Month: January 2026

  • Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb

    Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarı yenidən fəaliyyətə başlayıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib.

    Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

    Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.

  • İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq

    İran prezidenti Məsud Pezeşkian son həftələrdə ölkədə baş verən etiraz və iğtişaşların bütün qurbanlarının adlarının dərc olunmasını əmr edib.

    Bu barədə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbi bildirib.

    O, prezidentin sərəncamı ilə son faciəli hadisələrdə həyatını itirənlərin hamısının adları və təfərrüatların ictimaiyyətə açıqlanacağını deyib.

    “Bu addım Qərb media orqanlarının statistikanı manipulyasiya etmək cəhdlərinə cavabdır. Məqsəd yalan danışan hər kəsi ifşa etməkdir”, – deyə o əlavə edib.

    İranın xarici işlər naziri Abbas Araqçi yanvarın 23-də bildirib ki, həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələri daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.
    //unikal.az

  • Azərbaycanda neçə general-polkovnik var? – TAM SİYAHI

    General-polkovnik rütbəsi Azərbaycan Respublikasının güc strukturlarında ən ali hərbi və xüsusi rütbə hesab olunur və bu status dövlət təhlükəsizliyi, müdafiə və hüquq-mühafizə sistemində xüsusi çəkisi olan vəzifə sahiblərinə verilir. Bu rütbəni, əsasən, müdafiə, daxili işlər və fövqəladə hallar nazirləri, eləcə də xüsusi xidmət orqanlarının rəhbərləri, baş prokuror və təhlükəsizlik blokunda yüksək postlar tutan şəxslər daşıyırlar.

    Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu gün Şahin Bağırova “Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.

    Bununla da Azərbaycanda general-polkovnik rütbəsini daşıyan şəxslərin sayı artaraq 22 nəfərə çatıb.

    Modern.az vəzifədə olan, eləcə də müxtəlif illərdə istefaya göndərilmiş, lakin general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını hazırlayıb:

    1. Zakir Həsənov – Müdafiə naziri
    2. Bəylər Əyyubov – Prezident Katibliyinin rəisi
    3. Ramil Usubov – Azərbaycan Təhlükəsizlik Şurasının katibi
    4. Kərim Vəliyev – Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
    5. Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
    6. Vilayət Eyvazov – Daxili işlər naziri
    7. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
    8. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
    9. Mədət Quliyev – Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini
    10. Fikrət Məmmədov – Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri
    11. Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı
    12. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi
    13. Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sabiq sədri
    14. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
    15. Nəcməddin Sadıqov – Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi
    16. Səfər Əbiyev – Eks-müdafiə naziri
    17. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
    18. Namiq Abbasov – Sabiq milli təhlükəsizlik naziri
    19. Fazil Məmmədov – Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)
    20. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının keçmiş sədri
    21. Hikmət Mirzəyev – Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı, Vətən Müharibəsi Qəhrəmanı.
    22. Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, “Vətənə xidmətə görə” ordeninin tam kavaleri.

  • Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı

    Hesablama Palatası Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditini aparıb.

    Bu barədə Palatada keçirilən növbəti Kollegiya iclasında məlumat verilib.

    Auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

    İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.

  • Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var

    Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza rayonun Faxralı kəndinin girişində qeydə alınıb. Hərəkətdə olan iki VAZ markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Qəza yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi, saxlanıldı

    Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.

    Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E. Hüseynov müəyyən olunaraq saxlanılıb.

  • General rütbəsi verilən gömrükçülər kimlərdir? (FOTO)

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbələr verilib.

    Median.Az general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:


    Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.


    Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.

    Elmir Bahadur oğlu Ramazanov (38 yaş) – daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.

    Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib.

  • Metroda qatarların hərəkəti bərpa olundu

    Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

    Bu barədə Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

  • Kamran Əliyev Tərtər rayon prokurorunu vəzifəsindən azad etdi

    Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib.

    Oxu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    K.Əliyevin digər əmri ilə Tərtərin hərbi prokuroru vəzifəsinin icrası Əli Qurbanova həvalə edilib.

  • Qanunsuz orden və medalların təsisi ilə bağlı QHT-nin ləğvi istənilib

    Saxta orden və medalların təsis edilməsi də daxil olmaqla, qanunvericiliyin bir sıra tələblərini dəfələrlə kobud şəkildə pozmuş “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin dövlət qeydiyyatının ləğvi barədə Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldırıb.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

    Məlumata görə, iddia 2025-ci ilin oktyabrında qaldırılıb, hazırda məhkəmə prosesi davam edir.

    Qeyd edək ki, qeyri-hökumət təşkilatlarının (QHT) qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinə nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.