Month: January 2026

  • Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

    2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 0,74 ton həcmində hisə verilmiş və mişarvari krevetka idxal edib.

    Rəsmi statistikaya əsasən, idxalın ümumi dəyəri 6,03 min ABŞ dolları təşkil edib ki, bu da mövcud məzənnə ilə 10 min 251 manat deməkdir.

    Krevetka idxalı əsasən Farer adaları, Qrenlandiya və Yaponiyadan həyata keçirilib.

    Belə ki, Farer adalarından 0,04 ton krevetka 0,3 min ABŞ dolları dəyərində gətirilib. Bu ölkədən idxal olunan məhsulun 1 kiloqramının qiyməti 7,5 dollar və ya 12,75 manat olub.

    Ən böyük idxal payı isə Qrenlandiyaya məxsusdur. Bu ölkədən 0,7 ton krevetka 5,54 min ABŞ dolları dəyərində idxal edilib. Qrenlandiya mənşəli krevetkanın 1 kiloqramı 7,91 dollar və ya 13,45 manat təşkil edib.

    Yaponiyadan isə 0,19 min ABŞ dolları dəyərində krevetka idxal olunsa da, bu ölkə üzrə idxalın həcmi açıqlanmayıb.

    Qeyd edək ki, Azərbaycanda krevetkalar pərakəndə satış şəbəkələrində əsasən dondurulmuş krivetkalar 500 qr -1 kq paketlər şəklində təqdim olunur. Marketlərdə bu məhsulun qiyməti 22,50 manatdan 34,50 manata qədər dəyişir. Bu isə kiloqram hesabı ilə 41,70-60 manat aralığında qiymət formalaşdığını göstərir.
    //valyuta.az

  • Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir

    Axşam saat 7 radələrində binanın qarşısındakı küçəyə tanklar, BTR-lər gəldi. Boydan uca, əli silahlı insanlar peyda oldu. Binanı birbaşa atəşə tutdular.

    Bunu “Report”un Aran bürosuna Neftçala rayonunun Bankə qəsəbəsinin sakini, 1990-cı il yanvarın 25-də baş verən hadisələrin şahidi Sevil Dadaşova danışıb.

    Qeyd edək ki, Bakıda 1990-cı il 20 Yanvar qətliamından sonra sovet qoşunları respublikanın bir sıra regionlarına yönələrək, oralarda da qırğınlar törədiblər.

    S.Dadaşova danışıb ki, güllələr binanı dəlik-deşik etmişdi:

    “Hamı qorxu içində mənzillərdə ağzı üstə döşəməyə uzanmışdı. Başımızı qaldıra bilmirdik. Güllələr sanki yağış kimi yağırdı”.

    Şahid qeyd edib ki, həmin gün dinc sakinlərə qarşı vəhşiliklər törədilib:

    “Biz o gün elə acınacaqlı həyat yaşadıq ki, sözlə ifadə etmək çətindir. Belə vəhşiliklər nə görmüşdük, nə də yaşamışdıq. Amma yaşadıq”.

    Onun sözlərinə görə, hadisələr zamanı evinə ərzaq alıb qayıdan Nurəddin Ağahüseynov “Zaporojets” markalı avtomobilində başından güllə ilə vurularaq qətlə yetirilib.

    Həmin gün Sevil Dadaşova üçün şəxsi faciə günü də olub. Belə ki, nişanlısı Əbülfəz Cəfərov sovet hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onun barmağı əsgərlər tərəfindən kəsilərək nişan üzüyü götürülüb.

    Sevil Dadaşova hazırda güllə izlərini daşıyan binanın onlar üçün xüsusi mənəvi anlam kəsb etdiyini vurğulayıb:

    “Bu gün güllələnmiş həmin 5 mərtəbəli bina yanvar faciəsinin canlı şahidinə çevrilib. Bu bina bizim üçün tarixi bir yaddaşdır”.

    Xatırladaq ki, 1990-cı ilin yanvar hadisələri zamanı Neftçala rayonundan, o cümlədən biri Bakıda olmaqla, üç nəfər şəhidlik zirvəsinə ucalıb, on nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub.

  • Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb

    Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb.

    Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

    Zərərçəkən qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi – TƏFƏRRÜAT (Video)

    Qusar rayonunda 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rayonun İmamqulukənd ərazisində baş verib.

    Belə ki, kənd sakini Fəzail Əbiyevin cansız bədəni yaşadığı evin hamamında aşkarlanıb. Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir.

    Qeyd edək ki, mərhum ailənin yeganə oğlu idi.

    “Onu çağırdım, amma cavab vermədi. Hamamın qapısını sındırıb içəri girdim. Gördüm ki, yerdə uzanıb. Çölə çıxarıb süni nəfəs verdim, amma xeyri olmadı. Qardaşım Birinci Qarabağ Müharibəsində şəhid olub. Oğluma onun adını qoymuşdum. 1994-cü il yanvarın 14-də şəhid olub”, – mərhumun atası Fariz Əbiyev söyləyib.

    Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Qurban Qurbanov: “Bəhlula Çin klublarından təkliflər var”

    “Bəhlulla maraqlananlar var. Tək onunla yox, bir neçə futbolçu ilə maraqlananlar var. Danışıqlar gedir. Hələ ki, fikrimizi “Liverpul”la oyuna kökləmişik”.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

    Mütəxəssis Bəhlul Mustafazadəyə Çin klublarından təklif olunması ilə bağlı iddiaları təsdiqləyib. Qurbanov Elvin Cəfərquliyevə hər hansı təklifin olmadığını da qeyd edib.

    O, məğlubiyyəti belə şərh edib: “Rəqib yaxşı mübarizə apardı və layiqli qələbə qazandılar. Deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionatın ikinci yarısına belə başlamaq istəməzdik. Buradan bəllidir ki, bizim üçün çətin olacaq. Bədavinin zədəsi ciddidir. Pis oldum”.

    Baş məşqçi yeni transferlərlə bağlı danışıqların davam etdiyini qeyd edib: “Transferlərlə bağlı danışıqlar gedir. Mütləq şəkildə heyəti gücləndirmək lazımdır”.

  • Salyan sakini dəm qazından boğularaq ölüb

    Salyan sakini dəm qazından boğularaq ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

    Kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev hamam otağında dəm qazından boğulub. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi

    Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu Rayon Prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən 1976-cı il təvəllüdlü Kənan Babayev (ad-soyad şərtidir) hüquq verən saxta vəsiqədən bilə-bilə istifadə etməkdə təqsirli bilinib.

    Qeyd olunub ki, o, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb. Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pulqabısı ifşa edib.

    Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pulqabının prokurorluğun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığı deyilib.

    Növbəti gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya ilə sənədlər rəsmi qaydada Vəkillər Kollegiyasına göndərilib.

    Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs iki min manat məbləğində cərimə olunub.

  • “Şerloks”da ad günü keçirən şəxs həbs olunub: “Hesab artıq gəlib…”

    Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən “Şerloks” restoranında hesaba görə səs-küy salan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü K.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs “Şerloks” restoranında dostunun ad gününü qeyd edib. Yanvarın 19-na keçən gecə, saat 02:00 radələrində pulu ödəyib çıxmaq istəyəndə, hesabın artıq yazıldığını görərək administratorla mübahisə edib.

    Hadisə yerinə polis əməkdaşları çağrılıb. O, əsəbi vəziyyətdə söyüşlər söyüb. K.V. söyüş söydüyünə görə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati həbs olunub.

  • Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?

    Vətəndaşlardan biri ailə üzvünü oksigen balonu ilə təchiz olunmuş Təcili Tibbi Yardım (TTY) avtomobili ilə Bakıdan rayona aparmaqda çətinlik çəkib. O TTY avtomobillərində oksigen balonlarının olub-olmaması ilə maraqlansa da, sualına aydın cavab ala bilməyib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri və ölkənin regionları üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərinin böyük əksəriyyəti oksigen balonları ilə təchiz olunub.

    “Hazırda təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının yenilənməsi istiqamətində ardıcıl və mərhələli işlər həyata keçirilir. Bu çərçivədə köhnə və istismara yararsız nəqliyyat vasitələrinin tədricən yeniləri ilə əvəz olunması təmin edilir. Təkcə 2025-ci il ərzində 100-dən artıq istismara yararsız təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq, müasir standartlara cavab verən yeni ambulanslarla əvəz edilib.

    Bununla yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər də qismən də olsa mövcuddur.

    Ümumilikdə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi fonunda təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

    Təcili tibbi yardım xidmətinin regionlarda daha da təkmilləşdirilməsi, çağırışlara operativ cavab verilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir”, – deyə məlumatda bildirilir.

  • Bazar günü Bakıda 8 dərəcə isti olacaq

    Azərbaycanda yanvarın 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

    Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.