Month: January 2026

  • “Soyuqdəymə dərmanları” hara yoxa çıxıb? – Apteklərdə tapılmır…

    Apteklərdə “Dimedrol”un açıq satışdan demək olar ki, tamamilə yoxa çıxması son dövrlər ictimai müzakirələrə səbəb olub. Bəzi aptek satıcıları dərmanın “satılmadığını”, digərləri isə yalnız resept əsasında verildiyini bildirir.
     
    Lakin məsələ təkcə “Dimedrol”la bitmir. Son vaxtlar “Analgin” və “Novokain” kimi uzun illər əhalinin geniş istifadə etdiyi dərmanların da apteklərdə açıq satışının məhdudlaşdırıldığı bildirilir. Aptek işçiləri bu preparatların ya ümumiyyətlə verilmədiyini, ya da yalnız həkim resepti ilə satıldığını deyirlər. Məlumata görə, bu dərmanların nəzarətsiz istifadəsi, xüsusilə də narkotik aludəçiləri və qeyri-tibbi məqsədlərlə istifadə hallarının artması risk yaratdığı üçün məhdudlaşdırılıb.
     
    Bir tərəfdən bu addımlar ictimai təhlükəsizlik və səhiyyə nəzarəti baxımından əsaslandırılır. Digər tərəfdən isə gündəlik praktikada ciddi suallar ortaya çıxır. Qızdırma, kəskin ağrı, allergik reaksiya və ya gecə saatlarında baş verən təcili, lakin həyati təhlükə yaratmayan hallarda vətəndaşların əlçatan dərman seçimi xeyli daralır. Alternativ tapa bilməyən insanlar isə çox vaxt çıxış yolunu təcili tibbi yardıma müraciətdə görür.
     
    Bu vəziyyətdə haqlı bir sual yaranır: “Dimedrol”, “Analgin” və “Novokain” kimi dərmanların açıq satışının məhdudlaşdırılması fonunda, hər qızdırma və ağrı üçün təcili tibbi yardımı məşğul etmək nə dərəcədə düzgün və səmərəli yanaşmadır? Bu qərarlar doğrudanmı sui-istifadənin qarşısını alır, yoxsa səhiyyə sisteminə əlavə yük yaradaraq vətəndaşları daha çətin vəziyyətə salır?
     
    Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dünyanın heç bir yerində aptekdən reseptsiz dərman almaq mümkün deyil. Həkimin müşahidələrinə görə, bəzi ölkələrdə müəyyən dərmanlar sərbəst satışdadır:

    “Avropa ölkələrində, İngiltərədə “Paracetamol” və ağrıkəsici olan “İbuprofen”,”Aspirin” marketlərdə satılır. Bunları hər kəs rahatlıqla alıb istifadə edə bilir. Geri qalanları isə icbari tibbi sığorta çərçivəsində satılır. İcbari tibbi sığorta maliyyə sənədidir. Dərmanların dövriyyəsinə ciddi nəzarət var”.
     
    Həkim vurğulayıb ki, dərmanlar özbaşına reseptsiz, həkim təyinatı olmadan istifadə edilə bilməz:
     
    “Bizdə insanlar gedib özləri antibiotik alır. Antibiotikin virusa nə təsiri var? Başqasının resepti ilə alırlar, evdə bir tibb bacısı köməyi ilə edirlər sonra da başqa fəsadlar olur. Bu dərmanların sonrakı fəsadlarından vətəndaşların xəbəri olmur. Bütün bu məsələnin ciddiliyini vətəndaşlar anlamalıdır. Xəstəliyə qarşı müalicə təyinatı klinik protokollarla yalnız həkimə məxsusdur və yalnız həkim təyinatı ilə dərmanlar buraxılmalıdır”.
     
    “Bu gün narkomaniya ilə mübarizə üçün o qədər boş sahələr, istifadə edəcəkləri imkanlar var ki, o dərmanlara xüsusi ehtiyac duymurlar. “Dimederol”, “Travmadol” istifadə edilsə də, sintetik narkotiklər kifayət qədərdir”,- A.Qeybulla qeyd edib.

  • Avtomobillərin evdə şarj edilməsinə görə cərimə varmı? – “Azərişıq”dan açıqlama

    Son günlər sosial şəbəkələrdə və bəzi platformalarda fərdi yaşayış evlərində hibrid və elektrik avtomobillərinin batareyalarının doldurulması üçün quraşdırılan elektrik şitlərinə (şarj stansiyası) görə vətəndaşlara “Azərişıq” ASC tərəfindən cərimələrin tətbiq olunacağı ilə bağlı iddialar yayılıb. İddialarda bildirilib ki, bu cür şitlər fiziki şəxslərin evlərində quraşdırılsa da onların rəsmiləşdirilməsi, texniki şərtin alınması vacibdir. Əks halda belə şitlərin quraşdırılması qanunsuz hesab ediləcək və aşkarlandığı halda mənzil sahibləri cərimələnəcəklər.
     
    Sfera.az məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC-yə rəsmi sorğu ünvanlayıb.

    Qurumdan sorğuya cavab olaraq bildirilib ki, fərdi evlərdə elektrik və ya hibrid avtomobillərin doldurulması üçün ayrıca şitlərin quraşdırılmasına görə cərimə tətbiq olunması ilə bağlı hər hansı qərar, göstəriş və ya normativ sənəd mövcud deyil.

    “Azərişıq”dan verilən açıqlamada vurğulanıb ki, hazırda bu mövzuda qurumun rəsmi mövqeyi və ya məhdudlaşdırıcı tələbi yoxdur və sosial mediada yayılan məlumatlar reallığı əks etdirmir.

    Qeyd edilib ki, vətəndaşlar yalnız mövcud elektrik şəbəkəsindən istifadə zamanı təhlükəsizlik qaydalarına və texniki normalara riayət etməlidirlər. Elektrik avadanlıqlarının quraşdırılması zamanı şəbəkəyə həddindən artıq yüklənmə yaradılmaması və sayğacdan kənar qoşulmalara yol verilməməsi əsas şərt kimi göstərilib.

  • “Baku City Karting”də ölən yeniyetmənin FOTOSU

    Bakıda kartinq mərkəzində baş verən faciəli hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
     
    Hadisə yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi, 15 ünvanında yerləşən “Baku City Karting” ərazisində qeydə alınıb.
     
    Median.Az bildirir ki, yetkinlik yaşına çatmayan yeniyetmənin idarə etdiyi kartinq avtomobili digər avtomobillə toqquşub. Zərbənin gücü nəticəsində yeniyetmə hadisə yerində həyatını itirib.
     
    Faciə zamanı ölən yeniyetmənin fotosu da yayılıb. (Bakues.az)

  • Hindistandan vətəndaşlarına İran xəbərdarlığı

    Hindistan öz vətəndaşlarını ciddi zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırıb.

    Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

    “Son hadisələrlə əlaqədar Hindistan vətəndaşlarına növbəti bildirişə qədər ciddi zərurət olmadan İran İslam Respublikasına səfər etməkdən çəkinmək tövsiyə olunur”, – deyə bəyanatda bildirilir.

    Yeni Delhi həmçinin İranda olan Hindistan vətəndaşlarına ehtiyatlı olmağı, etirazların və ya nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.

  • Rusiya bu ölkə vətəndaşlarına sanksiya tətbiq etdi

    Rusiya neonasist ideologiyasını təbliğ edən 28 Kanada vətəndaşının ölkəyə girişini birdəfəlik qadağan edib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    XİN-in məlumatına görə, “Rəsmi Ottava tərəfindən əvvəllər elan edilmiş qanunsuz anti-Rusiya məhdudiyyətlərinə cavab olaraq, Bandera tərəfdarı strukturlar və təşkilatlardakı fəaliyyətləri hazırda Kiyev rejimi tərəfindən təbliğ edilən cinayətkar neonasist ideologiyasını təbliğ etməyə yönəlmiş 28 Kanada vətəndaşının ölkəyə girişi birdəfəlik qadağan edilib”.

  • Şamaxıda gənc müəllim vəfat etdi

    Şamaxı şəhər 3 saylı tam orta məktəbin müəllimi vəfat edib.

    Bu barədə məktəbin rəsmi fesybuk səhifəsində paylaşım edilib.

    Məktəbin ibtidai sinif müəllimi Musayeva Heyran Səyavuş qızı uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Masallıdakı “İlk Addım Uşaq Bağçası” lisenziyasız fəaliyyət göstərirmiş

    Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “İlk Addım Uşaq Bağçası”nda operativ vergi nəzarəti həyata keçirilib. 

    Qaynarinfo-nun məlumatına görə, aparılan yoxlama zamanı uşaq bağçasında müvafiq lisenziya və icazə olmadan uşaq bağçası fəaliyyəti ilə məşğul olunması faktı aşkar edilib. 

    İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə “İlk Addım Uşaq Bağçası” MMC barəsində protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

    Məhkəmənin hökmü ilə bağça rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş 1500 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 3000 manat cərimə edilib.

    Qeyd edək ki, “İlk Addım Uşaq Bağçası” şəbəkəsi Bakıda və rayonlarda fəaliyət göstərir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimova Vəfa Fikrət qızıdır.

  • Prezident: “Biz Çin ilə müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”

    “Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

    Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.

    Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib. “Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Avokado seçimində qızıl qayda – Nəyə diqqət edək?

    Son illərdə avokado sağlam qidalanmanın əsas məhsullarından birinə çevrilib. Lakin marketlərdə satılan hər avokado eyni dadda, görünüşdə olmur. Bəziləri həddindən artıq bərk, bəziləri isə evə çatana qədər qaralmış olur. Mütəxəssislər bildirir ki, düzgün avokado seçimi həm vaxta, həm də büdcəyə qənaət etməyə kömək edir.

    Qaynarinfo xəbər verir ki, yanlış seçim məhsulun yararsız hala düşməsinə səbəb ola bilər. Bu səbəbdən alış-veriş zamanı bir neçə əsas məqama diqqət yetirmək tövsiyə olunur:

    Rəng və qabıq əsas göstəricidir

    Avokadonun qabığının rəngi onun yetişib-yetişmədiyi barədə ilkin məlumat verir. Çox açıq yaşıl rəngli avokadolar adətən kal olur, çox tünd və qaraya çalanlar isə artıq yetişmiş sayılır. Mütəxəssislərə görə, ən uyğun avokado tünd yaşıl və yüngül bənövşəyi çalarlar arasında olan, qabığı isə canlı və zədəsiz görünən məhsuldur.

    Avakodunu yüngül sıxmaq lazımdır

    Avokadonu ovuc içində yüngülcə sıxmaq onun vəziyyətini anlamağın praktik üsullarından biridir. Çox bərk avokado hələ yetişməyib, həddindən artıq yumşaq olanın isə içi qaralmış ola bilər. Yüngül basıldıqda elastik olan, lakin barmaq izi qalmayan avokadolar ideal hesab olunur.

    Avokadonun sap hissəsinə diqqət

    Avokadonun sapı asanlıqla qopur və alt hissəsi yaşıl rəngdədirsə, bu onun yetişmiş olduğunu göstərir. Sapın altının qəhvəyi rəngdə olması isə içəridə çürümə ehtimalından xəbər verir.

    İstifadə vaxtına görə seçim edilməlidir

    Mütəxəssislər bildirir ki, avokado seçərkən onun nə vaxt istifadə ediləcəyi nəzərə alınmalıdır. Dərhal istifadə üçün bir qədər yumşaq, bir neçə gün sonra üçün isə daha bərk avokadoların alınması məqsədəuyğundur. Otaq temperaturunda saxlanılan avokadolar qısa müddətdə yetişir.

    Ölçü hər zaman keyfiyyət demək deyil

    Böyük ölçülü avokadoların daha dadlı olduğu düşüncəsi doğru deyil. Orta ölçülü və dolğun görünüşlü avokadolar adətən daha balanslı dada malik olur. Həddindən artıq iri avokadoların tumunun böyük olması isə yeyilə bilən hissəni azalda bilər.

    Mütəxəssislər düzgün seçilmiş avokadonun həm dad, həm də qida dəyəri baxımından fərq yaratdığını vurğulayırlar.

  • Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

    Bu il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri 2025-ci ilin proqnozu ilə müqayisədə 4 faiz çoxdur.

    Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

    Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465,6 milyon manat və ya 4 faiz çoxdur.

    Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 3 milyard 336,3 milyon manat ayrılacaq.