Month: Yanvar 2026

  • Sabahdan bu avtobuslar yenilənir – Gedişhaqqı 50 qəpik

    Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun “Neftçilər” stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

    Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

  • Sabah duman olacaq, külək əsəcək

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

  • Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı

    “Hazırda Azərbaycanda minlərlə şəxsin orqana ehtiyacı var”.

    Oxu.Az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    O, qeyd edib ki, hazırda 4642 şəxs dializ olunur:

    “Onların donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra bu mexanizmlə donor olmaq istəyənlərin sayı 1200-ü keçib”.

  • Ağdamda qadın bıçaqlandı – Əri saxlanıldı

    Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini Gülzəndə Abbas qızı Salahova bıçaqlanıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İşdən çıxarılan icra başçısını kim əvəz edir?

    Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.

    Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il Qaradağ rayonuna rəhbərlik edib.

  • Tiktoker Müjgan polisə çağırıldı

    Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.

    Bu barədə “Unikal”a xanım tiktokerin özü məlumat verib.

    Onun sözlərinə görə, müğənni Namiq Qasımov Bakı Şəhər Baş Polis İdarəsinə onun barəsində şikayət edib:

    “Mənə səhər saatlarında Bakı şəhəri Baş Polis İdarəsindən bir əməkdaş zəng edərək barədə şikayət olduğu üçün idarəyə çağrılmağımla bağlı məlumat verdi. Səbəbi soruşduqda bildirdi ki, müğənni Namiq Qasımov məndən şikayət edib və bununla bağlı izahat verməliyəm. Sabah 10-da idarəyə gedəcəm və bundan sonra məlumatlı olacam”.

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. 
    Eyni zamanda bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır

    Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasını alqışlayır.

    Medan.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin bəyanatında bildirilib.

    “İrəvan və Bakı Azərbaycan ərazisi vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun dəmiryol vasitəsilə tranziti barədə razılığa gəliblər. Bu, iki qonşu ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına doğru daha bir addımdır – biz bu inkişafı alqışlayırıq”, – bəyanatda qeyd edilib.

    Daha əvvəl yanvarın 27-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvan və Bakının Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitum tədarükü barədə razılığa gəldiyini bildirib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistana tətbiq edilmiş yük tranzitinə məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmişdi. O vaxtdan bu istiqamətdə birbaşa və tranzit dəmiryol daşımaları həyata keçirilir.

    Azərbaycanın neft məhsullarının ilk partiyası 2025-ci ilin dekabrında Ermənistana göndərilmişdi və 1220 ton AI-95 markalı benzin təşkil edib, ikinci və üçüncü partiyalar isə müvafiq olaraq yanvarın 9-u və 10-u çatdırılıb.

  • İnterneti həqiqətən kim icad edib? – “Google”un gizlətdiyi qaranlıq TARİX

    Bir çox insan internetin “Google” tərəfindən icad edildiyini və ya şirkətin onun yaranmasında əsas rol oynadığını düşünür. Əslində isə “Google” ilk texnoloji inkişaflardan onilliklər sonra meydana çıxıb.

    Lent.az xəbər verir ki, internetin başlanğıcı 1960-cı illərin sonlarına təsadüf edir.

    Həmin dövrdə ABŞ Müdafiə Nazirliyi ARPANET layihəsini yaratmışdı. Layihənin məqsədi hərbi münaqişə şəraitində belə elmi mərkəzlər arasında dayanıqlı rabitəni təmin etmək idi.

    İnkişaf işləri bir neçə universitetin mühəndis və alimləri tərəfindən aparılırdı. Onların arasında Leonard Kleinrok, Vinton Serf və Robert Kan da var idi. Məhz Serf və Kan müasir internetin əsasını təşkil edən TCP/IP protokollarını hazırlamışdılar. Bu texnologiyalar kompüterlərə tipindən və yerləşdiyi məkandan asılı olmayaraq məlumat mübadiləsi aparmağa imkan verdi.

    “Google” isə yalnız 1998-ci ildə yaradılıb. Şirkət axtarış sistemi hazırlasa da, şəbəkənin fundamental texnologiyalarının formalaşmasında iştirak etməyib. Mütəxəssislər bildirirlər ki, “Google”un gizli rolu” ilə bağlı mif şirkətin böyük populyarlığı səbəbindən yaranıb. İnsanlar internetlə bağlı bir çox şeyi avtomatik olaraq bu şirkətlə əlaqələndirirlər.

    Əslində isə internet onlarla tədqiqat qrupunun birgə əməyinin nəticəsidir. Bu, bir korporasiyanın işi deyil, kollektiv əmək olub. Şəbəkənin bəzi elementləri özəl şirkətlərdə hazırlansa da, əsas protokollar universitetlərdə yaradılmış və dövlət tərəfindən maliyyələşdirilmişdi. Nəticələr isə hamı üçün açıq idi.

    Texnologiya tarixçiləri qeyd edir ki, internet açıq sistem kimi düşünülmüşdü. Bu isə onun qapalı korporativ şəbəkələrdən daha sürətli inkişaf etməsinə şərait yaratdı. “Google” internetin populyarlaşmasında böyük rol oynasa da, onun yaradılmasında iştirak etməyib. Şirkətin hazırladığı axtarış alqoritmləri şəbəkədən istifadəni xeyli rahatlaşdırdı, lakin əsas prinsiplər ondan çox əvvəl mövcud idi.

    “Qaranlıq tarix” barədə miflər əsasən texniki detalları bilməməkdən yaranır. İnsanlara onlarla institut və laboratoriyanı təsəvvür etməkdənsə, hər şeyi bir şirkətlə əlaqələndirmək daha asan görünür. Ekspertlər hesab edir ki, real faktları bilmək vacibdir. Bu faktlar göstərir ki, internet gizli korporativ layihələrin deyil, alimlərin əməkdaşlığının məhsuludur. İnsanlar onun tarixi haqqında nə qədər çox məlumatlı olsalar, fərziyyələrə bir o qədər az yer qalır. İnternet kölgədə deyil, universitet laboratoriyalarında və elmi mərkəzlərdə doğulub.

  • İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək

    Dövlət Dəniz və Liman Agentliyində təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq olunacaq.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.

    Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.

    Sözügedən tələblər “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.

    Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib.

    Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.

    Ödəniş üçün tələb olunan bank rekvizitləri barədə məlumatları linkə keçid edərək öyrənmək mümkündür.