Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
Gəncə şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan “Chevrolet”, “Mercedes”, “Toyota” və BMW markalı minik avtomobilləri toqquşaraq zəncirvari qəzaya səbəb olublar.
Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadası tərəfindən şəhər xəstəxanasına çatdırılıblar.
Alkoqolun bütün növləri sağlamlığa eyni dərəcədə təsir etmir. Yeni araşdırmada alimlər müəyyən ediblər ki, şərab pivə və ya güclü spirtli içkilərlə müqayisədə daha az risk daşıya bilər, lakin burada mühüm bir nüans var.
Qaynarinfo “Fox News”a istinadən xəbər verir ki, Amerika Kardiologiya Kolleci 340 mindən çox Böyük Britaniya sakini üzərində aparılan araşdırmanın nəticələrini təqdim edib. Tədqiqat 2006–2022-ci illəri əhatə edib və iştirakçılar spirt istehlak səviyyəsinə görə dörd qrupa bölünüblər. Bir standart porsiya təxminən 14 qram təmiz spirt hesab edilib (bir banka pivə, bir stəkan şərab və ya bir porsiya güclü içki).
Nəticələrə görə, mülayim miqdarda şərab içən insanlarda ürək-damar xəstəliklərindən ölüm riski heç içməyən və ya nadir hallarda içənlərlə müqayisədə 21% daha aşağı olub.
Lakin tədqiqatın müşahidə xarakterli olduğu vurğulanır. Bu o deməkdir ki, nəticələr yalnız əlaqəni göstərir, səbəb-nəticə əlaqəsini sübut etmir.
“Əksinə, hətta az miqdarda güclü içkilər, pivə və ya sidr istifadəsi belə ürək-damar xəstəliklərindən ölüm riskinin 9% artması ilə əlaqələndirilib”, deyə Amerika Kardiologiya Kollecinin açıqlamasında bildirilir.
Bununla belə, fərqlər yalnız az və orta istehlak səviyyəsində müşahidə olunub. Yüksək miqdarda alkoqol qəbul edənlərdə isə risklər daha kəskin artıb: ümumi ölüm riski 24%, xərçəngdən ölüm 36%, ürək-damar xəstəliklərindən ölüm isə 14% daha yüksək olub.
Humanitar yardım daşıyan mülki təyyarə 28 martda İranın şərqindəki Məşhəd hava limanında ABŞ və İsrailin hava hücumları nəticəsində vurulub.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatının bu gün yaydığı bəyanatda bildirilib.
“Mülki Aviasiya Təşkilatı, Məşhəd hava limanına eniş edən, İran üçün digər ölkələrdən dərman və tibbi avadanlıq daşıyan mülki təyyarəyə qarşı Amerika-İsrail hücumunu qətiyyətlə pisləyir”, – deyə bəyanatda vurğulanıb.
Qeyd olunub ki, humanitar yük daşıyan mülki hava nəqliyyat vasitəsinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Təşkilat həmçinin bütün beynəlxalq qurumları bu aktı pisləməyə və bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər.
Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
“Konum” söhbəti təzə çıxıb. Əvvəllər hara lazım idisə, oraya aparırdıq”, – sakinlərdən biri bildirib.
“Burada taksini sifariş edirsən, aparır başqa məhəlləyə”, – digər sakin deyib.
Mütəxəssislər bildirirlər ki, bunun bir neçə səbəbi var. Onlardan biri xəritə bazalarının tam yenilənməməsidir.
İKT mütəxəssisi Asim Namazovun sözlərinə görə, eyni ünvan müxtəlif formatlarda – qısaldılmış şəkildə, fərqli dillərdə və ya müxtəlif yazılış formalarında daxil edilir.
“Bu fərqlər insanlar tərəfindən aydın başa düşülür. Lakin sistemlər bəzən bu müxtəlif adları və yazılış formatlarını eyni obyekt kimi tanımır.
Üstəlik, bu gün istifadə etdiyimiz müxtəlif xəritələnmə platformaları məlumatları təkcə rəsmi qurumlardan deyil, həm də istifadəçilərdən toplayır. Bu isə məlumatların daha tez yenilənməsinə imkan yaradır. Amma eyni zamanda səhv və ya natamam məlumatların daxil edilməsi riskini də artırır. Texniki amillər də bu prosesə ciddi təsir edir. Xüsusilə hündür binaların sıx olduğu ərazilərdə GPS siqnalı zəifləyə bilər və istifadəçinin real mövqeyi xəritədə bir qədər fərqli göstərilə bilər”, – deyə mütəxəssis qeyd edib.
Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur.
Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar.
Bəs bu məqam menyuların qiymətinə təsir göstərə bilərmi? Baku TV bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxlayıb.
“Martın sonu, aprel, may və iyunun 15-dək olan günlər üçün toy sifarişlərimiz var. Aprelin 16-dan etibarən Məhərrəm ayı başlayır. Ondan sonra sifarişlər yavaş-yavaş verilir. Adətən Məhərrəmlik ərəfəsində gəlib tarix götürürlər. Qiymət artımı isə bizdən asılı deyil. Əgər bazarda artım olmasa, biz də qiymətləri qaldırmayacağıq. Bazarda ciddi bahalaşma olarsa, bizdə də 3-5 manat fərq yarana bilər”, – administratorlardan biri deyib.
“Ramazan bayramından sonra toylarımız yaxşı gedir. Qiymətlərdə artım yoxdur. Məhərrəm ayından sonrakı tarixlər üçün də sifarişlər verilir və qiymətlərdə yenə dəyişiklik yoxdur. Bazarda bahalaşma olsa da, hazırda qiymətlər eyni qalır”, – digər administrator bildirib.
Görünən odur ki, hələlik qiymət artımı gözlənilmir. Lakin bazarda məhsulların qiymətində yüksəlmə olarsa, vəziyyət dəyişə bilər.
Qeyd edək ki, hazırda şadlıq saraylarında menyu qiymətləri minimum 45-50 manatdan başlayır. Bəzi restoranlarda isə bu rəqəm 100 manat və daha yuxarı məbləğdə təklif olunur.
Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.
Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
“Mercedes” komandasının 19 yaşlı italyan pilotu Andrea Kimi Antonelliyə Sudzuka şəhərində keçirilmiş “Formula-1” üzrə Yaponiya Qran-prisindəki qələbəsindən sonra mükafatlandırma mərasimində şampan şüşəsi verilməyib.
Median.Az Oxu.Az-a istinadən xəbər verir kiç bu barədə “GPFans” resursu məlumat yayıb.
“Yeniyetmə ikən yarışda qalib gəlməyin yeganə mənfi tərəfi odur ki, sonda şampan içmək üçün yaşın çatmır. Bəli, şüşəyə baxın, etiket yoxdur”, – deyə “Sky Sports”un şərhçisi Devid Kroft yarışın yayımından sonra bildirib.
Mükafatlandırma mərasimi zamanı ona üzərində “Sudzuka” etiketi olan (ehtimal ki, qazlı içki) şüşə təqdim edilib. Eyni zamanda, ikinci və üçüncü yerləri tutan Oskar Piastri və Şarl Leklerdə “Moet & Chandon” markalı şüşələr olub.
Qeyd edək ki, Yaponiyada spirtli içkilərdən istifadə üçün icazə verilən minimum yaş həddi 20-dir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33,5 % artım deməkdir.
Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkədə şəkərli qənnadı məhsullarının istehsalı da yüksələrək 14,1 % artım göstərib və 1 549,2 ton təşkil edib.
Martın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatları da əhəmiyyətli dərəcədə çoxalıb. Belə ki, şəkər və qənd üzrə ehtiyatlar 18,9 min tona çataraq əvvəlki illə müqayisədə 9,5 dəfə artıb. Şəkərli qənnadı məmulatları üzrə ehtiyatlar isə 33,1 % yüksələrək 90,1 ton olub.
Hesabat dövründə ölkədə ümumilikdə 937,7 milyon manat dəyərində qida məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % artımın qeydə alındığını göstərir.