Month: February 2026

  • Türkiyədə silahlı şəxs müəllimə hücum etdi

    Türkiyənin Bursa vilayətində qadın müəllim dərsdən çıxarkən silahlı hücuma məruz qalıb.

    Median.Az İHA-ya istinadən xəbər verir ki, yaralanan pedaqoq dərhal xəstəxanaya yerləşdirilib.

    Məlumatlara görə, özəl məktəblərin birində müəllim işləyən Gizem N. dərslər bitdikdən sonra binadan çıxarkən keçmiş nişanlısı olduğu irəli sürülən şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

    Qeyd olunub ki, şübhəli şəxs yanında gətirdiyi tapança ilə gənc qadına atəş açıb və dərhal hadisə yerindən qaçaraq izini itirməyə çalışıb.

    Hadisə yerindən qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir.

  • Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox…

    Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov insident törədib.

    Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar göstərir ki, hər il Azərbaycanda “İdrak” Liseyindəki kimi yeniyetmələrin iştirakı ilə müxtəlif cinayətlər törədilir.

    Modern.az saytı yeniyetmələrin törətdiyi cinayətlərin statistikasını araşdırmağa çalışıb.

    Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hər il 400-dən çox 14-17 yaşda olan uşaq cinayət törədir. Məsələn, 2024-cü ildə 472 nəfər yeniyetmə müxtəlif cinayətlər törədib. Həmin hadisələrdən 85-i ağır və xüsusilə ağır cinayətlər olub.

    Rəsmi məlumata görə, 14-17 yaşda olan uşaqların törətdikləri cinayətlərə aşağıdakılar daxildir:

    – qəsdən adam öldürmə və adam öldürməyə cəhd;
    – qəsdən sağlamlığa ağır zərər vurma;
    – zorlama və zorlamaya cəhd;
    – oğurluq;
    – dələduzluq;
    – soyğunçuluq;
    – quldurluq;
    – xuliqanlıq;
    – narkotik vasitələrlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər;
    – yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma.

    Statistika göstərir ki, yeniyetmələrin törətdikləri ən çox cinayət oğurluqdur. 2024-cü ildə 161 uşaq oğurluq üstündə tutulub.

    Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti gəlir. 2024-cü ildə 14-17 yaşda olan 47 uşaq bu cinayəti işlədib.

    Elə həmin ildə 15 yeniyetmə qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə saxlanılıb.

  • ARB telekanalının yayımı 24 saatlıq dayandırılacaq – QƏRAR

    Fevralın 13-də Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda ARB telekanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı müzakirə olunub.

    Median.Az bu barədə Audiovizual Şuraya istinadən xəbər verir.

    Qeyd olunub ki, fevralın 8-də, saat 13:38-də kanalın efirində yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb. Faktla bağlı zəruri araşdırmalar aparılıb və “Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub.

    “Belə ki, həmin reklamda təqdim olunan məlumatlar “Reklam haqqında” Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.

    Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının fevralın 24-də, saat 08:00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırılması barədə qərar qəbul ediblər”, – deyə məlumatda bildirilib.

  • “Qanunsuz ayrılmış 3 min hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılıb”

    Normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.

    Qaynarinfo xəbər verir ki bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

    Nazir müavini bildirib ki, bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb:

    “Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”- deyə Toğrul Hüseynov qeyd edib.

  • Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb

    2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) inspeksiya yoxlamaları keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatın vəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsi heyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

    Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv istifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib, uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.

    İnspeksiya zamanı hərbi pilotların uçuş təcrübəsi və təlim-məşq hazırlığının plana uyğun icrası dəyərləndirilib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi, müasir silah və texnikanın praktik mənimsənilməsi, eləcə də təlim və məşqlərin keyfiyyəti yoxlanılıb.

    Yoxlamaların nəticələrinə əsasən, HHQ-nin xidməti-döyüş fəaliyyəti və şəxsi heyətin təlim-döyüş vərdişləri müsbət qiymətləndirilib.

  • Bakıda 10 milyon dollarlıq dələduzluqda ittiham olunan çinli iş adamına “stop” qoyuldu

    Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

    Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin idarəyə ümumilikdə 753 560.02 manat vergi borcu yaranıb.

    Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

    Qeyd edək ki, adı “Neomotors” MMC ilə iş birliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı.

  • DİN əməliyyat keçirdi – ANBAAN GÖRÜNTÜLƏR (Video)

    Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbir zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb. Həmin şəxsdən tərkibinə psixotrop maddələr əlavə edilən dörd kiloqram 20 qram marixuana və metamfetamin aşkarlanıb.

    Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara maddi gəlir qarşılığında çatdıracağını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı 42 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  • Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR

    Qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi və irimiqyaslı rüşvətxorluq əməllərində ittiham edilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları – Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev, eləcə də həmin idarəyə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin kinoloqu Asif Hacımuradov, həmçinin Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Cəfər Rafie Rezaiannın işi üzrə məhkəmə dinləməsi baş tutub.

    Oxu.Az-ın məlumatına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi altında keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin vəkilləri prosesin qapalı rejimdə aparılması barədə vəsatət qaldırıblar.

    Müşavirədən sonra məhkəmə heyəti prosesin tam qapalı keçirilməsinə razılıq verməsə də, iclasda iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin zalı tərk etməsini tələb edib.

    Məhkəmə prosesində keçmiş gömrük əməkdaşlarına ittiham aktının elan olunması nəzərdə tutulurdu.

    İstintaq materiallarına əsasən, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və kinoloq Asif Hacımuradovun vətəndaşlar Etibar Hatəmli və İranlı Cəfər Rezaian ilə cinayət əlaqəsinə girdikləri müəyyən edilib. İttihama görə, onlar xidməti səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət qarşılığında Cəfər Rezaianın İranda idarə etdiyi sərnişin avtobusunda gizlədilən malların ölkəyə buraxılmasına şərait yaradıblar. Həmin nəqliyyat vasitəsinin yük yerində ümumi dəyəri 410 min manat olan, tərkibində güclü təsiredici və psixotrop maddələr olan dərman preparatları, eləcə də Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar yolla qaçaqmalçılığı təmin edilib.

    Qeyd edilən şəxslərdən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan tədbiri, Cəfər Rezaian haqqında isə fərqli qətimkan tədbiri seçilib.

    Toplanmış sübutlara istinadən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Etibar Hatəmli Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Cəfər Rezaian isə müvafiq olaraq 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.

  • Elşad Quluyev vəzifəsindən azad edildi

    Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru Elşad Quluyev tutduğu vəzifədən azad edilib.

    Bu barədə elm və təhsil naziri Emin Əmirullayev müvafiq əmr imzalayıb.

    Qeyd edək, E.Quluyev 2009-cu ildən həmin vəzifədə çalışıb.

  • Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər

    Çindən ölkəmizə poçt göndərişlərinin və bağlamaların çatdırılmasında müvəqqəti ləngimələrin, eləcə də fasilələrin olması ehtimal edilir.

    Bu xəbərdarlığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yayıb.

    Agentliyin açıqlamasına əsasən, Çində qeyd olunan bayramlarla əlaqədar olaraq fevral ayının 15-dən 23-nə qədər olan müddət rəsmi şəkildə qeyri-iş günləri hesab olunur.

    “Sözügedən tarixlərdə Çin ərazisindəki anbarların böyük hissəsinin iş qrafikində məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən də, bağlamaların Azərbaycana yola salınmasında müəyyən fasilələrin və gecikmələrin yaranması mümkündür. Daşıma və göndəriş proseslərinin bayram günləri bitdikdən sonra mərhələli şəkildə əvvəlki qaydada bərpa ediləcəyi proqnozlaşdırılır. Vətəndaşlara sifarişlərini həyata keçirərkən bu amilləri diqqətə almaları məsləhət görülür”, – deyə İKTA-nın bəyanatında vurğulanıb.