Month: January 2026

  • Tiktoker Müjgan polisə çağırıldı

    Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.

    Bu barədə “Unikal”a xanım tiktokerin özü məlumat verib.

    Onun sözlərinə görə, müğənni Namiq Qasımov Bakı Şəhər Baş Polis İdarəsinə onun barəsində şikayət edib:

    “Mənə səhər saatlarında Bakı şəhəri Baş Polis İdarəsindən bir əməkdaş zəng edərək barədə şikayət olduğu üçün idarəyə çağrılmağımla bağlı məlumat verdi. Səbəbi soruşduqda bildirdi ki, müğənni Namiq Qasımov məndən şikayət edib və bununla bağlı izahat verməliyəm. Sabah 10-da idarəyə gedəcəm və bundan sonra məlumatlı olacam”.

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. 
    Eyni zamanda bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır

    Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasını alqışlayır.

    Medan.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin bəyanatında bildirilib.

    “İrəvan və Bakı Azərbaycan ərazisi vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun dəmiryol vasitəsilə tranziti barədə razılığa gəliblər. Bu, iki qonşu ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına doğru daha bir addımdır – biz bu inkişafı alqışlayırıq”, – bəyanatda qeyd edilib.

    Daha əvvəl yanvarın 27-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvan və Bakının Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitum tədarükü barədə razılığa gəldiyini bildirib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistana tətbiq edilmiş yük tranzitinə məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmişdi. O vaxtdan bu istiqamətdə birbaşa və tranzit dəmiryol daşımaları həyata keçirilir.

    Azərbaycanın neft məhsullarının ilk partiyası 2025-ci ilin dekabrında Ermənistana göndərilmişdi və 1220 ton AI-95 markalı benzin təşkil edib, ikinci və üçüncü partiyalar isə müvafiq olaraq yanvarın 9-u və 10-u çatdırılıb.

  • İnterneti həqiqətən kim icad edib? – “Google”un gizlətdiyi qaranlıq TARİX

    Bir çox insan internetin “Google” tərəfindən icad edildiyini və ya şirkətin onun yaranmasında əsas rol oynadığını düşünür. Əslində isə “Google” ilk texnoloji inkişaflardan onilliklər sonra meydana çıxıb.

    Lent.az xəbər verir ki, internetin başlanğıcı 1960-cı illərin sonlarına təsadüf edir.

    Həmin dövrdə ABŞ Müdafiə Nazirliyi ARPANET layihəsini yaratmışdı. Layihənin məqsədi hərbi münaqişə şəraitində belə elmi mərkəzlər arasında dayanıqlı rabitəni təmin etmək idi.

    İnkişaf işləri bir neçə universitetin mühəndis və alimləri tərəfindən aparılırdı. Onların arasında Leonard Kleinrok, Vinton Serf və Robert Kan da var idi. Məhz Serf və Kan müasir internetin əsasını təşkil edən TCP/IP protokollarını hazırlamışdılar. Bu texnologiyalar kompüterlərə tipindən və yerləşdiyi məkandan asılı olmayaraq məlumat mübadiləsi aparmağa imkan verdi.

    “Google” isə yalnız 1998-ci ildə yaradılıb. Şirkət axtarış sistemi hazırlasa da, şəbəkənin fundamental texnologiyalarının formalaşmasında iştirak etməyib. Mütəxəssislər bildirirlər ki, “Google”un gizli rolu” ilə bağlı mif şirkətin böyük populyarlığı səbəbindən yaranıb. İnsanlar internetlə bağlı bir çox şeyi avtomatik olaraq bu şirkətlə əlaqələndirirlər.

    Əslində isə internet onlarla tədqiqat qrupunun birgə əməyinin nəticəsidir. Bu, bir korporasiyanın işi deyil, kollektiv əmək olub. Şəbəkənin bəzi elementləri özəl şirkətlərdə hazırlansa da, əsas protokollar universitetlərdə yaradılmış və dövlət tərəfindən maliyyələşdirilmişdi. Nəticələr isə hamı üçün açıq idi.

    Texnologiya tarixçiləri qeyd edir ki, internet açıq sistem kimi düşünülmüşdü. Bu isə onun qapalı korporativ şəbəkələrdən daha sürətli inkişaf etməsinə şərait yaratdı. “Google” internetin populyarlaşmasında böyük rol oynasa da, onun yaradılmasında iştirak etməyib. Şirkətin hazırladığı axtarış alqoritmləri şəbəkədən istifadəni xeyli rahatlaşdırdı, lakin əsas prinsiplər ondan çox əvvəl mövcud idi.

    “Qaranlıq tarix” barədə miflər əsasən texniki detalları bilməməkdən yaranır. İnsanlara onlarla institut və laboratoriyanı təsəvvür etməkdənsə, hər şeyi bir şirkətlə əlaqələndirmək daha asan görünür. Ekspertlər hesab edir ki, real faktları bilmək vacibdir. Bu faktlar göstərir ki, internet gizli korporativ layihələrin deyil, alimlərin əməkdaşlığının məhsuludur. İnsanlar onun tarixi haqqında nə qədər çox məlumatlı olsalar, fərziyyələrə bir o qədər az yer qalır. İnternet kölgədə deyil, universitet laboratoriyalarında və elmi mərkəzlərdə doğulub.

  • İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək

    Dövlət Dəniz və Liman Agentliyində təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq olunacaq.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.

    Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.

    Sözügedən tələblər “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.

    Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib.

    Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.

    Ödəniş üçün tələb olunan bank rekvizitləri barədə məlumatları linkə keçid edərək öyrənmək mümkündür.

  • Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? – FOTO

    Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında orta aylıq əməkhaqqına alına biləcək mal ətinin miqdarına görə ilk sırada İrlandiya, son sırada isə İran yer alır.

    Yeniavaz.com “Numbeo”ya istinadən xəbər verir ki, İrlandiyada orta aylıq əmək haqqına 254 kiloqram, İranda isə 28 kiloqram mal əti almaq mümkündür.

    Qeyd edək ki, İrlandiyada vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra insanların aldığı orta aylıq əməkhaqqı 3 min 594 dollar, İranda isə 255 dollar təşkil edir. Eyni zamanda İrlandiyada bir kiloqram mal ətinin orta satış qiyməti 14 dollar, İranda isə 9 dollara bərabərdir.

    Məlumat üçün bildirək ki, Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında orta aylıq əmək haqqına alına biləcək mal ətinin miqdarına görə Azərbaycan yalnız İrandan öndədir. Azərbaycanda vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra insanların aldığı orta aylıq əmək haqqı 780 manat (458 dollar), mal ətinin bir kiloqramının orta satış qiyməti isə 17 manat (10 dollar) təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanda orta aylıq əmək haqqına 44 kiloqram mal əti almaq mümkündür.

    Bu göstərici qonşu ölkələrdən Rusiyada 83 kiloqrama, Gürcüstanda 56 kiloqrama, Türkiyədə və Ermənistanda 53 kiloqrama, İranda isə 28 kiloqrama bərabərdir.

    Cədvəldə Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra orta aylıq əməkhaqqı, bir kiloqram mal ətinin orta satış qiyməti və orta aylıq əmək haqqına alına biləcək mal ətinin miqdarı göstərilib:

  • Polkovnik Vidadi Orucov vəfat etdi

    Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi Orucov vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 68 yaşında Moskvada dünyasını dəyişib.

    Qeyd edək ki, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.

    O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

    Mərhum Göygöl rayonunda dəfn olunub.

  • Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?

    Çoxları düşünə bilər ki, bu ən yüksək zirvələr – Everest və ya K2-dir. Lakin həqiqət bir az fərqlidir.

    Qaynarinfo “IFScience” jurnalına istinadən xəbər verir ki, ulduzlara ən yaxın nöqtə Ekvadorda yerləşən Çimboraso vulkanıdır. Bu dağ artıq vulkan olsa da, aktiv deyil və hündürlüyü dəniz səviyyəsindən 6268 metrdir.

    Bu, Everest (8849 m) və ya K2 (8611 m) ilə müqayisədə xeyli azdır və hətta Çimboraso Cənubi Amerikadakı dağların ən yüksək zirvəsi deyil – And dağlarının 37-ci yüksək zirvəsidir.

    Amma Çimboraso zirvəsi texniki baxımdan Günəşə və ulduzlara daha yaxındır, çünki o, ekvator yaxınlığında yerləşir. Yer faktiki olaraq yastıqlanmış sferoid şəklindədir: fırlanma səbəbindən ekvator ətrafında planet qalınlaşır, qütblərdən daha uzaq “çıxıntı” əmələ gəlir.

    Everest ekvatordan kifayət qədər uzaqda, Nepal və Çin sərhədində (28° şimal enliyi) yerləşdiyi üçün bu baxımdan əlverişsizdir. Çimboraso isə demək olar ki, ekvator üzərindədir – yalnız 1° cənub enliyində, yəni Yer kürəsinin “ən qalın” hissəsinə çox yaxındır. Bu da onu planetimizin mərkəzindən ən uzaq nöqtə edir.

    Beləliklə, “Dünyanın zirvəsindəyəm!” demək üçün Everestə çıxmağa ehtiyac yoxdur. Everestə çıxmaq adətən 10 günlük yürüş, 6 həftə aklimatizasiya və 7–9 günlük zirvəyə qalxış tələb edir. Çimborasoya çıxış isə təxminən iki həftəyə başa gəlir, son zirvəyə qalxış isə 1–2 gün davam edir.

  • Qırıcılar havaya qalxdı – Trampdan İrana son xəbərdarlıq (Video)

    “Hazırda böyük bir donanma İrana doğru irəliləyir”.

    Bunu ABŞ prezidenti Donald Tramp deyib.

    “Əgər razılaşma əldə etsək, bu yaxşıdır. Əgər razılaşma əldə etməsək, nə olacağını görəcəyik”.

    Bu arada, ABŞ Mərkəzi Komandanlığı Ərəbistan dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindən F/A-18E Super Hornet qırıcısının havaya qalxdığını açıqlayıb.
    //unikal.az

  • Fatih Ürek vəfat etdi

    Dörd aydır reanimasiyada olan 59 yaşlı türkiyəli məşhur müğənni Fatih Ürək vəfat edib.

    Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

    Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı.