Month: February 2026

  • Sumqayıtda faciəvi şəkildə ölən gənc qızın FOTOSU

    Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində yeniyetmə qızın ölümü ilə nəticələnən ağır bədbəxt hadisə baş verib.
     
    Median.Az
    xəbər verir ki, hadisə şəhərin 45-ci məhəlləsində yerləşən 14 mərtəbəli yaşayış binasında qeydə alınıb.
     
    Məlumata görə, Sumqayıt şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Şəms Əbdülxaliqova binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.
     
    Əməkdaşlarımız faciəvi şəkildə ölən gənc qızın fotosunu əldə edib./demedia.az

  • Aprelin 1-dən etibarən mümkün olacaq

    5G texnologiyasının rabitədə tətbiqinə sayılı günlər qaldığı açıqlanıb.
     
    Median.Az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. O qeyd edib ki, 5G-yə keçid 1 aprel tarixindən etibarən başlayacaq.
     
    Nazirin sözlərinə görə, yeni texnologiyanın tətbiqi ilə mobil internet sürətində əhəmiyyətli artım müşahidə olunacaq. O qeyd edib ki, 5G sayəsində onlayn oyunları daha rahat və fasiləsiz oynamaq mümkün olacaq, eyni zamanda uzaqdan əməliyyatların həyata keçirilməsi üçün texniki imkanlar genişlənəcək.
     
    Uraloğlu vurğulayıb ki, məlumat ötürülməsi daha sürətli olacaq, məsafədən giriş və idarəetmə prosesləri asanlaşacaq. Onun sözlərinə görə, bu texnologiya həm vətəndaşların gündəlik istifadəsində, həm də sənaye və istehsal sahəsində ciddi yeniliklərə yol açacaq./news24

  • Astarada 10 kq narkotik aşkarlanıb

    Astarada 10 kiloqram narkotik vasitə aşkarlanıb.

    DİN-in Mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a verilən xəbərə görə, ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsi və ayrı-ayrı ünvanlara çatdırılmasına qarşı polis əməkdaşları sərhədçilərlə birlikdə əməliyyat keçiriblər. Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

    Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • “Ata olmağı çox istədim, amma olmadı” – Sərdardan illər sonra etiraf

    Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan türkiyəli müğənni Serdar Ortaç illərdir ürəyində qalan arzusundan danışıb.

    Median.Az xəbər verir ki, yeriməkdə çətinlik çəkən sənətçi verdiyi müsahibədə ata olmaq istədiyini etiraf edib.

    Ortaç 2014-cü ildə model Chloe Loughnan ilə ailə qurmuş, cütlük 2019-cu ildə qarşılıqlı razılıq əsasında boşanmışdı. Müğənni açıqlamasında “Ata olmağı çox istərdim, amma bu, qismət olmadı” sözləri ilə hisslərini ifadə edib.

    Sənətçinin emosional etirafı sosial mediada geniş müzakirələrə səbəb olub və qısa zamanda trend mövzusuna çevrilib.

  • Bəzi diplomatik xidmət əməkdaşlarına ödənişlərin verilməsi qaydasında dəyişiklik edildi

    Bəzi diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Bəhreyn Krallığındakı diplomatik nümayəndəliyin və ya konsulluğun təsis olunduğu, yaxud yerləşdiyi ölkədə diplomatik xidmət əməkdaşlarına dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlər ABŞ dolları ilə həyata keçiriləcək.

  • “Real”ın müdafiəçisi çinlilərdən üzr istədi

    “Real Madrid” klubunun və Niderland millisinin müdafiəçisi Din Xeysen sosial şəbəkədə irqçi məzmunlu memi paylaşdığı üçün Çin vətəndaşlarından üzr istəyib.

    Bu barədə “EFE” agentliyi məlumat yayıb.

    Futbolçu profilində bir şəxslə bağlı video repost edib. Həmin videoya istifadəçilər tərəfindən “hətta çinlilər də onu çinli adlandırır” və “onun gözlərini diş sapı ilə bağlamaq olar” kimi təhqiramiz şərhlər yazılıb.

    20 yaşlı oyunçu videonu paylaşdıqdan sonra məsələ ictimailəşib və o, Çin vətəndaşlarından üzr istədiyini bildirib.

    “Çinli dostlarımdan səmimi qəlbdən üzr istəyirəm. Daha əvvəl bilmədən təhqiramiz məzmun paylaşmışam”, – deyə futbolçu qeyd edib.
    //Baku.ws

  • “Kür” Təhsil Mərkəzi sudan qanunsuz istifadə edirmiş

    Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən “Kür” Təhsil Mərkəzində qanunsuz sudan istifadə halı aşkarlanıb.

    Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sözügedən təhsil mərkəzində yoxlama aparılıb. Aşkarlanan pozuntulara görə, mərkəzin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məhkəmənin qərarı ilə “Kür” Təhsil Mərkəzi 200 manat məbləğində cərimə edilib.

  • Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb

    Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

    Bu gün günorta saatlarında şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

  • Almaniyada Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

    Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

    Bu barədə məlumat Diasporla iş üzrə Dövlət Komitəsinin “X”dəki hesabında yayılıb.

    Tədbir faciə qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb.

    Azərbaycan Evinin rəhbəri Yaşar Niftəliyev ötən əsrin ən ağır cinayətlərindən sayılan Xocalı hadisələri barədə tarixi faktları diqqətə çatdırıb. Xocalıda törədilən qətliamın xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirərək, həmin həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində diaspor təşkilatlarının gördüyü işlərdən söz açıb.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş bacarığı və peşəkarlıq nümayiş etdirərək ölkəmizin gücünü və qüdrətini bütün dünyaya sübut etdiyi qürurla vurğulanıb.

  • ABŞ-nin Azərbaycandakı səfirliyinin sabiq əməkdaşına hökm oxundu

    ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin dələduzluqda ittiham edilən sabiq əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxsə hökm oxunaraq ona üç il sınaq müddəti olmaqla şərti cəza verilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

    Qeyd edək ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün sənədlərdə şişirdilmiş məbləğlər göstərərək bu və digər yollarla ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

    R.Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

    Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

    Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.