Month: February 2026

  • Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

    Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.

    Bildirilib ki, “Ana harayı” abidəsinin yaxınlığında yerləşən “Xətai”, eləcə də “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında nəzarət tədbirləri artırılacaq.

    Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.

  • Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

    Bu ilin yanvar ayında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 55,1 milyon ABŞ dolları təşkil edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,8 milyon ABŞ dolları və ya 1,9 dəfə azdır.

    Belə ki, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 45,9 milyon dollar həcmində ixrac həyata keçirilib ki, bu da illik ifadədə 51,3 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.

    Hesabat dövrü ərzində Yunanıstandan Azərbaycana 9,1 milyon ABŞ dolları həcmində ixrac həyata keçirilib. Bu illik ifadədə 50 min ABŞ dolları həcmində artım anlamına gəlir.

    Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 3,538 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5 faiz azdır.

    Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon ABŞ dolları və ya 26,4 faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.

    Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3 faiz azdır.

  • Ramazanın 8-ci gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 8-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:55-də, iftar isə saat 18:42-dədir.

    Ramazan ayının 8-ci gününün duası:

    “Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

    Tərcüməsi:

    “İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”

    Allah orucunuzu qəbul etsin!

  • Göygöldə 32 yaşlı qadın dərmandan zəhərləndi

    Göygöldə qadın dərmandan zəhərlənib.

    “Unikal”ın məlumatına görə, hadisə rayon sakini 1994-cü il təvəllüdlü Ü.Abbasəliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

    Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu il minimum əməkhaqqı artırılacaq?

    “Minimum əməkhaqqı ilə bağlı yeni yanaşma artıq təsdiqini tapıb və bu qərarın arxasında konkret səbəblər dayanır. Son illər beynəlxalq təşkilatların və komissiyaların qiymətləndirmələrində ölkələrin əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və gəlir siyasətinin institusional əsasları xüsusi indikator kimi ölçülür”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycan üzrə reytinq göstəriciləri məhz bu istiqamətdə siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçməsini zəruri edirdi:

    “Qanunvericiliyə edilən dəyişiklik minimum əməkhaqqının hər il avtomatik artırılması deyil, ildə azı bir dəfə yenidən qiymətləndirilməsi mexanizmini təsbit edir. Bu isə o deməkdir ki, qərarlar iqtisadi dinamika, inflyasiya, əmək bazarındakı dəyişikliklər və fiskal imkanlar nəzərə alınmaqla qəbul olunacaq. Bu mexanizm qiymətləndirmə prosesidir. Yəni, minimum əməkhaqqı artada bilər, artmaya da bilər, lakin mütləq şəkildə yenidən baxılacaq, təhlil olunacaq və qiymətləndiriləcək. Konkret təkliflər təqdim ediləcək, göstəricilər əsasında qərar qəbul olunacaq və yekun məbləğ müəyyən ediləcək. Amma hazırkı şəraitdə böyük ehtimalla ildə ən azı bir dəfə artımın mümkün və real ssenari olduğunu demək olar”.

  • Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir

    Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək:

    4 nömrəli marşrut

    Bakı Ağ Şəhər – Nəriman Nərimanov metrostansiyası: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    Nəriman Nərimanov metrostansiyası – Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”) – 1-ci Yaşıl ada küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    10 nömrəli marşrut

    Bakı Ağ Şəhər – Yasamal yaşayış kompleksi (MİDA): 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    Yasamal yaşayış kompleksi (MİDA) – Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”), daha sonra öz hərəkət sxemi üzrə;

    21 nömrəli marşrut

    Əhmədli metrostansiyası – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    30 nömrəli marşrut

    Xalqlar Dostluğu metrostansiyası – “28 May” NMM: Babək prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    28 May NMM – Neftçilər metrostansiyası: Yusif Səfərov küçəsi – Babək prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

    32 nömrəli marşrut

    Neftçilər metrostansiyası – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    “28 May” NMM – Neftçilər metrostansiyası: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

    46 nömrəli marşrut

    Günəşli qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    “28 May” NMM – Günəşli qəsəbəsi: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

    49 nömrəli marşrut

    68 nömrəli məktəb (Sabunçu rayonu) – “28 May” NMM: Nəcəfqulu Rəfiyev küçəsi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    “28 May” NMM – 68 nömrəli məktəb (Sabunçu rayonu): Neftçilər prospekti – 8 Noyabr prospekti – Nəcəfqulu Rəfiyev küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

    120 nömrəli marşrut

    Hövsan qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

  • Toyuq hininə salıb, gəlinlik geyindirənlərə hökm oxundu – 44 il 4 ay

    “TikTok” sosial platformasında talışları təhqir edən şəxsi oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Hökmə əsasən, Şücayət Rzayev 10 il, Səlim Əliyev 8 il 6 ay, Samir Hüseynov 8 il 6 ay, Müştəba Əliyev 8 il 6 ay, Təbriz Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslərdən Murad Rzayev və Əhməd Əzizov isə 2 il olmaqla şərti cəza verilib.

    Xatırladaq ki, Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilənlər – Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il, 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Xatırladaq ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan edilib.

    İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində “Nəzirxan qanuni oğruların dədəsi” adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

    Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

    İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

    İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

    Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli “gəlinlik” paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.

  • Arıqlamaq məqsədilə oruc tutmaq olar? – AÇIQLAMA

    “Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər”.

    Bunu deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir:

    “Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır. Oruc tutan insan hətta beynini pis fikirlərdən təmiz saxlamalıdır.

    Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə, bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq”.

  • Vardanyan apelyasiya şikayəti verməyəcək

    Ruben Vardanyan hökmdən apelyasiya şikayəti verməyəcək.

    Bu barədə Vardanyanın ailəsi açıqlama yayıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.//unikal.az

  • Qazaxıstanda Su-30SM qırıcı təyyarəsi qəzaya uğradı

    Qazaxıstanda təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

    Hadisə Karaqanda bölgəsində baş verib. Rəsmi məlumatlara görə, təyyarə heyəti vaxtında katapultasiya edib.

    “Pilotlar sağdır və həyatları və sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Onlar tibbi nəzarət altındadır. Qəza yeri mühasirəyə alınıb. İctimaiyyət və ya infrastruktura heç bir təhlükə yoxdur”, – nazirliyin açıqlamasında qeyd olunub.//unikal.az