir ki, hadisə münaqişə zəminində baş verib.

    Belə ki, Dəllər qəsəbə sakini 20 yaşlı Mövlan İsmayılov eyni qəsəbədə yaşayan Türkmənistan vətəndaşı 25 yaşlı Aydogduyev Meylis Səfərmurad oğluna bıçaqla xəsarətlər yetirib.

    Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

    Faktla bağlı araşdırma başlanılıb.

  • Bu səhnəyə görə “ARB”yə qadağa qoyuldu – Video

    “ARB” kanalının yayımı 3 saatlıq dayandırılır.

    Bu barədə Audiovizual Şura məlumat yayıb.

    Şuranın bu gün keçirilən iclasında “ARB” kanalının efirində “Media haqqında” Qanunun pozulması faktı müzakirə olunub:

    “Yanvarın 10-da kanalın efirində saat 23.00-23.55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib. Yayım zamanı isə bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.

    Beləliklə, “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub”.

    Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şura tərəfindən “ARB” kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırılması barədə qərar qəbul edilib.

  • Bəzi ərazilərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

    Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatında qeyd olunub.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.

    Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Lerikdə 18, Salyan və Neftçalada isə 20 m/s-yə çatır.

  • X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı

    “X” sosial şəbəkəsinin istifadəçiləri platformanın işində genişmiqyaslı problemlər yarandığını bildiriblər.

    Bu barədə “Downdetector” saytı məlumat yayıb.

    Kütləvi nasazlıq bu gün axşam saatlarında başlayıb. Şikayətlərin çoxu ABŞ-dən daxil olub – 5 mindən çox müraciət qeydə alınıb.

    Sosial şəbəkənin işləməsi ilə bağlı problemlər barədə Kanada, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Braziliya, Hindistan və digər ölkələrdən olan istifadəçilər də məlumat veriblər.

    İstifadəçilərin əksəriyyəti tətbiqin açılmaması və xəbər lentinin yenilənməməsi ilə bağlı çətinliklər yaşadıqlarını qeyd ediblər.

  • BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb

    Bakı Dövlət Universitetinin (BDU) təmirə bağlanacaq 1 saylı tədris korpusunun tələbələrinin müvəqqəti olaraq hansı universitetlərə köçürüləcəkləri məlum olub.
     
    Median.Az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tələbələr təhsillərini müəyyən müddət ərzində Odlar Yurdu və ləğv edilmiş Asiya Universitetlərində davam etdirəcəklər. Təhsilalanlar artıq bu barədə məlumatlandırılıb.
     
    Yeni semestrdən daha çox tələbəsi olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri Odlar Yurdu Universitetinə, Hüquqşünaslıq və Filologiya fakültələri isə Asiya Universitetinə yerləşdiriləcək.
     
    Qeyd edək ki, BDU-nun təmiri ilə bağlı elan edilən 23 milyon manatlıq tenderin qalibi “Koneks Construction” MMC olub.

  • Ölümcül parazit: İllərlə əlamət göstərmir, orqanizmi yavaş-yavaş məhv edir

    ABŞ-Meksika sərhədi yaxınlığında toplanan 26 “öpüş böcəyi”ndən 22-də xəstəliyə səbəb olan parazit aşkarlanıb. Rəsmilər ürək və sinir sistemini hədəfə alan bu infeksiyanın sürətlə yayıla biləcəyi barədə xəbərdarlıq edirlər.

    Qaynarinfo xəbər verir ki, mütəxəssislərin apardığı araşdırma ölümcül bir parazitin düşündüyümüzdən daha geniş yayıldığını üzə çıxarıb. İllərlə heç bir əlamət vermədən orqanizmdə gizlənə bilən bu infeksiya ilk olaraq ürəyi hədəfə alır. Təfərrüatlar aşağıdadır.

    ABŞ-ın Texas ştatının El Paso şəhərində aparılan tədqiqat, qan əmən “öpüş böcəyi” vasitəsilə yayılan və ürək ilə həzm sistemini zədələyən “Çağas” xəstəliyinə səbəb olan parazitin sərhəd xəttində sürətlə yayıla biləcəyi ilə bağlı narahatlıqları artırıb.

    ABŞ–Meksika sərhədi yaxınlığında toplanan 26 “öpüş böcəyi”ndən 22-də xəstəliyə səbəb olan parazit müəyyən edilib. “Earth” nəşrinin xəbərinə görə, araşdırmaya Texas Universitetinin El Paso bölməsində çalışan doktor Roza Maldonado rəhbərlik edib. Maldondonun komandası El Paso icmalarında aparılan müşahidə işlərini laborator analizlər və sahə tədqiqatları ilə paralel şəkildə həyata keçirir.

    Araşdırma xüsusilə insanların və vəhşi təbiətin iç-içə olduğu ərazilərə fokuslanıb. Mütəxəssislərin fikrincə, bu sərhəd zonaları böcəklərin yeni daşıyıcılar tapması üçün kritik imkanlar yaradır. Parklar, səhralıq sahələr və yaşayış məntəqələrinin kənarları ən riskli nöqtələr sırasındadır.

    Səhiyyə qurumlarının məlumatına görə, “Çağas” xəstəliyi dünyada 7 milyondan çox insana təsir göstərir. Parazitar infeksiya olan xəstəlik ürək və həzm sistemində ciddi zədələnmələrə səbəb ola bilir.

    Parazit əzələ hüceyrələrinin daxilinə girərək illərlə gizlənə bilir və zamanla ürək və ya həzm toxumalarında qalıcı çapıqlar yaradır. Uzun müddət əlamət vermədiyi üçün xəstəlik çox vaxt gec aşkar edilir. Bir çox insan yoluxduğunu yalnız ürək ritminin pozulması, ürək çatışmazlığı və ya orqan böyüməsi kimi ağır fəsadlar ortaya çıxdıqda öyrənir.

    “Öpüş böcəkləri” gecələr qan əmərək qidalanır. Lakin “Çağas” xəstəliyi birbaşa dişləmə ilə deyil, böcəyin ifraz etdiyi yoluxmuş nəcisinin qaşınan dəri, göz və ya ağız vasitəsilə orqanizmə daxil olması ilə ötürülür. Bu səbəbdən böcəklərin evə daxil olması, eyvanlarda, odun yığınlarında və kölgəli sahələrdə gizlənməsi yoluxma riskini artırır.

    UTEP komandaları 2024-cü ilin aprelindən 2025-ci ilin martınadək 10 ay ərzində səhralıq ərazilərdə və məhəllə sərhədlərində tələlər qurub. Təxminən bir metr hündürlüyə yerləşdirilən işıq tələləri ilə gecələr uçan yetkin böcəklər toplanıb. Yalnız yetkin fərdlər tutulduğu üçün böcəklərin ev ətrafında harada çoxaldığı hələ dəqiq müəyyənləşməyib.

    Laboratoriyada hər bir böcək PCR (polimeraza zəncir reaksiyası) üsulu ilə yoxlanılıb. Tədqiqatçılar böcəklərin bağırsaq toxumasından götürülən nümunələrdə “Trypanosoma cruzi” DNT-sini xüsusi genetik prob­larla axtarıblar. Müsbət nəticə parazitin böcəkdə mövcud olduğunu göstərir, lakin birbaşa insana keçdiyini sübut etmir. Mikroskopik müayinələr bütün nümunələrin “Triatoma rubida” növünə aid olduğunu göstərib. Bu növ El Paso və Las Kruses ətrafında geniş yayılıb. Böcəklər həm “Franklin Mountains” Dövlət Parkı kimi təbii ərazilərdə, həm də yaşayış zonalarında, əsasən kölgəli dağıntıların və tikililərin altında tapılıb.

    Maldondonun komandası 2021-ci ildə apardığı araşdırmada böcəklərin cəmi 63,3 faizində parazitə rast gəlmişdi. Yeni məlumatlar bu göstəricinin ciddi şəkildə artdığını ortaya qoyur. “T. cruzi infeksiyalarının artdığı görünür”, deyən Maldondo nümunə sayının məhdud olduğunu, daha genişmiqyaslı tədqiqatlarla bu artımın mövsümlər üzrə yayılıb-yayılmadığının dəqiqləşdiriləcəyini bildirib.

    İnsanların çoxu erkən mərhələdə xəstəliyi hiss etmir və illərlə davam edə bilən xroniki mərhələyə keçir. Bu dövrdə parazitlər ürək və həzm əzələlərində gizlənərək ritm pozğunluqları, ürək çatışmazlığı və orqan böyüməsinə səbəb ola bilir. Səhiyyə qurumları xroniki infeksiya daşıyanların təxminən üçdə birində illər sonra ürək zədələnməsi yarandığını bildirir.

    Vəhşi məməlilər parazitin təbii rezervuarı rolunu oynayır. Böcəklər yoluxmuş heyvanlardan paraziti alaraq növbəti qan əmərkən ötürə bilir. İtlər və digər ev heyvanları da yoluxa bildiyi üçün baytarlar riskli bölgələrdə heyvanların gecələr evdə saxlanılmasını tövsiyə edir.

    ABŞ-da “Çağas” xəstəliyi üçün rutin skrininq aparılmır. Çünki xəstələr illərlə əlamət göstərməyə bilər. Diaqnoz adətən qanda anticisimləri aşkar edən testlərlə qoyulur. Müntəzəm yoxlama və bildiriş mexanizmlərinin olmaması yerli halların izlənməsini çətinləşdirir.

    Mütəxəssislər sadə tədbirlərlə riskin azaldıla biləcəyini vurğulayır:

    – divar və çatların bağlanması
    – möhkəm pəncərə torlarından istifadə
    – odun və dağıntıların evdən uzaq saxlanılması
    – gecə çöl işıqlarının azaldılması
    – ev heyvanlarının gecələr içəri alınması

    Maldondonun komandası gələn il El Paso şəhərində yüksək məruz qalma riski olan şəxslər üçün qan müayinəsi proqramı başlatmağı planlaşdırır. Məqsəd səssiz infeksiyaları erkən mərhələdə aşkar edərək ürək və ya həzm sistemi zədələnməsi yaranmadan müalicəyə yönləndirməkdir. Tədqiqatçılara görə, sərhəd xəttində əldə olunan bu nəticələr aşkar edilməsi çətin, lakin təsiri böyük olan bir parazitin səhralıq ekosistemlərindən gündəlik həyata nə qədər sürətlə sızdığını göstərir. Müntəzəm monitorinq, erkən test və əsas ev tədbirləri yayılmanın qarşısını almağın ən təsirli yolları kimi önə çıxır.

  • Ərinin qətlini sifariş verən qadına və tanışlarına hökm oxundu

    Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin son sözündən sonra hökm oxunaraq Əzizə Seyidova 17 İl ,Mehdi Məmmədov 18 il 6 ay,Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin hər biri isə ayrı-ayrılıqda 17 il 6 ay azadlıqdan məhrum edilib.

    Xatırladaq ki,prokuror Əzizə Seyidovanın 18 il,digər təqsirləndirilənlərin isə ayrı-ayrılıqda 19 il azadlıqdan məhrum edilməsini məhkəəyə təklif etmişdi.

    Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
    İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.

    O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

    Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.Onuda qeyd edək məhkəmə istintaqı ərəfəsində təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək qətlin Əzizə Seyidovanin sifarişi ilə deyil Əli Seyidovla şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.

  • Adnan Əhmədzadə yenə həbsdə qaldı

    İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib.

    Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib.

    Qeyd edək ki, dünyaca məşhur iş adamı 4 ay əvvəl DTX tərəfindən tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

  • Bu yolda sürət həddi endirildi

    Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

    Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Cəlilabadda avtomobil piyadanı vurdu

    Cəlilabad rayonunda piyadanı avtomobil vurub.

    Hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

    Belə ki, Babaxanlı kənd sakini, Zeynalov Ziyatay Uruf oğlu idarə etdiyi avtomobillə Bədirli kənd sakini, Əliyev Xudu Abdulla oğlunu vurub.

    Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az