Month: January 2026

  • Azərbaycanda bir neçə telekanalın yayımı müvəqqəti dayandırılır – SƏBƏB

    Yanvarın 9-da Audiovizual Şuranın cari il üçün ilk iclası keçirilib. İclasda müxtəlif məsələlər müzakirə olunub.

    Bu barədə Audiovizual Şura məlumat yayıb.

    Bildirilib ki, ilk olaraq “Azercell Telekom” MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı “Kinon” olmaqla “Azercell Telekom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

    Bundan sonra, iclasda “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub. Qeyd edilib ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son bir il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən “Neftçi TV” kanalı ilə bağlı Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub. Nəticədə “Neftçi Media” MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

    İclasda daha sonra keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən, həmin yayımçılara üç saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub:

    14 noyabr 2025-ci il tarixdə “Dünya TV” kanalında yayımlanan “Alo, doktor” proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21:00-dan saat 00:00-dək “Dünya TV” televiziya kanalının yayımı üç saatlıq dayandırılacaq.

    27 noyabr 2025-ci il tarixdə MTV kanalında yayımlanan “Çıxış yolu” proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15:00-dan saat 18:00-dək MTV televiziya kanalının yayımı üç saatlıq dayandırılacaq.

    3 dekabr 2025-ci il tarixdə “Space FM” radio kanalının efirində yayımlanan “Radio diaqnoz” proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18:00-dan saat 21:00-dək “Space FM” radio kanalının yayımı üç saatlıq dayandırılacaq.

    İclasda ən son keçən ilin 25 dekabr tarixində “Space TV” kanalında yayımlanan “Gəl, danış” proqramında aparıcının çıxışı müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən, yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. “Space TV” kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq, Audiovizual Şura bu dəfə “Space TV” televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək üç saatlıq dayandırılması barədə qərar verib.

  • İdman terapiyanı və hətta antidepressantları əvəz edə bilər

    Fiziki məşqlər depressiyanın müalicəsində psixoloji terapiya və hətta antidepressantlar qədər effektiv ola bilər.

    Qaynarinfo xəbər verir ki, “The Independent” nəşrinin yazdığına görə, bu barədə Lankaşir Universitetinin tədqiqatçıları bildiriblər. Onlar müəyyən ediblər ki, fiziki məşqlər heç bir müalicə və ya plasebo ilə müqayisədə depressiya simptomlarının azalmasında orta səviyyəli müsbət təsir göstərir.

    10 klinik sınağa əsaslanan tədqiqatda qeyd olunur ki, fiziki məşqlər psixoloji terapiya və antidepressantlar qədər faydalı olub. Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, bu sübutlar məhduddur və etibarlılıq səviyyəsi aşağıdır. Fiziki məşqlərin depressiya üzərində uzunmüddətli təsiri də aydın deyil, çünki araşdırmaların əksəriyyəti iştirakçıları yalnız müalicə dövründə izləyib.

    Tədqiqatın aparıcı müəllifi, professor Endryu Kleq nəticələri belə şərh edib: “Fiziki məşqlər depressiya simptomlarının idarə olunmasına kömək etmək üçün təhlükəsiz və əlçatan seçimdir. Bu onu göstərir ki, fiziki aktivlik bəzi insanlar üçün uyğundur, lakin hamı üçün deyil və insanların istədiyi və davam etdirə bildiyi yanaşmaları tapmaq vacibdir”.

    İcmal göstərib ki, yüngül və orta intensivlikli fiziki məşqlər depressiya ilə mübarizədə yüksək intensivlikli məşqlərdən daha effektiv ola bilər. İştirakçılar 13–36 məşqdən sonra nəticə görməyə başlayıblar. Güc məşqlərini aerob məşqlərlə birləşdirən şəxslər yalnız qaçış və ya velosiped sürmə kimi aerob fəaliyyətlərlə məşğul olanlardan daha yaxşı nəticələr əldə ediblər.

    Yoqa, çiqonq və dartınma kimi bəzi fiziki fəaliyyət növləri analizə daxil edilməyib.

    Orta səviyyəli aktivliyə nümunə kimi çox sürətli gəzinti (saatda 6,4 km və ya daha çox), intensiv ev təmizliyi (məsələn, pəncərələrin yuyulması və ya döşəmənin silinməsi), velosipedlə 16–20 km/saat sürətlə hərəkət və ya badminton göstərilir.

    Yüksək intensivlikli fəaliyyətlərə isə dağ yürüşləri, saatda 6 mil (təxminən 9,6 km) və ya daha sürətli qaçış, velosiped sürmə, basketbol və ya tennis daxildir.

    Bat Universitetinin sağlamlıq psixologiyası üzrə dosenti, doktor Ceff Lambert bildirib ki, fiziki məşqlərin psixoloji terapiya və ya antidepressant qəbulu qədər effektiv ola biləcəyinə dair bəzi sübutlar var, lakin bu nəticə az sayda tədqiqata əsaslandığı üçün yüksək qeyri-müəyyənlik daşıyır.

    Onun sözlərinə görə, hazırda fiziki məşqlərin ağır və ya yüngül depressiyada daha yaxşı təsir göstərib-göstərmədiyini, effektivliyin məşq növündən asılı olub-olmadığını və insanların dərman və ya terapiyanı tamamilə fiziki məşqlərlə əvəz etməsinin məqsədəuyğun olub-olmadığını demək mümkün deyil.

  • İlin ilk 8 günündə doğum və ölüm nisbəti necə olub?

    2026-cı ilin ilk 8 günü üzrə ölkədə qeydə alınan doğum və ölüm sayı hər kəsin marağında olan məqamdır. Bunu nəzərə alaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

    Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2026-cı ilin yanvar ayının ilk 8 günündə 1708 doğum faktı rəsmiləşdirilib. Eyni dövrdə ölkə üzrə 1406 ölüm halı qeydə alınıb.

    Rəsmi məlumatlara əsasən, göstərilən müddətdə doğumların sayı ölümləri nisbətən üstələyib.

  • Qəbələdə xəstənin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə göndərildi

    Qəbələdə xəstənin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlü Məleykə Məmmədovanın “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    İstintaqla qeyd edilən tibb müəssisəsinin cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov tərəfindən “iki tərəfli tonzillektomiya” cərrahiyyə əməliyyatının texniki qüsurla icra edilməsi səbəbindən M.Məmmədovanın stasionar müalicə aldığı həmin xəstəxanada kəskin qanitirmə nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Elçin Mahmudov cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  • “BakıKart” ləğv olunur? (AÇIQLAMA)

    Bəzi insanlar “BakıKart”ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb.

    “Bakı Kart”ın operatoru – “K Group” MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan “BakıKart” kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

    Qeyd olunub ki, “BakıKart” ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və “BakıKart” kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:

    “BakıKart” sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur”.

    Nəzərə çatdırılıb ki, yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə “BakıKart” plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər:

    “Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır”.

    Qeyd edək ki, ötən il metropolitenin bütün stansiyalarında, həmçinin avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

  • “Adore”un 402 manatlıq ətrinin keyfiyyətindən narazılıq (Video)

    Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan “Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.

    Bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.

    Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur.

    Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:

    “Dekabrın 3-də “Adore”un “Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, “bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, “hara istəsəniz, müraciət edə bilərsiniz”.

    G.Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib.

    AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə “Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:

    “Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”.

    “Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov məsələ ilə bağlı bildirib ki, məhsul istehalçı şirkət tərəfindən hansı formada istehsal olunubsa, mağazalarda da eyni şəkildə satışa təqdim edilir.

    Onun sözlərinə görə, daxil olmuş şikayətlə bağlı müvafiq brend artıq məlumatlandırılıb: “Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orjinallığı yoxlanıla bilər”.

    Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə müvafiq araşdırma aparıldığı vurğulanıb:

    “Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşın müraciəti hazırda araşdırma mərhələsindədir. Araşdırma yekunlaşdıqdan sonra əldə edilmiş nəticələr barədə müraciət edən tərəfə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat veriləcək”.

    “Əgər müştəriyə satılan məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş təzminat tələb edə bilər. Həmin məhsula görə şirkətin əldə etdiyi, formalaşdırdığı dövriyyəyə uyğun olaraq cərimə sanksiyası tətbiq oluna bilər. Eyni zamanda vətəndaş da ödəniş etdiyi məhsula görə vurulmuş zərərin tam məbləğini və mənəvi zərəri də tələb edə bilər”, – bunu isə məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Ramil Süleymanov qeyd edib.

  • Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlandı

    Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb.

  • Səhərlər yorğun oyanmaq bunun xəbərçisi ola bilər

    Səhər saatlarında zəngli saat çaldıqda kifayət qədər yatdığını düşündüyü halda yataqdan qalxmaqda çətinlik çəkən, günə halsız başlayan və ya günün ilk saatlarında özünü bitkin hiss edən insanların sayı az deyil. Bu vəziyyət təkcə intensiv iş rejimində çalışanlarda deyil, müntəzəm yatdığını düşünən şəxslərdə də tez-tez müşahidə olunur. Əksər hallarda “gecə yaxşı yata bilmədim” deyərək ötəri yanaşılan bu hal, əslində orqanizmin verdiyi mühüm bir siqnal ola bilər.

    Qaynarinfo xəbər verir ki, türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Dr. Füsun Topçuqil səhər yorğunluğunun yalnız yuxusuzluqla izah edilə bilməyəcəyini bildirərək, bu vəziyyətin stress, yuxu keyfiyyəti, həyat tərzi və bəzi fizioloji amillərlə əlaqəli ola biləcəyinə diqqət çəkib və mühüm məlumatlar paylaşıb.

    Yuxu müddəti kifayətdir, amma özünüzü dincəlmiş hiss etmirsinizsə…

    Bir çox insan gecə ərzində kifayət qədər yatdığını düşünsə də, səhərlər dincəlmiş halda oyanmadığını deyir. Gecə tez-tez oyanmaq, səthi yuxu və ya orqanizmin özünü bərpa etdiyi dərin yuxu mərhələlərinə kifayət qədər keçə bilməmək bərpanı əngəlləyir. Bu zaman insan səhər saatlarında həm zehni, həm də fiziki cəhətdən yorğun hiss edir.

    Görünməyən səbəblər: Vitamin çatışmazlığı və hormonal tarazlıq

    Səhər yorğunluğunun arxasında bəzən həyat tərzindən daha çox klinik səbəblər dayana bilər. Yuxudan kənar aşağıdakı fizioloji amillərin mütləq araşdırılması tövsiyə olunur.

    Anemiya (qan azlığı): Toxumalara kifayət qədər oksigen daşınmadıqda orqanizm daimi qənaət rejimində işləyir və bu da səhərlər ciddi halsızlığa səbəb ola bilər.

    Vitamin və mineral çatışmazlığı: B12, D vitamini, maqnezium və dəmir çatışmazlığı xroniki yorğunluğun ən geniş yayılmış səbəbləri sırasındadır.

    Qalxanabənzər vəzinin fəaliyyəti: Qalxanabənzər vəzin zəif işləməsi (hipotireoz) maddələr mübadiləsini ləngidərək insanın nə qədər yatsa da yorğun oyanmasına gətirib çıxara bilər.

    İnsulin müqaviməti: Qan şəkərindəki tarazsızlıqlar gecə ərzində hüceyrələrin enerji qəbuluna təsir edərək səhər yorğunluğunu gücləndirə bilər.

    Yuxu apnesi: Yuxu zamanı nəfəsin səthiləşməsi və ya qısa fasilələrlə dayanması yuxunun bərpaedici təsirini tamamilə aradan qaldıra bilər. Bu problemdən xəbərsiz olan şəxslər gecə boyu yüzlərlə dəfə oyanmalarına baxmayaraq bunu xatırlamazlar. Lakin səhər oyandıqlarında güclü baş ağrısı, ağız quruluğu və sanki heç yatmamış kimi bir yorğunluq hissi ilə üzləşirlər.

    Stress və mavi işığın təsiri

    Zehni gərginlik təkcə yuxuya getməyi çətinləşdirmir, eyni zamanda kortizol səviyyəsini yüksəldərək orqanizmin gecə boyunca gərgin vəziyyətdə qalmasına səbəb olur. Bundan əlavə, yatmazdan əvvəl telefon və planşet ekranlarından yayılan mavi işıq yuxu hormonu olan melatonini zəiflədir. Bu da bioloji saatın pozulmasına və səhər yorğunluğunun qaçılmaz olmasına gətirib çıxarır.

    Yanlış yataq seçimi və bədən ağrıları

    Səhər yorğunluğuna boyun, bel və ya kürək ağrılarının qoşulması da geniş yayılıb. Gecə ərzində bədən quruluşuna uyğun olmayan yataq və yastıqdan istifadə əzələlərin gərgin qalmasına səbəb olur. Nəticədə insan səhərlər həm yorğun, həm də ağrılı şəkildə oyanır.

    Səhər yorğunluğu nə zaman ciddiyə alınmalıdır?

    Ara-sıra yorğun oyanmaq normal sayıla bilər. Lakin bu hal davamlı xarakter alırsa, gündəlik iş qabiliyyətini azaldırsa və unutqanlıq, istəksizlik və ya fiziki ağrılarla müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir. Qan analizləri və zərurət olduqda yuxu testləri vasitəsilə problemin kökünə enmək həyat keyfiyyətini bərpa etməyin ilk addımı hesab olunur.

  • Sərnişin daşımaq üstündə sürücülər arasında dava – Apellyasiya Məhkəməsi qərarını elan etdi

    Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Ömər Bayramzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Ö.Bayramzadə 23 oktyabr 2024-cü il tarixdə saat 7 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində, avtobus dayanacağında taksi fəaliyyəti ilə məşğul olduğu “Renault Megan” markalı minik avtomobilinə sərnişin mindirərkən mübahisə yaranıb.

    Belə ki, həmin vaxt Goranboy-Xanqərvənd marşrutu üzrə hərəkət edən “Mercedes Benz 208 D” markalı mikroavtobusun sürücüsü Maqsud Habilov (adı, soyadı şərtidir) təqsirləndirilən şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasına etiraz edib və mobil telefonla baş verənlərin videosunu çəkib.

    Bundan əsəbiləşən Ömər heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə yaxınlaşaraq xuliqanlıq niyyəti ilə ona yumruq zərbəsi endirib. Nəticədə Maqsuda burunun küt travması, qançır, tənəffüsün davamlı pozulması və burun sümüyünün sınığı ilə müşayiət olunan xəsarətlər yetirilib.

    Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxsi uca səslə nalayiq ifadələrlə təhqir edib, üzərindəki 90 manat dəyərində gödəkcəsini cıraraq yararsız hala salıb, Maqsuda məxsus “Samsung A3” markalı mobil telefonun ekranını sındırmaqla 110 manat məbləğində maddi ziyan vurub.

    Həmçinin Ömər hadisə yerində toplaşmış insanların rahatlığını və dincliyini pozaraq ictimai asayişə qarşı yönəlmiş qərəzli xuliqanlıq hərəkətləri törədib.

    O, cinayət məsuliyyətinə cəlb edilib və məhkəmənin hökmü ilə məhkum olunub.

  • “Qarabağ” klubunun azərbaycanlı futbolçularına maraq çoxdur

    “Qarabağ” klubunun azərbaycanlı futbolçularına maraq çoxdur.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis təkliflər barədə danışıb:

    “Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də azərbaycanlı futbolçulara maraq daha çoxdur”.

    O, futbolçu transferinə daha çox vaxt ayırdıqlarını söyləyib:

    “Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik”

    Qeyd edək ki, “Qarabağ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı keçirəcək.