Month: February 2026

  • Çin avtomobili almaq istəyənlərin nəzərinə! Qiymətlər bu qədər artacaq

    Son aylarda Çindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. Avtomobil bazarındakı dinamika göstərir ki, əvvəlki illərlə müqayisədə idxal tempi zəifləyib və kütləvi gətirilmə mərhələsi artıq geridə qalır. Mütəxəssislər bu dəyişiklikdə əsas faktor kimi gömrük siyasətində edilən yenilikləri göstərirlər.

    Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən avtomobillərlə bağlı bir sıra gömrük güzəştləri ləğv olunub. Bu qərar idxal xərclərinə birbaşa təsir edib və nəticədə Çin istehsalı avtomobillərin son satış qiymətlərində artım qeydə alınıb. Əvvəllər qiymət üstünlüyü ilə seçilən bu modellər artıq bazarda əvvəlki qədər əlçatan hesab edilmir.

    İqtisadçı ekspert Vüqar Oruc bildirib ki, güzəştlərin dayandırılması avtomobillərin qiymətində orta hesabla 5-10%, bəzi hallarda isə 15%-ə qədər artıma səbəb olub. Bu artım alıcıların büdcəsinə təsir göstərdiyindən Çin avtomobillərinə müraciətlərin sayı azalıb.

    Ekspert qeyd edir ki, bazar tələbinə uyğun olaraq artıq əvvəlki kimi kütləvi idxal həyata keçirilmir, əsasən seçilmiş, daha çox tələbat olan modellər ölkəyə gətirilir. Bundan başqa, bazarda kifayət qədər Çin avtomobili mövcuddur və bu da yeni idxala olan ehtiyacı müəyyən qədər azaldır.

    V.Orucun sözlərinə görə, gömrük rüsumları və digər güzəştlərin ləğvi yeni gətirilən avtomobillərin qiymətini yüksəldib. Əvvəllər yeni avtomobillər ikinci əl bazarı ilə müəyyən çərçivədə rəqabət aparırdısa, hazırda qiymət fərqi artıb və alıcılar daha çox işlənmiş avtomobillərə üstünlük verirlər.

    Ekspert vurğulayır ki, mövcud vəziyyət birbaşa rüsum siyasəti ilə bağlıdır və 2026-cı ildə qiymət artımını azaltmağa yönəlmiş xüsusi proqram nəzərdə tutulmayıb. Ümumilikdə artan xərclər və digər iqtisadi amillər də avtomobil bazarında bahalaşmanı şərtləndirən əsas səbəblər sırasındadır.

    Beləliklə, gömrük güzəştlərinin ləğvi Çin avtomobillərinin qiymətinin artmasına gətirib çıxaracaq.

  • Tehranda yeni etiraz aksiyaları başlayıb

    İran müxalifətinin nümayəndələri Tehranda və dünyanın müxtəlif şəhərlərində yeni aksiyalar təşkil ediblər. “Der Spiegel”in yazdığına görə, fevralın 15-i axşam saatlarında İran paytaxtının bir neçə rayonunda sakinlər eyvanlardan “İslam Respublikasına ölüm”, “Xameneiyə ölüm”, “Şah yaşasın” şüarları səsləndiriblər.

    İrandan kənarda fəaliyyət göstərən müstəqil “Iran International” televiziya kanalı qruplar halında toplaşmış şəxslərin “Bu son döyüşdür, Pəhləvi qayıdır” və “İslam İnqilabı Keşikçilərinə ölüm” şüarları səsləndirdiyini əks etdirən videogörüntülər yayımlayıb. Oxşar aksiyalar barədə məlumatlar İranın bir neçə digər şəhərindən də daxil olur.

    Ötən həftəsonu Münhendə təxminən 250 min nəfər İranda mövcud hakimiyyətə qarşı etiraz aksiyasına çıxıb. İranlı etirazçılara dəstək aksiyaları həmçinin Los-Anceles, Vaşinqton, Toronto və digər şəhərlərdə də keçirilib.

  • TƏBİB-in sədr əvəzi kimdir?

    Mediada yayımlanan məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov işdən uzaqlaşdırılıb. Onun yerini müavini Anar İsrafilovun aldığı da deyilir.

    Median.Az TƏBİB-in yeni rəhbəri olduğu deyilən Anar İsrafilovun dosyesini təqdim edir.

    Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.

    Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsil alıb.

    Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi də işləyib.

    O, 2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

    Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

  • ABŞ Ədliyyə Nazirliyi Epşteynin sənədlərində adı çəkilən 300 tanınmış şəxsin​​ siyahısını dərc edib

    ABŞ-ın Baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib.

    Bu barədə “Fox News” onun Konqres üzvlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

    Məlumata görə, məktubda Ədliyyə Nazirliyinin Epşteyn işi sənədlərində ən azı bir dəfə adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi cəhətdən güclü fiqurların adları yer alır.

    Bunlara Britaniya şahzadəsi Harri, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurlar da daxildir.

  • “Sabah”ın baş məşqçisi: “Qəbələ” bu gün bir xala layiq idi”

    “Misli Premyer Liqasının XX turunda “Sabah”la qarşılaşan “Qəbələ” 1 xala layiq idi”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra mətbuat konfransında deyib.

    Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

    “Yaxşı oyuna görə hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” həqiqətən də çox yaxşı komandadır və onların çıxışında məşqçi əməyi aydın hiss olunur. Düşünürəm ki, bu kollektiv turnir cədvəlində daha yüksək pillələrə layiqdir. Matça istədiyimiz tempdə başlamaq və planlaşdırdıqlarımızı meydanda həyata keçirmək üçün bizə 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiə xəttini yarmaq asan deyildi. Birinci hissədə əsasən bir real qol imkanımız oldu. Fasilədən sonra müəyyən taktiki düzəlişlər etdik və xüsusilə ikinci yarının əvvəlində daha yaxşı oynadıq. Bunun nəticəsində hesabı açdıq. Hətta ikinci qolu vurmaq üçün də imkanımız vardı.

    Görüşün son dəqiqələri isə bizim üçün gərgin keçdi. “Qəbələ” son 10 dəqiqədə tam heyətlə hücuma atıldı və ciddi təzyiq yaratdı. Açığı, bəlkə də bu gün bir xala layiq idilər. Qapıçımızın möhtəşəm qurtarışı komandamızı xilas etdi. Sonda 3 xalı qazanan tərəf biz olduq. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. İndi isə diqqətimizi qarşıdakı “Kəpəz”lə oyuna yönəltməliyik”.

    Qeyd edək ki, “Qəbələ” – “Sabah” matçı qonaq komandanın 0:1 hesablı qələbəsi ilə bitib.

  • Moskvada azərbaycanlı cütlüyün cəsədi tapıldı

    Moskvada azərbaycanlı cütlüyün cəsədləri tapılıb.

    Hadisə Moskvadakı Salaryevo Park yaşayış kompleksində evli cütlüyün cəsədləri tapılıb. Medianın məlumatına görə, onların hər ikisi intihar edib. Faciə baş verən zaman onların beş yaşlı uşağı mənzildə olub və o, faciənin şahidi olub.

    Ölənlər geyim və alt paltarı satan sahibkarlar Vasif və Aygündür. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində bizneslə məşğul olublar, lakin sonradan Moskvaya köçüb evlərinin yaxınlığında mağaza açıblar. Ölümün səbəbi hələ müəyyən edilməyib.

    Psixoloqlar uşaqla işləyirlər. Ailənin üç uşağı var.

  • Yerləri dəyişdirildi – Ardıcıl 3 gün iş olmayacaq

    8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilib.

    Bu il həmin gün bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilərək 9 mart da qeyri-iş günü elan edilib.

    Beləliklə, şənbə, bazar və bayram günləri də daxil olmaqla, mart ayında ümumilikdə 17 gün qeyri-iş günü olacaq.

  • 46 yaşlı kişi işlədiyi yerdə ürəktutmasından öldü

    Samuxda şirkətlərin birində çalışan şəxs ürəktutmadan dünyasını dəyişib.

    Hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birində baş verib.

    Belə ki, Tərtər Rayon sakini olan X. Hüseynovun işlədiyi şirkətdə halı pisləşib. Müayinə zamanı 46 yaşlı kişinin öldüyü məlum ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Məlumata görə 46 yaşlı kişi ürəktutmadan dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

    Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

  • Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak etdi (FOTO)

    “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Qaranlıqdan sonra” adlı xüsusi tədbir keçirilib.

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib.

    Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.

    Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab olunan sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib.

    Sonra reabilitasiya prosesi keçən uşaqlar tərəfindən Azərbaycan filmlərindən seçilmiş fraqmentlər səhnələşdirilib, rəqs kompozisiyaları təqdim olunub.

    Bədii hissədə sığınacağın uşaqları ilə bərabər, Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afaq Bəşirqızı, Əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.

    Sonda “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Özgə uşağı olmur” himni səsləndirilib.



  • “Serbian News”: Serbiya Azərbaycanın investisiyaları sayəsində enerji təhlükəsizliyini möhkəmləndirəcək

    Serbiyada qaz elektrik stansiyasının Azərbaycanla birgə tikintisi layihəsi Belqradın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi üzrə strategiyasına uyğundur.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiyanın “Serbian News” nəşrinin məqaləsində bildirilib.

    “Azərbaycan kapitalının dəstəyi ilə yeni qaz elektrik stansiyasının tikintisi layihəsi elektrik enerjisinə tələbatın artması, Avropa İttifaqının (Aİ) dekarbonizasiya ilə bağlı təzyiqi və enerji infrastrukturunun modernləşdirilməsi zərurəti fonunda Serbiyanın enerji sektorunun investisiya mənzərəsində nəzərəçarpacaq dəyişiklikdən xəbər verir”, – nəşr yazıb.

    Qeyd olunub ki, tarixi baxımdan Serbiyanın elektroenergetika sistemi böyük ölçüdə liqnit əsaslı istehsala arxalanıb, bu isə əsasən dövlət şirkəti olan “Elektroprivreda Srbije” (EPS) tərəfindən idarə olunurdu və hidroenergetika ilə məhdud qaz gücləri tərəfindən əlavə olaraq dəstəklənirdi. Bu model uzun müddət qiymət sabitliyini təmin etsə də, müasir bazar reallıqları və ekoloji standartlar şəraitində tədricən öz səmərəliliyini itirib. Köhnələn kömür infrastrukturu, karbon xərclərinin artması, regional enerji bazarlarının qeyri-sabitliyi və tez-tez baş verən kəsintilər, xüsusilə qış fəsli və quraqlıq illərində təklifin struktur çatışmazlığına gətirib çıxarıb.

    “Bu şəraitdə qaz generasiyası təkcə köməkçi enerji mənbəyi kimi deyil, enerji sisteminin sabitləşdirilməsi üçün əsas alət kimi yenidən nəzərdən keçirilir. Azərbaycanın bu prosesdə iştirakı Serbiyanın qaz təchizatının şaxələndirilməsi və ənənəvi mənbələrdən asılılığın azaldılması üzrə daha geniş siyasətinin bir hissəsidir. Son illərdə Belqrad yeni qaz interkonnektorlarının inkişafına, saxlama güclərinin genişləndirilməsinə və qaz təchizatı üzrə uzunmüddətli müqavilələrin bağlanmasına fəal şəkildə investisiya yatırıb”, – məqalədə bildirilib.

    Qeyd olunub ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz təchizatında artıq mühüm rol oynayan Azərbaycanın iştirakı ikitərəfli əməkdaşlığı yeni səviyyəyə – yanacaq təchizatından elektrik enerjisi istehsalında birbaşa iştiraka çıxarır. Bu, Serbiyanı daha yüksək səviyyəli enerji dayanıqlılığı ilə təmin edir və ənənəvi enerji tərəfdaşlarından asılılığı azaldır.

    Məqaləyə əsasən, layihənin aktuallığı həmçinin sənaye inkişafı, iqtisadiyyatın rəqəmsallaşması və məlumat mərkəzlərinin tikintisi nəticəsində yaranan elektrik enerjisi istehlakının davamlı artımı ilə şərtlənib.

    “Bərpaolunan enerji mənbələrinin payının artmasına baxmayaraq, onların qeyri-sabitliyi və enerji sisteminə inteqrasiyasının mürəkkəbliyi çevik generasiya güclərinin mövcudluğunu tələb edir. Qaz elektrik stansiyası tələbatın dəyişməsinə tez reaksiya verməyə imkan yaradacaq və enerji sisteminin sabit işini təmin edəcək”, – “Serbian News” qeyd edib.

    Maliyyə nöqteyi-nəzərdən layihənin Azərbaycan investorlarının xüsusi kapitalını, eləcə də regional və beynəlxalq maliyyə institutlarının uzunmüddətli kreditlərini özündə birləşdirən hibrid maliyyələşdirmə strukturundan istifadə edilməklə həyata keçirilməsi gözlənilir. Bununla yanaşı, maliyyələşmənin cəlb edilməsi üçün həlledici amil gəlirlərin sabitliyini təmin edən elektrik enerjisinin alqı-satqısı haqqında uzunmüddətli sazişlərin və ya dövlət dəstəyi mexanizmlərinin mövcudluğu olacaq.

    “Layihənin geosiyasi əhəmiyyəti də mühümdür. Azərbaycanın Cənub-Şərqi Avropanın enerji sektorunda iştirakının genişləndirilməsi Bakının region ölkələri üçün etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirmək strategiyasına uyğundur. Serbiya üçün bu əməkdaşlıq enerji təchizatının şaxələndirilməsi və enerji müstəqilliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır”, – məqalədə vurğulanıb.

    Qeyd olunub ki, yeni qaz elektrik stansiyası həmçinin bərpaolunan enerji mənbələrinin inteqrasiyasını yaxşılaşdırmağa, sənaye üçün enerji təchizatının etibarlılığını artırmağa, eləcə də kəsinti və qiymət qeyri-sabitliyi risklərini azaltmağa imkan verəcək. Bu, sabit elektrik enerjisi təchizatına ehtiyac duyan enerji tutumlu sahələr və yüksək texnoloji istehsal üçün xüsusilə vacibdir.