Month: Mart 2026

  • BDU-nun aparıcı elmi işçisi vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.

    Bu barədə BDU məlumat yayıb.

    Məlumata görə, Zara Məmmədova BDU-nun Kimya fakültəsinin sintez elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi olub.

    Qeyd edək ki, o, 97 yaşında dünyasını dəyişib.

  • Qonşusunu xüsusi amansızlıqla öldürən şəxsin cəzası azaldıldı

    Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ramil Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan zərərçəkmiş şəxsi qəsdən öldürməsinə cəhd etməsinə dair epizod xaric olunub. Ramilə Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təyin edilmiş 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 17 il müddətinə endirilib.

    İttihama görə, hadisə 2022-ci il oktyabrın 5-də saat 21 radələrində Gəncə şəhərində qeydə alınıb.

    Bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil Musayev sərxoş halda zərərçəkmiş Anar Hüseynovun evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.

    Ramil Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma – ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

    Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür.

    Təqsirləndirilən şəxs isə Anar Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.

    Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.

  • Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib. Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.

    Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri quraşdırılıb.

    Mərkəzin ərazisində yaradılan şəraitlə tanış olan heyət yanğınsöndürmə deposuna, qarovul otağına, avtomobil parkına, mühəndis döyüş sursatları, hərbi-texniki əmlak, raket-artilleriya silahları, sursat və əşya anbarlarına, eləcə də Mühəndis Qoşunlarının poliqonunda döyüş hazırlığı prosesində istifadə olunan təlim yerlərinə baxış keçirib.

    Əlavə olaraq, rəhbər heyətə mərkəzin maddi-texniki təminatının gücləndirilməsi məqsədilə yeni alınmış mühəndis silahlandırma vasitələri və müasir mexaniki minatəmizləmə avadanlıqları nümayiş etdirilib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiq imkanları barədə ətraflı məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə aparılan ştat-struktur islahatları çərçivəsində yeni yaradılan Psixoloji Təminat İdarəsinin və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin əsaslı təmir olunmuş inzibati binaları istifadəyə verilib.

    Burada psixoloji xidmətin spesifik tələbləri əsas götürülərək şəxsi heyətin psixoloji dözümlülüyünün artırılması və posttravmatik vəziyyətin bərpası məqsədilə xüsusi terapiya otaqları, eləcə də hərbi psixoloqların hazırlığı və metodiki sənədləşmənin aparılması üçün iş otaqları yaradılıb.

    Regionda ilkin təcrübəyə malik olan, hərbi və mülki psixoloqların birgə fəaliyyət göstərəcəyi mərkəz Azərbaycan Ordusunun hərbi qulluqçularının və onların ailə üzvlərinin psixoloji rifahının qorunması və inkişaf etdirilməsinə xidmət edəcək.

    Yeni təsis edilmiş mərkəzdə fərdi və qrup psixoterapiyası, psixoloji diaqnostika, konsultasiya, stres və travma sonrası psixoloji reabilitasiya, həmçinin uşaq və yeniyetmələrin psixoloji inkişafının dəstəklənməsi məqsədilə zəruri xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

    Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Hüquq İdarəsinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub. Burada rəhbər heyətə məlumat verilib ki, Hüquq İdarəsi müxtəlif hərbi hüquqi məsələləri tənzimləyən və müdafiə sahəsindəki qanunvericiliyə uyğun fəaliyyət göstərən bir qurumdur.

    İdarə Azərbaycan Ordusunun şəxsi heyətinə hüquqi məsləhətlərin verilməsi, hərbi cinayətlərə qarşı mübarizə, eləcə də beynəlxalq hüquq məsələlərini tənzimləyir. Hüquq İdarəsinin fəaliyyətinin əsas məqsədi Müdafiə Nazirliyinin tabeliyində olan qoşun və qüvvələrin fəaliyyətini hüquqi baxımdan dəstəkləmək və mövcud qanunlara riayət olunmasını təmin etməkdir.

  • Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı

    Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Martın 30-da saat 16 radələrində 1987-ci il təvəllüdlü Zaqatala rayonunun Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanov idarə etdiyi VAZ-2101 markalı 08-BK-566 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində əks yolla hərəkətdə olan, 1977-ci il təvəllüdlü Samir Samid oğlu Yusifovun idarə etdiyi “Mercedes-Benz E-240” markalı 90-XR-566 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

    Hadisə nəticəsində VAZ-2101 markalı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Ülfət İsrafil oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Elvin İsmayıl oğlu Qurbanov və avtomobildə olan digər sərnişinlər 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov, 2009-cu il təvəllüdlü Loğman Natiq oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Səməd Yusif oğlu İbrahimov, “Mercedes-Benz E-240” markalı avtomobildə olmuş sərnişin 1976-cı il təvəllüdlü Natəvan Rəsul qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Bursa bələdiyyəsinin sədri saxlanıldı

    Türkiyənin Bursa bələdiyyəsinin sədri Mustafa Bozbey saxlanılıb.

    Bu barədə “İhlas” agentliyi məlumat yayıb.

    Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çərçivəsində Bursa bələdiyyəsinin sədri də daxil olmaqla 50 nəfər nəzarətə götürülüb.

    Xatırladaq ki, dünən Türkiyənin Uşak bələdiyyəsinin sədri Özkan Yalım həbs olunub.

  • Dubayda evə mərmi düşdü: Yaralılar var (Yenilənib)

    BƏƏ-nin Dubay şəhərinin Əl-Bəda rayonunda bir evə düşən mərmi nəticəsində yanğın baş verib.

    Bu barədə Dubay hökumətinin mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.

    Agentlik bildirib ki, hadisə baş verən zaman evdə heç kəs olmayıb. Lakin həmin vaxt binanın yaxınlığında olan dörd nəfər zərər çəkib. Onların aldıqları xəsarətlərin yüngül olduğu vurğulanır.

    * * * * *

    BƏƏ-nin Şarja Əmirliyində İranın pilotsuz uçuş aparatı “Thuraya Telecom” telekommunikasiya şirkətinin inzibati binasına çırpılıb.

    Regional hökumətin mətbuat xidməti hadisə barədə sosial mediada məlumat yayıb.

    Bəyanata görə, Şarja Əmirliyindəki səlahiyyətli orqanlar mərkəzi bölgədəki hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

  • Azərbaycan neftinin qiyməti dörd illik maksimumuna çatdı

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 3.81 ABŞ dolları və ya 3.07% artaraq 128.05 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124.24 ABŞ dolları olub.

    Xatırladaq ki, Azərbaycan nefti (“Azeri Light”) sonuncu dəfə 2022-ci ilin iyun ayında 128 dolları ötüb.

  • ABŞ-də benzin bahalaşdı

    ABŞ-də bir qallon (təxminən 3.7 litr) benzinin orta qiyməti 4 dolları keçib. Bu, 2022-ci ilin avqust ayından bəri rekord həddir.

    Bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən “GasBuddy” portalı məlumat yayıb.

    Bildirilib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:45-ə (Bakı vaxtı ilə çərşənbə axşamı 04:45 – red.) olan məlumata əsasən, “Regular” markalı benzinin bir qallonu 4.01 dollara bərabərdir. Yanacağın ən baha satıldığı ərazi isə Kaliforniya ştatıdır, belə ki, burada alıcılar bir qallon benzin üçün 5.86 dollar ödəməlidirlər.

  • Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

    İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 53 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işlərini itiriblər. İcra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Vəzifələri ləğv edilənlərdən 7 nəfər müvafiq icra hakimiyyətinin əlaqədar qurumlarında işlə təmin olunsa da, 46 nəfər ehtiyat kadr siyahısında qalıb.

    Məlumata görə, vəzifələrini itirənlərdən 48 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

    Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı, Bərdə Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Ağdam Rayon İcra Hakimiyyətindən isə 54 nəfər vəzifələrindən azad ediliblər.

  • XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

    Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “Bu gün, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür.

    1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar “əksinqilabçılıqla mübarizə” pərdəsi altında məhz milli nifrət zəminində törədilib.

    Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb.

    Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

    Müstəqilliyimizin bərpasından sonra, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

    XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb.

    Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımı qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsini dərin hüznlə yad edirik. Allah rəhmət eləsin!”