Month: Yanvar 2026

  • Bakıda məşhur restoranda yanğın olub – Video

    Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, vətəndaşa məxsus ümumi sahəsi 440 kvadratmetr olan restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 16 kvadratmetr olan mətbəxin taxta üzlüyü dörd kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları altı kvadratmetr sahədə yanıb.

    Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğın baş verən obyekt məşhur “Fəsil” restoranıdır.

  • Gözətçi qoruduğu restorandan oğurluq etdi, məhkəməlik oldu

    Bakıda məşhur restoranda oğurluq hadisəsi baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, cinayət əməli Səbail rayonu ərazisində yerləşən “Olivie Garden” restoranında qeydə alınıb.

    İttiham aktına görə, obyektin gözətçisi işləyən 27 yaşlı Nizami Fərəcov (ad və soyad şərtidir -red.) restoranın kassasından 2000 manat pulu talayıb. Faktla bağlı N. Fərəcov saxlanılıb və barəsində cinayət işi açılıb.

    İstintaq zamanı Nizami əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə qaytardığını deyib. O, bunları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Fərəcova 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

  • Bakıda hamilə dəm qazından boğulub öldü

    Bakıda hamilə faciəli şəkildə dünyasını dəyişib.

    Median.Az Bizim.media-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini 21 yaşlı Nuranə Elçinqızı dünən dəm qazından boğularaq həyatını itirib.

    21 yaşlı qadın üç ay imiş Bakı şəhərinə ərə gedib. Hadisə də paytaxtda baş verib.

    Onu da qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən Nuranə iki aylıq hamilə imiş.

  • BDYPİ: “Uzaq səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir”

    “Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.

    Bildirilib ki, BDYPİ tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.

    “Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzaq səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir”, – deyə məlumatda vurğulanıb.

  • Marneulidə toy kortejində baş vermiş qəzada xəsarət alan azərbaycanlı gənc öldü

    Yanvarın 28-də Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir azərbaycanlı gənc vəfat edib.

    Avtomobilin ağaca çırpılması nəticəsində ağır bədən xəsarətləri ilə Tbilisidə xəstəxanaya yerləşdirilən Sənan Şərifov iki gün sonra orada dünyasını dəyişib.

    Xatırladaq ki, qəza zamanı iki azərbaycanlı gənc hadisə yerində həlak olmuş, iki nəfər isə xəsarət almışdı.

    Qeyd edək ki, hadisənin gəlin aparmaq üçün yola çıxan toy karvanında olan avtomobillərin bir-biri ilə yarışması nəticəsində baş verdiyi bildirilirdi.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi vəfat edib

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici dillər kafedrasının müəllimi Xoşqədəm Əsəd qızı Hüseynzadə vəfat edib.

    Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) məlumat yayıb.

    Qeyd edək ki, Xoşqədəm Hüseynzadə 1989-cu ildən etibarən ADNSU-nun Xarici dillər kafedrasında çalışıb.

  • Bakıda Xalq artistinin oğlunu döydülər – FOTO

    Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə A.Balıyev özü məlumat verib.

    O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:

    “Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. “Toyota” markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus BMW markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki “Toyota”dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər”.

    A.Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum edib:

    “Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır”.

  • Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşündən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

    Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir: “BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə məhsuldar görüş keçirdik. Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq”.

  • Minlərlə manatlıq qızılı götürüb maşınla qaçan şəxs tutuldu – Video

    Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

    Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ucarda avtomat satmaq istəyən şəxs tutulub

    Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.

    DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

    Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.