Month: March 2026

  • Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

    Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

    Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

    Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

  • Bu ölkələr Azərbaycanda səfirlik açır

    Estoniya və Somali Azərbaycanda səfirlik açır.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, Estoniyanın və Somalinin Azərbaycanda səfirliklərinin təsis edilməsi ilə bağlı müvafiq prosedurlara başlanıb.
    //unikal.az

  • 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

    2025-ci ildə vətəndaşsızlıq vəziyyətində olan 64 şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxsdir.

    Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması məqsədilə Xidmətin təlim-tədris mərkəzi tərəfindən Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, miqrasiya qanunvericiliyinin öyrənilməsi üçün təşkil edilmiş kurslara hesabat dövründə 2015 şəxsin müraciəti qeydə alınıb.

  • Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi

    Yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    “Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Samirə Quliyeva şahid qismində ifadə verib.

    O bildirib ki, hadisə barədə bir gün sonra xəbər tutub:

    “Uşaqlara əvvəlcə qızımın öldüyünü deməyiblər. Ziyəddinin qardaşı uşaqları parka gəzməyə aparanda orada onlara “Ananınız mələk olub göyə uçdu”-deyib. Qayıdanda qız nəvəm dedi ki, “Nənə, mən anamın öldüyünü bilirəm. Nəvəm deyir ki, həmin gün oyananda gördüm ki, atam ananın boğazında oturub. Soruşdum ki, ata, neyləyirsən? Ata dedi ki, “Ananın ürəyi gedib, onu ayıldıram, get başını qoy yat”. Bu vicdansız balama zülm verib, işgəncə ilə onu öldürüb. Barışıqdan söhbət belə gedə bilməz. Mən haqq-ədalətin bərpa olunmasını, balamın qatilinin layiqli cəzasını çəkməsini istəyirəm”.

    Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprelində Bakının Əhmədli qəsəbəsində baş verib. Belə ki, ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürüb.

    O, hadisədən sonra könüllü polisə təslim olunub.

    Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Laçının bəzi kəndləri birləşdiriləcək

    Laçın rayonunun bəzi kəndlərinin birləşdirilməsi nəzərdə tutulur.

    Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

    Sənəddə qeyd edilib ki, Şəlvə kəndinin İmanlar, Kürdhacı kəndinin Hacısamlı, Səfiyan kəndinin isə Türklər, Aşağı Fərəcan və Yuxarı Fərəcan kəndləri ilə birləşdirilməsi nəzərdə tutulur.

  • Azərbaycanın bu qədər xarici dövlət borcu var

    2026-cı il 1 yanvar tarixinə olan məlumatlara əsasən, Azərbaycanın xarici dövlət borcu 8183,0 milyon manat olub.

    Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

    Sənədə əsasən, 2025-ci il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun 537,5 milyon manatı azalıb.
    //unikal.az

  • Biləsuvarda 16 kq narkotik vasitə aşkarlandı

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

    Əməliyyat zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33 yaşlı Əli Quliyev saxlanılıblar. Onlardan 12 kiloqramdan artıq marixuana, həşiş və tiryək aşkarlanıb. Həyata keçirilən digər əməliyyat zamanı isə 30 yaşlı Samir Muradov da analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən 4 kiloqram marixuana, tiryək və psixotrop tərkibli həblər aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

  • İran uran ehtiyatlarını bu dağın altına köçürüb – Video

    İran qalan uran ehtiyatlarını “keçilməz” Pikaks dağının altına köçürmüş ola bilər.

    Bu barədə “Fox News” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

    Qeyd olunur ki, Amerika Birləşmiş Ştatları yüksək zənginləşdirilmiş uranı ələ keçirmək üçün İrana xüsusi təyinatlı qüvvələr göndərmək imkanını araşdırır. Kəşfiyyat məlumatlarına əsasən, İran ehtiyatlarını Pikaks dağında tuneldə gizlədib.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

    Martın 12-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

  • Ali Məhkəmə şərikli ticarətdə yaranan pul tələbinə aydınlıq gətirdi

    Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

    İşin hallarına görə, tərəflər 2019-2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. Onlar maliyyə və gəlirin bölüşdürülməsi ilə bağlı razılaşıblar. Lakin 2023-cü ildə aralarındakı münasibətlər pozulub. Bundan sonra iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu, cavabdehin isə marketin gündəlik idarə olunması ilə məşğul olduğunu və əldə edilən gəlirin aralarında tam bölüşdürülməsi barədə razılaşma olduğunu bildirərək, cavabdeh tərəfindən mənimsənildiyini iddia etdiyi 50.000 manatın ödənilməsini tələb edib.

    Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, ticarət fəaliyyəti ilə bağlı hər ikisi bərabər miqdarda vəsait qoyub, mallar onun adına alınıb, sonradan isə mal aldıqları şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Hər iki tərəfin iştirakı ilə mağazadakı malların iki dəfə sayımı aparılıb və nəticələr məqbul hesab olunub. Hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə, mal qalığının dəyərinin əsassız olaraq ondan tələb olunduğu bildirilib.

    Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 50.000 manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası isə cavabdehin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib.

    Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə bağlı şifahi razılaşma mövcud olsa da, kommersiya subyektləri arasında yaranan mübahisələrdə hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından yazılı müqavilənin bağlanması məqsədəuyğundur. Ali Məhkəmə həmçinin vurğulayıb ki, kommersiya münasibətləri daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları daha yüksəkdir.

    Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb tərəflərin düşünülmüş qərar verməsini, mülki dövriyyənin sabitliyini təmin edir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir.

    İddiaçı cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb etdikdə, onun tərəfindən birgə fəaliyyətin şərtləri, o cümlədən iddia edilən qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsi (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ) sübut olunmalıdır. İddia tələbinə qiymət verilərkən bu xüsusatlar nəzərə alınmalıdır.

    Sonda Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.