Month: February 2026

  • Qadınlara qarşı zorakılığa biganə qalmayın! – DİN-dən çağırış – Video

    DİN vətəndaşları qadınlara qarşı zorakılığa biganə qalmamağa çağırıb.

    Nazirlik tərəfindən cinayətlər, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

    DİN-in Mətbuat xidmətindən bildirilib ki, məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır.

    Zorakılığa məruz qalan hər bir qadın “Ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə mütləq rastlaşır. İlk baxışdan bu, şəxsi problem kimi görünsə də, əslində gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün ciddi təhlükədir.

    Qeyd olunmalıdır ki, “ailə məsələsi” pərdəsi arxasında gizlənən zorakılıq bir qadının alın yazısı yox, cəmiyyətin təhlükəsizliyinə yönələn hüquq pozuntusudur. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır.

    Digər qurumlarla yanaşı, DİN-in “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir.

    Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur.

    “Şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir”, – müraciətdə qeyd olunub.

  • “Marsda 50 il əvvəl həyat tapılıb”

    Bəzi alimlər hesab edir ki, “Marsda həyat tapılmayıb” fikri NASA-nın 1976-cı ildə Marsa enən “Viking 1” və “Viking 2” missiyalarının məlumatlarının səhv şərh edilməsinə əsaslanır.

    Həmin missiya çərçivəsində aparılan üç təcrübə müsbət nəticələr versə də, Qaz Xromatoqrafiyası–Kütlə Spektrometriyası cihazı üzvi molekulları aşkar etmədiyi üçün rəsmi nəticə həyatın mövcud olmaması kimi elan edilmişdi.

    Lakin sonrakı illərdə Marsda güclü oksidləşdirici maddə olan perxloratın aşkar edilməsi və aparılan laboratoriya təcrübələri göstərib ki, üzvi maddələr qızdırılarkən məhv ola və yalnız karbon qazı ilə az miqdarda metil xlorid buraxa bilər. Bu isə “Viking” nəticələrinə alternativ izah verir.

    Tədqiqatçılar hesab edirlər ki, əldə olunan məlumatlar yenidən qiymətləndirilməli və Marsda həyat ehtimalı açıq elmi müzakirəyə çıxarılmalıdır.
    //qafqazinfo

  • Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq

    Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov “Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası” mövzusunda keçirilən elmi konfransda deyib.

    Onun sözlərinə görə, süni intellektin tətbiqi üçün texnoloji inkişaf olmalıdır:

    “Texnoloji yeniliklər, toplanmış məlumatlar, inteqrasiya kifayət qədər olmalıdır. Qlobal səviyyəyə çıxmaq üçün əvvəlcə yerli səviyyədə işləri düzgün qurmaq lazımdır. Bu baxımdan, məsələn, sosial sahələrdə vətəndaşlara xüsusi dəstək göstərməklə onların həssas ehtiyaclarını qarşılayan xidmətlər təşkil edə bilərik”.

    O.Salahov bildirib ki, vətəndaşların ən çox müraciət etdiyi sahələr çağrı mərkəzləri, əlilliyin qiymətləndirilməsidir:

    “Təəssüf ki, cüzi də olsa əlilliyin qiymətləndirilməsində saxtakarlıqlara yol verilməsinə cəhd olunur. Əlilliyin qiymətləndirilməsi üçün gələcəkdə süni intellekt imkanlarından istifadə hədəfə kimi qoyulub. Burada məqsəd həkimlərin işinə mane olmamaq, sadəcə, işlərin daha da sürətləndirilməsidir”.

  • Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

    Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin qiymətlərində müşahidə olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, qida məhsullarında ucuzlaşma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, “Aİ-92” markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunub.

    2026-cı ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz təşkil etmişdir. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, ucuzlaşma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

  • “Qarabağ” – “Nyukasl” matçının biletləri sabah satışa çıxarılacaq

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq.

    Bu barədə “Qarabağ” klubundan məlumat verilib.

    Bildirilib ki, biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür: “Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər”.

    Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

  • Mərkəzi Bank vətəndaşlara ASAN mərkəzlərində xidmət göstərəcək

    Fevralın 17-dən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə vətəndaşları 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində qəbul edəcək.

    Bu barədə AMB məlumat yayıb:

    “Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcək. Əvəzində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binada vətəndaş qəbulu dayandırılacaq.

    Paralel olaraq AMB-nin Yevlax şəhəri, Heydər Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 2B ünvanında və Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 32 ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək”.

  • Vəfat edən şəxsin pensiya kapitalı varislərə verilə bilər? – VACİB AÇIQLAMA

    Vəfat etmiş şəxsin pensiya kapitalının ailə üzvlərinə verilib-verilməməsi uzun illərdir müzakirə mövzusudur.

    Baku.ws-in məlumatına görə, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc dünya təcrübəsində tətbiq olunan əsas modelləri izah edib.

    Onun sözlərinə görə, dünyada əsasən iki pensiya sistemi mövcuddur.

    1. Dövlət təminatlı pensiya sistemi

    Bu modeldə təminatçı rolunda dövlət çıxış edir. Vətəndaşın ödədiyi sosial sığorta haqları ümumi sistemdə toplanır və pensiya yaşına çatdıqdan sonra aylıq ödəniş şəklində verilir.

    Vüqar Oruc bildirir ki, bu sistemdə vətəndaş vəfat etdikdə yığılan vəsait miras hesab olunmur və birbaşa varislərə ötürülmür:

    “Məbləğ yalnız şəxsin yaşadığı müddətdə ödənilir. Hazırda Azərbaycanda da bu model tətbiq olunur. Bununla belə, dəfn pulu verilir, ailə başçısını itirməyə görə pensiya mexanizmi mövcuddur və müəyyən hallarda ailə üzvləri sosial təminat alırlar.

    Rusiya, Fransa və bir sıra digər ölkələrdə də oxşar sistem qüvvədədir”.

    2. Fond (yığım) sistemi

    İkinci model isə fərdi yığım fondları üzərində qurulur. Bu halda vətəndaşın adına xüsusi fond yaradılır və toplanan vəsait ona məxsus olur. Şəxs pensiya dövründə həmin vəsaiti mərhələli şəkildə alır.

    Ən vacib fərq isə budur: vətəndaş vəfat etdikdə fonda yığılmış məbləğ miras kimi varislərə ötürülə bilir.

    Vüqar Orucun sözlərinə görə, İsveçrə və bəzi digər ölkələrdə bu model geniş tətbiq edilir:

    “Bundan əlavə, bir çox ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir və vətəndaş istədiyi vaxt əlavə ödəniş edə və ya müəyyən şərtlərlə vəsaitini geri götürə bilir”.

    Azərbaycanda dəyişiklik mümkündürmü?

    AQC sədri hesab edir ki, hazırkı iqtisadi və maliyyə şərtlərində Azərbaycanın mövcud sistemdən tam fərqli modelə keçidi real görünmür:

    “Çünki bu, dövlət üçün ciddi maliyyə yükü yarada bilər. Bununla belə, sosial ədalət baxımından vətəndaşın illərlə ödədiyi vəsaitin pensiya yaşına çatmadan itirilməsi mübahisəli məsələdir.

    Əgər vətəndaş ömür boyu çalışaraq vəsait toplayıbsa, onun qəfil vəfatı zamanı həmin məbləğin ailəsinə verilməsi daha ədalətli olardı.

    Gələcəkdə qanunvericilikdə müəyyən dəyişikliklərin mümkün ola biləcəyi istisna edilmir. Perspektivdə vətəndaşların pensiya kapitalından müəyyən hallarda istifadə imkanlarının genişləndirilməsi müzakirə oluna bilər.

  • Bu ərazi üzrə fevral ayının pensiyası ARTIMLA VERİLDİ

    Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

    Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

    Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

  • Tbilisi prospektində beşmərtəbəli binanın damı uçub

    Bakıda, Tbilisi prospektində beşmərtəbəli yaşayış binasının dam örtüyü uçub.

    Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Məlumata görə, sözügedən hal “Europe” hotelə qz-üzə yerləşən binada baş verib. Bildirilib ki, küləyin təsirindən dam örtüyünün bəzi hissələri qoparaq damın üzərində qalıb. Növbəti dəfə güclü külək əsəcəyi təqdirdə qopan hissə sakinlərin başına düşə bilər.

  • Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

    2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1808,0 min nəfər olmuş, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

    Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

    2025-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.