Month: Yanvar 2026

  • XƏBƏRDARLIQ: Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir

    Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır?
     
    Median.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Türkiyədə müşahidə olunan kəskin şaxtalı hava dalğasının Azərbaycana təsir etmə ehtimalı olduqca realdır. Lakin bu təsir adətən bir neçə gün sonra və daha yumşalmış formada özünü göstərir.
     
    Onun sözlərinə görə, meteoroloji qanunauyğunluqlara və hazırkı 2026-cı il fevral proqnozlarına əsasən, bu prosesi aşağıdakı kimi təhlil etmək olar:
     
    “Türkiyənin qərb və mərkəzi hissələrinə daxil olan soyuq hava kütlələri şərqə doğru hərəkət edərək Azərbaycana çatması üçün adətən 48-72 saat (2-3 gün) vaxt tələb olunur. Yəni, bu gün İstanbulda başlayan şaxta, bir neçə gündən sonra ölkəmizə daxil olur”.
     
    Cavid Hüseynov vurğulayır ki, soyuq hava kütlələri Türkiyənin dağlıq relyefini (Anadolu yaylasını) keçərkən və xüsusilə Qafqaz dağları ilə qarşılaşdıqda öz ilkin sərtliyini bir qədər itirir və transformasiyaya uğrayır.
     
    “Bakı və Abşeron yarımadası üçün Xəzər dənizi nisbi mülayimləşdirici rol oynayır. Türkiyədən gələn soyuqlar Naxçıvan və ölkənin qərb rayonlarında (Gəncə-Qazax zonası) daha çox hiss oluna bilər”.

  • Soyuq duş: sağlamlığa faydaları və riskləri

    Mövsümdən asılı olmayaraq bəzi insanlar soyuq duş qəbul etməyə üstünlük verirlər.
     
    Bu vərdiş düzgün və mütəmadi şəkildə tətbiq edildikdə həm fiziki, həm də zehni sağlamlığa müəyyən faydalar verə bilər.

    Soyuq su ilə duş almaq qan dövranını sürətləndirir və immun sisteminin möhkəmlənməsinə kömək edir. Xüsusilə idmandan sonra qəbul edilən soyuq duş əzələ ağrılarının azalmasında təsirli hesab olunur.

    Soyuq suyun dəri və saç sağlamlığına da müsbət təsiri var. Dəriyə tonus verir, saç köklərini möhkəmləndirir və saçların daha sağlam görünməsinə şərait yaradır. Eyni zamanda, soyuq duşun ağrıkəsici təsir göstərdiyi də bildirilir.

    Bununla belə, soyuq duş orqanizmdə ani fiziki şok və stres yarada bilər. Xüsusilə ürək-damar problemləri olan şəxslərin bu vərdişi tətbiq etməzdən əvvəl diqqətli olmaları tövsiyə olunur.

    Qeyd edək ki, soyuq duş mütəmadi qəbul edildikdə orqanizmdə “indurasiya” adlanan uyğunlaşma prosesi başlayır. Bu proses nəticəsində bədən soyuğa daha davamlı olur və stresə reaksiyalar zamanla azalır.
    //sfera.az

  • Azərbaycanda yeni fənn tədris olunacaq

    2026–2030-cu illərdə Azərbaycan mədəniyyət dəyərləri üzrə fənlər tədris olunacaq
     
    Median.Az xəbər verir ki, bu barədə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müzakirəsi zamanı məlumat verilib.
     
    Qeyd olunub ki, Konsepsiyanın ilk mərhələsində mədəniyyətin təhsilin ayrılmaz tərkib hissəsinə çevrilməsi nəzərdə tutulur. Bu çərçivədə 2026-2030-cu illərdə Azərbaycan mədəniyyət dəyərləri üzrə fənlərin tədrisinin təşkili planlaşdırılır. //Publika.az 

  • Qumar oyunlarına görə 428 internet resursuna giriş məhdudlaşdırılıb

    Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də aparılan monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.
     
    Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib. 
     
    Bildirilib ki, girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.
     
    ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

  • DYP-dən sürücülərə xəbərdarlıq: 50 AZN cərimə…

    Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.
     
    İdarədən  verilən məluamta görə, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.
     
    Bildirilib ki, son dövrlərdə şəhər və magistral yollarda hərəkətin intensiv olduğu saatlarda nəqliyyat axınının qəfil dayanmasına səbəb olan əsas amillərdən biri sürücülərin texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən avtomobillərlə yola çıxmasıdır:
     
    “Bu cür nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qəfil dayanması nəticəsində zolaqlardan birinin tutulması baş verir ki, bu da xüsusilə şəhər yollarında uzunmüddətli tıxacların yaranmasına, digər sürücülərin haqlı narazılığına və yol hərəkəti təhlükəsizliyinin pozulmasına səbəb olur.
     
    Aparılan müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərində mövcud olan texniki nasazlıqlardan xəbərdar olduqları halda belə, bunun doğura biləcəyi fəsadları nəzərə almadan yola çıxırlar. Nəticədə yolun ortasında dayanan bir avtomobil yüzlərlə digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaradır, sürücülərin vaxt itkisinə, əsəbi gərginliyə və qəza riskinin artmasına gətirib çıxarır.
     
    Xüsusilə pik saatlarda, dar yol sahələrində, körpülərdə, tunellərdə və yol qovşaqlarında nasaz avtomobilin dayanması şəhərin nəqliyyat sistemində ciddi axsamalara səbəb olur. Bir zolağın tutulması ilə başlayan problem qısa müddətdə genişmiqyaslı tıxaclara çevrilir və minlərlə vətəndaşın gündəlik hərəkətinə mənfi təsir göstərir.
     
    “Yol hərəkəti haqqında” Qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitələrinin istismarı qadağandır və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən bu cür hallara görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
     
    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına daim nəzarət etməyə, nasazlıq aşkar edildiyi halda avtomobillə yola çıxmamağa və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır. Unudulmamalıdır ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün problemi deyil, bütün yol hərəkəti iştirakçıları üçün əlavə risk və narahatlıq mənbəyidir”.

  • Bakıda göyərti çəki ilə satılmağa başlayıb

    Bakıda göyərti çəki ilə satılır.
     
    Median.Az-ın Milli.Az-a istinadən məlumatına görə, marketlərdən birində göyərtinin 1 kiloqramı 5 manata satışa çıxarılıb.
     
    Alıcılardan biri 4 dəstə göyərti aldığını və tərəzidə çəkildikdən sonra bunun üçün 1 manat 63 qəpik ödədiyini deyib.
     
    Bazarlarda eyni miqdarda, hətta 5 dəstə göyərtini 1 manata almaq mümkündür.

  • Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

    Salyan şəhər sakini Rusiya-Ukrayna müharibəsində həlak olub.

    Bu barədə hüquq müdafiəçisi Emil Məmmədov sosial şəbəkədə məlumat yayıb.

    O bildirib ki, 30 ildir ki, Rusyanın Sankt-Peterburq şəhərində yaşayan Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya – Ukrayna müharibəsində həyatını itirib.

  • Ceyhun Salmanov həbs olundu

    Sumqayıt Şəhər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Prosesdə təqdimata baxılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə C. Salmanov barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Prokurorluğunda “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı mərkəzdə qanunsuz faktlar aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
    //oxu.az

  • “Şamaxı” futbolçusu ilə yollarını ayırıb

    “Şamaxı” futbolçusu Antonio Lara ilə yollarını ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    27 yaşlı mərkəz müdafiəçisinin müüqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

  • Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min manatdan çox ziyan dəyib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri, Abşeron və İsmayıllı rayonlarının inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min manatdan çox ziyan dəyib.

    Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 10G ünvanında, eyni zamanda Xətai rayonu Xəqani Rüstəmov küçəsində, Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti 231 ünvanında, Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsində, İsmayıllı rayonu Zərnava və Sərdahar kəndlərinin inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min 10 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.