Month: February 2026

  • Şəmsi Səmədzadə həbs olundu

    Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

    Median.Az Demokrat.az-a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub.

    Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq.

    Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.

    Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

    Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

  • Пашинян: Страница противостояния между Арменией и Азербайджаном перевернута

    Такой процесс между Арменией и Азербайджаном невозможно было представить. Несмотря на это, мы достигли невероятного успеха. Поэтому мир был установлен в 2025 году. И то, что происходит сейчас, до сих пор кажется невероятным.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал премьер-министр Армении Никол Пашинян на церемонии вручения “Премии Зайеда за человеческое братство”.

    “Мир и вручение этой премии – это церемония не только о праздновании установления мира, это подтверждение того, что страница противостояния между Арменией и Азербайджаном перевернута”, – подчеркнул он.

  • Paşinyan: “Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”

    “Ermənistanla Azərbaycan arasındakı bu prosesi təsəvvür etmək mümkünsüz idi. Buna baxmayaraq, biz inanılmaz bir nailiyyət əldə etdik. Bu səbəbdən 2025-ci ildə sülh bərqərar oldu. İndi isə baş verənlər yenə də inanılmaz görünür”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

    “Sülh və bu mükafatın verilməsi nəinki onun qeyd edilməsidir, bu, həmçinin onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”, – deyə o vurğulayıb.

  • Dənizdə dalğanın hündürlüyü 5.5 metrə çatır – Faktiki hava

    Fevralın 4-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Belə ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır.

    Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.

  • Bulvardakı bəzi restoranlara vergi hesablanmayıb – Məhkəmə

    Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin məhkəməsində Dənizkənarı Bulvar İdarəsində vergi yoxlamaları aparmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyev, ötən prosesdə olduğu kimi, sualları cavablandırıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova və təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli nümayəndəyə suallar ünvanlayıblar.

    Vəkil İsmayıl Kəngərli Niyaməddin Tanrıverdiyevdən onun və ekspertin bulvarda olan obyektlərə vergi hesabladıqları zaman qiymətlər arasındakı fərqlər barədə yenidən suallar verib.

    Niyaməddin Tanrıverdiyev deyib ki, bulvarda olan bəzi obyektlər Dənizkənarı Bulvar İdarəsinin balansında deyil, bəzilərinin isə idarənin balansında olub-olmaması ilə bağlı məlumat olmayıb. Nümayəndə bildirib ki, ekspert həmin obyektlərə qiymət qoysa da, o, özəl əmlaklara vergi ilə bağlı qiymət hesablamayıb.

    Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı ikili yanaşmalara yol verilib. Onun sözlərinə görə, bəzi restoranlara vergi hesablanmayıb.

    Həmçinin vəkil İsmayıl Kəngərli Dənizkənarı Bulvar İdarəsinə aid olan 16 obyektə, ekspert qiymət hesablamadığı halda, vergi yoxlayıcısının qiymət müəyyən etdiyini söyləyib.

    Nümayəndə bu məsələni ekspertdən soruşmağı təklif edib.

    Proses zamanı digər mübahisəli məsələ isə vergi yoxlamaları zamanı obyektlərə mövsümi aylarda daha az, adi aylarda isə daha çox qiymət hesablanması olub.

    Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı bulvarda səyahət qatarına qış aylarında daha çox, lakin yay aylarında, yəni insanların bulvara daha çox üz tutduqları vaxtlar daha az pul hesablanıb.

    Nümayəndə Niyaməddin Tanrıverdiyev bunu icarədarların fərqli olması ilə əsaslandırıb.

    Bu obyektlərin fəaliyyətdə olduğu ayları müəyyən etmək üçün hakim Leyla Əsgərova-Məmmədova da təqsirləndirilən İlqar Mustafayevdən sözügedən obyektlərlə bağlanan müqavilələrin mövsümi və ya daimi olduğunu soruşub.

    İlqar Mustafayev deyib ki, Dənizkənarı Bulvar İdarəsində əksər müqavilələr mövsümi olur, çünki bir çox obyekt mövsümünə uyğun fəaliyyət göstərir.

    Prosesə ayrılan vaxt başa çatdığı üçün iclas fevralın 18-nə kimi təxirə salınıb.

    Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulu mənimsəyiblər.

    Bundan başqa, İlqar Mustafayev 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

    İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

    İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

  • Əbu-Dabidə Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”ı təqdim olunub

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

    Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

    “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

    Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

    Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciəti nümayiş olunub.

    Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

    Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

    Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

    Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış edib.

    Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim edib.

  • Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir

    2026-cı il iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identifikasiya nömrəsi (FİN) və parol vasitəsilə həyata keçirilməsi mümkün olmayacaq.

    Göstərilən tarixdən sonra “Smart Customs” və “e.customs.gov.az” sistemlərinə FİN və parol ilə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.

    Məlumata görə, sözügedən xidmətdən yararlanmaq üçün vətəndaşlar Asan imza, SİMA və ya MYGOV/QR vasitəsilə sistemə daxil olmalı olacaqlar.

    Dövlət Gömrük Komitəsi vətəndaşlara tövsiyə edir ki, 2026-cı il iyunun 1-dən əvvəl Asan imza və ya SİMA elektron imzasını əldə etsinlər. Bu, qeyd olunan tarixdən sonra malların gömrük bəyannaməsinin vaxtında və problemsiz aparılması üçün vacib hesab olunur.
    //Milli.az

  • “Esthederm Medical” Samirə Mehrəliyə görə cərimələndi: Plastik cərrah olan ərindən də şikayət edilibmiş

    Bakıda fəaliyyət göstərən “Esthederm Medical” inzibati qaydada cərimə olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.

    Belə ki, aparılan yoxlama zamanı klinikada tanınmış kosmetoloq Samirə Mehrəlinin dermatologiya üzrə tibb xidmətinin kosmetoloji təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmədiyi halda 2025-ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılması aşkarlanıb.

    Nəticədə məhkəmənin qərarı ilə “Esthederm Medical” 6 000 manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, iş materiallarında Samirə Mehrəlinin həyat yoldaşı “HTC Cliniva Hospital”da fəaliyyət göstərən plastik, estetik, rekonstruktiv cərrah Elnur Mehrəlinin də adı keçir. Belə ki, Nizami Rayon Prokurorluğunda 2023-cü ildə vətəndaşın şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, vətəndaş 2023-cü ilin mart ayının əvvəllərində burnunun xarici görünüşündə olan qüsurlar və çəpər əyriliyi ilə əlaqədar nəfəs almasında çəkdiyi çətinliklər səbəbindən “HTC Cliniva Hospital”da fəaliyyət göstərən Elnur Mehrəlinin qəbuluna yazılıb və rinoplastika əməliyyatı etdirib.

    Şikayətçi Elnur Mehrəlini onun kosmetoloq xanımı Samirə Mehrəlinin vasitəsilə tanıdığını bildirib. Həmin vaxt Elnur Mehrəli pasiyentin üzərində rinoplastika, Samirə Mehrəli isə bulhorn əməliyyatlarını icra ediblər.

    Əməliyyatdan sonra isə pasiyentin burnunun sağ hissəsində çöküntü əmələ gəlib və burnunun sol dəliyi sağ dəliyinə nisbətən böyük olub, əməliyyatdan sonra isə nəfəs almasında ciddi problemlər yaşanıb.

    Pasiyent Elnur Mehrəliyə şikayət etsə də, həkimin buna məhəl qoymadığı iddia olunub.

  • Prezident: “Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq”

    “Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə – red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

    “Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Əmək qanunvericiliyini pozan “Dmc Kompani” cərimələndi

    Alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan “Dmc Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı şirkət tərəfindən qüvvədə olan əmək müqavilələrini elektron sənəd formasına keçirilməsinin təmin edilmədiyi müəyyən olunub. Bu barədə xəbərdarlıq məktubu göndərilsə də, MMC-nin nümayəndəsi araşdırma prosesində iştirak etməyib, ona görə də onların iştirakı olmadan MMC barəsində İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

    Məhkəmənin hökmü ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 539.1-1-cü maddəsi ilə təqsirli bilinib və 2 min manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Cəbrayılov Famil Nadir oğludur. Bir neçə dəfə müvafiq qurumlar tərəfindən sözügedən şirkətdə aparılan yoxlamalar zamanı sanitariya norma və qaydalarının kobud şəkildə pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

    Xatırladaq ki, İXM-in 539.1-1-ci maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.