Month: February 2026

  • Bakıda “BakuBus” minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü

    Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az Bizim.Media-ya istinadən xəbər verir ki, “BakuBus”un Hövsandan metronun “28 May” stansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.

    Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.

    Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.

    Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Xəsarət alan yoxdur.

  • Pakistanın baş naziri: “İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır”

    “Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində videomüraciətində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirib.

    O əlavə edib: “Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır”.

  • Tokayev: “Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir”

    “Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində videomüraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

    O vurğulayıb ki, bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

  • Şahbaz Şərif: “Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb”

    Parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində videomüraciətində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif səsləndirib.

    “Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir”, – deyə o qeyd edib.

  • “Azpulmat”, “Manato” vətəndaşların məlumatlarını ələ keçirirlər?

    “Azpulmat”, “Manato” kimi kredit təşkilatları artıq bir çoxları üçün qorxulu reallığa çevrilib. İnsanlar sələmçilərin toruna düşməmək üçün bu xidmətlərə üz tuturlar. Lakin bəzi hallarda vəziyyət daha da çətinləşir.

    Vətəndaşlar iddia edirlər ki, bu xidmətlərin faizləri çox yüksəkdir. Məsələn, 500 manat götürəndə, bir ay sonra 710 manat ödəmək laızm olur. Gecikmə halında faizlər 2-3 dəfə artır.

    Üstəlik, vətəndaşların kontakt məlumatları ələ keçirilərək tanışlarına borc haqqında məlumat verilir.

    Məsələnin iqtisadi tərəflərinə aydınlıq gətirən iqtisadçı Xalid Kərimli vurğulayıb ki, bu qurumların resursları banklarla müqayisədə fərqlidir:

    “Bank olmayan kredit təşkilatlarının (BOKT) pulunun dəyəri banklardakı kimi aşağı olmur. BOKT birbaşa olaraq vətəndaşlardan pul cəlb edə bilmir, depozit cəlb edə bilmir. Onun resursları məhduddur və əsasən banklardan götürdüyü kreditləri vətəndaşlara kredit kimi verməklə məşğuldur”.

    Bəs vətəndaşların icazəsi olmadan onların məlumatlarını ələ keçirmək və paylaşmaq hansı məsuliyyəti yaradır?

    Mövzunun hüquqi tərəflərini isə hüquqşünas Vüsal Cəfərov belə izah edib:

    “Müştəri haqqında məlumatlar, müştərinin adı, hesab üzrə aparılan əməliyyatlar və s. hamısı bank sirri hesab olunur. BOKT və yaxud bankla bağlanılan kredit müqavilələri üzrə borcun digər şəxslərdən, ailə üzvlərindən, qonşulardan və s. tələb olunması tamamilə qanunsuzdur. Çünki kredit müqaviləsi üzrə məsuliyyəti ancaq borclu daşıyır”.
    //
    ©Baku TV

  • Hava kəskin pisləşəcək: şaxta olacaq

    Hazırda Azərbaycanın bir sıra rayonlarına yağış və qar yağır.
     
    Bakı və Abşeron yarımadası, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.
     
    Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır.
     
    Bu gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq.
     
    Sabahdan etibarən isə yağıntılar tədricən kəsiləcək.
     
    6 fevraldan başlayaraq havanın temperaturunun tədricən qalxacağı gözlənilir. 9 fevrala qədər temperaturun 6-8 dərəcə yüksələcəyi proqnozlaşdırılır

  • ​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verildi

    Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvlərindən biri- Aleksey Vasilçenko barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması qərarından verilən apellyasiya şikayətinı baxılıb.

    Bu barədə APA-ya onun vəkili Cavad Cavadlı məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

    Qeyd edək ki, Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı. Bu il yanvarın 27-də Xətai rayon Məhkəməsinin qərarı ilə həbs müddəti daha üç ay uzadılıb.

  • Zabit Səmədov: “Facebook” mesajları məni rinqə qaytardı”

    “Əslində, 2014-cü ildə karyeramı bitirmişdim və bir il rinqə çıxmadım. Lakin “Facebook”da xalqımın məni ruhlandıran mesajlarını oxuduqdan sonra yenidən idmana qayıtdım. 2022-ci ildə son döyüşüm Bakıda oldu və bununla da karyeramı tamamladım”.

    Bu sözləri Baku TV-yə müsahibəsində sabiq kikboksçu Zabit Səmədov deyib.

    İdmançının sözlərinə görə, böyük nəticələr əldə etmək üçün əziyyət çəkmək, fiziki gücə və möhkəm xarakterə sahib olmaq, ən əsası isə sona qədər mübarizə aparmaq lazımdır:

    “Bəzən istədiyin nəticəni əldə etməyə bilərsən, amma sona qədər getmək vacibdir. İdmanda qayda belədir. Mən hər bir qələbəmi zəhmətimlə qazanmışam. Hər bir döyüşçü həyəcan keçirir, çünki artıq tək deyilsən. Arxanda ilk növbədə ölkən, bayrağın, ailən və dostların dayanır. Onların döyüş anında keçirdiyi narahatlıq səni də həyəcanlandırır. Ancaq rinqə ayaq basan kimi bütün bunlar geridə qalır. O anda yalnız qalib gəlməyi düşünürsən”.

  • Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı

    Məşhur investor və milyarder Uorren Baffet uşaq böyütməklə bağlı məsləhətlərini bir cümləyə sığışdırıb: “Yaxşı uşaqlar istəyirsinizsə, yaxşı valideyn olun”.

    Qaynarinfo xəbər verir ki, Inc.com saytının yazdığına görə, bu, bayağı səslənsə də, uşaq inkişafı ilə bağlı tədqiqatlar bu yanaşmanın effektivliyini təsdiqləyir.

    95 yaşlı “Berkshire Hathaway” rəhbəri danışıb ki, gənclik illərində tez-tez pis davranıb, amma atası – birja makleri və konqresmen – sakit reaksiya verib: “Bilirəm, sən daha yaxşı edə bilərsən”.

    Bu sakit, konfliktsiz yanaşma Baffetə səhvlərini anlamasına və emosional zəkanın inkişafına kömək edib.

    “Bəzi pis şeylər barədə dərs oxumuruz, əgər özümüz də onları edirik”, deyə Baffet izah edir. Uşaqlar valideynlərin davranışlarını müşahidə edərək dəyərləri və normaları əlavə nəzarət və ya konflikt olmadan mənimsəyirlər.

    Elmi təsdiq

    “Developmental Psychology” jurnalında dərc olunmuş tədqiqat göstərib ki, empatiya, dürüstlük və emosional zəka nəsildən-nəsilə ötürülür. Valideynlər bu dəyərləri öz nümunələri ilə nümayiş etdirdikdə, uşaqlar da bu keyfiyyətləri öyrənir və böyüklükdə davam etdirirlər.

    Yeni Zelandiyada 40 ildən uzun müddət aparılmış digər tədqiqat isə göstərib ki, kognitiv nəzarət – yəni öz emosiyalarını idarə etmək və düşünülmüş qərarlar qəbul etmək qabiliyyəti – böyüklükdə maliyyə və həyat uğurunun əsas amilidir, hətta IQ və ya ailənin sərvətindən daha vacibdir.

    Baffetin tərbiyə yanaşmasını belə ümumiləşdirmək olar: dəyərlərinizə uyğun yaşayın və uşaqlara gündəlik həyatınızda yaxşılıq, dürüstlük və məsuliyyət nümunəsini göstərin. Uşaqlar bunu müşahidə edərək davranış və dəyərləri mənimsəyir, nəticədə emosional cəhətdən yetkin, yaxşı və uğurlu insanlar olurlar.

  • Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər

    Marker (ekspert qiymətləndirici) kimi fəaliyyət göstərmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan təlimlərə müəllimlərin qoşulmasına çağırış etmişdim. Məqsəd markerlərin sayını artırmaqdır.

    Bu fikirləri müsahibəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırma prosesindən uğurla keçənlər arasında fənlər üzrə ən yüksək nəticə göstərənləri təlimlərə cəlb etmək üçün Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanıb.

    DİM rəhbəri prioritetin yüksək nəticə göstərən müəllimlər olduğunu vurğulayıb: “Müraciətdə sertifikasiya imtahanlarında fənlər üzrə ən yüksək nəticə əldə edən müəllimlərin siyahısının bizə təqdim olunması xahiş edilib.

    Bu siyahı əsasında həmin müəllimləri marker təlimlərinə cəlb edəcəyik. Bizim üçün vacibdir ki, həmin müəllimlər öz fənlərindən 90 faizdən yuxarı nəticə göstərsinlər. Belə müəllimlərin sayı kifayət qədər deyil”.