Month: February 2026

  • “OpenAI” GPT-4o modelinin bir versiyasını istifadədən çıxaracaq

    “OpenAI” “ChatGPT” platformasında istifadə olunan GPT-4o modelinin müəyyən versiyasına çıxışı dayandırır.

    Valyuta.az xəbər verir ki, şirkət qərarı modelin bəzi hallarda istifadəçi fikirləri ilə həddindən artıq razılaşması və obyektivlikdən uzaq davranış nümayiş etdirməsi ilə izah edir.

    Bildirilib ki, bu addım süni intellekt sistemlərində neytrallığın, dəqiqliyin və təhlükəsizlik standartlarının qorunması məqsədi daşıyır.

    Qərar bəzi istifadəçilərin narazılığına səbəb olub. Onlar həmin versiyanın daha empatik və “insani” ünsiyyət qurduğunu qeyd etsələr də, “OpenAI” etibarlılıq prinsiplərindən geri çəkilməyəcəyini vurğulayır.

  • Dövlət hesabına xaricdə təhsil hüququ qazanan 33 nəfər imtina edib

    Ötən il 33 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil hüququ qazansa da, bundan imtina edib.

    Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib.

    O qeyd edib ki, həmin yerləri proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslər əvəz ediblər, Dövlət Proqramından yararlanıblar.

  • İstifadəyə yararsız pulları 2 martdan sonra bu banklarda dəyişmək mümkündür

    Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi prosedurunda dəyişiklik edib.

    Bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, 2 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi xidməti operator banklar – “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapitalbank” ASC-nin ölkə üzrə fəaliyyət göstərən filial və şöbələrində ödənişsiz həyata keçiriləcək.

    Qeyd olunub ki, həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaq.

    Bununla yanaşı, yubiley və xatirə pul nişanlarının satışı, eləcə də Mərkəzi Bankın onlayn satış sistemi vasitəsilə alınmış pul nişanlarının təhvili 2 martdan etibarən Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həyata keçiriləcək. Təslim prosesi həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək aparılacaq.

    Mərkəzi Bank əlavə edib ki, investisiya pul nişanlarının satışı və geri alışı əvvəlki qaydada satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC vasitəsilə davam etdiriləcək.

    Xatırladılıb ki, milli pul nişanlarının dəyişdirilməsi üçün Mərkəzi Bankın ərazi idarələrinə, ölkədə fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına və poçt rabitəsinin milli operatoruna da müraciət etmək mümkündür.

  • Kirayə evlərin qiyməti ARTACAQ? – EKSPERT AÇIQLADI

    Yanvarın 1-dən etibarən müqaviləli kirayələrin dövlət rüsumu 14%-dən 10%-ə endirildi. Dəyişiklik ilkin baxışda kirayə bazarının leqallaşdırılması və qiymətlərin sabitləşməsi baxımından müsbət addım kimi qiymətləndirilir. Çünki əvvəlki illərdə kirayə münasibətlərinin böyük hissəsi qeyri-rəsmi şəkildə qurulurdu və vergi öhdəlikləri tam şəkildə icra olunmurdu.

    Bununla belə, ekspertlər hesab edirlər ki, faizlərin azaldılması nəzəri baxımdan bazara müsbət təsir göstərməli olsa da, praktiki müstəvidə vəziyyət bir qədər fərqlidir. Müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməməsi və münasibətlərin qeyri-rəsmi formada qalması 10 faizlik rüsumun tətbiqini tərəflər üçün əlavə öhdəlik kimi təqdim edir. Bu səbəbdən hazırda kirayə qiymətlərində ciddi dəyişiklik müşahidə olunmur.

    İqtisadçı Vüqar Oruc BAKU.WS-ə bildirib ki, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi bazarın şəffaflaşması üçün stimul yaratsa da, bu proses hələ geniş miqyas almayıb:

    “Əvvəllər kirayə münasibətlərinin əhəmiyyətli hissəsi rəsmiləşdirilmirdi. Faizin azaldılması nəzəri olaraq bazara müsbət təsir etməli idi. Lakin müqavilələrin hüquqi baxımdan bağlanmaması və münasibətlərin qeyri-rəsmi qalması səbəbindən 10 faizlik rüsum hazırda tərəflər üçün əlavə öhdəlik kimi qəbul olunur. Bu baxımdan qiymətlərdə hələ ciddi dəyişiklik yoxdur.”

    Ekspert qeyd edir ki, inzibati metodlarla kirayə münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, proses məhdud xarakter daşıyır:

    “Dövlətin bütün qeyri-rəsmi kirayə münasibətlərini aşkar etməsi üçün resurslar kifayət qədər geniş deyil. Ona görə də dəyişikliklər bazara hələ ciddi təsir göstərməyib.”

    Bununla yanaşı, V.Oruc 2026-cı il üzrə qiymət artımı proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, cari ildə kirayə bazarında artım tendensiyası mümkündür:

    “İlkin mərhələdə – ilk 6 ay ərzində kirayə qiymətlərinin 5-6 faiz yüksəlməsi ehtimalı var. İlin ikinci yarısında isə artım tempinin daha da sürətlənməsi mümkündür.”

    Beləliklə, vergi dərəcəsinin azaldılması bazarın leqallaşdırılması istiqamətində addım kimi qiymətləndirilsə də, qısa müddətdə kirayə qiymətlərinə ciddi təsir göstərməyib. Lakin ekspertlərin proqnozlarına görə, qarşıdakı aylarda qiymət artımı yenidən gündəmdə olacaq və bu, xüsusilə paytaxtda kirayə bazarında hiss edilə bilər.

  • Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – Qanlı hadisənin şahidi danışdı

    Bakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

    Şahid E.M. təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib:

    “Mən hərbçiyəm. Həmin gün istirahət günü idi, evdə yatırdım. Qəfil gələn səsə oyandım. Paltarımı geyinib dərhal həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qarşısında yerdə qanlı bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi və dedi ki, sağ qolunu işlədə bilmir, kömək lazımdır, qızına zəng etməyimi istədi. Mən də kömək etdim, qızına zəng vurdum. Çox keçmədən təcili tibbi yardım briqadası gəldi, xanımı “Semaşko”ya apardılar”.

    Məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

    Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin olunub.

    Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Bakıda baş verib.

    Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

    İstintaqla müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq məqsədilə hadisəni törədib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə ittiham irəli sürülüb.

  • Naxçıvanın bu ərazilərində işıq olmayacaq

    “Azərişıq” ASCnin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

    Fevralın 17-də 35/10 kV-luq “Xətai” yarımstansiyasından qidalanan “Xəstəxana–Asfaltzavod” 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

    Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçiriləcək.

  • Azərbaycan Prezidentinin Serbiyaya səfərinə dair videoçarx paylaşılıb (Video)

    Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Serbiya Respublikasına rəsmi səfərinə dair videoçarx paylaşılıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Ermənistanın 2,5 milyona yaxın vətəndaşı parlament seçkilərində səs verəcək

    Ermənistanda qarşıdan gələn parlament seçkilərində səsvermə hüququna 2,48 milyon vətəndaş malikdir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

    Məlumata görə, ən çox seçici İrəvanda qeydiyyata alınıb – 843 278 nəfər.

    Qeyd edək ki, Ermənistanda parlament seçkiləri cari il iyunun 7-də keçiriləcək.

  • Bərdədə ağır qəza: Ölən var

    Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

    İlkin məlumata görə, “Qazel” markalı yük maşını kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Balağlan oğlu Sadıqovu vurub.

    Xəsarət alan şəxs hadisə yerində həlak olub.

  • Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA

    Ağır vəziyyətdə olan pasiyentin angioqrafiya (anju) proseduru üçün icbari tibbi sığorta çərçivəsində klinika seçimi prosesinə müdaxilə edildiyi iddia olunur.

    Median.Az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Şikayətə görə, ailəyə seçim hüququ verilsə də, israrla “SAF Hospital”ın seçilməsi tövsiyə olunub və digər tibb müəssisəsinə yönləndirmə zamanı qeyri-rəsmi ödəniş tələbi irəli sürülüb. Pasiyent anju əməliyyatından sonra vəfat edib. Ölüm səbəbi kimi trombun damarı tutması göstərilib.

    Müraciət müəllifi həkimlər arasında mümkün maraq əlaqələrinin və qeyri-rəsmi ödəniş iddialarının aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edib.

    Oxu.Az-ın sorğusuna cavab olaraq “SAF Hospital”dan bildirilib ki, sözügedən paylaşımda qeyd olunan iddialar həqiqəti əks etdirmir və xəstəxananın adına ləkə gətirir.

    “Həmin xəstənin yaxınlarının ölüm faktı baş verdikdən sonra imzaladıqları iltizamnamədə heç bir şikayətlərinin olmadığını qeyd etmələrini xüsusilə vurğulayırıq. Pasiyent yaxınlarının bu cür emosional çıxışları icbari tibbi sığorta sisteminin səmərəli fəaliyyətinə mane olur və özəl tibb müəssisələrinin işinə kölgə salır. Xəstə yaxınlarını bu cür açıqlamalarda ehtiyatlı olmağa çağırırıq.

    Eyni zamanda, həkim-ekspertiza rəyini də təqdim edirik: 04.09.1947-ci il təvəllüdlü şəxs “SAF Hospital”a İcbari Tibbi Sığorta göndərişi əsasında angioqrafiya müayinəsi üçün müraciət edib. Aparılan müayinələr zamanı ona qeyri-stabil stenokardiya və kəskin miokard infarktı diaqnozu qoyulub. Daha sonra pasiyentin ürəyinə stent yerləşdirilib və o, palataya köçürülüb. Bir neçə saat sonra xəstənin vəziyyəti ağırlaşıb. Həyata keçirilən müayinə və müalicə tədbirlərinə baxmayaraq, 11.02.2026-cı il tarixində ölüm faktı qeydə alınıb.

    Qeyd etmək istərdik ki, hospitalda müayinə və əməliyyatlar İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir. Bu müayinə və əməliyyatlar dövlət tibb müəssisələrindən icbari tibbi sığorta göndərişləri əsasında baş tutur. İcbari Tibbi Sığorta Agentliyi ilə əməkdaşlıq başladığı gündən etibarən göndərişlər əsasında “SAF Hospital”da mindən artıq əməliyyat icra edilib, yüzlərlə insan ölüm təhlükəsindən xilas olunaraq ailələrinə qovuşub. Hospitalın müxtəlif şöbələrində fəaliyyət göstərən həkim heyəti peşəkar və təcrübəli mütəxəssislərdən ibarətdir”, – deyə məlumatda vurğulanıb.