Month: February 2026

  • “Laser Beauty Clinic”də qəfil yoxlama – Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş

    Daha əvvəl qanunsuz həkim olması ilə bağlı məlumatlar yayılan “kosmetoloq” Nigar Rüfət hələ də “Laser Beauty Clinic”də fəaliyyətini davam etdirir.

    “Unikal”ın əldə etdiyi məlumata görə, fevralın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Laser Beauty Clinic”də yoxlama keçirilib.

    Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirib ki, “LB CLINIC” MMC-yə məxsus “Laser Beauty Clinic” özəl tibb müəssisəsində çalışan Nigar Rüfət adlı şəxsin fəaliyyəti ilə bağlı 20 fevral 2026-cı il tarixində Analitik Ekspertiza Mərkəzinin rəhbərliyinin qərarı əsasında plandankənar yoxlama zamanı aşkar edilən faktlar qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib və aidiyyəti üzrə inzibati icraat çərçivəsində baxılması üçün təqdim edilib:

    “Nigar Rüfət qızı ali tibb təhsillidir və bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diplomun surəti yoxlamaya təqdim edilib. Onun bu günə olan təhsili həkim-kosmetoloq kimi çalışmasına imkan vermir”.

    Əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən səhiyyə sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti mütəmadi qaydada həyata keçirilir və aşkar olunan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülür.

  • Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

    Son günlərdə Miqrasiya Departamenti 25 ölkədən 85 vətəndaşı Gürcüstandan çıxarıb.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    “Miqrasiya İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Fil Dişi Sahili, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızıstan və Çinin 85 vətəndaşı ölkədən çıxarılıb”, – deyə məlumatda qeyd olunub.

    Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
    //unikal.az

  • Misir Mərdanov 1,7 milyon manatlıq ittihama belə cavab verdi

    Xəbər verdiyimiz kimi, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb. Elşad Abdullayev bildirib ki, Misir Mərdanov ondan plana görə 1 milyon alıb: “700 min manat da keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir”.

    Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxladıq. Keçmiş nazir “Unikal”a açıqlamasında 1,7 milyon manatlıq ittihama belə cavab verib:

    “Bunlar boş söhbətlərdir. Bu məsələlər mənə lazım deyil.

    Xahiş edirəm, həmin mövzu ilə bağlı mənə əlavə sual verməyəsiz”, – deyə o əlavə edib.

    Xatırladaq ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.

  • Qanunsuz saxlanılan silahlar aşkar edildi

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 18 tüfəng, 2 patron darağı və 24 ədəd patron aşkar edərək götürüblər.

  • Bakıda 79 yaşlı kişi ölü tapıldı

    Xətai rayonunda mənzildən meyit tapılıb.

    Hadisə dünən saat 17 radələrində baş verib.

    Belə ki, 1947-ci il təvəllüdlü Aleksey Tyutyunikovun meyiti yaşadığı paytaxtın Seyid Əzim Şirvani küçəsində yerləşən mənzildə aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Vilayət Eyvazov Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 2-də Yevlax rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 2-də 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

    Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

  • “Tofiq müəllim iclasda yatmayıb, sənədlərə baxırdı” – AMEA-nın iclası ilə bağlı AÇIQLAMA

    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Elmi mövzuların müzakirə olunduğu iclas zamanı diqqətçəkən məqamlardan biri də bəzi iştirakçıların diqqətinin yayındığı, hətta qısamüddətli mürgüləmə hallarının qeydə alınması olub. Bu görüntülər tədbirin məzmunundan kənar müzakirələrə yol açıb və ictimai diqqəti iclasın özündən daha çox zaldakı atmosferə yönəldib.

    Bu formada şəkli çəkilənlərdən biri də AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru və Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi Tofiq Nağıyevdir.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin mətbuat katibliyi Modern.az-a açıqlama verib.

    AMEA-nın vitse-prezidenti Tofiq Nağıyevin iclasda mürgüləmədiyini qeyd edən mərkəzin əməkdaşı direktorun aşağıya baxdığını bildirib: “Tofiq müəllim yerə, əlindəki kağıza baxırdı. Hamı gözün bərəldib tədbirdə oturub? İclasda gəlib kim 4 saat otura bilir? Bir də görürsən, bir adam saat yarım danışır. Maraqlısı olur, maraqsızı olur. İndi o şəkilləri müzakirə edənlər orada oturanların yazdığı 600 səhifəlik kitabı gəlib oxusunlar. Alimləri gedib elm və təhsil naziri Emin Əmrullayevdən soruşsunlar. Onların hər biri müəyyən sahələrdə ixtisaslaşıblar. O səviyyəyə çatmaq çətindir”, – açıqlamada bildirilib.

  • Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb

    Özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edən şəxs daxil olan şikayətlər əsasında Lənkəran şəhəri ərazisində saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, araşdırmalar əsasında müəyyən olunub ki, 34 yaşlı Şəhriyar Həsənzadə

    müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

    Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

  • Bu serial final edir

    NOW” kanalında yayımlanan “Sahtekarlar” serialı ilə bağlı qərar verilib.

    Ekran işi 22-ci bölümdə final edəcək.

    Qeyd edək ki, serialın baş rolları Burak Deniz ilə Hilal Altinbilekə həvalə olunub.

  • Daha 26 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi

    Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında paylaşım edib.

    Bildirilib ki, 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.

    Qeyd edilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.

    Ukrayna göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.