Month: February 2026

  • Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü – VİDEO

    Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində dərsə davamiyyətlə bağlı yayılan görüntülər araşdırılıb.

    Bu barədə Lent.az-ın sorğusuna Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

    Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar:

    “Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib. Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.

    Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb”.

  • Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib

    Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib və 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat təqdim olunub.

    BAKU.WS “Report”a istinadən xəbər verir ki, iclasda Bakı ilə İrəvan arasında müharibə başa çatdıqdan sonra ölkənin xarici siyasət əlaqələrinin inkişafında uğurlu irəliləyiş qeyd edilib.

    “Ermənistan 2025-ci ildə sülhün təmin edilməsi istiqamətində işləməyə davam edib, Azərbaycanla sülhün bərqərar olmasına, möhkəmləndirilməsinə və institusionallaşdırılmasına fəal şəkildə yardım göstərib”, – Ermənistan XİN başçısı Ararat Mirzoyanın təqdim etdiyi hesabatda deyilir.

    İclasda sülh prosesində qeydə alınmış ən mühüm hadisələr, o cümlədən sülh sazişi mətninin razılaşdırılması və imzalanması, ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqton sazişləri, ümumilikdə dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər müzakirə edilib.

    Həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi, inkişafı və gözləntilər, eləcə də ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Müzakirə zamanı regional hadisələr, Gürcüstan və İranla strateji tərəfdaşlığın inkişafı məsələlərinə də toxunulub.

    Paşinyan regionda və dünyada yaranan yeni reallıqlar və imkanları nəzərə alaraq xarici siyasət prioritetlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

  • Güllələnən müəllimin atası: “Sosial şəbəkədə nə gəldi yazırlar” (VİDEO)

    ​​​​

    “İdrak” liseyində silahlı insident nəticəsində güllələnən müəllimin atası Fəqani Kamilov danışıb.

    O, AzTV-yə qızının əməliyyatdan sonrakı durumu haqda məlumat verib.

    “Bədənində, boynunda 16 qırma var idi. İndi yaxşıdır. Palataya köçürüləcək. Demək istəyirəm ki, bildi, bilmədi, sosial şəbəkədə nə gəldi yazırlar. Prokurorluq rəsmi açıqlama verər”, deyə ata bildirib.

  • Azərbaycan cüdoçusu finala vəsiqə qazandı

    Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turniri davam edir.

    Bu gün Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.

    60 kq çəki dərəcəsində Balabəy Ağayev həlledici görüşə yüksəlib. 27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

    Fevralın 8-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir.

    Qeyd edilib ki, mövcud hava şəraiti meteohəssas insanlar üçün, əsasən, əlverişli hesab olunur.

  • Şəmkirdə qətlə yetirilən qadının öldürülməsinin təfərrüatı

    Şəmkir rayonunda qadın qətlinin bəzi təfərrüatları üzə çıxıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, qətlə yetirilən qadın baş nahiyəsindən aldığı ağır zərbələr nəticəsində ölüb. Bu barədə mərhumun qonşusu Cavad Vəliyev məlumat verib.

    Onun sözlərinə görə, hadisədən ilk şübhələnənlər elə qonşular olub:

    “2025-ci il dekabrın 23-də günorta saat 14:00 radələrində gördük ki, Solmazın evinin işığı yanır, amma qapısı açılmır. Yoldaşımı çağırdım, dedim ki, evinin işığı sönməyib, qapısını açan da yoxdur. Sonra camaata xəbər verdik, telefonuna zəng etdik, cavab vermədi. Hamımız yığışıb evə girdik. Yoldaşım ‘Solmaz, ay Solmaz’ deyə səsləndi, amma cavab olmadı. Əvvəl qadınlar içəri girdi, sonra biz. Baxanda gördük ki, Solmaz yerdə uzanıb. Artıq ölmüşdü. Meyiti qonaq otağında idi, yatağı da açılmamışdı. Üzü-gözü qan içində idi, çox qan itirmişdi”, – deyə Cavad Vəliyev bildirib.

    Qonşunun sözlərinə görə, daha sonra qətlin üstü açılıb:

    “Bu gün eşitdik ki, Solmazı öldürən tapılıb. Deyilənə görə, küçənin aşağısında yaşayan Arzu adlı şəxs törədib. Çox şükür ki, cinayəti törədən müəyyənləşdirilib. Hadisəni törədən şəxsin qaynatası mərhumla qonşu olub”, – deyə o əlavə edib.

    Bildirilir ki, Solmaz Mahmudovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və qadın tək yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən Arzu Həmidlinin isə iki azyaşlı övladı var.

  • Qubada evdə PARTLAYIŞ: “Azəriqaz” rəisinə cinayət işi açıldı

    Qubada evdə baş verən partlayışa görə “Azəriqaz” əməkdaşına cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

    İttiham aktına görə, “Azəriqaz”ın Quba xidmət sahəsinin qəza dispetçer xidmətinin rəisi olan 60 yaşlı Qəzənfər Kərimli (ad və soyad şərtidir) üzərinə düşən vəzifə borcunu yerinə yetirməyib. Belə ki, o, Alekseyevka kəndində yaşayış evindən 3.3 metr aralıdan keçən qaz kəmərinin üzərindəki dəliklərin vaxtında təmir olunmasını təmin etməyib. Kəmərdəki həmin dəliklərdən sızan qaz 3.3 metr aralıdakı evin zirzəmisindən yaşayış sahəsinə dolub. Burada sızan qaz hava ilə xeyli qarışdığı üçün partlayış ehtimalı yüksək olub. Ev sahibi qapını açıb işığı yandıranda isə gözlənilən təhlükəli partlayış qeydə alınıb. Nəticədə ev sahibinin xanımı yanıq xəsarətləri alıb və mənzildə dağıntılar olub. Ümumilikdə evin sakinlərinə təxminən 33 min manat ziyan dəyib.

    Faktla bağlı Qəzənfər Kərimli saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmədə o, əməlindən peşman olduğunu və vurduğu ziyanı ödədiyi üçün barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

    Quba rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Q. Kərimli məsuliyyətdən azad olunub.

    /Lent.az

  • Çin avtomobilləri nə qədər bahalaşıb? – “Martın sonundək…”

    Son aylarda Azərbaycan avtomobil bazarında Çin istehsalı olan avtomobillərin qiymətlərində artım müşahidə olunur. 

    Xüsusilə elektrik avtomobilləri əvvəlki illərlə müqayisədə daha baha satılır. Satıcılar qiymət artımını əsasən gömrük xərclərinin yüksəlməsi ilə izah edirlər. Bu da avtomobillərin ölkəyə gətirilməsi zamanı əlavə xərc yaradır. 

    Məsələn, bir müddət əvvəl 40 min manata təklif olunan elektrik avtomobili hazırda təxminən 3 min manat bahalaşaraq 43 min manat civarında satışa çıxarılır. Bu qiymət artımı isə avtomobil almaq istəyən vətəndaşların seçimlərinə birbaşa təsir göstərir. 

    Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, yeni vergi mexanizmi avtomobil qiymətlərinə təsirsiz ötüşməyib:

    “Avtomobillərin gömrük xərclərində hər hansı dəyişiklik baş verməyib. 

    Dəyişiklik məhz vergi mexanizmində olub. Belə ki, 2026-cı il yanvarın 1-dək ölkəyə idxal olunan elektromobillər və hibrid avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad edilirdi. Lakin bu müddət artıq başa çatıb və müddət bitdikdən sonra əvvəlki qaydalar yenidən tətbiq olunur. 

    Yəni həmin avtomobillər üzrə ƏDV və digər müvafiq vergilər tutulmağa başlanıb. Bu da təbii olaraq avtomobil qiymətlərinə təsirsiz ötüşməyib. Çindən Azərbaycana idxal olunan avtomobillərin böyük əksəriyyəti hibrid və elektromobillərdir. Vergi güzəştlərinin ləğvi birbaşa bu kateqoriyaya aid nəqliyyat vasitələrinin qiymətlərində artım riskini artırır”. 

    Onun sözlərinə görə, Çin qanunvericiliyində də dəyişikliklər edilib:

    “Artıq yeni avtomobillərin “ikinci əl” və ya “köhnə avtomobil” adı ilə ixracı xeyli çətinləşdirilib. Yeni qaydalara əsasən, istehsalçıdan alınan avtomobil minimum altı ay Çin Xalq Respublikasında saxlanılmalıdır, yalnız bundan sonra ölkədən çıxarıla bilər. 

    Bu da bazara çıxarılan avtomobillərin sayına və qiymətinə təsir edən əlavə amildir. Digər mühüm məqam isə dizel və benzin mühərrikli avtomobillər üzrə mühərrik həcminə görə tətbiq olunan aksiz vergilərinin artırılmasıdır. Bu dəyişiklik bazarda struktur transformasiyasına səbəb olub. 

    Nəticədə həm sahibkarlar, həm də alıcılar daha yeni avtomobillərə üstünlük verməyə başlayıblar. Bu tendensiya 2019–2026-cı illərdə istehsal olunan avtomobillərin idxalının və daxili bazarda satışının artmasına şərait yaradır”. 

    Ekspert qeyd edib ki, artıq Çindən istehsalçı tərəfindən rəsmi zavod zəmanəti təqdim olunan yeni avtomobillərin gətirilməsi mümkündür: 

    “Lakin zavod zəmanəti olmayan yeni avtomobillərin idxalı xeyli çətinləşib. Ən azı bu ilin mart ayının sonunadək avtomobil bazarında kəskin qiymət artımı gözlənilmir. Hazırkı mərhələdə bazarda qiymətlərin nisbətən sabit qalacağı proqnozlaşdırılır”. 

  • Saxta pasportla Azərbaycana daxil olmağa çalışan Əfqanıstan vətəndaşına hökm oxundu

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana səfər edən xarici ölkə vətəndaşı Bakı Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, saxlanan 23 yaşlı Əfqanistan vətəndaşıdır və o, Avropaya miqrasiya etmək məqsədilə saxta sənədlərdən istifadə edərək Azərbaycan ərazisinə daxil olmağa çalışıb.

    İttiham aktına əsasən, əcnəbi vətəndaş Dubay-Bakı reysi ilə hava limanına gələrkən özünə məxsus olan həqiqi sənədlərdən istifadə etsə də, Bakıda sərhəd nəzarətindən keçərkən saxta pasport təqdim edib.

    Şəxsiyyət vəsiqəsinin saxta olduğunu dərhal müəyyən edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayıb və istintaq orqanlarına təhvil veriblər. Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb.

    Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, vətəni Əfqanistanda işsizlik səbəbindən Avropa ölkələrinə üz tutmaq, orada çalışıb yaşamaq niyyətində olub. Ancaq Əfqanistan vətəndaşlarına Avropaya getmək üçün viza verilmədiyindən o, alternativ yollar axtarıb.

    Bu məqsədlə “Safi” adlı tanışı müəyyən məbləğ qarşılığında ona saxta Pakistan pasportu hazırlayıb və Avropaya çatmaq üçün marşrutun Azərbaycandan keçməli olduğunu bildirib. O, öz ölkəsinin pasportu ilə Dubaya qədər gəlsə də, Bakı hava limanında yoxlanış zamanı “Safi”nin təmin etdiyi saxta sənədi təqdim edib.

    Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu dilə gətirib. Əfqanıstan vətəndaşı əlavə edib ki, ailə üzvlərinin səhhətində problemlər var və bu səbəbdən Avropada pul qazanaraq onlara kömək etmək istəyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, həmin şəxs yeddia ay müddətinə azadlıqdan məhrum edilib.

  • Günahsız insanları atəşə tutdular – Onlarla ölü

    Sudanda Dubeykir bölgəsindən Şimali Kordofan əyalətinin ər-Rəhd şəhərinə köçkünləri daşıyan nəqliyyat vasitəsi atəşə tutulub.

    “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirilən silahlı insidentdə 24 nəfər həlak olub.

    Hadisənin motivləri açıqlanmayıb.