Month: February 2026

  • Şəkidə yaşayış binasında yanğın

    Şəki şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
     
    Median.Az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində şəhərin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Belə ki, Tural İsmayılova məxsus 3 otaqlı mənzildə yanğın çıxıb.
     
    Əraziyə dərhal Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.
     
    Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib. Tüstülənmə səbəbindən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
     
    Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (APA)

  • “Qarabağ”ın istədiyi futbolçular bilindi

    “Qarabağ” Futbol Akademiyasına baxışa gələcək iki nigeriyalı futbolçunun adı bəlli olub.
     
    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.
     
    O, hər iki oyunçunun 2008-ci il təvəllüdlü olduğunu bildirib:
     
    “Bunlar Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodur. Biri hücumçu, digəri isə müdafiəçidir. Onların hansı tarixdə Azərbaycana gələcəkləri bəlli deyil”.
     
    Həmin oyunçular “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf ediliblər.

  • 30 min manatdan çox borcu olan bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu

    Yevlax rayonunda yerləşən səkkiz kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhkəmə tərəfindən məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Yevlax rayonun Xaldan (Xaldan, Quşçu, Yuxarı Salamabad, Aşağı Salamabad, Qaraoğlan, Əcəmi, Ərəş kəndləri və Meyvəli qəsəbəsi) bələdiyyəsinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30 985.44 manat vergi borcu yaranıb.

    Bununla əlaqədar olaraq, 1988-ci il təvəllüdlü bələdiyyə sədri Röyal Kazım oğlu Cəfərov barəsində məhkəməyə şikayət edilib. Məhkəmənin hökmü ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • Fermadan 44 yaşlı kişinin meyiti tapıldı

    Ağstafa rayonunun Poylu kəndində fermada kişi meyiti tapılıb.
     
    Median.Az xəbər verir ki, araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Saloğlu kənd sakini 1982-ci il təvəllüdlü Fərhad Xıdır oğlu Vəliyev olduğu müəyyən edilib.
     
    Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır./qafqazinfo

  • Baş prokuror Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib – FOTO

    Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti gürcüstanlı həmkarı Giorgi Qvarakidzenin dəvəti ilə fevralın 23-də Tbilisi şəhərinə işgüzar səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Tbilisidə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

    Azərbaycanın Baş prokurorunu gürcü həmkarı Giorgi Qvarakidze, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

    Baş prokuror, həmçinin ölkəmizin Gürcüstandakı səfirliyində görüş keçirib.

  • Bakıda bu rayonlarda yeni söküntülər olacaq – ÜNVANLAR

    Paytaxtda qəzalı binaların sökülməsi və yeni infrastruktur layihələrinin icrası ilə bağlı mərhələli proses davam edir.
     
    Median.Az-ın məlumatına görə, yaxın perspektivdə Bakının bir sıra rayonlarında söküntü işlərinin aparılması planlaşdırılır.
     
    Hansı rayonlarda söküntü gözlənilir?
    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Baku.ws-ə bildirib ki, ilkin mərhələdə proses 10 rayonu əhatə edəcək:
    “Plan üzrə aşağıdakı rayonlarda qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsi nəzərdə tutulur:
    Nərimanov
    Yasamal
    Nəsimi
    Səbail
    Xətai
    Nizami
    Sabunçu
    Suraxanı
    Pirallahı
    Bu ərazilərdə əsasən rəsmi akt tərtib olunmuş, qəzalı vəziyyətdə olan çoxmənzilli binalar və yeni infrastruktur layihələrinin düşdüyü zonalarda yerləşən fərdi yaşayış evləri söküləcək”.
    AQC sədri əlavə edib ki, qəzalı binalarla bağlı aktlar müvafiq dövlət qurumları tərəfindən tərtib olunur:
    “Söküntü və yenidənqurma prosesi şəhərin Baş Planına – “Bakı 2040” inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Sökülən ərazilərdə yeni yaşayış binaları, parklar, sosial obyektlər və nəqliyyat infrastrukturu yaradılması nəzərdə tutulur.
    Yaxın müddətdə aşağıdakı ərazilərdə aktiv proses gözlənilir:
    “Təzəpir” məscidi ətrafı
    “Bayıl şəhər” adlanan ərazilər
    Keçmiş “Sovetski” (Yasamal rayonu) ərazisi
    Metro stansiyalarının ətraf zonaları
    Planlaşdırılan tramvay xətlərinin keçəcəyi küçələr
    Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı.
    Konkret küçələr
    Səbail rayonu:
    Salman Mümtaz küçəsi
    Dağlıq küçəsi
    Sabunçu rayonu:
    Yusif Qasımov küçəsi
    Qurban Vəzirov küçəsi
    Suraxanı rayonu:
    Xanlar Ələkbərov küçəsi
    Yasamal rayonu:
    Rıza Quliyev küçəsi
    Nabat Aşıqbəyova küçəsi
    Çingiz Mustafayev küçəsi
    Mirzağa Əliyev küçəsi və ətrafı
    Nərimanov rayonu:
    “Montin” və Keşlə əraziləri”.
    Vüqar Oruc həmçinin qeyd edib ki, söküntü işləri mərhələli şəkildə və plan əsasında həyata keçirilir:
    “Əhali ilə müvafiq dövlət qurumları arasında danışıqlar aparılır və kompensasiya məsələləri qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Əsas prioritet qəzalı binaların təhlükəsizlik baxımından aradan qaldırılması və eyni zamanda yeni nəqliyyat və şəhərsalma layihələrinin reallaşdırılmasıdır”.//baku.ws

  • Bakının bu küçələrində YOLLAR BAĞLANACAQ

    Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
     
    Bildirilib ki, buna səbəb fevralın 23-ü saat 23:00-dan fevral 25-i saat 20:00-dək ərazidə aparılacaq təmir işləridir.
     
    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, bu müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Bakıda 2 nəfər saxlanıldı

    Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar.
     
    Median.Az xəbər verir ki, onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.
     
    Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.
     
    Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
     
    Araşdırmalar davam etdirilir.

  • Ramazan ayının altıncı günü: İmsak və iftar vaxtı, günün duası

    Fevralın 24-ü Ramazan ayının altıncı günüdür.
     
    Median.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:57, iftar vaxtı isə saat 18:40-dır.
     
    Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
     
    Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9
     
    Ramazan ayının altıncı gününün duası:
     
    Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.
     
    Tərcüməsi:
     
    İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
     
    İftardan qabaq oxunan dua:
     
    İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
     
    Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.
     
    Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

  • Bakıda restoranda güclü yanğın başladı – VİDEO

    Paytaxtda yerləşən “Şah Palace” restoranında tüstülənmə hadisəsi baş verib.

    Median.Az unikal-a istinadən xəbər ki, hadisə yerinə FHN əməkdaşları cəlb olunub.