Month: January 2026

  • Azərbaycanla Çin arasında 5 milyardlıq ticarət dövriyyəsi

    2025-ci ildə Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 4,874 milyard ABŞ dolları təşkil edib.

    Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

    Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 30,2% çoxdur.

    Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,86%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

    Ötən il Azərbaycandan Çinə 84,362 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.

    Hesabat dövründə Çindən Azərbaycana isə 4,790 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 28,6% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

    Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

    Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

    Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

  • Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb

    Bakının Səbail rayonu ərazisində yerləşən “Passage 145” restoranında başqa müştərinin pulunu oğurlayan Ələzair vətəndaşı Boukhobza Abderrahmane məhkəmə qarşısına çıxarılıb.

    1970-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

    İttiham aktına əsasən, B.Abderrahmane “Passage 145” adlı restoranda olarkən, həmin vaxt nahar etməyə gələn müştərinin gödəkçəsinin iç cibində olan pul kisəsini oğurlayıb. Nəticədə o, zərərçəkmiş şəxsin 2500 manatını talayıb.

    Oğurluq hadisəsisinin üstü zərərçəkmişin özünə məxsus pul qabını axtarmasından sonra açılıb. Restoranın müşahidə kameralarına baxdıqdan sonra Abderrahmanenin cinayət əməli ifşa olunub. O, hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə müraciət edib və nəticədə cinayətkar saxlanılıb.

    Qeyd edək ki, zərərçəkmiş şəxs də Ərəb ölkələrindən Azərbaycana gələn turist olub.//Teleqraf

  • ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?

    Tramp sülh müqaviləsini dəstəklədiklərinə görə Əliyevə və Paşinyana təşəkkür edib.

    O, bu barədə öz sosial media hesabında yazıb.

    ABŞ prezidenti Donald Tramp ötən avqust ayında imzalanmış sülh müqaviləsini dəstəklədiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edərkən bunu sona çatdıra bildiyi səkkiz müharibədən biri adlandırıb və indi regionda “sülh və rifah hökm sürür” sözlərini yazıb.

    O, həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı müqavilə imzalamaq, Amerikanın əsas yarımkeçirici istehsalçıları ilə müqavilələr bağlamaq və Azərbaycana zirehli gödəkçələr və qayıqlar da daxil olmaqla ABŞ müdafiə avadanlıqları tədarük etməyə başlamaq niyyətində olduğunu açıqlayıb.

  • 84 yaşında da gündəmdə: Flora Kərimovanın arxiv görüntüləri (Video)

    Xalq artisti Flora Kərimovanın 1993-cü ildə cəbhə bölgəsində, Bərdə batalyonunun əsgərləri ilə görüşünü əks etdirən arxiv görüntüləri paylaşılıb.

    Video “Azərbaycan tarixi” adlı səhifədə yayımlanıb.

    84 yaşlı Xalq artisti yayılan görüntülərə biganə qalmayıb və həmin arxiv kadrlarını şəxsi hesabında yenidən paylaşaraq izləyiciləri ilə bölüşüb.

    Qeyd edək ki, Flora Kərimova ictimai-siyasi mövqeyi ilə də seçilən sənətçilərdəndir. O, 1988-ci ildə erməni separatçıların Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdikləri dövrdə Azadlıq Meydanında etirazını açıq şəkildə bildirən ilk qadın sənətçi olub.

    Bundan başqa, 1990-cı il qanlı Yanvar hadisələri zamanı Xalq artisti sovet ordusunun hücumlarına etiraz edib.

  • Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil

    İlk avtomobilin alınması adətən gənc sürücülər üçün ciddi sınaq olur. Təhlükəsizlik, etibarlılıq və komfort kimi bir çox vacib amili nəzərə almaq lazımdır, üstəlik, çox vaxt nə kifayət qədər təcrübə, nə də bahalı və zəmanətli yaxşı avtomobil almaq üçün büdcə olur.

    Qaynarinfo xəbər verir ki, “Slash Gear” nəşri təhlükəsizlik, qiymətlər, etibarlılıq və avtomobilə uzunmüddətli sahiblik xərcləri ilə bağlı real məlumatları təhlil edib və sükan arxasına ilk dəfə əyləşənlər üçün ideal hesab olunan nisbətən ucuz modellərin siyahısını tərtib edib.

    Siyahıya daxil edilən 10 model bunlardır:

    “Honda Civic”. Onilliklərdir ilk avtomobil üçün ən yaxşı variantlardan biri hesab olunur. Uzunömürlülüyü və aşağı təmir xərcləri ilə seçilir. Müasir versiyalar hətta baza komplektasiyalarında belə geniş sürücü köməkçi sistemləri təklif edir və həm yeni, həm də işlənmiş bazarda nisbətən əlçatan qiymətini qoruyur.

    “Toyota Corolla”. Dünyada ən çox satılan avtomobillərdən biri kimi son dərəcə etibarlı model reputasiyasına malikdir. Müasir nəsil benzin və hibrid mühərrik variantları, zəngin standart təchizat və baza versiyasından etibarən tam təhlükəsizlik paketləri ilə yeni başlayanlar üçün cəlbedici və praktik seçim sayılır.

    “Mazda 3”. Üslub, keyfiyyət və sürücü komfortunu birləşdirir. Hətta ilkin komplektasiyalar da “büdcə” təsiri bağışlamır. Geniş təhlükəsizlik sistemləri paketi təcrübəsiz sürücülərin özünü daha inamlı hiss etməsinə kömək edir.

    “Hyundai Elantra”. Etibarlı və kütləvi sedan kimi tanınıb və ilk avtomobil üçün uyğundur. Yeni modellər müasir multimedia sistemləri, yüksək təhlükəsizlik reytinqləri və sinfində ən yaxşı ötürmə sistemi zəmanətlərindən birini təklif edir ki, bu da yeni sahiblər üçün maliyyə risklərini azaldır.

    “Kia Soul”. Praktikliyi, geniş salonu və münasib qiyməti ilə seçilir. İqtisadi mühərriki, anlaşılan multimedia interfeysi və standart sürücü köməkçi sistemləri sayəsində bu kompakt hetçbek tez-tez illərlə problemsiz xidmət göstərən ilk avtomobilə çevrilir.

    “Nissan Sentra”. Brend xəttində ən etibarlı variantlardan biri olaraq qalır və işlənmiş avtomobil seçənlər arasında populyardır. Son nəsillər müasir təhlükəsizlik sistemləri, rahat oturacaqlar və orta səviyyəli xidmət xərcləri ilə az təcrübəli sürücülər üçün cəlbedicidir.

    “Ford Focus”. İstehsaldan çıxarılmasına baxmayaraq, ikinci əl bazarında hələ də populyarlığını qoruyur. Münasib qiyməti, öz dövrü üçün müasir texnologiyaları və layiqli təhlükəsizlik səviyyəsi ilə daha bahalı rəqiblərə sərfəli alternativ sayılır.

    “Toyota Yaris”. Kompakt ölçülərinə baxmayaraq, etibarlı və iqtisadi avtomobil kimi tanınır. İşlənmiş modellər qiymət baxımından əlçatandır, xidmət xərcləri aşağıdır və baza təhlükəsizlik sistemləri ilə şəhər istifadəsi üçün praktik variantdır.

    “Honda Accord”. Tipik “ilk avtomobil”lərdən daha iri və bahalıdır, lakin bunu komfort, yüksək təhlükəsizlik səviyyəsi və orta sahiblik xərcləri ilə kompensasiya edir. İkinci əl bazarında geniş buraxılış ili seçimi və sabit etibarlılıq reputasiyası sayəsində tez-tez ilk ailə avtomobili kimi nəzərdən keçirilir.

    “Toyota Prius”. Dörddə bir əsr ərzində eksperimental hibriddən bazarın ən etibarlı və ən qənaətcil avtomobillərindən birinə çevrilib. Müasir versiyalar geniş təhlükəsizlik paketinə malikdir, dəyərini yaxşı saxlayır və düzgün qulluqla yüz minlərlə kilometr problemsiz yol qət edə bilir.

  • Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?

    Qara və yaşıl çay eyni bitkidən əldə edilsə də, istehsal və hazırlanma üsuluna görə ciddi şəkildə fərqlənir. Bu fərqlər onların dadına, kofein və antioksidant tərkibinə təsir göstərir.

    Qaynarinfo “Very Well Health”a istinadən xəbər verir ki, qara çay daha çox kofein, yaşıl çay isə daha çox antioksidant ehtiva edir.

    Kofein çay bitkisinin yarpaqlarında olan təbii kimyəvi maddədir və mərkəzi sinir sisteminin stimulyatoru sayılır. Kofein aşağıdakı təsirlərə malikdir:

    – ayıqlığı artırır və yorğunluğu azaldır;
    – beyin fəaliyyətini yaxşılaşdırır;
    – maddələr mübadiləsini sürətləndirir;
    – fiziki məşqlərin effektivliyini yüksəldir.

    Qara və yaşıl çayda kofeinin miqdarı fərqlidir. Qara çay tam oksidləşmiş yarpaqlardan hazırlandığı üçün adətən yaşıl çaydan daha çox kofein ehtiva edir.

    Standart 8 unsiyalıq (237 ml) bir fincan qara çayda təxminən 47 milliqram (mq) kofein ola bilər. Eyni həcmdə yaşıl çayda isə bu göstərici təxminən 30 mq təşkil edir.

    İçki seçimi şəxsi zövqdən asılıdır. Əgər daha çox enerji verən və diqqəti artıran içki lazımdırsa, qara çay daha uyğun seçim ola bilər.

    Gündə nə qədər kofein qəbul etmək olar?

    ABŞ-ın Qida və Dərmanlara Nəzarət İdarəsi (FDA) əksər böyüklər üçün gündəlik kofein qəbulunun 400 mq-dan çox olmamasını tövsiyə edir. Lakin kofeinə daha həssas olan insanlar üçün bu hədd daha aşağı ola bilər.

    Antioksidantlar hansında daha çoxdur: Qara, yoxsa yaşıl çayda?

    Polifenollar çayda mövcud olan əsas antioksidant birləşmələrdir və onlar:

    – iltihabı azaltmağa;
    – oksidləşdirici stresdən qorumağa;
    – hüceyrə zədələnməsinin qarşısını almağa;
    – ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

    Yaşıl çay antioksidantlarla xüsusilə zəngindir. Onun tərkibinin təxminən 90 faizi polifenollardan ibarətdir. Buraya epikatexinlər, o cümlədən epiqallokatexin qallat (EGCG) daxildir. Bundan əlavə, yaşıl çay karotinoidlər, tokoferollar, vacib minerallar və müxtəlif fitokimyəvi birləşmələr də ehtiva edir.

    Qara çay da güclü antioksidant mənbəyidir. Onun tərkibində katexinlər, teaflavinlər və tearubiginlər, həmçinin vacib minerallar və vitaminlər mövcuddur. Çaya əlavə edilən darçın, zəncəfil, mixək və kardamon kimi ədviyyatlar da polifenollar və iltihabəleyhinə maddələrlə zəngindir və müalicəvi təsirə malikdir.

    Ümumilikdə, yaşıl çayın antioksidant tərkibi qara çayla müqayisədə xeyli yüksəkdir. Bu fərq, ehtimal ki, oksidləşmə və fermentasiya prosesləri zamanı antioksidantların daha yaxşı qorunması ilə bağlıdır.

  • Braziliya bu ölkənin vətəndaşlarına vizanı ləğv edir

    Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin Çin vətəndaşlarını müəyyən kateqoriyalı qısamüddətli səfərlər üçün viza tələbindən azad edəcək.

    Qərar Braziliya və Çin arasında əməkdaşlığın dərinləşdirilməsi, insanlar arasında mübadiləni daha da asanlaşdırmaq və ikitərəfli qarşılıqlı əlaqəni təşviq etmək məqsədilə qəbul edilib.

    Biznes, turizm, akademik mübadilə, ailə üzvlərini ziyarət məqsədilə səyahət edən Çin vətəndaşları 30 günədək Braziliyada qala biləcək.

    Qeyd edilib ki, vizasız siyasətin konkret tətbiq tarixi daha sonra açıqlanacaq. Çin ötən ildən Braziliya vətəndaşları üçün vizasız rejim tətbiq edir.

  • Cinayət kollegiyası baxılmış işlərin 5 faizində qərarı ləğv edib

    Ötən il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb.

    Bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilib.

    Bildirilib ki, baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib.

  • Məktəblərdə qış tətili başlayır

    Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27-31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

    Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

    Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.

  • Ağcabədidə şahmat müəllimi vəfat etdi

    Ağcabədi Şahmat Məktəbinin müəllimi Pərviz Nəcəfov vəfat edib.

    Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.