Month: January 2026

  • “Tesla” elektromobil bazarında liderliyi itirdi: Onu kim geridə qoydu?

    Biznesmen İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti son on il ərzində şəbəkəyə qoşulan avtomobilləri populyarlaşdırmaqla qazandığı dünya elektromobil satış liderliyi titulunu Çinin “BYD Co.” şirkətinə uduzub. 

    Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

    Bildirilir ki, amerikalı avtomobil istehsalçısı dördüncü rübdə tədarüklərin 16% azaldığını açıqlayıb və bu göstərici analitiklərin gözləntilərindən aşağı olub. İl ərzində “Tesla”nın satışları təxminən 9% azalıb ki, bu da ardıcıl ikinci illik geriləmədir.

    BYD isə əksinə, həm rüblük, həm də illik əsasda elektromobil satışlarını artırıb. Şirkət 2025-ci ildə təxminən 2,26 milyon elektromobil tədarük edib, bu göstərici “Tesla”da 1,64 milyon olub.

    Qeyd olunur ki, son dövrlər investorlar “Tesla”nın qlobal elektromobil reytinqində mövqelərinin zəifləməsinə o qədər də diqqət yetirmirdilər. Bunun səbəbi Maskın süni intellekt, pilotsuz avtomobillər və insanabənzər robotlara üstünlük verməsidir. Baş icraçı direktor “robotaksi” xidmətinin işə salınması istiqamətində uzunmüddətli səylərində əldə olunan irəliləyişi ön plana çəkərək “Tesla”nın əsas biznesindən diqqəti yayındırıb.

    Bu layihələrin işə salınması 2026-cı ildə həlledici əhəmiyyət daşıyacaq. Çünki “Tesla”nın ən böyük bazarı olan ABŞ-da elektromobillərə tələbatla bağlı perspektivlər qeyri-müəyyəndir. Prezident Donald Trampın administrasiyası elektromobil alışını dəstəkləyən federal güzəştləri ləğv edib, həmçinin yanacaq qənaəti və emissiya qaydalarını yumşaldıb. Həmin qaydalar “Tesla”ya milyardlarla dollar gəlir gətirirdi.

    “Artıq tədarüklər demək olar ki, əhəmiyyətini itirib. Əvəzində, 2026-cı ildə “Tesla” səhmlərinin artımı süni intellekt və robototexnika sahəsindəki irəliləyişlərlə şərtlənməlidir”, deyə şirkət səhmlərinə “almaq” reytinqi verən analitik Aleksandr Potter bildirib.

    “William Blair” şirkətinin analitiki Cedd Dorshaymer qeyd edib ki, Wall Street ABŞ-da elektromobillərə vergi güzəştlərinin dayandırılmasından sonra “Tesla” üçün “ayıqlıq dövrünə” hazırlaşırdı. Onun fikrincə, şirkət “demək olar ki, yalnız real dünyada süni intellekt transformasiyası əsasında qiymətləndirilir”.

    Cümə günü Nyu-York vaxtı ilə saat 13:35-ə olan məlumata görə, “Tesla”nın səhmləri 2,8% ucuzlaşıb. Keçən il səhmlər 11% bahalaşmışdı, lakin dekabrın ortalarında tarixi maksimuma çatdıqdan sonra artım tempi azalıb.

    Keçən il BYD 2024-cü ildə dünya liderliyinə çox az fərqlə çatmayaraq “Tesla”nı geridə qoymağa yaxın idi. Çin istehsalçısı həmin ilin dördüncü rübündə daha çox tam elektrikli avtomobil tədarük etsə də, illik göstəricidə “Tesla” cüzi üstünlüyünü saxlamışdı.

    Maraqlıdır ki, Çində – harada ki, BYD-nin bəzi modelləri “Tesla”nın ən ucuz avtomobili olan “Model 3″dən xeyli ucuzdur – satışların əhəmiyyətli dərəcədə çox olmasından əlavə, BYD Avropada da artım nümayiş etdirir.

    Keçən ilin ilk 11 ayında “BYD” həm Almaniyada, həm də Böyük Britaniyada – regionun iki ən böyük elektromobil bazarında – “Tesla”dan daha çox avtomobil qeydiyyatdan keçirib. Bu dövrdə “Tesla”nın Avropadakı satışları 28% azalıb, dekabrda isə Fransa, İspaniya və İsveçdə kəskin eniş qeydə alınıb.

    Wall Street 2026-cı ildə “Tesla”nın satış perspektivlərinə getdikcə daha skeptik yanaşır. İki il əvvəl analitiklər şirkətin 3 milyondan çox avtomobil tədarük edəcəyini proqnozlaşdırırdılar, lakin orta qiymətləndirmə təxminən 1,8 milyonadək enib.

    Digər tərəfdən, “Tesla”nın akkumulyator batareyalarının istehsalı üzrə biznesi heç vaxt indiki qədər güclü olmayıb. “RBC Capital Markets” analitiki və “Tesla” səhmlərinə “saxlamaq” reytinqi verən Tom Narayan bildirib:

    “Enerji saxlanması sahəsində davamlı artım süni intellektin inkişafı nəticəsində elektrik enerjisinə tələbatın struktur şəkildə artmasını əks etdirir. Bu isə məlumat mərkəzlərinin tikintisini dəstəkləmək və enerji sistemini sabitləşdirmək üçün daha çox enerji saxlanmasına ehtiyac yaradır”.

    Keçən ilin sonunda “Tesla” kəpənək qanadı tipli qapılara malik iki yerlik kompakt avtomobil olan “Cybercab”a marağı artırıb. Prototiplərdə hələ də sükan və pedallar olmasa da, direktorlar şurasının sədri Robin Denholm tənzimləyici qurumlar tələb edərsə, şirkətin bu komponentlərlə avtomobil satacağını bildirib.

    “Tesla” ötən ayın sonunda Ostində pilotsuz “Model Y” avtomobillərinin sınaqlarına başlasa da, hazırda istehlakçılar yalnız Texas paytaxtında və San-Fransisko körfəzi ərazisində məhdud sayda avtomobildən ibarət taksi xidməti çağıra bilirlər. Həmin avtomobillərin ön oturacaqlarında isə təhlükəsizlik əməkdaşları əyləşir.

  • Azərbaycan klubu futbolçusunu Çinə 350 min dollara satdı

    Aleks de Souzanın Azərbaycan macərası başa çatıb. “Turan Tovuz” braziliyalı hücumçunu satıb.

    24 yaşlı “sambaçı” karyerasını bundan sonra Çində davam etdirəcək. Qərb təmsilçisi bu sövdələşmədən pul qazanıb. 

    “Turan Tovuz” hələlik adı gizli saxlanılan Asiya klubundan öncə 500 min dollar təzminat tələb edib. Sonda tərəflər 350 min dollar qarşılığında keçidə razılaşıb.

    Maraq üçün bildirək ki, cənubi amerikalı ölkəmizə 2024-cü ilin yanvarında gəlib. Forvard arxada qalan müddətdə meydan çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

    “Turan Tovuz”a qədər “Boluspor”un formasını geyinmiş Aleks ilk 6 ayda 4000 dollar maaş alıb. Keçən mövsüm ona 6000 dollar əməkhaqqı ödənilib.

    Cari futbol ilində isə məvacibi daha 2000 dollar artırılmışdı. Növbəti mövsümü də burada keçirsəydi, bu rəqəm 10 min dollara qaldırılacaqdı.//sportinfo.az

  • ChatGPT təhlükəlidir: 2026-cı ildə bir çatbota deməməli olduğunuz 5 şey

    ChatGTP kimi süni intellektə (Al) əsaslanan çatbotlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar onlardan suallara cavab tapmaq, mətnlər tərtib etmək, ideyalarla bağlı kömək almaq və hətta məlumatların təhlili üçün istifadə edirlər. Lakin Al ilə ünsiyyət nə qədər aktivləşirsə, bir o qədər də yadda saxlamaq vacibdir ki, bu platformalar şəxsi və ya məxfi məlumatlar üçün təhlükəsiz anbar deyil. 

    Qaynarinfo xəbər verir ki, bu barədə “SlashGear” yazır.

    ChatGTP hər gün təxminən 2,5 milyard sorğunu cavablandırır və daxili təhlükəsizlik mexanizmlərinə baxmayaraq, daxil etdiyiniz məlumatların sızması və nəzarətsiz istifadəsi ilə bağlı real risklər qalır. Texnologiya daim inkişaf edir, lakin ehtiyatlılıq hələ də zəruridir.

    Budur, ChatGTP və ya istənilən digər “ağıllı” çatbota heç vaxt deməməli olduğunuz beş məqam.

    Şəxsi məlumatlar

    Bəzi istifadəçilər CV hazırlamaq və ya oxşar məqsədlər üçün bilmədən tam adlarını, ünvanlarını, sənəd nömrələrini və əlaqə məlumatlarını daxil edirlər. Bu isə məlumat sızması və ya model bazalarına kənar şəxslərin çıxışı halında ciddi nəticələrə səbəb ola bilər.

    Bot “dost kimi” cavab verirmiş kimi təsir bağışlasa belə, bu məlumatlar sistem tərəfindən emal oluna və gözlədiyinizdən fərqli şəkildə istifadə edilə bilər.

    Maliyyə detalları

    ChatGTP-dən maliyyə məsləhətçisi kimi istifadə edib aylıq büdcə planı və ya hətta pensiya strategiyası hazırlamaq olar. Ancaq bank hesabları, kredit kartları, investisiyalar və ya vergi ilə bağlı konkret məlumatlar Al-çata daxil edilməməlidir.

    Mütəxəssislər vurğulayırlar ki, məlumatlar təqdim edildikdən sonra onların taleyini izləmək mümkün deyil. Maliyyə məlumatlarının daxil edilməsi fırıldaqçılıq sxemlərindən tutmuş fərdi məlumat sızmalarına, fişinq hücumlarına və qurğuların zərərli proqramlarla yoluxmasına qədər ciddi risklər yarada bilər.

    Tibbi məlumatlar

    Son sorğulara görə, hər altı yetkin şəxsdən biri ayda ən azı bir dəfə simptomların izahı və ya müalicə ilə bağlı ChatGTP-yə müraciət edir. Gənclər arasında bu göstərici hər dörd müraciətdən birinə çatır.

    Mütəxəssislər bunu son dərəcə ehtiyatla etməyə çağırır və xatırladırlar ki, bu sistem həkim deyil və mütəxəssis məsləhətini əvəz etmir. Maliyyə məlumatlarında olduğu kimi, tibbi məlumatların təqdim edilməsindən sonra onların necə istifadə olunacağını bilmək mümkün deyil.

    İşlə bağlı materiallar

    Sənədlər, hesabatlar və şirkət strategiyaları – yəni işəgötürənə, müştərilərə və ya ictimaiyyət üçün nəzərdə tutulmayan cari layihələrə aid bütün materiallar bu kateqoriyaya daxildir.

    Nəşrdə qeyd olunur ki, süni intellekt mətnlərin redaktəsi və ya sənədlərin qısa xülasəsi üçün rahat alət kimi görünsə də, bu, lazımsız risklər yarada bilər.

    Hər hansı qeyri-qanuni sorğular

    Bu cür suallardan təkcə təhlükəsizlik baxımından deyil, hüquqi səbəblərə görə də çəkinmək lazımdır. Cinayət törətmək, dələduzluq fəaliyyəti və ya manipulyasiya ilə bağlı sorğular servislərin bloklanmasına və hətta məsuliyyətə səbəb ola bilər. Çünki platformalar qanunlara riayət etməyə borcludur və hüquq-mühafizə orqanlarının tələbi ilə məlumatları təqdim edə bilərlər.

    “OpenAl” şirkətinin rəhbəri Sem Altman da xəbərdarlıq edir ki, ChatGTP ilə yazışmalar real mütəxəssislə aparılan söhbətlər kimi qanunla qorunmur və məhkəmə araşdırması zamanı istifadəçi yazışmaları məhkəmə qərarı ilə təqdim edilə bilər.

    Buna görə də süni intellektlə ünsiyyətdə, xüsusilə şəxsi və peşəkar həyatınıza aid mövzularda hər zaman ehtiyatlı olmaq tövsiyə olunur.

  • Azərbaycanda elektrik avadanlıqlarının sınağı ilə bağlı tələblər sərtləşdirildi

    Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na dəyişiklik edilib.

    Bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.

    Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib. Belə ki, “Elektrik qurğularının texniki istismar Qaydaları”na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektrik təhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan mütəxəssislər cəlb olunacaq.

    İndiyədək isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.

    Beləliklə, əvvəlki redaksiyada “aşağı qrupa malik” ifadəsi yer alırdı ki, bu da IV və ya V qrupdan aşağı səviyyəni nəzərdə tuturdu. Yeni dəyişikliklə isə “aşağı olmayan qrupa malik” anlayışı tətbiq olunur və bu, müvafiq olaraq IV və ya V qrup, eləcə də daha yüksək ixtisasa malik mütəxəssislərin prosesə cəlb edilməsini təmin edir. Nəticədə, sınaq və qiymətləndirmə prosesində yalnız kifayət qədər ixtisaslı və təcrübəli şəxslər iştirak edəcək.

  • Ərdoğan Rusiya-Ukrayna müharibəsindən danışdı

    Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Türkiyə lideri qeyd edib ki, artıq dörd ildir davam edən müharibədə yüz minlərlə insan ölüb, yaralanıb və evsiz-eşiksiz qalıb.

  • Maduro və arvadı nə üçün həbs edildi? – İttihamlar

    ABŞ Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores barəsində “narkoterrorizm” ittihamı irəli sürüb.

    “Unikal” xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pam Bondi rəsmi açıqlama verib.

    Baş prokurorun sözlərinə görə, Maduro və ona yaxın şəxslər uzun illər ərzində beynəlxalq narkotik şəbəkələri ilə əməkdaşlıq edərək ABŞ ərazisinə böyük həcmdə narkotik maddələrin daşınmasında iştirak ediblər. İddia olunur ki, bu fəaliyyətlər terrorçu və silahlı qruplaşmalarla əlaqəli şəkildə həyata keçirilib və ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhdid yaradıb.

    Pam Bondi bildirib ki, sözügedən ittihamlar çərçivəsində Maduro ailəsinin üzvləri və Venesuelanın bir sıra yüksəkvəzifəli rəsmiləri də araşdırma predmetidir. ABŞ Ədliyyə Nazirliyi istintaqın uzun müddətdir davam etdiyini və kifayət qədər sübut toplandığını vurğulayıb.

    Açıqlamada qeyd olunub ki, Nikolas Maduro və həyat yoldaşı yaxın vaxtlarda ABŞ məhkəməsi qarşısına çıxarıla bilərlər. Məhkəmə prosesi zamanı onlara qarşı narkotiklərin qanunsuz dövriyyəsi, terrorçu qruplarla əməkdaşlıq və transmilli cinayət şəbəkəsinin idarə olunması kimi ağır maddələr üzrə ittihamların irəli sürüləcəyi gözlənilir.

    Rəsmi Karakas isə ABŞ-nin bu addımını qətiyyətlə rədd edərək, ittihamları siyasi motivli və Venesuelaya qarşı təzyiq aləti kimi qiymətləndirib.

  • “Qiyamət günü”dür demişdi, həbs edildi

    Qanada yaşayan və özünü “Nuh” adlandıran kişi gündəmdən düşmək bilmir. Bu dəfə o proqnozları ilə deyil, həbsi ilə diqqət çəkib.

    Qananın Akkra şəhərindəki Adentan Rayon Məhkəməsi sosial media paylaşımları ilə ölkə miqyasında diqqət çəkən 33 yaşlı Evans Eşunun məhkəməsinin keçirilməsi barədə qərar qəbul edib.

    Eşun “yanlış məlumatlandırma, ictimaiyyəti qəsdən çaşdırmaq və saxta xəbərlər yaymaq” ittihamları ilə üzləşəcək. Yerli medianın məlumatına görə, məhkəmə ilk dinləməsi keçirilən Eşunun məhkəmə qarşısına çıxmaq üçün yararlılığını müəyyən etmək məqsədilə Pantang Psixiatriya Xəstəxanasında psixiatrik müayinədən keçməsi barədə qərar verib. Psixiatrik rəy növbəti dinləmədən əvvəl məhkəməyə təqdim edilməlidir.

    Hesabatın hazırlanmasından sonra məhkəmə iclasın yanvarın 16-da keçirilməsinə qərar verib. Sosial mediada “Ebo Noah” kimi tanınan Eşun, 25 dekabrda böyük bir daşqın olacağını xəbər verən yuxuda bir mesaj aldığını iddia edərək ölkə daxilində böyük bir ajiotaj yaratmışdı.

  • Rusiya ordusu Ukraynada irəliləyir

    Rusiya qoşunları DXR-dəki Bondarnoye kəndini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Cənub Qüvvələr Qrupunun bölmələri aktiv əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasının Bondarnoye kəndini ələ keçirib”, – deyə açıqlamada bildirilir.

    Daha əvvəl, 2 yanvarda Rusiya ordusunun bir həftə ərzində DXR, Zaporojye və Xarkov vilayətlərində doqquz yaşayış məntəqəsini nəzarətə götürdüyü açıqlanmışdı.

  • Sabah hava necə olacaq?

    Yanvarın 4-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70, gündüz 50-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.