Month: March 2026

  • Ya müharibə, ya da sülh – Paşinyan Qarabağdan danışdı

    “Qarabağ hərəkatını davam etdirsək, müharibəyə gedəcəyik; davam etməsək, sülh olacaq”.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

    “Sülh hər gün daha da güclənəcək, Ermənistan hər gün daha da güclənəcək və mən bu hərəkata rəhbərlik edirəm. Kim razıdırsa, mənim ardımca gəlsin.

    Artsax Respublikası, Artsax məsələsi dedikdə, bu sözün dəyəri və nəticələri olduğunu başa düşməliyik. Bu ifadələr istər kilsədə, istər elmi məntiqlə, istərsə də ictimai məntiqlə deyildikdə, bu, bir məqamda münaqişəyə səbəb olacaq.

    Mən açıq şəkildə deyirəm ki, Ktriç Nersisyan müharibə partiyasının rəhbərliyini açıq şəkildə öz üzərinə götürüb. Qalanları – Robert Köçəryan, Levon Ter-Petrosyan, Serj Sarkisyan və başqaları bu məntiqə uyğundur. Qarabağ hərəkatını davam etdirib-etdirməməyimiz barədə dəqiq bir seçim etməliyik. Davam etsək, bu, yeni bir müharibə deməkdir, başqa cür ola bilməz. Xalq seçkilər vasitəsilə Qarabağ hərəkatını davam etdirib-etdirməyəcəyini deməlidir”, – deyə o qeyd edib.

  • 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub – XİN

    2020-ci ilin müharibəsinin bitməsindən bəri 419 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, mina qurbanlarından 347 nəfər ağır yaralanıb.

    Nazirlik dünən Füzuli rayonuda baş verən mina hadisəsində həlak olan vətəndaş mövzusuna da toxunub:

    “Minalar hələ də dinc sakinlər üçün ciddi təhlükə yaradır və keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə beynəlxalq tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir”

  • Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb

    Ötən il 1287 İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS-lə Mübarizə Mərkəzində yeni qeydiyyata alınıb.

    Bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

    Ümumilikdə ölkədə 11 900 nəfər QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

    Xatırladaq ki, İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.

  • Murad Dadaşov xəstəxanaya yerləşdirildi – FOTO

    Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov xəstəxanaya yerləşdirilib.

    Bununla bağlı Murad Dadaşov özü sosial şəbəkədə paylaşım edib.

    M.Dadaşov paylaşımına “Hamı sağlam olsun” qısa şərhini yazıb.

  • Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu

    Azərbaycanda keçən il ərzində 10 sporadik (tək-tək və ya nadir hallarda – red) qızılca hadisəsi qeydə alınıb.

    Bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.

    Hesabatda həmçinin bildirilib ki, ölkədə vaksinlərlə idarə olunan xəstəliklərdən poliomielit, difteriya, epidemik parotit, göyöskürək, məxmərək xəstəlikləri qeydə alınmayıb.

  • Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb

    Ötən il “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 225 nöqtədə 853 videomüşahidə kamerası quraşdırılıb.

    Bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

    Hesabata əsasən, ötən il işğaldan azad olunmuş ərazilərdə 19 nöqtədə 70 videomüşahidə kamerası quraşdırılıb.

    Hazırda ölkə üzrə ümumilikdə 5,7 min nöqtədə 18,2 min videomüşahidə kamerası (Bakı şəhərində 3,6 min nöqtədə 11,8 min kamera) istismar olunur.

  • Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü

    Siyəzəndə 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

    Yenikənd kənd sakini 1999-cu il təvəllüdlü Esmira Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir” – Əli Əhmədovdan hökumətə çağırış

    Bakıda kooperativ binalarda 1000-ə qədər liftin dəyişdirilməsinə vəsait ayrılması istənilir.

    Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlament sədrinin birinci müavini Əli Əhmədov deyib ki, təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərdə quraşdırılan liftlərin istismar müddəti çoxdan başa çatıb.

    Əli Əhmədov qeyd edib ki, həmin binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir: “Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hökumət bu məsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda qısa müddətdə risklər yarana bilər. Xahiş edirəm ki, hökumət vəsait ayırsın və 5–10 illik proqram çərçivəsində bunun reallaşması üçün addımlar atsın”.

  • Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi – VİDEO

    Sumqayıtda polis qayda pozan avtobus sürücülərinə qarşı reyd keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, son zamanlar sosial şəbəkələrdə Sumqayıt şəhərində bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və sükan arxasında mobil telefondan istifadə etmələri ilə bağlı video görüntülər yayılıb.

    Bununla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan sürücülərlə profilaktik tədbir keçirilib.

    Həmin gün reysə çıxmayan sürücülər isə Polis Şöbəsinə dəvət olunaraq, yol hərəkəti qaydalarını pozduqları hallar əyani şəkildə monitorlar vasitəsilə onlara nümayiş etdirilib.

    Tədbirdə polis əməkdaşları ilə yanaşı, şəhər icra hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı sürücülərin diqqətinə çatdırılıb ki, sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol hərəkəti qaydalarına ciddi əməl edilməlidir. Bildirilib ki, avtobusu idarə edərkən mobil telefondan istifadə etmək, sükan arxasında siqaret çəkmək yolverilməzdir.

    Tədbirin davamı olaraq Sumqayıt şəhərində nizamlanan piyada keçidlərindən düzgün istifadə etməyən piyadalarla da profilaktik tədbir keçirilib. Onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

    Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu tip profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

  • Şənbə günü hava necə olacaq?

    Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-60 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.