Month: March 2026

  • Şəkərli diabet xəstələri niyə saatlarla növbədə gözlədilir? – Video

    Dəhlizlər dolu, nə oturmağa, nə də dayanmağa yer var… Uşaqlı-böyüklü hər kəs növbə gözləyir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Respublika Endokrinoloji Mərkəzdəndir.

    Mərkəzə müraciət edən pasiyentlər deyirlər ki, istər həftəiçi, istərsə də həftəsonu şöbələrin qarşısında uzun növbə gözləməli olurlar.

    Mərkəzin endokrinoloqu Samirə Xəlilova göstərilən tibbi xidmətlər bağlı iddialara belə aydınlıq gətirib.

    Samirə Xəlilova qeyd etdi ki, müraciətlərin nizamlanması və sıxlığın aradan qaldılması üçün onlayn növbə sisteminin tətbiqi vacibdir.

    O da qeyd edildi ki, mərkəzdə müasir tibbi xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə bundan sonra müvafiq addımlar atılacaq.

  • “MM Park”ın binasının 11-ci mərtəbəsindən ev aldı – İşlər həmin qata çatanda tikinti dayandı (VİDEO)

    18 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil sahibi olmaq istədi, mənzilini seçdiyi mərtəbəyə çatanda binanın tikintisi yarımçıq dayandırıldı. Şikayətçi deyir ki, pulunu ödədiyi evini təhvil almaqda problem yaşayır.

    Vücay Əliyevin sözlərinə görə, “MM Park” MMC şirkəti ilə mənzil alqı-satqısına dair müqavilə imzalayanda binanın tikintisi işləri artıq 3-cü mərtəbəyə çatıbmış. Üst mərtəbələrə çatana qədər də hər şey yolunda gedib:

    Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin məsul şəxsi Şahlar Qurbanov elə sözügedən mənzildə iddialarımızı cavablandıraraq bildirdi ki, vətəndaş haqlıdır, lakin problemin kökü başqadır.

    Tikinti şirkətinin nümayəndəsi onu da qeyd etdi ki, əgər binanın tikintisinin davam etdirilməsi üçün müvafiq icazələr verilməsə, Vücal Əliyev məhkəməyə müraciət edərək şirkətdən ödədiyi məbləği gecikmə faizi də nəzərə alınmaqla geri ala bilər.

    “Xəzər Xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Bakıda azyaşlı bağlı qapı arxasında qaldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

  • Könül Həmzəyeva ilə bağlı qərar verildi

    “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, müstəntiqin xanım iş adamı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi vəsatəti Xəzər rayon prokuroru təmin etməyib.

    Xatırladaq ki, bir neçə gün bundan öncə Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.

    Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

    K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

    Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

  • Bəhruz Paşayevin həbs müddəti uzadıldı

    PaytaxtınYasamal rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin həbs müddəti uzadılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və B.Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.

    Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.

    İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən “TAXES GROUP” MMC-nin (“Loft Dent” klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.

    B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

  • Türkiyə Ordusunun Quru Qoşunları komandanı İranla sərhədə getdi

    Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel İranla sərhədə gedib.

    Metin Tokel İrandan atılan daha bir ballistik raketin Türkiyə səmasında zərərsizləşdirilməsindən sonra sərhədə gedərək ərazidə mövcud şəraitlə tanış olub.

  • “İnsanlar yolu tək deyil, 8-10 nəfər toplaşdıqdan sonra keçsinlər” – Deputat

    “Şəhərdə tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, məsələ hələ tam həllini tapmayıb. Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar”.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

    “Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir”, – deyə komitə sədri bildirib.
    //unikal.az

  • İşsizlərin sayı açıqlandı: “Müəyyən səviyyədə problem hələ də qalır”

    “Azərbaycanda hələ də müəyyən səviyyədə işsizlik problemi qalmaqdadır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 2026-ci ildə ölkədə işsizlərin sayını göstərən statistikadan danışarkən deyib.

    Ekspertin sözlərinə görə, belə statistik göstəricilər hökumətin məşğulluq proqramlarını, yeni iş yerlərinin yaradılması siyasətini və iqtisadi inkişaf strategiyalarını daha dəqiq planlaşdırmasına kömək edir:

    “Parlamentdə bu cür hesabatların müzakirəsi həm hökumətin fəaliyyətinə nəzarət baxımından əhəmiyyətlidir, həm də deputatların müxtəlif sahələr üzrə problemləri qaldırmasına imkan yaradır. Belə müzakirələr nəticəsində məşğulluğun artırılması, regionlarda iş yerlərinin yaradılması və gənclərin əmək bazarına inteqrasiyası ilə bağlı yeni təkliflər irəli sürülə bilər”.

    Ekspert bildirib ki, ümumilikdə bu cür məlumatlar ölkənin sosial-iqtisadi vəziyyətini anlamaq və gələcəkdə işsizliyin azaldılması üçün daha effektiv addımlar atmaq baxımından vacib hesab olunur.

    Akif Nəsirli hesab edir ki, Nazirlər Kabineti tərəfindən təqdim edilən və Milli Məclisdə müzakirə olunan hesabat ölkədə əmək bazarının vəziyyətini göstərən mühüm sənədlərdən biridir:

    “Hesabatda işsizlərin sayının göstərilməsi iqtisadi və sosial siyasətin nəticələrini qiymətləndirmək üçün vacib məlumat sayılır”.

    Qeyd edək ki, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Azərbaycanda işsizlərin sayı açıqlayıb. Hesabata görə, ötən il ölkədə işsizlərin sayı 279, 1 min nəfər olub.

  • “Tiktoker” “Qarabəy” həbs edildi

    “TikTok” platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə “Qarabəy” adlı səhifəni idarə edən Qarabəy Şərifovu polis saxlayıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

    Xəzər rayon məhkəməsinin müvafiq qərarına əsasən, Q.Şərifov inzibati qaydada 20 sutkalıq həbs edilib.

  • Binəqədidə yanğın başlayıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.