Month: January 2026

  • Jalə Əhmədovaya vəzfə verildi

    Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.

    Median.Az xəbər verir ki, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan federasiyanın prezidenti Zaur Əliyev ötən ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib.

    Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək federasiyanın fəaliyyətini təqdirəlayiq qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

    ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər barədə hesabat təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi qəbul olunub. Həmçinin səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib. Hazırda federasiyanın 4 vitse-prezidenti var; – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. Bundan başqa, İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov da təmsil olunurlar.

  • Həyatdan tez bezən BÜRCLƏR

    Astroloqlar bildirir ki, bəzi bürclər həyata digərlərindən daha həssas yanaşır. Onlar emosional yüklənməni tez hiss edir, monotonluqdan, mənasız söhbətlərdən və psixoloji təzyiqdən tez bezirlər. Bu bürclər üçün həyat bəzən ağır yükə çevrilə bilir.
     
    Median.Az astroloji şərhlərə əsaslanaraq həyatdan tez bəzən bürcləri təqdim edir.
     
    Balıqlar
     
    Balıqlar yüksək empati qabiliyyətinə malikdir. Başqalarının dərdini öz dərdi kimi qəbul etdikləri üçün ruhən tez yorulurlar. Onlar tez-tez “hər şeyin mənası nədir?” sualını özlərinə verir və reallıqdan qaçmaq istəyirlər.
     
    Xərçəng
     
    Xərçənglər emosional bağlılıqları ilə tanınır. Sevdikləri insanların davranışları onları dərindən təsirləndirir. Duyğusal zərbələr Xərçəngləri həyata qarşı küsdürə, onları təkliyə çəkilməyə məcbur edə bilər.
     
    Qız
     
    Qız bürcü hər şeydə mükəmməllik axtarır. Davamlı analiz və tənqid onları psixoloji baxımdan tez yorar. Özlərinə və ətrafdakılara qarşı yüksək tələblər həyatdan zövq almağı çətinləşdirir.
     
    Oğlaq
     
    Oğlaqlar məsuliyyət hissini həddindən artıq ciddiyə alırlar. Daim məqsəd, iş və vəzifə haqqında düşünmək onların emosional tükənməsinə səbəb olur. Uğur qazansalar belə, daxili boşluq hissi yaşaya bilirlər.
     
    Dolça
     
    Dolçalar azadlığı və mənanı sevir. Ətraf mühit onları sıxdıqda və ya dəyərlərinin anlaşılmadığını düşündükdə həyata qarşı soyuqlaşırlar. Cəmiyyətin qaydaları onlara tez yorucu gəlir.
     
    Astroloqların fikrincə, bu bürclərin həyatdan tez bezməsi zəiflik deyil. Əksinə, bu, onların dərin düşünən, hiss edən və həyatı daha ciddi qəbul edən xarakterlərinin göstəricisidir.

  • Avqustda 7 saniyəyə 40 milyondan çox insan öləcək? – NASA-dan AÇIQLAMA

    Sosial mediada yayılan növbəti sui-qəsd nəzəriyyəsi geniş müzakirələrə səbəb olub. İddialara görə, 12 avqust 2026-cı ildə baş verəcək Günəş tutulması zamanı Yer kürəsinin cazibə qüvvəsi 7 saniyəlik dayanacaq və bu müddətdə 40 milyondan çox insan həyatını itirəcək.
     
    Median.Az xəbər verir ki, sözügedən iddialar NASA tərəfindən qəti şəkildə təkzib edilib.
     
    Sui-qəsd nəzəriyyəçiləri bu ssenarini guya internetə sızdırıldığı iddia edilən “Layihə Çapa” (Project Anchor) adlı gizli sənədə əsaslandırırlar. Sosial şəbəkələrdə yayılan paylaşımlarda NASA-nın bu hadisəyə 89 milyard dollarlıq büdcə ilə hazırlaşdığı da iddia olunur.
     
    “Instagram”, “TikTok” və “X” platformalarında minlərlə bəyənmə və paylaşım alan postlarda qeyd edilir ki, cazibə qüvvəsi yox olduqdan sonra:
     
    ilk 2 saniyədə insanlar və heyvanlar havaya qalxacaq,
     
    3–4 saniyə ərzində 15–20 metr hündürlüyə çatacaq,
     
    7-ci saniyədə cazibə qüvvəsi geri qayıdacaq və kütləvi ölümlə nəticələnən xaos yaranacaq.
     
    Bəs niyə məhz 12 avqust?
     
    Qeyd olunur ki, 12 avqust 2026-cı ildə Şimal yarımkürəsinin bir çox ölkəsində tam Günəş tutulması müşahidə ediləcək. Günəş tutulmaları tarixən müxtəlif fəlakət ssenariləri və xüsusilə zəlzələlərlə əlaqələndirildiyi üçün bu tarix sui-qəsd nəzəriyyələrinin mərkəzinə çevrilib.
     
    NASA iddiaları təkzib edir
     
    NASA-nın sözçüsü fakt yoxlama platforması **“Snopes”**ə açıqlamasında bildirib:
     
    “Bu iddiaların reallıqda heç bir əsası yoxdur”.
     
    NASA rəsmisi əlavə edib ki: “Yer kürəsi 12 avqust 2026-cı ildə cazibə qüvvəsini itirməyəcək. Yer kürəsinin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Cazibə qüvvəsinin yox olması üçün Yer nüvəsini, mantiyasını, qabığını, okeanlarını, quru sularını və atmosferini əhatə edən bütün kütləsini itirməlidir. Bu isə mümkün deyil”.
     
    Beləliklə, yayılan məlumatların elmi əsası olmadığı və sosial mediada yayılan qorxu ssenarilərinin dezinformasiya xarakteri daşıdığı vurğulanır.

    NASA rəsmisi əlavə edib ki: “Yer kürəsi 12 avqust 2026-cı ildə cazibə qüvvəsini itirməyəcək. Yer kürəsinin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Cazibə qüvvəsinin yox olması üçün Yer nüvəsini, mantiyasını, qabığını, okeanlarını, quru sularını və atmosferini əhatə edən bütün kütləsini itirməlidir. Bu isə mümkün deyil”.

    Beləliklə, yayılan məlumatların elmi əsası olmadığı və sosial mediada yayılan qorxu ssenarilərinin dezinformasiya xarakteri daşıdığı vurğulanır.

  • Göyərtidən benzin, limondan balıq dadı gəlir

    Bəzi vətəndaşlar son günlər bazar və marketlərdə satılan meyvə-tərəvəzlərin keyfiyyəti ilə bağlı narahatlıqlarını bölüşüblər.

    Median.Az-ın məlumatına görə, iddia olunub ki, alınan məhsulların dadı və qoxusu normal deyil.

    Belə ki, sakinlərin sözlərinə görə, alınan göyərtilərdən benzinə bənzər kəskin tam hiss olunub. Eyni hal limonda da müşahidə edilib. Limondan isə balıq dadı gəlib.

    Həmçinin qeyd olunub ki, hər yerdə qara çörək satılsa da, açıq şəkildə qara un tapmaq mümkün deyil.

    Vətəndaşlar qeyd edir ki, əgər qara un satışda yoxdursa, çörək istehsalçıları bu unu haradan əldə edirlər? Onların fikrincə, bəzi hallarda qara çörək adı altında satılan məhsullar əslində adi ağ çörəkdən ciddi şəkildə fərqlənmir, sadəcə rəngi tünddür.//milli.az

  • Bakıda restoranda hesaba görə dava düşdü

    Restoranda ad günü məclisi dava ilə bitib. Hadisə paytaxtın Nizami rayonundakı restoranlardan birində baş verib.

    İddialara görə, 35 yaşlı Zəngilan rayon sakini olan şəxs restoranda olarkən söyüş söyüb, nalayiq ifadələr işlədib və ictimai qaydanı pozub.

    Restoran nümayəndəsi hadisə ilə bağlı Baku TV-yə açıqlama verib: “10 nəfərlik banket menyusu sifariş etmişdilər. Hər şey yaxşı idi, sonda hesabı gətirəndə mübahisə yarandı. Hesabı ödəməyəcəklərini dedilər. Sonra polislər gəldilər”.

    İş üzrə izahat verən şəxs isə hər şeyin hesabın artıq gəldiyi üçün baş verdiyini söyləyib.

    Qeyd edək ki, həmin şəxs barəsində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Bakı-Quba yolunda qəza – Xəsarət alanlar var

    Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
     
    Median.Az xəbər verir ki, hadisə yolun Yaşma bağları ərazisindən keçən hissəsində baş verib.
     
    Məlumata görə, “Hyundai Santa Fe” markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

    Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
     
    Faktla bağlı qəzanın baş vermə səbəbləri araşdırılır.

  • “Başın qaçmasın” sözünə görə binanın arxasına aparıb, bıçaqladı— TƏFƏRRÜAT

    Füzuli rayonunda 2007-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Cahidə xəsarət yetirib.
     
    Median.Az bildirir ki, hadisə ötən ilin yanvarın 23-də Füzuli şəhərində baş verib. Ramin Cahidin onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən Füzuli şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının arxa hissəsində kənar şəxslərin olmadığı ərazidə onunla mübahisə edib. Bu zaman o, bıçaqla Cahidə iki zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.
     
    Bundan başqa, Raminin satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd kibrit qutusunda təmiz çəkisi-7.02 qram, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,06 qram, 0,54 qram, ümumi çəkisi-7,62 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib.
     
    O, 2025-ci ilin martın 26-da Füzuli şəhəri ərazisində olan zaman üzərində narkotik vasitə olması şübhəsi doğurduğu üçün həmin ərazidə xidmətdə olan Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə aşkar olunub.
     
    Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib. 
     
    İş üzrə ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, onunla əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb:
     
    “Yanvarın 23-də, təxminən saat 22 radələrində Füzuli şəhərində yerləşən “Qarabağ İnternet klub”da olarkən Cahidlə aramızda mübahisə baş verdi. Bir-birimizə nalayiq ifadə işlətdik. Bu zaman Cahid məni internet klubdan kənara, qaranlıq yerə çağırdı. Aramızda yenidən mübahisə yarandı. Mənə qarşı nalayiq söyüş işlədiyi üçün onun qarın nahiyyəsinə üzərimdə olan bıçaqla 2 dəfə zərbə vurdum. Cahidi bıçaqla vurduqdan sonra hadisə yerindən qaçdım. Hadisədən sonra dayıma zəng vuraraq məlumat verdim”. 
     
    İş üzrə zərərçəkmiş Cahidin sözlərinə görə, Ramini Füzuli şəhərinə köçəndən sonra tanıyıb:
     
    “2025-ci ilin yanvarın 23-də işdən gəldim. Bir qədər sonra evimizin yanında olan “Qarabağ” internet klubuna getdim. Əyləşdiyim masanın yaxınlığında bir neçə şəhər sakini olub. Onlar klubda uca səslə danışdığı üçün irad tutdum. Ramin mənə “başın qaçmasın, üstümüzə qışqırma” sözlərini dedi. Onun səs-küydən nə deməsini yaxşı eşidə bilmədim. Buna görə də Raminə yaxınlaşdım və onu klubun çölünə çağırdım. Ramin mənimlə bayıra çıxan kimi üzərimə gələrək şillə atdı. Daha sonra klubdan çıxan şəxslər biri çağırdı, biz də içəri keçdik. Geri çəkildiyi üçün şillə mənə dəymədi. Onun şillə atmasını qəbul edə bilmədim və əsəbləşdim. Bundan sonra ona yaxınlaşdım, ondan klubdan bayıra çıxmasını istədim. Çölə çıxdım və bir qədər binanın sağ tərəfi ilə boşluq sahəyə tərəf getdik Həmin vaxt Ramin ardımca gəldi. Boşluq əraziyə çatdıqdan sonra Raminə “mən sənə həmişə hörmət etmişəm, sən bununla ikinci dəfədir ki, mənimlə mübahisə edirsən və mənə şillə atırsan, qudurmusan sən? bu hərəkətləri edirsən?” dedim. Bu zaman Raminin qarın nahiyəmə zərbə vurduğunu hiss etdim. Əvvəlcə nə olduğunu anlamadım. Lakin az sonra hiss etdim ki, Ramin qarın nahiyəmə bıçaqla zərbə vurub”.
     
    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Raminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.//demokrat.az

  • Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar

    Bu gün başa çatan Davos Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası nöqteyi-nəzərindən mühüm mesaj və bəyanatlarla yadda qaldı. Forumdan öncə açıqlanan Qlobal Risk Hesabatında da beynəlxalq münasibətlərin mövcud vəziyyəti “soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş” sistem kimi təsvir edilirdi.

    Artıq indidən builki Davos Forumunu XX və XXI əsrin dönüş nöqtələri ilə müqayisə etmək mümkündür:

    – 1946-cı ildə Fultonda Uinston Çörçillin çıxışı ilə Qərblə SSRİ arasında 45 il davam edən “soyuq müharibə”nin ideoloji təməli qoyuldu;

    – 2007-ci ildə Münhendə Vladimir Putinin çıxışı Qərb-Rusiya münasibətlərində yeni və gərgin mərhələnin başlanğıcı oldu;

    – 2026-cı ildə isə Davos orta güclərin beynəlxalq münasibətlər sisteminə müstəqil subyekt kimi daxil olduğu yeni dünya düzəninin başlanğıc nöqtəsi kimi tarixə düşdü.

    Davos Zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq “orta güc” statusuna yüksəldiyini faktiki olaraq təsdiqlədi. Bu dövlətlər beynəlxalq münasibətlərin passiv obyekti olmaqdan çıxaraq, qərarverici subyektlərə çevrildilər.

    Forumda Almaniya Kanslerinin çıxışı Avropanın yeni qlobal düzəndə Berlin mərkəzli təmsil olunacağına dair açıq mesaj idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan qlobal nizamın ciddi qüsurlara malik olduğunu və onun təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin daha çox sərt gücə əsaslanacağını bildirən Almaniya özünü ABŞ, Çin və Rusiyadan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.

    Almaniya Kansleri çıxışında bildirib:

    “Biz heç vaxt bir həqiqəti unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. Bu, ilk növbədə kiçik və orta dövlətlər üçün, eyni zamanda böyük dövlətlər üçün də təhlükəlidir. Mən bunu ağır ürəklə deyirəm. XX əsrdə mənim ölkəm – Almaniya bu acını son damlasına qədər yaşadı və dünyanı dərin uçuruma yuvarlatdı”.

    Bu fikirlə kansler etik normalarla məhdudlaşdırılmayan güc anlayışının fəlakətə aparan yol olduğunu etiraf etmiş oldu.

    Maraqlıdır ki, bu tezis Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif beynəlxalq tribunalarda səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində demişdi:

    “Bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq yoxdur. Bunu hər kəs qəbul etməlidir. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Amma heç bir ölkə haqsızlıq etməməli, digər dövlətin ərazi bütövlüyünə göz dikməməlidir”.

    Davos-2026 bir daha göstərdi ki, dünya “güclünün hüququ” mərhələsinə daxil olduğu bir dövrdə İlham Əliyevin formalaşdırdığı bu siyasi düstur yaşamaq, mövcudluğunu qorumaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas istiqamətverici mayaka çevrilir.

  • Nazir onu vəzifəsindən azad etdi- FOTO

    Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.
     
    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.
     
    Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.

    Qeyd edək ki, Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.
     
    Onu da bildirək ki, Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.

  • Şimali Koreyada İlk: Ölkə Liderinə Sui-qəsd

    Şimali Koreyada ilk dəfə kinoteatrlarda nümayiş etdirilən və sonradan dövlət televiziyasında yayımlanan “Qarşıdurma Günləri və Gecələri” adlı film, təbliğat kinosunun ənənəvi sərhədlərindən kənara çıxan elementlərilə diqqət çəkir. Filmdə plastik torba ilə boğulma, bıçaqlı hücum, intihar jileti, nikahdankənar əlaqə və çılpaqlıq kimi səhnələr yer alır.
     
    Median.Az-ın məlumatına görə, ötən il Pxenyan kinoteatrlarında böyük maraqla qarşılanmış bu film bu ay ilk dəfə dövlət televiziyasında yayımlanıb və rəsmi təsdiq alıb.

    “Qarşıdurma Günləri və Gecələri” filmi 2000-ci illərin ortalarına aid hadisələri əks etdirir və əsasən fərdi və siyasi xəyanət mövzusu üzərində qurulub. Hekayənin kulminasiya nöqtəsində keçmiş lider Kim Çen İrə qarşı qatarı partlatmaq məqsədilə hazırlanan sui-qəsd planı yer alır.
     
    Bu seçim, 2004-cü ildə beynəlxalq aləmdə müzakirə edilən, lakin Şimali Koreyada çox az toxunulan Ryonqçon qatarında baş vermiş partlayışa istinad kimi qiymətləndirilir. Sözügedən partlayış dövrün rəsmi müzakirələrində “qəza” olaraq elan edilmişdi, lakin xarici mətbuatda sui-qəsd ehtimalı tez-tez gündəmə gətirilirdi.
     
    Martell, Ryonqçon hadisəsinə indiyə qədər rəsmi səviyyədə belə toxunulmadığını vurğulayır və filmin bu hadisədən birbaşa bəhs etməsinin son dərəcə təəccüblü olduğunu qeyd edir.

    Filmin məzmunu sərt olsa da, ideoloji xəttdən kənara çıxmır. Hekayə, Şimali Koreyanın formalaşmış əxlaqını əsas alır və dövlətə xəyanət edən hər kəsin qaçılmaz olaraq cəzalandırılacağı mesajını verir. Filmin finalında isə sui-qəsd planı boşa çıxır, günahkarlar tutulur və ədalətin bərqərar olduğu vurğulanır.
     
    Ekspertlər bu istehsalı, Şimali Koreyanın təbliğat kinosunda baş verən ilk ciddi transformasiya kimi qiymətləndirirlər. Martell, ölkədə kino və televiziyanın uzun illərdir ki, az büdcəli və təkrarlanan layihələrlə məhdudlaşdığını xatırlatmaqla yanaşı, dövlətin son zamanlar bu sahəyə ciddi vəsait ayırdığını bildirir. Onun sözlərinə görə, son 20-25 ildə demək olar ki, dayanmış olan kino hasilatı, son illərdə ciddi sürət qazanıb.
     
    Filmin vizual povesti, klassik təbliğat estetikasından fərqlənir. Sürətli montajı, şiddətli səhnələri, yaxın plan hərəkətləri və qaranlıq atmosferi ilə Hollivud tipli trillerləri xatırladır. Bu yeni yanaşma, filmin həm vizual, həm də emosional tərəfdən daha geniş bir auditoriyaya müraciət etməsini təmin edir.
     
    Kim Çen In administrasiyasının xüsusi diqqət yetirdiyi mövzulardan biri də gənc nəslin dəyişən baxış vərdişləridir. Ölkədə smartfon istifadəsinin artması, dövlətin nəzarətində olan rəqəmsal platformaların genişlənməsi və qeyri-qanuni şəkildə əldə edilən Cənubi Koreya seriallarının yayılması, gənclərin klassik təbliğat məzmununa olan marağını azaldıb. Bu vəziyyət, rejimi yeni təbliğat metodları axtarmağa sövq edib. Artıq məqsəd yalnız mesaj vermək deyil, həm də izlənilə bilən, maraq doğuran təbliğat hazırlamaqdır.
     
    Bu yanaşma, Şimali Koreyada kinonun tarixindəki əhəmiyyətli yerə əsaslanır. Kim Çen Ir, kino və televiziya sənayesini rejimin mərkəzi alətlərindən biri kimi istifadə edirdi; o, həm də tamaşalarda birbaşa iştirak edərək, aktyorluqdan montaja qədər bir çox mərhələdə söz sahibi olub. 1980-ci illərdə Cənubi Koreyalı aktrisa Choi Eun-hee və rejissor Şin Sanq-ok, Pxenyanda film çəkməyə məcbur edilib (bu mövzuda daha əvvəl yazı da təqdim etmişdik) və bu dövrün ən parlaq nümunələrindən birini yaradıb.
     
    Hal-hazırda, Cənubi Koreya seriallarına baxmaq Şimali Koreyada ağır cəzalarla nəticələnir. Lakin ekspertlər vurğulayırlar ki, sadəcə qadağalar kifayət etmir, rejim öz məzmununu cəlbedici etməli və cəmiyyətə uyğunlaşdırmalıdır. “Qarşıdurma Günləri və Gecələri” məhz bu ehtiyacın məhsuludur: Sürətli, sərt və müasir hekayə dili ilə gənc tamaşaçıları ələ keçirməyi hədəfləyir. Lakin mahiyyət etibarilə verdiyi mesaj dəyişmir: Dövlətə qarşı çıxmağın qiyməti hər şəraitdə fəlakətdir.//sfera.az