Month: February 2026

  • Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?

    Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, sənəddə rəqəmsallaşmanın sürətlənməsi fonunda sosial şəbəkələrin uşaqların həyatında artan rolunun yaratdığı risklərə diqqət çəkilir və onların psixoloji rifahı ilə təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanır.
    Sərəncama əsasən, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və platformadaxili təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, valideynlər və müəllimlər üçün maarifləndirmə işlərinin genişləndirilməsi planlaşdırılır. 

    Median.Az xəbər verir ki, modern.aza açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov ilk növbədə qeyd edib ki, belə bir sərəncamın imzalanması olduqca vacib və əhəmiyyətli addımdır. 
    “Mən də bir neçə dəfə parlament iclaslarında bu məsələyə toxunmuş, eyni zamanda mətbuatda dəfələrlə problemin aktuallığını gündəmə gətirmişdim. Cənab Prezidentin bu məsələyə həssas yanaşması təqdirəlayiqdir. Qadağa və məhdudiyyətlərin tətbiqi böyük önəm daşıyır. Bu baxımdan, verilən tapşırıqlar əsasında artıq konkret tədbirlərin həyata keçirilməsinə də başlanılacaq”.
    Deputat nəzərə çatdırıb ki, bu həm də onu göstərir ki, rəqəmsal mühitin uşaqların düşüncəsinə və tərbiyəsinə ciddi təsiri var. Onun sözlərinə görə, burada psixoloji amillər də mühüm rol oynayır. 
    “Elə məhz bu səbəbdən də müəyyən məhdudlaşdırıcı addımların atılması zəruridir. Lakin məhdudiyyətlərlə yanaşı, geniş maarifləndirmə və təbliğat işlərinin aparılması da vacibdir. Gəncləri, yeniyetmələri və şagirdləri qorumaq üçün bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilməlidir”.
    Milli Məclisin üzvü onu da əlavə edib ki, mövcud proseslər onu göstərirdi ki, gələcəyə doğru vəziyyət daha da mürəkkəbləşə bilər:
    “Buna görə də vaxtında addımlar atmaq və uşaqları qorumaq əsas prioritet olmalıdır. Qanunlar, normativ aktlar və tənzimləyici mexanizmlərlə yanaşı, paralel şəkildə geniş ictimai maarifləndirmə tədbirlərinə də ehtiyac var.
    Uşaqların yaş həddi məsələsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində 16 yaşa qədər olan şəxslər üçün müəyyən məhdudiyyətlərin tətbiqi müzakirə olunur və artıq bir sıra ölkələrdə bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Eyni zamanda məktəblərdə, ailələrdə və mediada geniş maarifləndirmə və təbliğat işləri aparılır”, – deyə C.Məmmədov fikrini tamamlayıb.

  • Prezidentin vəzifə verdiyi Cavidan Hüseynov kimdir? – DOSYE

    Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
     
    Azərbaycan Respublikasının Bəhreyn Krallığında yeni səfirinin dosyesini təqdim edirik:
     
    Cavidan Hüseynov 1 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
     
    Əmək fəaliyyətinə 1994-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent kimi başlayıb. 1999-2000-ci illərdə nazirliyin Konsulluq İdarəsində attaşe vəzifəsində çalışıb. 2000-2003-cü illərdə həmin idarədə üçüncü katib, 2003-2004-cü illərdə isə ikinci katib olub. 2004-2006-cı illərdə Konsulluq İdarəsində şöbə müdiri vəzifəsini icra edib.
     
    2006-cı ildə Azərbaycanın Rusiyadakı səfirliyində şöbə müdiri – birinci katib kimi fəaliyyət göstərib. Həmin ildən 2010-cu ilə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində müşavir vəzifəsində çalışıb. 2010-2018-ci illərdə isə həmin idarənin rəis müavini olub.
     
    2018-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. O, 2018-ci ildən bu günə qədər Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu vəzifəsində çalışıb.
     
    Ailəlidir, üç övladı var.// oxu.az
     

  • “Sumqayıt-Hüquq” MTK-nın rəhbərinə “stop” qoyuldu

    Sumqayıt şəhəri və ətrafında yaşayış binalarının inşası ilə məşğul olan “Sumqayıt-Hüquq” Mənzil Tikinti Kooperativinin (MTK) külli miqdarda vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 3000 manat olan “Sumqayıt-Hüquq” MTK-nın dövlət büdcəsinə 481.587,97 manat məbləğində vergi borcu var.

    Borc ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Sumqayıt-Hüquq” MTK barəsində məhkəməyə müraciət edilib. İdarə tərəfindən MTK rəhbəri, 1961-ci il təvəllüdlü Mustafayev Yamil İsa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş olunub və məhkəmənin qərarı ilə iddia təmin edilib.

    Qeyd edək ki, 22.02.2017-ci ildə dövlət qeydiyyatına alınan “Sumqayıt-Hüquq” Mənzil Tikinti Kooperativinin ilk rəhbəri Mövsümov Nazim Rasim oğlu olub.

  • “Xəmsə Travel Qarabağ”ın otelində yoxlama – Cərimə edildi

    Fövqaladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti “Xəmsə Travel Qarabağ” Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində (MMC) protokol tərtib edib.

    Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə irəli sürülüb.

    MMC tərəfindən əsaslı təmir olunan və Xankəndi şəhəri ərazisində yerləşən otel binasında FHN tərəfindən aparılmış planlı yanğın təhlükəsizliyi müayinəsi zamanı “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 6-cı bəndinin, X1 (YTQ № 01-2001) 3.1 və 10.4-cü bəndlərinin tələblərinin pozulduğu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədiliyi müəyyənləşib. İş protokollaşdırılaraq məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə “Xəmsə Travel Qarabağ” MMC 2000 manat cərimə edilib.

    Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Ağalarov Arzu Bakirzadə oğludur.

  • Azərbaycanda güclü zəlzələ gözlənilir?

    Azərbaycanda güclü zəlzələ ehtimalı yoxdur.

    Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.

    Onun sözlərinə görə, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar davam edir.

    Qurban Yetirmişli bildirib ki, avterşokların baş verməsi enerji məsələsindən asılıdır: “Bu da o deməkdir ki, güclü zəlzələ ehtimalı yoxdur”.

    Qeyd edək ki, bu gün yerli vaxtla 15:52-də 13 km dərinlikdə 4,7 maqnitudalı, 5 bal gücündə hissedilən zəlzələ olub. Daha sonra yerli vaxtla 16:05-də Şamaxıda 10 km dərinlikdə 3.3 maqnitudalı digər yeraltı təkanbaş qeydə alınıb.

  • Pensiya və ortaaylıq əməkhaqqı artacaq? (Video)

    Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib. Minimum əməkhaqqı hazırda 400 manat olmaqla, işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı həddidir.

    İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, qanunvericiliyə edilən əlavə aşağı həddə maaş alanların məvaciblərinin inflyasiyadan daha yaxşı qorunmasına imkan verəcək:

    “İndi də iki-üç ildən bir minimum əməkhaqqına baxılır. Amma məsələ ondan ibarətdir ki, iki-üç ildən bir baxılsa da, inflyasiya, xüsusən də son illər sürətli şəkildə müşahidə olunur. Aşağı gəlirli əhali təbəqəsinin xərcləmə strukturunda əhəmiyyətli rol oynayan ərzaq qiymətlərində artım daha sürətlidir. Bu baxımdan, minimal əməkhaqqına baxılma tələbinin qoyulması məhz bu aşağıgəlirli əhalinin əməkhaqqının inflyasiya önündə əriməsinin qarşısını almağa və onların real gəlirlərinin qorunmasına gətirib çıxara bilər”.

    Bu baxımdan, prosesin pensiyalarda artıma təsir edəcəyini demək mümkündür. Belə ki, qanunvericiliyə görə, əmək pensiyaları ölkə üzrə ortaaylıq əməkhaqqının artımına uyğun indeksləşdirilir.

  • Tələbələri fotoları ilə şantaj edən şəxslə bağlı məhkəmə qərarı verildi

    Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etməkdə təqsirləndirilən Fəxri Cəbrayılov hakim qarşısına çıxarılıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Nərimanov rayon məhkəməsində keçirilən prosesdə F.Cəbrayılov barəsində qərar qəbul edilib.

    Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

    Eyni zamanda ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

    Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

  • Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

    Dövlətə xəyanət etməkdə ittiham olunan Kamilli Vüsal Yusif oğlunun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Daha sonra təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi, baxış iclasının martın 13-nə təyin edilməsi və bundan sonrakı proseslərin qapalı keçirilməsi barədə qərar qəbul olunub.
    Qeyd edək ki, Vüsal Kamilli AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.
    //unikal.az

  • Ramazanın 10-cu gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 10-cu günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 28-də Bakıda imsak saat 05:52 , iftar isə saat 18:44-dədir.

    Ramazan ayının 10-cu gününün duası:

    “Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

    Tərcüməsi:

    “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

    Allah orucunuzu qəbul etsin!

  • UEFA Konfrans Liqasında 1/8 finalın püşkü atıldı

    Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

    Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

    Püşkatma nəticəsi:

    “Lex” (Polşa) – “Şaxtyor” (Ukrayna)

    “Kristal Pelas” (İngiltərə) – AEK (Larnaka, Kipr)

    “Samsunspor” (Türkiyə) – “Rayo Valyekano” (İspaniya)

    “Siqma” (Çexiya) – “Maynts 05” (Almaniya)

    AZ (Alkmar, Niderland) – “Sparta” (Çexiya)

    “Fiorentina” (İtaliya) – “Rakuv” (Polşa)

    “Sele” (Sloveniya) – AEK (Yunanıstan)

    “Riyeka” (Xorvatiya) – “Strasburq” (Fransa)

    Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.