Month: February 2026

  • Ucarda bazarda yoxlama keçirildi – Nöqsanlar aşkarlandı (Video)

    Ucar rayonu, 28 May küçəsində fəaliyyət göstərən, “Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus qida məhsullarının satışı bazarında bir sıra nöqsanlar aşkarlanıb.

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının ticarət mərkəzində keçirdiyi yoxlama zamanı bazarda və bazar ərazisində yerləşən ictimai iaşə obyektlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, bazarda balıq, süd və süd məhsulları sanitar norma və qaydalara, gigiyena normativlərinə riayət edilmədən satışa çıxarılır, ictimai iaşə obyektlərində sanitar-gigiyenik tələblər gözlənilmir.

    Diri balıqların saxlanması və satışı, həmçinin məhsulların təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb, balıqlar sanitar-gigiyenik qaydalar gözlənilmədən birbaşa satış sahəsində təmizlənir və soyuducuda saxlanılmır. Süd və süd məhsulları sanitar-gigiyenik tələblərə və temperatur rejiminə riayət edilmədən açıq şəraitdə saxlanılır. Baxış zamanı qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb, həmçinin balıq, süd və süd məhsullarının müşayiətedici baytarlıq sənədləri (ekpertiza aktı, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilməyib.
    İctimai iaşə obyektlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub. Belə ki, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsullarının hazırlanması, ləvazimatların yuyulması zamanı sanitar-gigiyenik qaydaların gözlənilmədiyi və digər nöqsanlar müəyyən edilib.

    Faktla bağlı bazarın rəhbəri barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək balıq, süd və süd məhsullarının satışı sahələrinin və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

  • Bu marşrut xəttində avtobuslar dəyişdirilir

    Martın 1-dən etibarən 569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, xətt üzrə 13 ədəd ortatutumlu “Karsan” markalı avtobus sərnişinlərin istifadəsinə veriləcək. Yeni avtobuslar marşrut üzrə 7-8 dəqiqə intervalla hərəkət edəcək.

    Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat təşkil edir.

  • Bakıda mənzildən meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki,məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Qazıntı aparılan yerdən 171 nəfərin meyiti aşkarlandı

    Konqo Demokratik Respublikasının Uvira şəhərində qazıntı işləri aparılan yerdən kütləvi məzarlıq aşkar edilib.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, məzarlıqdan ümumillikdə 171 meyit tapılıb.

    Kütləvi məzarların M23 üsyançı qrupunun Uviranı idarə etdiyi dövrə aid olduğu güman edilir. Xatırladaq ki, M23 qrupu 2025-ci ilin dekabr ayında Uviranın nəzarətini ələ keçirib və eyni ayın sonunda şəhərdən geri çəkilib.

  • Sabah sulu qar yağacaq

    Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

  • 24 yaşında beşəm dünyaya gətirdi

    Çinin Sincan-Uyğur Muxtar Rayonundan olan 24 yaşlı qadın beşəm dünyaya gətirib.

    Bu barədə “People’s Daily” qəzeti məlumat yayıb.

    Məlumata görə, təbii yolla beşəm hamiləliyin baş vermə ehtimalı təxminən 60 milyon haldan biridir.

    Körpələr hamiləliyin 28-ci həftəsində dünyaya gəlib. İlk olaraq 990 qram çəkidə oğlan uşağı doğulub, daha sonra isə çəkiləri müvafiq olaraq 1 020 qram, 970 qram, 1 030 qram və 870 qram olan dörd qız dünyaya gəlib.

  • Hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumlar edilir

    Demək olar ki, hər gün dövlət informasiya sistemlərinə qarşı DDoS hücumları qeydə alınır və mərkəzləşdirilmiş müdafiə mexanizmləri ilə zərərsizləşdirilir.

    Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov bildirib.

    Onun sözlərinə görə, 2025-ci ildə 1 Gbps və daha yüksək həcmli 18 güclü DDoS hücumu aşkarlanaraq qarşısı alınıb.

    “Hücumlar mərkəzi avadanlıqlar vasitəsilə filtrasiya olunduğundan dövlət qurumlarının sistemlərində xidmət fasilələri yaranmayıb. Dövlət qurumlarına yalnız təmizlənmiş trafik ötürülür və hücumlar istifadəçilər tərəfindən hiss olunmur.

    Dövlət qurumlarına qarşı yönəlmiş fişinq və APT hücumların aşkarlanması üçün mərkəzləşdirilmiş mexanizmlər tətbiq edildiyini deyən idarə rəisi onu da əlavə edib ki, ötən il ərzində 850-yə yaxın APT indikatoru aşkarlanaraq bloklanıb: “Onlardan 372-si XRİTDX-nin analitikləri tərəfindən müəyyən edilib, 478 indikator isə dövlət qurumlarından daxil olan məlumatlar əsasında zərərsizləşdirilib. “BlackRiskWatch” platforması vasitəsilə fişinq saytları, saxta resurslar və hücum indikatorları ictimaiyyətə açıq şəkildə paylaşılır. Bu platforma dövlət və özəl sektor tərəfindən inteqrasiya üçün istifadəyə açıqdır. 2025-ci ildə dövlət qurumları adından yaradılmış 40 saxta domen aşkarlanaraq bloklanıb”, – deyə idarə rəisi əlavə edib.

  • Avtomobili psixotrop maddənin təsiri altında idarə edən şəxs həbs olundu

    Biləsuvar rayonu ərazisində “Vaz 21214” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs olunub.

  • Tolik canlı yayımda vidalaşdı – Video

    Aparıcı, prodüser Tarix Əliyev (Tolik) bu gün tamaşaçıları ilə canlı yayımda sağollaşıb.

    Tolik öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:

    “Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, “Space TV”də “Tarixin bir günü” verilişi aparıram və proqramımda qanun pozuntusu olmayıb. Aparıcılıqdan çıxmaq haqqında ərizəmi rəhbərliyə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, başqasına emosional fikir bildirməyim böyük kanalın uğuruna ləkə ola bilməz. Həyatda itirəcəyim bir şey var, o da övladımdır. Bu, özümə verdiyim bir cəzadır. Verilişimi başqa aparıcıya təhvil vermirəm. Kanalda musiqi departamentinin rəhbəri də olmamışam”.

  • “TikTok”da talışları təhqir edən şəxsə işgəncə verməkdə ittiham olundu – Məhkəmə bəraət verdi

    “TikTok” sosial platformasında talışları təhqir edən şəxsi oğurlayaraq işgəncə verməkdə ittiham olunan dəstə üzvlərindən biri olan Elnur Alışovun məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Murtuzəli Abbasov müdafiə çıxışı edərək müvəkkilinin müstəntiq tərəfindən qərəzli şəkildə bu işə cəlb edildiyini bildirib. Vəkilin sözlərinə görə, anten məlumatları təsir edir ki, təqsirləndirilən şəxs həmin ərazidə yox, işi ilə bağlı müxtəlif ərazilərdə olub və zərərçəkmiş və şahidlər də məhkəmə istintaqı dövründə onu tanımadıqlarını bildiriblər. Buna görə də, təqsirləndirilən şəxsə bəraət hökmü çıxarılmalıdır.

    Təqsirləndirilən şəxs son söz deyərək, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

    Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

    Hökmə əsasən, məhkəmə istintaqı dövründə bu cinayət işində Elnur Alışov iştirakı ilə bağlı heç bir sübut təsdiqini tapmadığına görə ona bəraət hökmü verilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev isə məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

    Qeyd edək ki, ayrıca icraatda olan cinayət işində təqsirləndirilən dəstənin digər üzvləri – Şücayət Rzayev 10 il, Səlim Əliyev 8 il 6 ay, Samir Hüseynov 8 il 6 ay, Müştəba Əliyev 8 il 6 ay, Təbriz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizov isə 2 il olmaqla şərti cəza verilib.

    Elnur Alışova qarşı Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham irəli sürülmüşdü.
    //unikal.az