Month: March 2026

  • “Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun” – İran

    İran hərbi komandanlığı çərşənbə günü bəyan edib ki, dünya bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olmalıdır. Bu bəyanat blokadaya alınmış Fars körfəzində daha üç gəminin hücuma məruz qalmasından sonra səsləndirilib.

    Çərşənbə günü İran İsrailə və Yaxın Şərqdəki digər hədəflərə zərbələr endirib. Bununla Tehran hələ də cavab zərbəsi endirmək və enerji daşıyıcılarının tədarükünü pozmaq imkanına malik olduğunu nümayiş etdirib.

    “Reuters” agentliyi yazır ki, həftənin əvvəlində kəskin artan neft qiymətləri sonradan aşağı düşüb, fond bazarları isə bərpa olunub.

    Lakin yerlərdə vəziyyət hələ də yaxşılaşmır. Dünya neftinin beşdəbirinin daşındığı Hörmüz boğazından gəmilərin təhlükəsiz keçə biləcəyinə dair heç bir əlamət yoxdur. İran sahilləri boyunca uzanan dar kanal hesab olunan bu boğazda yaranmış vəziyyət 1970-ci illərin neft böhranlarından bəri enerji tədarükündə ən ciddi pozuntu sayılır.

    “Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun. Çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır və siz bu təhlükəsizliyi destabilizasiya etmisiniz”, – deyə İranın hərbi komandanlığının sözçüsü İbrahim Zolfakari bildirib.

    Xatırladaq ki, gecə saatlarında Tehranda bank ofisləri hücuma məruz qalandan sonra Zolfakari bildirib ki, İran buna cavab olaraq ABŞ və ya İsraillə iş qurmuş bankları hədəfə alacaq. O əlavə edib ki, Yaxın Şərq sakinləri banklardan ən azı 1000 metr məsafədə dayanmalıdırlar.

  • Türk Hava Yolları İrəvana uçuşlara başladı

    Türk Hava Yolları İstanbul–İrəvan–İstanbul marşrutu üzrə uçuşlara başlayıb.

    Bu barədə “Zvartnots” beynəlxalq aeroportunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

    “Bu gün İstanbul beynəlxalq aeroportundan gələn “Turkish Airlines”in start reysi “Zvartnots” beynəlxalq aeroportuna enib”, – paylaşımda bildirilib.

    İstanbul–İrəvan–İstanbul marşrutu üzrə reyslər gündəlik həyata keçiriləcək

  • Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Göygöl və Qəbələ rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.

    Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Abşeron rayonu Mehdiabad qəsəbə sakini Mehman Bayramov, Göygöl rayonu Toğanalı kənd sakinləri Bəxtiyar Verdiyev, Məzahir Qurbanov, Vüsal Quliyev və Qəbələ rayonu Nic qəsəbə sakini Ayxan Qəribli olduğu müəyyən edilib.

    Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.

  • Ramazanın 22-ci gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 22-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 12-də Bakıda imsak saat 05:31-də, iftar isə saat 18:59-dadır.

    Ramazan ayının 22-ci gününün duası:

    “Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin”.

    Tərcüməsi:

    “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi

    Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Dardanel boğazı müvəqqəti bağlandı

    Türkiyənin Dardanel boğazında Panama bayrağı altında üzən “Nota App” adlı yük gəmisinin xilasetmə əməliyyatı səbəbindən gəmiçilik müvəqqəti dayandırılıb.

    Median.Az bu barədə DHA agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, Rusiyadan Misirə doğru hərəkət edən və 51 300 ton taxıl daşıyan gəmi mühərrik nasazlığı səbəbindən manevr zamanı saya oturub. 189 metr uzunluğunda olan gəmini xilas etmək üçün hadisə yerinə yedək gəmisi və dalğıcların olduğu kater göndərilib.

    Xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti dayandırılıb.

    Qeyd edək ki, Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə birləşdirir və Bosfor boğazı vasitəsilə Qara dənizə çıxışı təmin edir.

  • Könül Həmzəyeva saxlanıldı

    “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.

    Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

    Bir neçə gün öncə K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

    Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.

  • İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq

    İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qaydalar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hazırlanıb və artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) qaytarılması qaydasını müəyyən edir.

    Artıq ödəmənin qaytarılması hallarına gəlincə, ödənilmiş inzibati cərimə aşağıdakı hallarda dövlət büdcəsindən və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılacaq.

    Eyni zamanda inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarda (elektron qərarlarda), o cümlədən elektron protokollarda nəzərdə tutulmuş miqdardan artıq inzibati cərimə ödənildikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron qərarlar) şikayət və ya protest əsasında ləğv edildikdə və ya dəyişdirildikdə (inzibati cərimə əvvəlcədən ödənildiyi halda), təyinatı inzibati cərimə olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmək səlahiyyəti olan orqanların hesablarına inzibati cərimə kimi daxil olduqda; inzibati cərimə barəsində inzibati icraat aparılmayan şəxsin adından ödənildikdə bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci (inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron qərarlar) şikayət və ya protest əsasında dəyişdirilərək aşağı məbləğdə inzibati cərimənin tətbiq edilməsinə münasibətdə) yarımbəndlərində nəzərdə tutulmuş hallarda inzibati cərimənin artıq ödənilmiş hissəsi geri qaytarılacaq.

    Artıq ödəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və ya inzibati cərimə ödəyən digər şəxsin yazılı və ya elektron müraciətinə əsasən 20 gün müddətində qaytarılacaq.
    İnzibati cərimənin qaytarılması ilə bağlı məhkəmə qərarı qanunvericiliyə uyğun icra ediləcək.

    Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs artıq ödəmənin qaytarılmasını inzibati cərimənin ödənildiyi tarixdən 5 il müddətində tələb etmək hüququna malikdir.

  • Tiktoker “Şiva” həbs edildi

    Tiktoker “Şiva” saxlanılıb.

    “TikTok”da əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə “Şiva” adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

    Müvafiq qərarla H. Məmmədov inzibati qaydada həbs edilib.

  • Polis həmin “həkim”i saxladı

    Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.

    Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

    Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

    Ekstrasens olduğu deyilən şəxs bioenerji və ya enerji terapiyası etdiyini bildirirmiş.