Month: February 2026

  • Xamenei 2 mindən çox məhkumu əfv etdi

    İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei 2 mindən çox məhkumu əfv edib.

    Bu barədə İran KİV-ləri yazıb.

    Qeyd olunur ki, Xamenei İslam İnqilabının qələbəsinin ildönümü və Şaban aylarının bayramları münasibətilə 2100 məhkumun cəzasını əfv edib və ya yüngülləşdirib.

  • Kadırov oğluna daha bir vəzifə verdi

    Çeçenistan lideri Ramzan Kadırovun böyük oğlu Axmat Kadırova yeni vəzifə verilib.

    Bu barədə o, “Telegram”da yazıb.

    Çeçenistan hökumətinin baş nazirinin müavini vəzifəsini tutan Kadırov indi respublikanın təhsil sektoruna da nəzarət edəcək.
    //unikal.az

  • Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonu Azərbaycana dəvət edib.

    QMİ-dən verilən məlumata görə, A.Paşazadı dəvəti Azərbaycandakı dini konfessiyalarla birgə Vatikana səfəri zamanı edib.

    Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.

    Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs edib.

  • Bakıda iki qadın bank kartından pul oğurlayıb, alış-veriş etdilər

    Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

    Naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5 min dolları oğurlanıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Uşağa ad qoymaqla bağlı yeni qayda

    Uşağın vətəndaşlıq və ad almaq hüququ yeni qanunla müəyyən edilir.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

    Qanun layihəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir.

    Uşağa ad Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq verilir.

    Mövcud qanuna əsasən isə, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.

    Ailə Məcəlləsinə əsasən isə, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.

    Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

    Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

    Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Azərbaycanda bu materialların istifadəsi qadağan edilir

    Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir.

    Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

    Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

    Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

    Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

    Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

    Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.

    BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.

    “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.

    Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
    Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
    //unikal.az

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-dən bildirilib.

    Fevralın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 23 tüfəng, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Həbsdən çıxan şəxs bütün ailə üzvlərini qətlə yetirdi – Ankarada faciə

    Ankarada icazə alaraq həbsxanadan çıxan Rəcəb Cengiz ailə üzvlərini qətlə yetirib.

    Cengiz anası Əzizə Cengizi və ilk evliliyindən olan 8 yaşlı qızı Azra Cengizi öldürüb, sonra isə eyni məhəllədə ayrı mənzildə yaşayan həyat yoldaşı Beyzanur Uçan Cengizi güllələyib. Rəcəb Cengiz daha sonra isə intihar edib.

    Hadisə axşam saatlarında Keçiören rayonunun Kuşcağız məhəlləsindəki 384-cü küçədə baş verib.

    Cengiz qətlian törətməzdən əvvəl anası ilə mübahisə edib. Daha sonra anasını və onunla qalan qızı AzraCengizi vurub. Daha sonra Rəcəb Çingiz anası və qızının cansız cəsədlərini 35 ASA 769 nömrə nişanlı yüngül kommersiya avtomobilinə qoyub və eyni məhəllədə yaşayan ayrı yaşadığı həyat yoldaşı Beyzanur Uçan Çingizin evinə gedib. İddiaya görə, həyat yoldaşının qapını açmayacağından qorxan Rəcəb Çingiz özünü kuryer kimi təqdim edib. Arvadı qapını açdıqdan sonra onu silahla vurub və hadisə yerində eyni silahla intihar edib.

    Məlumatdan sonra hər iki ünvana polis və tibb qrupları göndərilib. Tibbi və cinayət yeri araşdırma qrupları tərəfindən aparılan araşdırmalardan sonra cəsədlər Ankara Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

  • Azad olunan ərazilərdə yaşayan vətəndaşların sayı açıqlandı

    “Yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən cənab Prezidentin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı”.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 9.8 milyard manat vəsait ayrılıb:

    “Bütövlükdə, şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir”.
    //unikal.az

  • 35 “zapravka”nın fəaliyyəti məhdudlaşdırılıb

    Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb, onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.

    O bildirib ki, kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən kranlar – qurğular qeydiyyata alınmır:

    “Bu qurğuların biz tərəfdən istismarına icazə verilmir. Həmçinin yanacaq doldurma məntəqələri də təhlükə potensiallı obyekt hesab olunur. Onları mütəmadi yoxlayırıq və müəyyən məhdudlaşdırma tədbirləri həyata keçirilir. Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib”.