Month: January 2026

  • Daha dörd tiktoker barəsində cinayət işinə XİTAM VERİLDİ

    Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən daha bir neçə tiktokerlə bağlı istintaq orqanının qərarı açıqlanıb.

    Oxu.Az-ın məlumatına görə, tiktokerlər – “Magerramov” ləqəbli Əmrah Məhərrrəmov, “Nuh” ləqəbli Nuh Məmmədzadə, Vüqar Kərimov və “Xan” ləqəbli Əsgər Əlizadənin barələrində olan cinayət işləri üzrə istintaqlar başa çatıb və istintaq orqanı cinayət işlərinə xitam verib.

    Xatırladaq ki, adıçəkilən şəxslər 2024-cü ilin dekabrında keçirilən əməliyyatlar zamanı saxlanılmışdılar. Onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli bilinmişdilər. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilsə də, bir müddət sonra onlar ev dustaqlığına buraxılmışdılar.

    Qeyd edək ki, bir müddət əvvəl aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə, tiktoker qardaşlar Emin və Rəşad Abdullayevlər barədə başlanılmış cinayət işlərinə də xitam verilmişdi.

  • Ağdərənin 4 kəndinə ilk köç karvanı yola salınıb

    Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk dəfə 89 ailə (337 nəfər) yola salınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.

    Ümumilikdə, Ağdərə rayonu üzrə məskunlaşan sakinlərin sayı 2663 (714 ailə) nəfər təşkil edir.

  • Aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

    Bu il yanvarın 1-i tarixinə aktiv vergi və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı açıqlanıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bildirilib ki, aktiv vergi ödəyicilərinin sayı 6.5 faiz artaraq 859.3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 10.6 faiz artaraq 58.4 min təşkil edib.

    Həmçinin qeyd olunub ki, sözügedən tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7.1 faiz artıb və 232.8 min olub.

  • Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxsi Azərbaycan ölkəsinə qaytardı

    Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Muxammadnido Nazarmuxammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Muxammadnido Nazarmuxammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

  • Tiktoker “Vaqa”nın barəsində olan cinayət işinə xitam verildi

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan cinayət işinə xitam verilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, istintaq orqanının qərarı ilə onun barəsində başlanmış cinayət işinin istintaqı başa çatıb və işə xitam verilib.

    Xatırladaq ki, V.Zeynalzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi V.Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləmişdi.

  • Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir – RƏSMİ

    Apteklərdə bəzi dərman vasitələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi ilə bağlı mexanizm mövcud olsa da, bu imkanlardan hər kəs kifayət qədər məlumatlı deyil.

    Dövlət təminatı hesabına verilən dərmanlar əsasən müəyyən xəstəlik qruplarını və sosial kateqoriyaları əhatə edir.

    Kimlərin bu hüquqdan yararlana bilməsi, dərmanların hansı əsaslarla və necə təqdim edildiyi, eləcə də prosesin hansı qaydalarla tənzimləndiyi isə cəmiyyətdə tez-tez müzakirə olunan və maraq doğuran məsələlər sırasındadır.

    Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bəzi dərmanlar vətəndaşlara pulsuz təqdim edilir:

    “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatları, müalicə-profilaktika müəssisələrində stasionar müalicə alan xəstələrə və müvafiq dövlət proqramlarında göstərilən xəstəliklərdən (şəkərli diabet, onkoloji, vərəm, xroniki böyrək çatışmazlığı, İİV/QİÇS, dağınıq skleroz) əziyyət çəkən xəstələrə verilməsi nəzərdə tutulan dərman vasitələrinin siyahılarına daxil olan dərman vasitələri pulsuz verilir.

    Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.

  • Venesuelada çox sayda məhbus azad ediləcək

    Venesuela hökuməti aralarında həm ölkə vətəndaşlarının, həm də əcnəbilərin olduğu çox sayda məhbusun dərhal azad ediləcəyini elan edib.

    Bu barədə Venesuela Parlamentinin sədri Xorxe Rodriges “Venezolana de Television” telekanalının efirində məlumat verib.

    Qeyd edilir ki, qərar ölkədə milli birliyin və dinc birgəyaşayışın möhkəmləndirilməsi səyləri çərçivəsində qəbul edilib. Parlament sədri bu qərarı ölkənin sülh və rifahına dəstək üçün bir töhfə kimi qiymətləndirməyə çağırıb.

    Onun sözlərinə görə, məhbusların azad edilməsi prosesinə artıq başlanılıb.

  • Keçmiş icra məmuru vəfat etdi

    Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Murad Nəzirov vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    M.Nəzirov uzun sürən xəstəlikdən sonra 38 yaşında vəfat edib. Onun Turan adlı bir övladı var.

    Qeyd edək ki, Murad Nəzirov İqtisad Universitetinin məzunu olub və Ağstafa RİH-də çalışdıqdan sonra digər dövlət qurumlarında da fəaliyyət göstərib.

    /Unikal

  • Sumqayıtda dənizkənarı obyektlərdə dəvə qutabı MENYUDAN NİYƏ ÇIXARILDI? (Video)

    Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reydlər aparılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb.

    “Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından dəvə qutabının çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu üzə çıxıb.

    “Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.

    Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin dəvə qutabı adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək”, – deyə məlumatda qeyd olunub.

  • Pasiyenti komaya salan estetik cərrah və anestezioloqun istintaqı yekunlaşıb: Məhkəmə başlayır

    Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı onun anasının şikayəti əsasında cinayət işi başlanılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı araşdırma aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

    Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

    Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, peşəsinin itirilməsi və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.