Month: February 2026

  • Toliklə Elgizin verilişi ilə bağlı Audiovizual Şuradan AÇIQLAMA

    Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır.

    Bu barədə Şuradan məlumat verilib.

    Bildirilib ki, bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur:

    “Məlum olduğu kimi, Azərbaycan Respublikası Audiovizual Şurası audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.

    Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir. Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.

    Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur.

    Bir daha audiovizual yayımçılardan qanunvericiliyin tələblərinə ciddi əməl etmələri, peşə etikası qaydaları çərçivəsində fəaliyyət göstərmələrinin təmin etmələri tələb olunur”.

  • Olimpiya mükafatçılarımızın medalları dəyişdirilir

    Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşılanmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

    Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib.

    Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşılanmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Hazırda Azərbaycan idmançılarının aşılanmış medallarının dəyişdirilməsi növbəsi çatıb. Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

    İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.

    Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən üç-beş həftə davam edəcək.

  • Türkiyədə irimiqyaslı antiqumar əməliyyatı: 15 milyardlıq şəbəkə çökdürüldü

    Türkiyənin Batman, İstanbul, Ankara, Antalya, İzmir, Sakarya, Kastamonu, Nevşehir, Mersin və Diyarbəkir şəhərlərində qanunsuz mərc oyunları ilə bağlı əməliyyatlar keçirilib.

    Bu barədə Median.Az “TRT Haber”ə istinadən xəbər verir.

    Məlumata görə, Batman Baş Prokurorluğunun koordinasiyası altında vilayətin polis idarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində şəhərdəki qanunsuz qumarxanalar və onlayn mərc oyunları saytları vasitəsilə əldə edilən “qara pullar”ın müxtəlif hesablara, daha sonra isə kripto hesablarına köçürülərək yuyulduğu aşkar edilib.

    Bundan əlavə, 81 şübhəlinin iki milyondan çox bank əməliyyatlarında 15 milyard 172 milyon 805 min 258 türk lirəsi məbləğində köçürmələrin həyata keçirildiyi məlum olub.

    Hüquq-mühafizə orqanlarına aid 105 qrup və 350 personalın iştirak etdiyi əməliyyat zamanı 73 şübhəli saxlanılıb, 8 şübhəlinin tutulması üçün işlər davam etdirilir.

  • İcra başçısı 30 əməkdaşı işdən çıxardı

    İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 28 əməkdaşı vəzifəsindən azad edilib.

    Dəyişikliklə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində 38 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. Onlardan 10 nəfəri müxtəlif qurumlarda müəyyən vəzifəyə təyin edilsə də, 28 nəfər yeni işlə təmin edilməyib. İcra başçısı Rafiq Cəlilovun sərəncamı ilə 28 əməkdaşının dövlət qulluğuna xitam verilib.

    Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Həmin şəxslərin 7 nəfər başqa vəzifəyə təyin olunsa da, hazırda 28 nəfər işsiz qalıb.

  • 16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? – İDDİA (Video)

    Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasına gələn ərzaqların mənimsənildiyi iddia olunub.

    Oxu.az-a daxil olan görüntülərdə ərzaqların şəxsi avtomobilin baqaj hissəsinə yerləşdirildiyi öz əksini tapıb.

    Vətəndaş iddia edir ki, bağçaya 15 gündən bir ərzaq gətirilir və artıq qalan ərzaqlar şəxsi avtomobilə yüklənir:

    “Qayda belədir ki, bağçaya məhsulu hansı maşın gətirirsə, artıq qalan ərzaqlar da həmin avtomobillə daşınmalıdır”.

    Ərzaqların yükləndiyi avtomobilin bağçanın direktoruna məxsus olduğu da qeyd edilir.

    Xatırladaq ki, bir müddət əvvəl sözügedən bağçanın musiqi müəlliməsi Elnarə Tahir qızı Əsgərovanın qeyri-etik görüntüləri yayılmışdı və o, yayılan görüntülərə görə işindən azad edilmişdi.

    Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

  • AMEA-da “gərgin” iclas: Alimlər yuxuya getdi -FOTO

    Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir.

    “Qafqazinfo” xəbər verir ki, bugünkü iclasın gündəliyinə iki məsələ – Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib.

    Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edirlər. Toplantıda illik hesabat çıxışları səsləndirilir, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılır.

    Xəbəri rus dilində oxuyun: Наука в спячке: сонное заседание НАНА – ФОТО

    Maraqlı məqam isə iclas zamanı zalda sükutun hökm sürməsidir. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkir.


















  • Vasif Talıbovun dövründə maaşı verilmədi – Məhkəmə 10 il sonra qərar verdi

    Naxçıvanda işdən çıxarılan şəxsə 10 il əvvəlki əməkhaqqı ödənilmədiyi üçün şirkət rəhbəri cərimələnib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Arkoz Travertin-Mərmər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Səfiyar Süleyman oğlu Abişov barəsində protokol tərtib edilib.

    Protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) irəli sürülüb və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, E.T adlı şəxs 6 iyun 2025-ci ildə Səfiyar Abişova və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə təqdim edərək bildirib ki, “Arkoz Travertin-Mərmər Zavodu” MMC-də işlədiyi 2011-2016-cı illərdən qalan son haqq-hesabının ödənilməsini tələb edib. Səfiyar Abişov isə bundan imtina edərək, borcun köhnə rəhbərlik dövrünə aid olduğunu deyib.

    Məhkəmənin hökmü ilə “Arkoz Travertin-Mərmər Zavodu” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.

    Qeyd edək ki, sözügedən zavod vaxtilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes strukturu kimi tanınıb. Bəzi iddialara görə, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa verdikdən sonra zavod üzərindəki nəzarəti də itirib. E.T adlı şəxs Vasif Talıbovun zavoda nəzarəti dövründəki borcunu tələb edib.

  • Azərbaycanlı karateçiyə üç illik CƏZA VERİLDİ

    Azərbaycan karateçisi Lalə Babazadə üç illik diskvalifikasiya olunub.

    Median.Az AMADA-ya istinadən xəbər verir ki, bu addımın atılmasına səbəb idmançının dopinq nümunəsinin toplanması prosesindən yayınması, imtina etməsi və ya nümunəni təqdim etməməsi olub.

    Tətbiq edilən sanksiyanın qüvvəyə minmə tarixi ötən ilin 25 dekabrı olaraq müəyyənləşdirilib. Cəza müddəti 2028-ci ilin 24 dekabr tarixində yekunlaşacaq.

  • Президент Ильхам Алиев ознакомился с работами, проделанными в селе Ходжавенд

    25 февраля Президент Азербайджанской Республики Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Арзу Алиева ознакомились с работами, проделанными в селе Ходжавенд Ходжавендского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.