Month: February 2026

  • Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

    Fevralın 26-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

  • Gəncədə 29 yaşlı qadın dəm qazından zəhərləndi

    Gəncədə 29 yaşlı qadın dəm qazından zəhərlənib.

    “Unikal”ın məlumatına görə, şəhər sakini – 1997-ci il təvəllüdlü N.Xəlilova huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib.

    Dərhal qadına yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 29 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

    Fakt araşdırılır.

  • Efiopiyanın baş naziri Prezident İlham Əliyevə Azərbaycan dilində təşəkkür edib (Video)

    Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

    Efiopiya lideri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

    Efiopiya hökumətinin rəhbəri paylaşımda rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: “Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm”.

    Paylaşımda, həmçinin Azərbaycan Prezidenti də qeyd olunub.

  • “TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı – Video

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.

    Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

    Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

    Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.

  • “Qalatasaray” və “Samsunspor”un oyunları təxirə salındı

    Türkiyə Futbol Federasiyası (TFF) qitəmiqyaslı turnirlərdə ölkəni təmsil edən “Qalatasaray” və “Samsunspor” klublarının daxili çempionatdakı matçları ilə bağlı təxirəsalma qərarı qəbul edib.

    Superliqanın 27-ci turu çərçivəsində 17, 18 və ya 19 mart tarixlərində baş tutması nəzərdə tutulan “Göztəpə” – “Qalatasaray” və “Çaykur Rizespor” – “Samsunspor” qarşılaşmaları daha sonrakı tarixdə oynanılacaq.

    Məlumat üçün bildirək ki, “Qalatasaray” Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la ilk duelini martın 10-u və ya 11-də İstanbulda, cavab görüşünü isə ayın 17-si və ya 18-də səfərdə keçirəcək.

    “Samsunspor” isə Konfrans Liqasının 1/8 final mərhələsində İspaniyanın “Rayo Valyekano” kollektivi ilə martın 12-də və 19-da üz-üzə gələcək.

  • Nazir daha bir direktoru işdən çıxardı

    Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad olunub.

    Median.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 2023-cü ilin dekabr ayında sözügedən vəzifəyə təyin edilən Bəxtiyar Məhəmməd oğlu Əliyev işdən çıxarılıb.

    Ağcabədi Pedaqoji Kollecinə direktor əvəzi isə Əhəd Məmmədov təyin olunub.

    Qeyd edək ki, Əhəd Məmmədov ötən ilin dekabr ayında Ağcabədi Pedaqoji Kollecinin direktor müavini təyin olunmuşdu.

  • Emi Karlon: “ABŞ Azərbaycanla münasibətləri yeni səviyyəyə çatdırmağı hədəfləyir”

    “ABŞ siyasi və iqtisadi qarşılıqlı əlaqələri gücləndirərək, Azərbaycanla ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmağa çalışır”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

    Onun sözlərinə görə, ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş tarixi Vaşinqton sammitindən sonra Bakıdakı səfirliyin komandası ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsi üzərində fəal işləyir.

    “Bu ay biz mühüm bir mərhələni – ABŞ vitse-prezidentinin təxminən son 20 ildə Azərbaycana ilk səfərini qeyd etdik. Regional qarşılıqlı əlaqələrin, ikitərəfli ticarət və investisiyaların inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Vitse-prezident Cey. Di. Vensin səfəri ilə eyni vaxtda ölkəyə ABŞ Ticarət Palatasının geniş nümayəndə heyəti gəldi. Əvvəlcə 10 şirkətin iştirakı planlaşdırılsa da, nəticədə 30 şirkət və 60 nümayəndə gəlmiş oldu. Bu, böyük uğur olub”, – E.Karlon deyib.

  • Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlının MEYİTİ TAPILDI

    Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.

    Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən bir saat 44 dəqiqə 25 saniyə ərzində arxasıüstə uzanmış halda əllərini ayaqlarına tərəf (idman termini ilə “press” – red.) 3 000 dəfə çatdıraraq dünya rekordunu təzələyib.

    Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.

    O, həmçinin Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.

    Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır. Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakı və Sumqayıtda ağaclar qanunsuz kəsildi, hüquq-mühafizə orqanları hərəkətə keçdi

    Bakı və Sumqayıt şəhərlərində, həmçini Qax rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.

    Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, dənizkənarı bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu Zərnə kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

  • Paytaxtda hazırda 24 istiqamətdə sıxlıq var

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Alı Mustafayev küçəsi,”20 Yanvar” dairəsi istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “Qara Qarayev” metro stansiyası istiqamətində;

    8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    13. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

    14. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    15. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    16. “20 Yanvar” dairəsində;

    17. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    18. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    19. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    20. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    21. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    22. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    23. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    24. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.