Month: February 2026

  • Azərbaycanda suyun qiymətinin artması ilə bağlı xəbərlərə rəsmi reaksiya

    Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Tarif Şurasının qəbul edəcəyi yeni qərara əsasən, su təminatının da qaz kimi limitlə olacağı gözlənilir. İddialara görə, yeni təklifdə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manat tarif müəyyənləşdirilməsi nəzərdə tutulur.

    Valyuta.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Globalinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib.

    “Bu məsələ ilə bağlı hər hansı məlumat, yaxud qərar mövcud deyil”, – o əlavə edib.

    Qeyd edək ki, ADSEA-nın bundan əvvəl yaydığı açıqlamaya görə, qurum suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bildirilib ki, sadəcə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq ADSEA-nın tabeli qurumları arasında müzakirələr aparılır.

  • Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

    Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2026-cı ilin yanvar ayında əcnəbilərə 1 306 mənzil satılıb.

    Valyuta.az xəbər verir ki, yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 mənzil əldə edib.

    Yanvarda əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 219 mənzil. Onları 118 mənzillə İran, 77 mənzillə Ukrayna vətəndaşları izləyib.

  • Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu – 4 min cərimə

    Azərbaycana gətirilən “Göktürk” nişanlı, “Rock salt” adlı duz yükündə yodun olmadığı müəyyən edilib.

    Qaynarinfo-nun məlumatına görə, Türkiyədən ölkə ərazisinə daxil olmuş duz yükü gömrük rəsmiləşdirilməsinin aparılması məqsədi ilə gömrük orqanına təqdim olunub. Bəyan olunmuş duz yükünə dair kimyəvi tərkibin müəyyən edilməsi üçün ekspertiza aparılıb.

    Ekspert rəyinə əsasən, “Göktürk” nişanlı, “Rock salt” adlı duzun kimyəvi tərkibində yod olmadığı müəyyən edilib. Sözügedən duz məhsullarını ölkəyə idxal edən “BKE AZERBAİJAN” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə MMC-nin nümayəndəsi deyib ki, qeyd olunan duz yükü ölkəyə idxal edilməzdən əvvəl Türkiyə Respublikasının ekspertiza tədqiqatına təqdim edilib və həmin rəyə əsasən, duzun tərkibində yodun miqdarının normalara uyğun olduğu göstərilib. Bu səbəbdən məhsulun ölkədə tətbiq olunan standartlara uyğun olduğunu düşünərək idxal ediblər. Şirkət rəsmisi qanunvericilik tələblərini pozmadıqlarını, qəsdən və ya ehtiyatsızlıqla sözügedən inzibati xətanın törədildiyini bildirib. Bu səbəbdən də şirkətə cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə ziddir. Qeyd edilənlərə əsasən, MMC-nin nümayəndəsi inzibati xəta haqıında iş üzrə icraata xitam verilməsini xahiş edib.

    Buna baxmayaraq, məhkəmənin hökmü ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın bilavasitə obyekti olan yük müsadirə edilməklə MMC 4000 manat məbləğində cərimə edilib.

  • Sosial müavinət alanlara mühüm xəbər

    2026-cı ilin yanvar ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 882 167 nəfər olub.
     
    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
     
    Onların 475 334 nəfərini aylıq sosial müavinət, 406 833 nəfərini isə təqaüd alanlar təşkil edib.

  • UEFA “Benfika”nın futbolçusunu irqçiliyə görə cəzalandırdı

    UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi “Benfika” futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda “Real Madrid” klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.

    Bu barədə komitənin bəyanatında deyilir.

    “Komitə UEFA-nın intizam reqlamentinin diskriminasiya xarakterli davranışla bağlı maddəsini pozduğuna görə Prestianninin UEFA-nın növbəti klub turniri matçında iştirakını qadağan etmək qərarına gəlib. Bu, hazırkı araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanlarının qəbul edə biləcəyi hər hansı növbəti qərarlara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat müvafiq vaxtda təqdim olunacaq”, – deyə komitənin bəyanatında bildirilir.

    Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real Madrid” və “Benfika” arasında insident baş vermişdi. Həmin vaxt “kral klubu”nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi.

  • Alim Qasımov Bakıda zavod açdı

    Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb.

    Median.Az Demokrat.az-a istinadla xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir.

    Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb.

    Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvləri tərəfindən idarə olunur.

  • İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?

    Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir.

    Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir.

    Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir. “İmsak” sözü lüğəvi baxımdan özünü saxlamaq, çəkinmək mənasını verir və dini baxımdan oruca başlama vaxtını ifadə edir. Sübhün açılması, yəni dan yerinin ağarması ilə oruc başlayır və axşama qədər yemək-içməkdən və orucu pozan digər əməllərdən uzaq durmaq tələb olunur.

    Ramazan təqvimlərində göstərilən imsak vaxtı gecə namazı vaxtının başa çatdığı və sübh namazı vaxtının başladığı ana təsadüf edir. Bu səbəbdən azan oxunmağa başladığı andan etibarən yemək və içmək dayandırılmalıdır.

    Mənbələrdə qeyd olunur ki, azan başlayarkən ağızda olan tikənin udulması orucu pozmur. Lakin azan oxunduğu halda qəsdən su içmək və ya yemək qəbul etmək orucu pozur və həmin günün qəzası vacib olur.

    Mövzu ilə bağlı əsas istinadlardan biri Qurani-Kərimdə yer alan Bəqərə surəsinin 187-ci ayəsidir. Ayədə bildirilir ki, dan yeri ağarana qədər yeyib-içmək, sonra isə axşama qədər orucu tamamlamaq lazımdır.

    Rəsmi dini mövqe ondan ibarətdir ki, imsak vaxtının daxil olması ilə birlikdə yemək və içmək tam dayandırılmalıdır. Bu qaydaya riayət olunması orucun düzgün və etibarlı sayılması üçün zəruri hesab edilir.

  • Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı

    Praktiki fəaliyyət göstərir ki, ölkədə ən problemli və tapılması çətin olan qan qrupları əsasən B Rh (-) və AB Rh (-) qruplarıdır.

    Median.Az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

    O bildirib ki, əhali arasında faiz nisbəti baxımından bu qruplara az rast gəlindiyi üçün onlara olan ehtiyac yarandıqda uyğun donor tapmaq daha mürəkkəb olur.

    “Azərbaycanda ən çox rast gəlinən qan qrupları O Rh (+) və A Rh (+) qruplarıdır. Yəni, sadə dillə desək, I və II qan qrupları. Nisbətən daha az rast gəlinən qruplar isə B Rh (-) və AB Rh (-) qan qruplarıdır. Yəni, III və IV qruplar. Bu göstəricilər təbii olaraq qan və qan komponentlərinə olan ehtiyacın strukturuna da təsir göstərir. Ən çox istifadə olunan komponentlər məhz geniş yayılmış qruplara aid olsa da, qan xidmətində ən böyük çətinlik daha nadir rast gəlinən qruplarla bağlı yaranır”, – E. Nağıyev əlavə edib.

    O qeyd edib ki, Respublika Qan Bankında ehtiyatların planlaşdırılması zamanı məhz bu amillər nəzərə alınır. Strateji ehtiyatların idarə olunmasında əsas prinsiplərdən biri də nadir qan qruplarına aid komponentlərin daim kifayət qədər ehtiyatda saxlanılması, mənfi rezuslu qan vahidlərinin xüsusi nəzarətdə saxlanılması, bu qruplar üzrə daimi donor bazasının formalaşdırılmasıdır. Bu məqsədlə nadir qan qruplarına malik donorların ayrıca reyestri aparılır, onlarla mütəmadi əlaqə saxlanılır, ehtiyac yarandıqda operativ şəkildə donorluğa dəvət edilirlər.

  • Ötən ay Azərbaycanda 1 mlrd. ədəddən çox siqaret istehsal edildi

    2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub.

    “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.

    Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 264 milyon təşkil edib.

    Bundan əlavə, dövr ərzində 49,9 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.Qeyd edək ki, ötən il ölkəyə, ümumilikdə, 5 milyon 642 min ABŞ dollar dəyərində 225 milyon ədəd siqaret idxal edilib.

    Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.

  • Ay sonuna çatmayan maaş – İnflaysiya, yoxsa lazımsız xərcləmələr?

    Bu gün bir çox adam qazancının ay sonuna çatmadığında şikayət edir. Lakin mütəxəssislər bildirirlər ki, hər ay pulun tez bitməsinin səbəbi təkcə bahalaşma deyil. Məsələnin arxasında fərqinə varmadan təkrarlanan maliyyə vərdişləri də dayanır.

    Maaşınız hələ hesabınıza köçməmiş bitir? 

    Qaynarinfo hər ay sonu pulsuz qalmağınızın arxasındakı gizli səbəbləri təqdim edir:

    Bir çox çalışan üçün ayın sonunu gətirmək sanki sağ qalma mübarizəsinə çevrilib. Lakin mütəxəssislərə görə, hər ayın sonunda cibinizdə beş qəpik qalmamasının səbəbi yalnız inflyasiya və ya bahalaşma deyil; fərqinə varmadan təkrarladığınız bəzi yanlış maliyyə vərdişləri ola bilər. Əgər siz də “dünən maaş almışdım, necə oldu ki, bitdi?” deyə düşünürsünüzsə, maliyyə sağlamlığınızı pozan əsas səbəblər bunlardır:

    Pulsuz qalmağın ən əsas səbəbi gəlir və xərclər balansını yazılı şəkildə izləməməkdir. Haraya nə qədər xərclədiyinizi bilmədikdə, xırda xərclər yığılaraq nəhəng qar topuna çevrilir. Ayın əvvəlində kirayə, kommunal ödənişlər və ərzaq kimi sabit xərcləri ayırmadan edilən alışlar ayın sonunda məyusluqla nəticələnir.

    Gün ərzində çöldən alınan bir qəhvə, abunə sistemləri və ya “endirimdədir” deyə alınan lazımsız əşyalar tək-tək kiçik görünsə də, ayın yekununda büdcənizi sarsıdan ən böyük xərclərdən birinə çevrilir. Mütəxəssislər bu vəziyyəti “sızdıran kran” kimi xarakterizə edir; kranı təmir etməsəniz, su çəni həmişə boş qalacaq.
    Stressli, kədərli və ya çox xoşbəxt olduğunuz anlarda özünüzü alış-verişlə mükafatlandırmaq istəyi, məntiqli maliyyə qərarlarının qarşısındakı ən böyük maneədir. “Buna layiqəm” deyərək edilən plansız xərclər qısa müddətli sevinc versə də, ayın sonunda uzunmüddətli maddi narahatlığa səbəb olur.

    Kredit kartını “əlavə gəlir” hesab etmək

    Ən geniş yayılmış səhvlərdən biri kredit kartı limitini maaşın davamı kimi görməkdir. Gələcək ayın gəlirini bu gündən xərcləmək sizi bitməyən borc dairəsinə sürükləyir. Yalnız minimal məbləği ödəməklə vəziyyəti müvəqqəti həll etmək isə faiz yükü altında qalmağınıza səbəb olur.

    Bir çox insan ayın sonunda pul artıq qalarsa yığım edəcəyini düşünür. Lakin həqiqət budur ki, həmin pul heç vaxt artıq qalmır. Maliyyə uğurunun sirri maaş daxil olan kimi əvvəlcə “özünə ödəniş etmək”, yəni yığım məbləğini kənara ayırmaq və qalan pulla ayı idarə etməyi öyrənməkdir.

    Şüurlu xərcləmə, rahat ay sonu

    Əgər hər ayın sonunda eyni pulsuzluq dövrünə düşürsünüzsə, deməli, vərdişlərinizi yenidən nəzərdən keçirməyin vaxtıdır. Mütəxəssislər vurğulayırlar ki, kiçik dəyişikliklər və nizamlı nəzarət maliyyə azadlığına aparan yolda ən güclü vasitədir.